Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5724/2021 24.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı nümayəndəsi Şirinzadə KənanTərlan oğlunun, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4 nümayəndəsi X2 iştirakları ilə, İddiaçı “Elips-R” LTD Məhdud Məhsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məcid oğluna, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı «qəzalı vəziyyətdə olan tikililərin sökülməsi və həmin binalarda yaşayan sakinlərin kompensasiya ödənilməsi şərti ilə köçürülməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Elips-R” LTD Məhdud Məhsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məcid oğluna, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı «qəzalı vəziyyətdə olan tikililərin sökülməsi və həmin binalarda yaşayan sakinlərin kompensasiya ödənilməsi şərti ilə köçürülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərinn mülkiyyətlərində olan Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, M.Qasımov, X.Şuşınski və F.Qasımzadə küçələrinin kəsişməsində yerləşən və qəzalı vəziyyətdə olan mənzillərinin mövcud faktiki sahəsinə uyğun olaraq hər kv.metr üçün 2200 manat kompensasiya ödənilməklə və ya həmin küçələrin kəsişdiyi qeyd olunan ərazidə artıq inşa edilmiş və hazır olan binada hazırkı mövcud faktiki sahələrindən 20% artıq sahəsi olan və təmirli mənzillər verilməklə, cavabdehlərin və onlarla birlikdə mənzillərdə qeydiyyatda olan ailə üzvlərinin Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, M.Qasımov, X.Şuşınski və F.Qasımzadə küçələrinin kəsişməsində yerləşən və qəzalı vəziyyətdə olan mənzillərdən köçürülməklə, mübahisəli mənzillərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “Elips-R” LTD Məhdud Məhsuliyyətli Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçının fəaliyyətinin əsas istiqamətlərindən biri hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisidir. İddiaçı ölkə əhalisinin mənzilə və yaşayış şəraitinin yaxşılaşdırılmasına artan tələbinin ödənilməsi,“ekonom klass” kateqoriyasına aid olan mənzillərin tikintisi sahəsində çox böyük təcrübəyə, geniş və peşəkar kadr potensialına (mühəndis, memar, arxitektor, tikinti konstruktoru, is icraçıları, texnik və sair), eləcə də hündürmərtəbəli yaşayış binalarının tikintisi üçün zəruri olan müasir tipli texnika, mexanizm və digər qurğu və avadanlıqlara malikdir. İddiaçı paytaxtda və eləcə də regionlarda müasir memarlıq üslubuna uyğun hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının, insana rahatlıq və zövq bəxş edən, biznes və ticarət mərkəzlərinin, Bakı şəhərinin Şərq ilə Qərb sivilizasiyasını təbəssüm etdirən bənzərsiz memarlıq ənənələrini qorunub saxlanmaqla çoxlu sayda yaşayış və qeyri-yaşayış binalarının tikintisini müəyyən olunmuş müddətdə və yüksək keyfiyyətlə başa çatdıraraq sifarişçi təşkilatlara və vətəndaşlara təhvil vermişdir. Dövlət Başçısının həyata keçirdiyi iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olması, habelə bütün problemlərin həllində iqtisadi aspektin mövcudluğunun ön plana çəkilməsidir.Dövlət proqramlarının, fərman və sərəncamların icrası ölkədə gedən iqtisadi inkişafın sürətləndirilməsini uğurla təmin edir, tərəqqi prosesində özəl sektorun payı və rolunu davamlı şəkildə artırır. Ölkədə həyata keçirilən iqtisadi siyasət sahibkarlığın inkişafının sürətləndirilməsinə, ölkənin sosial-iqtisadi problemlərinin həllində sahibkarlığın rolunun gücləndirilməsinə, bu istiqamətdə dövlət qayğısının artırılmasına və ən əsası mövcud potensialın reallaşdırılmasma yönəlmişdir. Hal-hazırda iqtisadiyyatda yaranmış real vəziyyət fonunda ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq və tikinti sahələrində dövlət nəzarətini təkmilləşdirmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı Qərarı sosial-iqtisadi inkişafın sürətləndirilməsinə dair əlavə tədbirlər planı əsasında mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına qəzalı vəziyyətdə olan binaların sökülərək yerində yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binaların tikilməsi şəraitinin yaradılması yeni iqtisadi modelə keçid yolunda növbəti bir addımdır. Bu yeni iqtisadi model ümumən iqtisadiyyatda artıma və genişlənməyə gətirib çıxaracaq, çünki tikinti iqtisadiyyatın ən mühüm sahəsi və eyni zamanda onun aparıcı qüvvəsidir. İqtisadiyyatda böhran yaranan kimi bu fakt özünü birinci olaraq məhz tikinti sektorunda göstərir. Bu məqsədlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarı ilə müvafiq icra hakimiyyəti orqanları ilə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin mütəxəssisləri tərəfindən Nəsimi rayonu, S.Rüstəm, M.Qasımov, X.Şuşınski və F.Qasımzadə küçələrinin kəsişməsində yerləşən yaşayış evlərinin texniki vəziyyəti haqqında dəfələrlə aparılmış baxış zamanı müəyyən edilmişdir ki, həmin ərazidə yerləşən məhəllələrdə keçən əsrin əvvəllərində tikilən azmərtəbəli yaşayış və qeyriyaşayış binaları qəzalı vəziyyətdədir, yaşayış evləri uzun müddət təmirsiz istismar edildiyindən köhnəlmiş və fiziki aşınmaya məruz qalmışdır, bundan başqa göstərilən ünvanda iddiaçının istifadasinə verilmiş torpaq sahəsi uzun müddət öncə qismən hesablanmış ərazidə yerləşən köhnə tipli evlərin əksər hissəsin sakinləri köçürülmüş və həmin evlərin bir qisminin tam və qismən sökülməsi nətiçəsində ərazi yararsız və antisatıitariya vəziyyətə salınmışdır. Yaşayış evlərinin istismarda olan kommunikasiya xətləri (elektrik, su, kanalizasiya) köhnəlmiş və yarasız hala düşmüşdür. Həmin xətlərin nizamsız olması və birmərtəbəli yaşayış evlərinin konstruksiyalarının əksər hissəsinin ağac materialından inşa olunması, gələcəkdə baş verə biləcək yanğın və digər arzuolunmaz hadisələrin baş verməsinə bilavasitə səbəb olacaqdır. Bundan başqa, həmin yaşayış evləri sanitar-gigiyenik normalarının tələblərinə cavab vermir, günü-gündən gözəlləşən paytaxtın ümumi görkəminə xələl gətirir, əsla uyğun gəlmir. Həyətin giriş hissəsinin dar olması, sakinlər tərəfindən müxtəlif illərdə yaşayış sahələrini artırmaq məqsədi ilə qanunsuz olaraq əlavə tikililərin inşa edilməsi nəticəsində tikililərin texniki vəziyyəti məhduddur, bu da gələcəkdə sakinlərin həyatı üçün ən böyük təhlükə mənbəyidir. Bu səbəbdən də, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 05.03.2004-cü il tarixli, 45 saylı Sərəncamı ilə Nəsimi rayonu, S.Rüstəm, M.Qasımov, X.Şuşınski və F.Qasımzadə küçələri ilə əhatə olunmuş 968-ci məhəllədə mövcud fərdi yaşayış evlərinin sökülərək, yerində yaşayış evlərinin layihələşdirilməsi, hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin apatılması məqsədilə söküləcəyi nəzərdə tutulan azmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının altında yerləşən 0.41 hektar torpaq sahəsi iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş qaydada daimi istifadəsinə verilmişdir. Beləliklə, göstərilən ərazidə yerləşən 0.41 hektar torpaq sahəsi yüklü edilərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 05.03.2004-cü il tarixli, 45 saylı Sərəncamın 2-ci paraqrafı əsasında, yüklü edilmiş ərazidə yerləşən tikililərin sökülməsi və onların yerində müasir tələblərə uyğun yenilərin tikilməsi iddiaçıya həvalə edilmişdir. İddiaçı adı çəkilən Sərəncama uyğun olaraq, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, M.Qasımov, X.Şuşınski və F.Qasımzadə küçələrinin kəsişməsində köhnə yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin əksəriyyəti ilə kompensasiya ödəmək şərti ilə Razılaşma Müqaviləsi bağlayaraq həmin sakinləri göstərilən ərazidən köçürülməsini təmin etmiş və ərazinin bir hissəsində söküntü işlərini tamamlayaraq yerində hündürmərtəbəli dörd və iki girişli çoxmənzilli yaşayış binalarının tikintisini həyata keçirmişdir. Eyni zamanda, cavabdehlər və onların ailə üzvləri mülkiyyətlərində olan mənzil sahəsinin əvəzi kimi iddiaçının təklif etdiyi, hər kvadrat metr üçün 2000 manat kompensasiya ödənişi ilə razı olmadıqlarından, reallığa uyğun olmayan, bazar qiymətindən qat-qat artıq, insanın təsəvvür qabiliyyətindən çox-çox kənarda qalan kompensasiya məbləği tələb etdiklərindən iddiaçı həmin ərazidə tikinti və abadlıq işlərini tam həcmdə apara bilməmiş və bununla da Bakı Şəhər İcra Hakimiyyəti Başçısının göstərilən Sərəncamından irəli gələn öhdəliklərini yerinə yetirə bilməmişdir. Bundan başqa cavabdehlərin mülkiyyətində olan həmin yaşayış sahələri S.Rüstəm, M.Qasımov, X.Şuşınski və F.Qasımzadə küçələrinin kəsişməsində yerləşir və Baki Şəhər İcra Hakimiyyətinin iddiaçıya verilmiş, ayrıc aktının təsiri dairəsinə düşərək sökülməsi qərara alınmış torpaq sahəsində yerləşir və faktiki olaraq qəzalı vəziyyətdə olan tikililərdir. Eyni zamanda, cavabdehlərin əksəriyyəti orada yaşamır, həmin yaşayış sahələrini özbaşına olaraq, heç bir müvafiq İcra Hakimiyyəti orqanlarının Qərarı olmadan qeyriyaşayış sahəsinə çevirərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsləri orada yerləşdirmişlər. Bunun da nəticəsində yüklü edilərək iddiaçının istifadə hüququna ayrılmış torpaq sahəsində tikinti işlərinin aparılması ləngimiş və iddiaçı küllü miqdarda maliyyə vəsaiti itirməklə yanaşı, digər mülkiyyətçilər və podriyad şirkətləri ilə bağladığı Müqavilə öhdəliklərini yerinə yetirə bilmədiyindən maliyyə sanksiyalarına məruz qalmışdır. Cavabdehlərlə mübahisəni razılaşma və danışıqlar yolu ilə həll etmək mümkün olmadığından məhkəməyə müraciət olunaraq müvafiq iddia qaldırılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 05.03.2004-cü il tarixli 45 saylı Sərəncamın 1-ci paraqrafına əsasən, Nəsimi rayonu, S.Rüstəm, M.Qasımov, X.Şuşmski və F.Qasımzadə küçələrinin kəsişməsində yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədi ilə 0.41 ha torpaq sahəsi iddiaçının daimi istifadəsinə verilmişdir. Həmin Sərəncamın 2-ci paraqrafının 3-cü hissəsinə əsasən, iddiaçıya ayrılmış torpaq sahəsini yerində qəbul etməsi və onun sanitar vəziyyətinə nəzarəti tapşırılmışdır. Yenə də həmin Sərəncamın 6-cı paraqrafına əsasən, ayrılmış torpaq sahəsinə iddiaçı tərəfindən qanunda nəzərdə tutulmuş qayda da istifadə hüququ əldə edilmişdir. Bakı şəhərində artıq sakinlərin kompensasiya ödənilərək köçürülməsində formalaşmış ümumi praktika vardır. Belə ki, H.Əliyev sarayının arxasında Bakı şəhərinin Baş Planının icrasının təmin edilməsi məqsədi ilə Füzuli, Səməd Vurğun, Şəmsi Bədəlbəyli, Ə.Topçubaşov, Mirzağa Əliyev, Dilarə Əliyeva, Rəsul Rza, Şamil Əzizbəyov, Süleyman Rəhimov, islam Səfərli, X5, Mirzə İbrahimov küçələrinin əhatəsində yerləşən ərazidə park-bağ kompleksinin salınması ilə əlaqədar yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilmişdir və qeyd olunan işlərin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış qaydada, həmin ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin hər kvadrat metri üçün 1500 manat kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Halhazırda göstərilən ərazinin köçürülməsi üçün dövlət büdcəsindən vəsait ayrılmadığından, ərazidə yerləşən tikililərin sökülməsi və vəsaitin ödənilməsində sahibkarların iştirakından istifadə edilərək şəhərin Baş Planının icrası təmin edilir. Aparılan monitoring nəticəsində müəyyən edilmişdir ki, cavabdehlərin yaşadıqları evlər hal-hazırda qəzalı vəziyyətdədir və hər an uçmaq təhlükəsi vardır, bu baxımdan onların orada yerləşdirdikləri qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin həyatı üçündə təhlükəlidir. Bu səbəbdən də hesab edir ki, iddiaçıya ayrılmış ərazidə yerləşən tikililər sökülərək, cavabdehlər mübahisəli ərazidən köçürülməlidirlər. Mövcud sərəncamı icra edən iddiaçı tərəfindən cavabdehlərin mülkiyyət hüququ tanınır, qorunur, iddiaçı tərəfindən cavabdehlərin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmişdir, cavabdehlərə mülkiyyətlərində olan əmlakın müqabilində ədalətli və praktiki olaraq ən yüksək təkliflər edilir. Bakı səhər İcra Hakimiyyətinin məlum sərəmcamı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyinəzərindən icra olunmalıdır. İddiaçının irəli sürdüyü təkliflər günün tələblərindən də artıqdır və kifayət qədər ədalətli və ağlabatandır, belə olan halda, cavabdehlərin müvafiq razılaşmaya getmədən, mənzillərinə görə şişirdilmiş, ağlabatan olmayan və katostrafik məbləğdə pul tələb etməsi cavabdehlərin mülkiyyət hüquqlarından sui-istifadə halıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Şirinzadə KənanTərlan oğlu izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasına iştirak edən cavabdehlər Cavabdeh6, Cavabdeh1 və Cavabdeh4 nümayəndəsi X3 ayrı-ayrılıqda izahat verərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. İş üzrə digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Kommersiya qurumunun Dövlət reyestrindən çıxarışdan və Kommersiya hüquqi şəxsinin Dövlət qeydiyyatı haqqında Şəhadətnamədən görünür ki, “Elips-R” LTD Məhdud Məhsuliyyətli Cəmiyyəti 30.12.2003-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 05.03.2004-cü il tarixli 45 saylı Sərəncamından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, M.Qasımov, X.Şüşinski və F.Qasımzadə küçələri ilə əhatə olunmuş 968-ci məhəllədə mövcud fərdi yaşayış evlərinin sökülərək, yerində yaşayış evlərinin layihələşdirilməsi və tikintisinə icarə əsasında 0.41 ha ərazi iddiaçının istifadəsinə verilmişdir. 13/233 saylı İstifadəyə (icarəyə) verilən torpaq sahəsinin Ayrıc aktından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 05.03.2004-cü il tarixli 45 saylı Sərəncamı ilə yaşayış evlərinin layihələndirilməsi və tikintisi üçün verilmiş Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, M.Qasımov, X.Şüşinski və F.Qasımzadə küçələri ilə əhatə olunmuş 968-ci məhəllədə yerləşən 0,4100 ha torpaq sahəsinin ayrıc aktı iddiaçının adına tərtib olunmuşdur. MH seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binası (141 saylı pavilyon) daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 Məcid oğlunun adına qeydiyyata alınmışdır. ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən qeyriyaşayış binası daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 Məcid oğlunun adına qeydiyyata alınmışdır. RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 Oqtay oğlunun adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.20-ci maddəsinə əsasən, tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsidir. Həmin Məcəllənin 4.1 və 4.2-ci maddələrinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindəndir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 17-ci maddəsinə əsasən ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; 3.1.2. sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; 3.1.3. müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; 3.1.4. dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi; 3.1.5. dəniz limanının ərazisinin artırılması. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən torpaqlar dövlət ehtiyacları üçün yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda alına bilər. Məhkəmə ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İddiaçı, iddia ərizəsində cavabdehlərə məxsus yaşayış və qeyri-yaşayış binalarının qəzalı vəziyyətdə olmasını qeyd etsə də, bu dəlili təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Bundan əlavə, iddiaçı iddia tələbinin əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarına istinad etmişdir ki, həmin Qərara Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2020-ci il tarixli Qərarında münasibət bildirmişdir. Konstitusiya Məhkəməsi Qərarında qeyd etmişdir ki, “Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır”. Göründüyü kimi iddiaçının istinad etdiyi Nazirlər Kabinetinin Qərarı qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınmasını deyil, əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılmasını nəzərdə tutur. Buna görə də iddiaçının iddia tələbinin əsası kimi göstərilən qərara istinad etməsi əsassızdır. Bundan əlavə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətləri tənzimləyən normalar “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmişdir. «Torpağın alınmasına əsas verən dövlət ehtiyacları» “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində öz əksini tapmışdır. Məhkəmə tədqiqatı zamanı cavabdehlərə məxsus yaşayış və qeyri-yaşayış evlərinin yerləşdiyi torpaq sahələrinin alınması üçün həmin maddədə qeyd olunan dövlət ehtiyaclarından da heç biri müəyyən olunmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddia təmin oluna bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməli və iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı “Elips-R” LTD Məhdud Məhsuliyyətli Cəmiyyətinə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-5724/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5724/2021
24.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver