Məhkəmə qərarları › İş №2(006)-567/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-567/2022

04.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-567/2022 04.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi X1, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun qaytarılması tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun qaytarılması tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qanuni qüvvəsini almış qətnamə əsasında cavabdeh "xxxx" ASC 19.02.2021-ci il tarixdə sayğacı dəyişərək smart tipli sayğacla əvəz etmişdir. Bu minvalla hər dəfə ödənilən məbləğin 50%-i cavabdeh tərəfindən tutulmuşdur. Cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, lakin o ödənilmiş məbləğin 50%-ni tutmaqda davam etmişdir. Nəhayət 04.05.2021-ci il tarixdə məhkəmə qətnaməsi çıxmış, lakin yaranmış 70 AZN borc geri qaytarılmamışdır. İddiaçının dəfələrlə cavabdeh şirkətə müraciət etməyinə baxmayaraq, onlar bu borcu geri qaytarmaqdan yayınmışlar. Təqdim edilmiş sənədlərdən də aydın görünür ki, 25.02.2021-ci il tarixdən 23.05.2021-ci il tarixə qədər cəmi 852 kvs işlənməsinə baxmayaraq, iddiaçıdan iki qat məbləğ tutulmuşdur. Ona görə də iddiaçı artıq tutulmuş 70 AZN məbləğinin geri qaytarılması tələbi ilə sonda məhkəməyə müraciət etməli oldu. Göstərilənlərə əsasən "xxxx" ASC tərəfindən iddiaçıdan tutulmuş 70 manat məbləğində kreditor borcunun geri qaytarılması (karta bərpa olunması) barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək bildirdi ki, ümumilikdə 384 manat ümumi borcdan silinib. Abonentdən tutulan məbləğ 2021-ci ilin may ayına kimi olan borcla bağlı tutulan məbləğdir. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2442/2020 saylı, 23.09.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, "xxxx" ASC tərəfindən tərtib edilmiş 04.02.2020-ci il tarixli, 87986178 saylı sənəddəki 20720 saylı aktın göstəricisi nəticəsində yaranmış 3600 kvs sərfiyyat və bununla əlaqədar hesablanmış 384 (üç yüz səksən dörd) manat borcun silinməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23.02.2021-ci il tarixli, 2(103)-1629/2021 saylı qətnaməsi ilə cavabdeh "xxxx" ASC-nin etinarnamə əsasında nümayəndəsi X5 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2442/2020 saylı, 23.09.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin materiallarında olan İddiaçı adına olan cavabdeh təşkilatı tərəfindən verilmiş **********A0000 saylı kod üzrə abunə haqqında arayışından görünür ki, sayğac quraşdırma tarixinə olan borc 1069,51 manat, sayğac quraşdırmadan sonra ödəmə 220 manat, karta yüklənən məbləğ 155 manat, borcdan ödəmə 65 manat manat təşkil edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Bundan əlavə, göstərilən maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. İşdən də göründüyü kimi əvvəllər eyni tərəflər arasında əsassız hesablanmış borca dair məhkəmə mübahisəsi olmuş və həmin tələblə əlaqədar qanuni qüvvəyə minmiş qətnamə mövcuddur. Qeyd olunan qətnamə ilə iddiaçıdan tələb olunan 384 manat borcun əsassız olması faktı öz təsdiqini tapmışdır. Məhkəmə qeyd olunanlara qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilərək, cavabdehdən 65 manat məbləğində pul alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, "xxxx" ASC 19.02.2021-ci il tarixdə iddiaçının mənzilində olan sayğacı dəyişərək smart tipli sayğacla əvəz etmişdir. Bu minvalla iddiaçı tərəfindən hər dəfə ödənilən məbləğin 50%-i cavabdeh tərəfindən tutulmuşdur. Borcun əsassız olaraq silinməsi barədə qanuni qüvvəsini almış məhkəmə aktının olmasına baxmayaraq, hər dəfə ödənilən məbləğin 50%-i məbləğində tutulmuş cəmi 65 manat borc cavabdeh tərəfindən geri qaytarılmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı tutulmuş 65 (altmış beş) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" ASC-dən alınaraq İddiaçı qaytarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı tutulmuş 65 (altmış beş) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" ASC-dən alınaraq İddiaçı qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar