Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-578/2022 05.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Mirzəyeva Sevinc Ərəstun qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı MMC Cavabdeh qarşı «lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 28 yanvar 2020-ci il tarixli, MAS-2052 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən Cavabdeh sifarişi ilə 2019-cu il buraxılışlı, “KHAZAR SD" minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220114 ban nömrəli, qara rəngli avtomobil 13300 AZN məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 17 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 383.77 AZN, ümumilikdə isə 18421 AZN məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18421 AZN, 13300 AZN əsas məbləğ təşkil edir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 15 yanvar 2021-ci il tarixdə 1536 AZN məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh 28 yanvar 2020-ci il tarixli MAS-2052 saylı “Daxili lizinq" müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 23 oktyabr 2021-ci il tarixə 813.21 AZN gecikdirilmiş əsas, 1147.13 AZN gecikdirilmiş mükafat və həmin günə hesablanmış 132.77 AZN dəbbə pulu, ümumilikdə 2093.11 AZN borcu yaranmışdır. Göstərilənlərə əsasən, iddiaçı ilə cavabdeh arasında bağlanmış 28 yanvar 2020-ci il tarixli MAS-2052 saylı “Daxili lizinq müqaviləsi”nin ləğv edilməsi, lizinq obyekti olan 2019-cu il buraxılışlı, “Khazar SD” minik markalı, 99PF436 dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220114 ban nömrəli, qara rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, Cavabdeh 28 yanvar 2020-ci il tarixli MAS-2352 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 23 oktyabr 2021-ci il tarixinə 813,21 AZN gecikdirilmiş əsas, 1147,13 AZN gecikdirilmiş mükafat və həmin günə hesablanmış 132,77 AZN dəbbə pulu, ümumilkidə 2093,11 AZN borc və ödənilmiş 41,34 AZN dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Sonradan iddiaçı iddia ərizəsinə dəqiqləşdirmə ilə müraciət edərək, bildirmişdir ki, 09 yanvar 2022-ci il tarixində X7 İdarəsinin əməkdaşları tərəfindən lizinq obyekti olan “Khazar SD” minik markalı, 99PF436 dövlət qeydiyyat nişanlı avtomobil saxlanılaraq Siqnal İdarəsinin 5 saylı cərimə meydançasına yerləşdirilmiş və cavabdeh 12 yanvar 2022-ci il tarixində cərimə meydançasına daxil olaraq avtomobilə zərər vurmuşdur. Servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 4090 AZN məbləğində zərər dəymişdir. Həmçinin borcun avtomobilə zərər vurduğu tarixinə hesablanması zərurəti yaranmışdır. Hal-hazırda lizinq obyekti olan “Khazar SD” minik markalı, 99PF436 qeydiyyat nişanlı avtomobil lizinq şirkətinin müvəqqəti duracağında olduğu üçün lizinq obyektinin geri qaytarılması hissəsində imtina edilir. Göstərilənlərə əsasən, İddiaçı MMC ilə bağlanmış 28 yanvar 2020-ci il tarixli, MAS-2052 saylı “Daxili lizinq müqaviləsi”nin ləğv edilməsi, Cavabdeh 28 yanvar 2020-ci il tarixli, MAS-2052 saylı “Daxili lizinq müqaviləsi” üzrə 12 yanvar 2022-ci il tarixinə 1600,73 AZN gecikdirilmiş əsas, 1514,96 AZN gecikdirilmiş mükafat, həmin günə hesablanmış 473,17 AZN dəbbə pulu və 4090 AZN dəymiş zərər, ümumilikdə 7678,86 AZN borc və ödənilmiş 97,60 AZN dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddianı müdafiə edərək iddia tələbinin dəqiqləşdirməsinə dair ərizədə göstərilənləri təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 5.Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmirlər. Oğlu Cavabdeh 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmuş, o, maşın üçün ödənişləri mütəmadi olaraq həyata keçirirmiş və taksi sürücüsü kimi fəaliyyət göstərmiş, lakin daha sonra müharibəyə getdiyinə görə ödənişləri lazımi qaydada icra etmək imkanı olmamışdır. Buna görə də iddiaçı "xxxx" MMC-nin Emin adlı əməkdaşı oğlu ilə əlaqə saxlayaraq onu söymüş, təhdid etmiş və maşını qaytarmasını tələb etmişdir. Oğlu baş verən hadisədən sonra maşını aparıb qaytarmış, daha sonra aralarında mübahisə baş verdiyindən əsəbiləşərək maşına zərər vurmuşdur. Onu bunu etməyə vadar etmişlər. Qeyd edilənlərə əsasən, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 28 yanvar 2020-ci il tarixli MAS-2052 saylı “Daxili lizinq müqaviləsi”ndən görünür ki, lizinq şirkəti lizinq obyektini satıcıdan əldə etməyi və lizinq alana istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini qəbul edib, müəyyənləşdirilmiş dövriliklə ödənişləri icra etməyi qarşılıqlı surətdə öhdələrinə götürmüşlər. Lizinq müqaviləsinə 1 saylı Əlavədən görünür ki, alğısatqı müqaviləsi üzrə əldə edilən lizinq obyektinin qiyməti 13300 AZN təşkil edir. Bu müqavilə ilə cavabdeh illik 17% olmaqla, 48 ay müddətinə 13300 AZN məbləğində borcu ödəməyi öhdəsinə götürmüşdür.
9. İş materiallarında olan xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən mülkiyyətində olan “KHAZAR SD" minik markalı, NVAW01HHFLE220114 ban nömrəli, qara rəngli avtomobil cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən təhvil alınmışdır.
10. İş materiallarında olan İddiaçı MMC-nin 361 saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə 1600,73 AZN əsas borc, 1514,96 AZN mükafat borcu, 473,17 AZN cərimə borcu, cəmi 3588,86 AZN məbləğində borcu vardır.
11. İş materiallarında olan AD seriyalı 761205 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Khazar SD minik” markalı, 99PF436 dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-yə məxsusdur.
12. İş materiallarında olan “Body & paint shop” Servis tərəfindən tərtib olunmuş qüsur aktından görünür ki, “KHAZAR SD" minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa işlərinə çəkilən xərc 4090 manat müəyyən edilmişdir.
13. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 17 fevral 2022-ci il tarixli qərardan görünür ki, izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixində İddiaçı MMC-də problemli aktivlərlə iş üzrə mütəxəssis X3 telefon danışığı zamanı onu söyüb təhqir etməsi və avtomobili ona verməyəcəyini bildirməsi səbəbindən ona avtomobilini sındıracağını bildirdiyi zaman sonuncunun onu dediyi hərəkəti etməyəcəyi barədə ünvanına söyüş söyməsini və onun söyüşünə görə içkili vəziyyətdə avtomaşının şüşə və faraları sındırdığını, tərəfindən avtomobilin vieosunun çəkilməsini, lakin sosial şəbəkədə onun tərəfində paylaşmadığını bildirmişdir.
14. Məhkəmənin qərardadı əsasında keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/1362 saylı, 10 may 2022-ci il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxışlı “Khazar SD minik” markalı, 99PF436 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3377 AZN müəyyən edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
15. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında 28 yanvar 2020-ci il tarixli, MAS-2052 “Daxili lizinq müqaviləsi” bağlanmış və Cavabdeh lizinq obyektini istifadəsinə qəbul edərək, iddiaçıya müvafiq ödənişləri həyata keçirməyi öz üzərinə öhdəlik götürmüş, lakin müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, ödənişləri gecikdirmiş və beləliklə də iddiaçı ilə bağladığı müqavilənin şərtlərini pozmuş və nəticədə İddiaçı MMC-yə borcu yaranmışdır. Bundan əlavə, cavabdeh tərəfindən lizinq obyektinə zərər dəymiş, və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/1362 saylı, 10 may 2022-ci il tarixli rəyinə əsasən zərərin məbləği 3377 AZN müəyyən edilmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Qeyd olunan Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
18. Eyni Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
19. Göründüyü kimi cavabdeh lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş və öhdəliyi icra etmədiyi üçün iddiaçı qarşısında məsuliyyət daşıyır.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
21. Həmin Məcələnin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
22. Daxili lizinq müqaviləsinin 9.1-ci maddəsinə əsasən, lizinq alan lizinq obyektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
24. Həmin Məcəllənin 748-1.12 və 748-1.12.4-cü maddələrinin tələbinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək hüququ vardır.
25. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir (həmin Məcəllənin 748-2.1-ci maddəsi).
26. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə götürmüş olduğu öhdəliyi lazımınca icra etmədiyindən iddiaçı lizinq müqaviləsinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı iddia verməkdə haqlı olmuşdur.
27. Məhkəmə iddia tələbinin əsas borcun və gecikdirilmiş mükafatın tutulması ilə bağlı hissəsi üzrə qeyd edir ki, cavabdehin müqavilə üzrə borcun olması öz təsdiqini tapdığından, həmin hissədə tələb əsaslı hesab edilməli və təmin edilməlidir.
28. Həmçinin, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
29. Hazırkı halda məhkəmə hesab edir ki, iddia dəbbə pulu hissəsində qismən təmin edilərək, dəbbə pulu 100 (bir yüz) manat məbləğində müəyyən edilməlidir.
30. Məhkəmə belə nəticəyə gələrkən dünyada baş vermiş iqtisadi böhranı, müharibə veteranı olması, həmçinin cavabdehin maliyyə vəziyyətini nəzərə alır.
31. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-7.1-ci madəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.
32. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh lizinq obyektinə zərər vurmuş və məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə zərərin məbləği 3377 AZN müəyyən edilmişdir.
33. Məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməli və dəymiş zərərin ödənilməsi hissəsində iddia tələbi qismən təmin edilməli, Cavabdeh 3377 AZN məbləğində pul tutulmalıdır.
34. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
36. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
37. Həmçinin Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müntənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
38. İş materiallarında olan qəbzdən göründüyü kimi, iddiaçı tərəfindən dövlət büdcəsinə 97,60 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. İddia tələbi maddi ziyanın ödənilməsinə münasibətdə (3377 AZN) qismən təmin olunduğundan Cavabdeh qeyd olunan məbləğin 89,66 AZN (rüsum kalkulyatoruna əsasən) cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
39. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı ilə cavabdeh arasında bağlanmış 28 yanvar 2020-ci il tarixli, MAS-2052 saylı “Daxili lizinq müqaviləsi” ləğv edilməli, Cavabdeh 28 yanvar 2020-ci il tarixli, MAS-2052 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən 1600,73 AZN (bir min altı yüz manat, yetmiş üç qəpik) gecikdirilmiş əsas, 1514,96 AZN (bir min beş yüz on dörd manat, doxsan altı qəpik) gecikdirilmiş mükafat, 100 AZN (bir yüz manat) dəbbə pulu, 3377 AZN (üç min üç yüz yetmiş yeddi manat) dəymiş zərər, ümumilikdə 6592,69 AZN (altı min beş yüz doxsan iki manat, altmış doqquz qəpik) məbləğində borc və 89,66 AZN (səksən doqquz manat, altmış altı qəpik) dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.
40. Həmçinin iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri cəmi 100 (bir yüz) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
43. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
44. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
46. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 28 yanvar 2020-ci il tarixli, MAS- 2052 saylı “Daxili lizinq müqaviləsi”ləğv edilsin. Cavabdeh 1600,73 AZN (bir min altı yüz manat, yetmiş üç qəpik) gecikdirilmiş əsas, 1514,96 AZN (bir min beş yüz on dörd manat, doxsan altı qəpik) gecikdirilmiş mükafat, 100 AZN (bir yüz manat) dəbbə pulu, 3377 AZN (üç min üç yüz yetmiş yeddi manat) dəymiş zərər, ümumilikdə 6592,69 AZN (altı min beş yüz doxsan iki manat, altmış doqquz qəpik) məbləğində borc və 89,66 AZN (səksən doqquz manat, altmış altı qəpik) dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri cəmi 100 AZN (bir yüz) Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov