Məhkəmə qərarları › İş №2(006)-57/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-57/2022

17.03.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-57/2022 17.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi X2 və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “iş yerində aldığı bədbəxt hadisə ilə əlaqədar maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “iş yerində aldığı bədbəxt hadisə ilə əlaqədar maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təşkilatda işlədiyi dövrdə bədbəxt hadisə nəticəsində sağlamlığının uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulduğuna və bununla əlaqədar ona 10.000 manat maddi ziyan, 10.000 manat mənəvi ziyanın, ümumilikdə 20.000 manat pulun birdəfəlik cavabdeh "xxxx" QSC-dən alınıb ona verilməsi, eyni zamanda əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar və itirilmiş əmək qabiliyyətinin faizinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizasının təyin edilməsi, nəticədən asılı olaraq onun itirilmiş əmək qabiliyyətinə müvafiq son 12 ayın aylıq əmək haqqının verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" QSC Tunel Qurğuları Xidmətinin 1 saylı distansiyasmın dövri təmir sahəsinə 2013-cü ildən rəngsaz kimi işə qəbul olunmuş, 12.02.2016-ci il tarixdə iş yerində işləyərkən bədbəxt hadisə nəticəsində sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır xəsarət almışdır. Məhkəmətibbi ekspertizasının 11.08.2017-ci il tarixli 110/J187 saylı rəyindən görünür ki, İddiaçı bədənində aşkar olunmuş sol dirsək, sümüyünün bizvari çıxıntısının sınığından sonrakı bitişməmiş defomasiyası, qayıqvari sümüyün və İV,V əl daraq sümüklərinin distal nahiyələrinin bitişmiş sınıqları, sağ bayır topuğun zirvəsinin qopma xarakterli sınığı və sağ ayaq pəncəsinin İİ, İİİ daraq sümüklərinin yerdəyişməyən bitişmiş sınıqları bərk küt əşyanın (əşyaların) qüvvətli təsirindən törənmişlər, müddəti şəxsin təkrar məhkəmə-tibb ekspertizasından keçirilməsindən 1-1,6 il əvvəl olmaqla, 12.02.2016-cı il tarixdə hündürlükdən yıxılması nəticəsində əmələ gələ bilər, dərəcələrinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Bu bədbəxt hadisə ilə əlaqədar cavabdeh təşkilatın Tunel Qurğuları Xidmətinin 1 saylı tunel qurğuları distansiyasının dövrü təmir sahəsinin tunel ustası X4 Bakı şəhər Xətai rayon məhkəməsinin 1(011)-314/2017 saylı 06.12.2017-ci il tarixli hökmü ilə AR CM-nin 162.1-ci maddəsi (əmək mühafizəsi qaydalarını pozma) ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmişdir. Cavabdeh təşkilatın 26.01.2017-ci il tarixli Ş-580 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə 04.07.2016-cı il tarixdən AR ƏM- nin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir. AR MPM-nin 82.4-cü maddəsinə əsasən «Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir ». Bədbəxt hadisədən sonra ona cavabdeh təşkilat tərəfindən heç bir kompensasiya ödənilməmişdir. Həmin hadisədən sonra ona ümumiyyətlə heç bir maddi köməklik edilməmişdir. Sağ əli, sağ ayağın sındığına və başından travma aldığına görə 4 aya yaxın Dəmir yol xəsətəxanasında və Biləcəri Dəmir yol xəstəxanasında müalicə almışdır, bundan əlavə ev şəraitində müalicə almış, bədbəxt hadisə ilə əlaqədar uzun müddət fiziki və mənəvi sarsıntı keçirmişdir. İynə, dərmanlara, həkimə , qidaya, massaja, retgenə 1 il müddətində xəstə yatdığı zaman ona xidmət edən şəxsə ayda 300 manat olmaqla ümumilikdə 10.000 manat məbləğində pul sərf etmişdir. Bildirmişdir ki, o, 12.02.2016-cı il tarixdən indiyə kimi aldığı xəsarətlə əlaqədar işləyə bilmir, əmək qabliyyətini itirmişdir. Cavabdeh təşkilatda rəngsaz işləyəndə isə ayda 500 manatdan yuxarı məbləğdə əmək haqqı almışdır. İddiaçı 31.01.2022-ci il tarixdə məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək, təşkilatda işlədiyi dövrdə bədbəxt hadisə nəticəsində sağlamlığının uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulduğuna və bununla əlaqədar ona 10.000 manat maddi ziyan, 10.000 manat mənəvi ziyanın, ümumilikdə 20.000 manat pulun birdəfəlik cavabdeh "xxxx" QSC-dən alınıb ona verilməsi, eyni zamanda əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar və itirilmiş əmək qabiliyyətinin faizinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizasının təyin edilməsi, nəticədən asılı olaraq onun itirilmiş əmək qabiliyyətinə müvafiq son 12 ayın aylıq əmək haqqının, eləcə də qanunvericiliklə müəyyən olunmuş qaydada və məbləğdə sığorta pulunun verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı 31.01.2022-ci il tarixdə məhkəməyə vəsatətlər təqdim edərək,onun "xxxx" QSC-də istehsalatda bədbəxt hadisələrdən icbari sığorta olunub-olunmaması, əgər icbari sığorta olunmuşsa, sığorta məbləği barədə arayış verilməsindən ötrü həmin təşkilata sorğunun verilməsini və AR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X7 Xidmətini mübahisə predmeti barəsində müstəqil tələblər isrəli sürməyən 3-cü şəxs qismində işə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinə əlavəni AR Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun hesab edərək, onu icraata qəbul edir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia tələbinin qismən təmin olunması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri xətai Rayon Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli, 1(011)-314/2017 saylı hökmü ilə hazırki iş üzrə iddiaçı qismində çıxış edən İddiaçı zərərçəkmiş şəxs qismində tanınaraq, təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsilə təqsirli bilinərək, 3000 manat cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan 17 yanvar 2017-ci il tarixli, 05/20 №-li AR X1 İttiqafı tərəfindən "xxxx" QSC-yə ünvanlanan məktubdan görünür ki, MİHİ-nin İK-nin qərarına əsasən "xxxx" QSC-nin Tunel Qurğuları Xidmətinin 1 saylı Distansiyasının 1 saylı Dövritəmir sahəsinin rəngsazı İddiaçı ilə bağlanmış əmək müqaviləsi AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2684/2017 saylı, 17 mart 2017-ci il tarixli qətnaməsilə İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və buraxılmış müddətə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilmiş, həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6273 saylı, 30 iyun 2017-ci il tarixli qətnaməsilə apellyasiya şikayəti, AR Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-796/2018ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan 11.08.2017-ci il tarixli 110/J187 saylı rəyindən görünür ki, İddiaçı bədənində aşkar olunmuş sol dirsək, sümüyünün bizvari çıxıntısının sınığından sonrakı bitişməmiş defomasiyası, qayıqvari sümüyün və İV,V əl daraq sümüklərinin distal nahiyələrinin bitişmiş sınıqları, sağ bayır topuğun zirvəsinin qopma xarakterli sınığı və sağ ayaq pəncəsinin İİ, İİİ daraq sümüklərinin yerdəyişməyən bitişmiş sınıqları bərk küt əşyanın (əşyaların) qüvvətli təsirindən törənmişlər, müddəti şəxsin təkrar məhkəmə-tibb ekspertizasından keçirilməsindən 1-1,6 il əvvəl olmaqla, 12.02.2016-cı il tarixdə hündürlükdən yıxılması nəticəsində əmələ gələ bilər, dərəcələrinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan AR Səhiyyə Nazirliyi tərəfindən verilən resept blanklarından görünür ki, İddiaçı aldığı xəsarətlə bağlı olaraq müalicəsi üçün müxtəlif dərmanlar yazılmışdır. İş materiallarında olan "xxxx" QSC-nin Tunel Qurğuları Xidmətinin 1 saylı tunel qurğuları distansiyasının işçisi İddiaçı 2016-cı il 12 fevral tarixdə, saat 03:30 radələrində xəsarət alması ilə nəticələnmiş təhqiqat aktından (4.1-ci maddə) görünür ki, bədbəxt hadisənin səbəbi kimi "xxxx" QSC-nin Tunel Qurğuları Xidmətinin 1 saylı Tunel Qurğuları distansiyasının dövri təmir sahəsinin 1 saylı briqadasına 4-cü dərəcəli rəngsaz İddiaçı tərəfindən AR ƏM-nin 216-cı maddəsinin 3-cü abzasının tələblərinə riayət edilməməsi göstərilmişdir. Komissiyanın rəyinə əsasən isə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının pozulması halı müəyyən edilməmişdir. İş materiallarında olan “İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında” 2№-li Aktdan görünür ki, "xxxx" QSC-nin Tunel Qurğuları Xidmətinin 1 saylı tunel qurğuları distansiyasının dövri təmir sahəsinin ustası Rəhim Məmmədov tərəfindən aparılmış iş bölgüsünə əsasən, usta köməkçisi Hüseyn Cəfərov, rəngsazlar Ceyhun Əliyev və İddiaçı metronun “Əhmədli” stansiyasının 2-ci vetibülündə kassa zalının tavanının rənglənməsi tapşırılmışdı. Briqada üzvləri metronun “Əhmədli” stansiyasına gəldikdən sonra növbəlilik əsasında 1134 inventar nömrəli ayaqaltının üzərində dayanmaqla hadisə baş verənə qədər tavanda rəngləmə işi aparmışlar. Sonuncu dəfə onlar ayaqaltını pilləkənlər arası meydançada quraşdıraraq tavanı rəngləmişlər və bununla da həmin növbədə işlərini qurtarmışlar. Rəngsazlar ayaqaltını və digər materialları yığışdırmaqla məşğul olan vaxt İddiaçı tavanda ləkə görmüş və ayaqaltının üzərinə çıxaraq ləkə qalan yeri rəngləmək istəyərkən ayaqaltı sürüşdüyündən müvazinətini itirərək ayaqaltı meydançasından yerə yıxılmışdır. Nəticədə İddiaçı “Sağ pəncənin İİ-İİİ daraq sümüklərinin qapalı sınığı diaqnozlu xəsarət almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1118.1-ci maddəsinə əsasən, fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. 1118.2-ci maddəsinə əsasən, itirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. 1118.3-cü maddəsinə əsasən, bu Məcəllənin 1118-ci maddəsinə uyğun olaraq zərərçəkənə ödənilməli zərərin əvəzinin həcmi və miqdarı qanunla və ya müqavilə ilə artırıla bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında“ AR Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Mənəvi zərərin məbləği, habelə zərərin ödənilməsinin digər formaları iddia ərizəsində konkret göstərilməlidir. İşin araşdırılmış hallarından müəyyən olundu ki, "xxxx" Sığorta Şirkəti ASC ilə "xxxx" QSC arasında 01.04.2015-ci il tarixli, QAL-00013488 saylı “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi” bağlanmışdır. 05.01.2016-cı il tarixində "xxxx" QSC-də struktur dəyişikliyi ilə əlaqədar imzalanmış 1 saylı əlavəyə əsasən QAL-00013488 saylı sığorta müqaviləsinə xitam verilmişdir. Məhkəmə vurulmuş maddi və mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçının nümayəndəsinin izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, iddiaçının iş yerində yaşadığı bədbəxt hadisə nəticəsində ona həm maddi, həm də mənəvi cəhətdən ziyan vurulmuşdur. Ona görə də ona vurulmuş maddi və mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş maddi və mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, maddi və mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Maddi zərərin tələb olunan məbləğdə deyil, 5.000 manat məbləğində, mənəvi zərərin isə 2.000 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə ijlasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" QSC-dən 5000 (beş min) manat məbləğində maddi ziyan və 2000 (iki min) manat məbləğində mənəvi ziyan tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" QSC-dən 5000 (beş min) manat məbləğində maddi ziyan və 2000 (iki min) manat məbləğində mənəvi ziyan tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar