Məhkəmə qərarları › İş №2(006)-5829/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5829/2021

29.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5829/2021 29.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «abunə koduna hesablanmış borcun ondan tələb edilməməsi və elektrik enerjisi verilişinin bərpa edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məcburi köçkün, ondan öncəki sakin Cəmilov Cəmilin elektrik enerjisinə görə olan 1.958 manat 91 qəpik borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, **********50221 nömrəli abunə koduna hesablanmış borcun ondan tələb olunmaması və elektrik enerjisinin verilişinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti MKTD-nin 18 saylı sərəncamına əsasən 27 mart 2018-ci il tarixdən ünvan 1 ünvanda yerləşən evin (keçmiş yataqxananın) 18,0 m2 yaşayış sahəsi olan 1 otaqlı 221 saylı mənzili ona icarəyə verilmişdir. Lakin ondan öncə həmin ünvanda yaşamış X2 (məcburi köçkün, İ qrup əlil, 2018-ci ildə vəfat etmişdir) 1.958 manat 91 qəpik sayğacda borcu qalmış və vəfat etməmişdən bir neçə ay öncə sayğacdan elektrik enerjisi kəsilmişdir. Yataqxanadan həmin otaq sərəncamla ona veriləndə borc haqqında xəbəri olmamışdır. Otağa elektrik enerjisi verilmədiyindən, həmin otağa köçüb yaşaya bilmir. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddia ərizəsinə etiraz etmədiyini bildirmiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 27 mart 2018-ci il tarixli 18 saylı sərəncamından görünür ki, ünvan 1 ünvanda yerləşən evin (keçmiş yataqxananın) 18,0 m2 yaşayış sahəsi olan 1 otaqlı 221 saylı mənzilinə İddiaçı adına kirayə müqaviləsi bağlanmış və o, həmin mənzilin kirayəçisi hesab edilmişdir. Həmin mənzilə dair İddiaçı adına şəxsi maliyyə hesabının açılması 1 saylı Xüsusi Təyinatlı MKTB-nin 141 saylı MKİS-ə tapşırılmışdır. İddiaçı mənzilə yaşayış yeri üzrə qeydiyyata alınması Nizami rayon Polis İdarəsinin Q və ŞVŞ-dən xahiş edilmişdir. "xxxx" ASC tərəfindən İddiaçı adına göndərilmiş bildirişdən (ilk göstərici 17.05.2021, son göstərici 03.06.2021-ci il qeyd olunmuş) görünür ki, İddiaçı 1.958 manat 91 qəpik borcu olduğu qeyd olunmaqla, həmin borcun 10 gün ərzində ödənilməsi tələb edilmişdir. İddiaçı "xxxx" ASC-yə ünvanladığı ərizədən görünür ki, o, iddia ərizəsində qeyd olunan məqamları müfəssəl şəkildə qeyd etməklə cavabdehin nəzərinə çatdırmış, mənzilə olan borcun ona məxsus olmadığını, mənzildə yaşamadığını, mənzildə yaşaya bilməməsinin mənzilə elektrik enerjisi verilişinin hələ köhnə sakinin sağlığında dayandırılması ilə bağlı olduğunu bildirmiş, borcun ondan tələb edilməməsini, həmçinin mənzilə elektrik enerjisi verilişinin bərpa edilməsini xahiş etmişdir. «Elektroenergetika haqqında» 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı mənzilin kirayəçisi olsa da, mənzilə elektrik enerjisi verilişi hələ köhnə sakin X1 dayandırıldığından, həmin mənzilə köçüb yaşaya bilmir. Borc məbləği iddiaçıya məxsus borc məbləği deyil, iddiaçı tərəfindən mənzildə elektrik enerjisindən istifadə edilmədiyindən, mənzilə elektrik enerjisi verilişi 10.01.2018-ci il tarixdə vəfat etmiş, İ qrup əlil olmuş X1 dayandırıldığından, borc məbləği iddiaçıdan tələb edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, "xxxx" ASC tərəfindən İddiaçı adına göndərilmiş bildirişdə (ilk göstərici 17.05.2021, son göstərici 03.06.2021-ci il) qeyd olunmuş 1.958 manat 91 qəpik borc İddiaçı tələb edilməməli və ünvan 1 ünvanda yerləşən evin (keçmiş yataqxananın) 18,0 m2 yaşayış sahəsi olan 1 otaqlı 221 saylı mənzilinə elektrik enerjisi verilişi bərpa edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC tərəfindən İddiaçı adına göndərilmiş bildirişdə (ilk göstərici 17.05.2021, son göstərici 03.06.2021-ci il) qeyd olunmuş 1.958 manat 91 qəpik borc İddiaçı tələb edilməsin. ünvan 2 ünvanda yerləşən evin (keçmiş yataqxananın) 18,0 m2 yaşayış sahəsi olan 1 otaqlı 221 saylı mənzilinə elektrik enerjisi verilişi bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar