Məhkəmə qərarları › İş №2(006)-562/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-562/2023

15.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-562/2023 15.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «aktın və həmin akt əsasında hesablanmış borcun abonə koduna köçürülməsi » tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «aktın ləğv edilməsi və borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Badamdar qəsəbəsi, 9-cu Badamdart, mənzil 2 ünvanında yaşayır. Yaşadığı evin sayğacında bu günə kimi bir problem olmamışdır. Hər ay "xxxx" ASC Səbail Rayon Elektrik Şəbəkəsi işçilərinin verdiyi bildirişə əsasən yaranan işıq borcunu vaxtı-vaxtında ödəmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçının yaşadığı ünvana yəni ünvan 1Azərişıq” ASC-nin nümayəndələri gəlib köhnə sayğacı açıb yeni elektron tipli sayğacla əvəz etmişlər.Bu barədə iddiaçının iştirakı olmadan 257255 saylı akt tərtib edilmişdir, lakin sonradan laborotoriya nəticələrinin cavablarına guya iddiaçı tərəfindən sayğaca müdaxilə edildiyindən "xxxx" ASC ididaçıya 838,76 manat cərimə yazmışdır. Halbu ki, iddiaçı həmin sayğaca heç bir müdaxilə etməmişdir. Həmin sayğac nəzarətçilər tərəfindən vaxtı-vaxtında yoxlanılmışdır. Həmin sayğacın plombuna müdaxilə olunsa idi bunu nəzarətçilər qeydə alardılar. Cavabdeh heç bir qanuni əsas olmadan borc hesablamışdı və iddiaçı tərəfindən bu borcun ödənilməsi cavabdehin əsassız varlanmasına səbəb ola bilər. "xxxx"ASC-nin xx.xx.2022-ci il tarixli 257255 saylı aktın ləğv edilməsi və məcburi şəkildə ödənilmiş 838,76 manat pulun geri qaytarılması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət "xxxx"ASC-nin xx.xx.2022-ci il tarixli 257255 saylı aktın ləğv edilməsi və məcburi şəkildə ödənilmiş 838,76 manat pulun onun abonə koduna köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında İddiaçı izahat verərək bildirmişdir ki, iddia tələbini müdafiə edir, ünvan 1 Azərişıq” ASC-nin nümayəndələri gəlmiş köhnə sayğacı dəyişdirərək yerinə yeni elektron tipli sayğac quraşdırmışlar. Sonradan iddiaçıya məlumat verilmədən guya bunun sayğaca müdaxiə etdiyi müəyyənləşdirilərək cərimə yazmışlar. Halbuki bu tam əsassızıdr. O sayğaca heç bir müdaxilə etməyib. Həmçinin plombun pozulduğunu iddia etsələrdə işıq sayğacında plomb yerində olmuş və ona heç bir müdaxilə olunmamışdır. Əgər müdaxilə olunsaydı bunu sayğacı hər ay yoxlamağa gələn "xxxx" ASC-nin nümayəndələri görərdilər. Həmin sayğac o vəziyyətdə quraşdırılmışdır. Cərimə ilə əlaqədar bildirmək istəyir ki, 23 sentyabr 2022-ci il tarixində "xxxx"ASC tərəfindən ona xəbərdarlıq edilmiş və gün ərzində cəriməni ödəməyəcəyi təqdirdə elektrik enerjisinin verilməsinin dayandırılacağı bildirilmişdir. O da məcbur qalıb əsassız yazılmış cəriməni ödəmişdir.Əsassız yazılmış akt ləğv edilməli və tərəfindən cərimə olaraq ödənilən məbləğ onun abonent koduna geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı tərəfindən "xxxx" ASC tərəfindən quraşdırılmış işıq sayğacına müdaxilə olunmuş və sayğacın içi dəyişdirilmişdir. Belə ki, sayğacın alt qapağının plombu iddiaçı tərəfindən pozulmuş və optik gözlə baxıldıqda sayğacın rəqəmlərinin düzgün olmadığı müəyyənləşdirilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd olunmasını xahiş etmişdir.

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X3 bildirmişdir ki, hazırda "xxxx" ASC-də çalışır. 1 sentyabrdan etibarən şirkətə baş idarədən yeni texnologiya cihazlar verilmişdir. Həmin cihazlar optik gözlə sayğacı oxuyur və bununla da onun düzgün işləyibişləmədiyi bəlli olur. 2022-ci ilin sentyabr ayında hazırki mülki iş üzrə iddiaçının mənzilində sayğaca optik gözlə baxış keçirilərkən sayğacın düzgün işləmədiyi və onda yazılan kodla sistemdəki kodun uyğun gəlmədiyi bəlli olmuşdur. Nəticədə akt tərtib olunmuş və iddiaçının mənzilinə yeni sayğac quraşdırılmışdır. Həmin sayğaca həqiqətən müdaxilə olunub-olunmadığını demək mümkün deyildir.

7. Məhkəmə tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. İş materiallarında olan "xxxx" ASC-nin R № 257255 saylı, 12 sentyabr 2022-ci il tarixli aktından görünür ki, "xxxx" ASC-nin əməkdaşlarının iştirakları ilə Bakı şəhəri, Badamdar qəsəbəsi, 9-cu Badamdart, mənzil 2 ünvanında yerləşən evində quraşdırılmış elektrik sayğacına baxış keçirən zaman məlum olmuşdur ki, sayğaca müdaxilə ehtimalı olmuşdur.

9. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş bildirişdən görünür ki, abonent Həsən İsmayılovun ümumilikdə 838,76 manat borcu yaranmışdır.

10. İş materiallarında olan "xxxx" ASC-nin R № 257255 saylı, 12 sentyabr 2022-ci il tarixli aktında qeyd olunmuşdur ki, sayğacın daxili sxemi dəyişdirilərək sayğaca müdaxilə olunub, sayğacın seriya nömrəsi A ********* nömrəli sayğac olduğu halda optik gözlə oxunarkən A ********* nömrəli sayğac kimi qeyd edilmişdir.

11. İş materiallarında olan "xxxx" ASC-nin R № 257255 saylı, 12 sentyabr 2022-ci il tarixli aktı əsasında tərtib edilmiş 007401 nömrəli protokolda qeyd edilmişdir ki, sayğacın 330737 nömrəli qırmızı dövlət möhürü və 959472 nömrəli sarı alt qapaq möhürü pozulub.Sayğacın daxili sxemi dəyişdirilərək sayğaca müdaxilə olunub, sayğacın seriya nömrəsi A ********* nömrəli sayğac olduğu halda optik gözlə oxunarkən A ********* nömrəli sayğac kimi qeyd edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

12. Beləliklə, məhkəmə hesab edir ki, tərtib olunan № 257255 saylı, 12 sentyabr 2022-ci il tarixli akt qüsurlu olmaqla, cavabdehin ehtimalına əsaslanmışdır. Habelə, onun tərtibi istehlakçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

13. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Həmçinin "xxxx" ASC-nin əməkdaşıda şahid qismində ifadə verərkən bildirmişdir ki, sayğaca həqiqətən müdaxilə olunub-olunmadığını demək mümkün deyildir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.

15. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).

16. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.

17. Beləliklə də məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. Cavabdeh tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun yeganə sübut tərtib olunmuş aktdır. Həmin akt isə qüsurlu olduğundan qanuni hesab oluna bilməz. Bu səbəbdən də göstərilən akt ləğv edilməklə onun əsasında hesablanmış borc silinməlidir.

18. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.

19. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir.

21. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur 22. İşin materiallarında olan R № 257255 saylı, 12 sentyabr 2022-ci il tarixli aktdan da göründüyü kimi sayğac həyətdə quraşdırılmışdır. Belə olan vəziyyətdə isə abonent sayğacda müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşımamalıdır.

22. Həmçinin, iş materialları və tərəflərin izahatları ilə müəyyən olunur ki, iddiaçıya 23 sentyabr 2022-ci il tarixində "xxxx"ASC tərəfindən xəbərdarlıq edilmiş və gün ərzində cəriməni ödəməyəcəyi təqdirdə elektrik enerjisinin verilməsinin dayandırılacağı bildirilmişdir. İddiaçı məcbur qalaraq 838,76 manat məbləği ödəmişdir.

23. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmaqla, cavabdeh "xxxx" ASC tərəfindən 12 sentyabr 2022-ci il tarixdə tərtib edilmiş R № 257255 saylı akt ləğv edilməli və həmin akt əsasında hesablanmış və iddiaçı tərəfindən ödənimiş 838,76 (səkkiz yüz otuz səkkiz manat, yetmiş altı qəpik) manat məbləğində pul İddiaçı abonə hesabına (abonə kodu **********10002) köçürülməlidir.

24. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

27. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

28. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

29. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən 12 sentyabr 2022-ci il tarixdə tərtib edilmiş R № R № 257255 saylı akt ləğv edilsin və həmin akt əsasında hesablanmış 838,76 (səkkiz yüz otuz səkkiz manat, yetmiş altı qəpik) manat pul İddiaçı abonə hesabına (abonə kodu **********10002) köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar