Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6181/2022 07.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit borcu) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 07 dekabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. "Amrahbank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli 266/LA saylı X3 müqaviləsi bağlanaraq "xxxx" ASC Lizinq alanın sifariş etdiyi və həmin Lizinq Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan İ saylı əlavəsində göstərilən əmlakı, yəni “X5” minik marxalı (Tip Universal, Ban JTMHU09J7B5051892, rəngi ağ mirvari, buraxılış ili 2011-ci il) olan avtomobili öz mülkiyyətinə əldə edilməsini və muzdla Lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. "xxxx" ASC ilə X1 arasında bağlanmış 03 dekabr 2019-cu il tarixli X2-Satqı Müqaviləsinə əsasən satıcı "X5" minik markalı (Tip Universal, Ban JTMHU9J7B5051892, rəngi ağ mirvari, buraxılış ili 2011ci il) olan avtomobili "Amrahbank” ASC-yə satılmasını, İddiaçı ASC isə avtomobilin dəyəri olan 67000 AZN satıcıya ödənilməsini və qeyd olunmuş avtomobilin qəbul edilməsini öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən "Amrahbank” ASC əmlakı Cavabdeh lizinqə verilməsi məqsədilə əldə etmişdir. Lizinq Müqaviləsinin ümumi məbləği 42500 manat, o cümlədən lizinq obyektinin qiyməti 67000 manat təşkil etmişdir. Lizinq obyekti Lizinq alana 36 ay müddətinə lizinq ödənişi illik 25 faiz olmaqla lizinqə verilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (ləğv prosesindədir) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 03 dekabr 2019-cu il tarixli, 266/LA nömrəli X3 Müqaviləsinə xitam verilməsi, cəmi 47855.92 manat bundan 40036.26 manat əsas, 7763.71 manat faiz, 55.95 manat cərimə borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutulması, cavabdehin sahiblik və istifadəsinə verilmiş “X5" minik markalı (Tip Universal, Ban JTMHU09J7B5051892, rəngi ağ mirvari, buraxılış ili 2011-ci il) ** PD *** dövlət qeydiyyat nişanlı avtomobilin tam işlək vəziyyətdə ləğv prosesində olan iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır.
4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ü.Yusifova, iş № 2(007)-294/22) iddia təmin edilmişdir.
5. Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir.
6. Bakı şəhər Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-294/2022 saylı, 21 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ü.Yusifova) iddia təmin edilmiş, “Amrahbank" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 03 dekabr 2019-cu il tarixli, 266/LA nömrəli X3 müqaviləsinə xitam verilməsi, cavabdehdən 40036.26 manat əsas, 7763.71 manat faiz, 55.95 manat cərimə borcu, cəmi 47855.92 manat borc və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, cavabdehin sahiblik və istifadəsinə verilmiş “X5" minik markalı (Tip Universal, Ban JTMHU09J7B5051892, rəngi ağ mirvari, buraxılış ili 2011-ci il) olan avtomobil tam işlək vəziyyətdə ləğv prosesində olan “Amrahbank" ASC-yə qaytarılması qət edilmişdir.
7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdeh lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 442, 448, 747.1, 748-1.9, 748-10.1, 748-10.2, 748-10.4-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti borcun düzgün hesablanmadığı ilə əsaslandırılmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir.
17. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
18. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur;
19. Maddə 748-1.9. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır;
20. Maddə 748-1.12.4. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır;
21. Maddə 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir;
22. Maddə 748-10.2. Lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir;
23. Maddə 748-10.4. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Hazırkı işdə iddia təmin olunduğundan və qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı apellyasiya qaydasında tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə apellyasiya qaydasında mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
27. Apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlillərinin yoxlanılması məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 9/7203 saylı, 04 noyabr 2022-ci il tarixli rəyi ilə cavabdehin Banka 40299,23 manat əsas, 10995,76 manat faiz borcu olduğu müəyyən edilmişdir.
28. Məhkəmə Kollegiyası nəzərə alır ki, müvafiq rəylə əsas borcun məbləği 40299,23 manat, faiz borcunun məbləği 10995,76 manat müəyyən edilsə də, iddiaçı cavabdehdən 40036.26 manat əsas, 7763.71 manat faiz borcu tələb etmiş, məhkəmə də həmin məbləğin cavabdehdən tutulması barədə nəticəyə gəlmişdir. Belə olan halda, məhkəmə MPM-nin 218.3-cü maddəsinin tələbinə müvafiq olaraq iddia tələbindən kənara çıxa bilmədiyi üçün tutulacaq əsas və faiz borcunun məbləği dəyişdirilmədən saxlanılmalıdır.
29. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Baxılan iş üzrə tələbdən kənara çıxmaq üçün müstəsna hallar yoxdur.
30. Məhkəmə kollegiyası ekspert rəyinin mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən etmədiyindən təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin olunmasına lüzum görmədi.
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.