Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5710/2025 16.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Xalıqova Məstanə Mətləb qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh oran tərəfindən ona yazılmış 01 avqust 2025-ci il tarixə olan 420,09 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəfindən məhkəməyə ərizə ünvanlanaraq bildirilmişdir ki, mülki iş hazırda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatındadır və iddia tələbi üzrə həmin mülki işin aidiyyətı üzrə Salyan Rayon Məhkəməsinə göndərilməsinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə mülki işin aidiyyəti üzrə göndərilməsinə dair iddiaçı tərəfin ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməli, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 36.9-cu maddəsinin tələbinə görə istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. 45.1-ci maddəsinə əsasən Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Qeyd edilməlidir ki, Konstitusiyanın norma və prinsiplərini inkişaf etdirən Mülki Prosessual Məcəllənin 4-cü Fəsli ərazi aidiyyəti qaydalarını müəyyən etməklə işlərə ədalət mühakiməsinin həyata keçirilməsi şərtlərinə uyğun olaraq tam, hərtərəfli və vaxtında baxılmasının təmin edilməsinə yönəlmişdir. Mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi: - şəxslərin məhkəməyə əlçatanlığının; - işlərə ağılabatan müddətdə baxılmasının; - prosessual qənaət prinsipinin; - ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Qeyd edilən maddələrdə mülki məhkəmə icraatının ərazi aidiyyəti ilə bağlı əsas prinsipləri əks olunmuşdur. Belə ki, iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin və ya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir. Eyni zamanda Mülki Prosessual Məcəllədə mübahisənin predmeti, iş üzrə iddiaçının hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət imkanının asanlaşdırılması və s. amillər nəzərə alınmaqla ümumi qaydadan fərqli ərazi aidiyyəti nəzərdə tutulmuşdur. Qanunvericilikdə göstərilən bəzi hallarda iddiaçıya prosessual qənaət prinsipinə uyğun olaraq iddia irəli sürməkdə seçim hüququ verilmişdir. Hazırda iddiaçı göstərilən hüququndan istifadə edərək, işin məhkəmə tərəfindən onun yaşayış yeri üzrə Salyan Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İddia ərizəsindən, eləcə də “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, İddiaçı Salyan rayonu, Birinci varlı kəndi üzrə qeydiyyatdadır. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, materialları ilə İddiaçı Salyan rayonu, Birinci varlı kəndi üzrə qeydiyyatda olduğu və həmçinin orda yaşadığı müəyyən edildiyindən, habelə hazırki iddia tələbi məhz istehlakçının hüququnun müdafiəsinə dair iddia tələblərinə aid edildiyindən, hazırki tələbə iddiaçının qeydiyyatda olduğu ünvan üzrə fəaliyyət göstərən birinci instansiya məhkəməsində baxılmalıdır. Belə olan halda məhkəmə ərizəni əsaslı hesab edərək, mülki işin aidiyyəti üzrə baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilməsini mümkün hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin, 35.1, 44.2, 45.1, 45.2, 45.3, 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-5710/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5710/2025
16.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver