Məhkəmə qərarları › İş №2(006)-5628/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5628/2021

02.11.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5628/2021 02.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X9 oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi maraqlı şəxs Nəsimi Rayon Qəyyumluq və Himayəçilik Orqanına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Nəsimi Rayon Qəyyumluq və Himayəçilik Orqanına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Əliyev X2 Könül Uduz qızı ilə nikahlarını 01 dekabr 1999-cu il tarixdə rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Həmin nikahdan X5 16.07.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X5 anadan sağlam doğulsa da, 1 yaşı olanda onun davranışlarında pozğunluq və qəribəliklər hiss olunmağa başladı. Həmin dövrdə dəfələrlə ambulator qaydada nevroloq müalicələri alırdı. Lakin bu müalicələr nəticəsində onun vəziyyəti bir müddətlik sabitləşsə də, sonradan vəziyyəti daha da pisləşdi və əqli gerilik, davranışlarında pozğunluq və qəribəliklər artmağa başladı. Əqli geriliyi və davranışlarındakı pozuntular səbəbindən orta təhsil müəssisəsində tam təhsil ala bilməmişdir. Ev şəraitində təhsil alması üçün isə fərdi qaydada evə müəllimlər dəvət edərək onun təhsil almasına çalışmışlar. Kənan uşaq yaşlarından Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 saylı X1 qeydiyyatdadır, həmin orqanlarda mütəmadi olaraq stasionar qaydada psixoloji müalicələr almışdır. Kənan Əliyev uşaq yaşlarından, tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək 18 yaşınadək sağlamlıq imkanları məhdud uşaq kimi müəyyən edilmişdir. 18 yaşından sonra, Kənana 15.02.2021-ci il tarixdə Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, Ağır kəmağıllıq, kəskin imbesillik, kobud nitq və davranış pozuntuları ilə kənar şəxsin himayəsinə ehtiyacı var” diaqnozu qoyularaq, ona əlil və sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilərək birinci dərəcəli əlillik müəyyən edilmişdir. Ərizəçinin oğluna qoyulmuş diaqnozdan da göründüyü kimi o öz hərəkətlərinin mənasını dərk etmir və özünü idarə etmək iqtidarında deyildir. Həm özünə, həm də ailə üzvlərinə narahatçılıq yaradır. Qeyd olunan xəstəlikdən əziyyət çəkdiyindən isə onun daim kənar şəxsin kömək və qulluğuna ehtiyac vardır. Oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi ərizəçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun üzərində qəyyum təyin olunması üçün lazımdır. Göstərilənlərə əsasən 16.07.2002-ci il təvəllüdlü X3 psixi qüsurlarına görə hərəkətlərini idarə etmək iqtidarında olmadığından onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə etdi və ərizədə göstərilənləri təsdiq edərək ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. İşin materiallarında olan Bakı şəhəri Səadət Sarayı tərəfindən verilmiş Vİİ-JQ № 382236 saylı, 01 dekabr 1999-cu il tarixli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi ilə X6 nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1892 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami rayonu VVADQ şöbəsi tərəfindən 14.09.2002-ci il tarixdə verilmiş AZ-İ № 173394 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 16.07.2002-ci ildə Bakı şəhərində anadan olmuş, atası Ərizəçi, anası X4r. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair 27.07.2021-ci il tarixli arayışdan görünür ki, X5 birinci qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 01.10.2021-ci il tarixli, 3199 saylı ekspert rəyindən görünür ki, X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, 16.07.2002-ci il tarixdə anadan olmuş X5 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyildir. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 317-321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxs Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Orqanına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi təmin edilsin. 16.07.2002-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə X5 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar