Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5830/2021 18.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «əsassız olaraq hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «əsassız olaraq hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 237, 34 saylı mənzil iddiaçının mülkiyyətindədir.Həmin mənzil iddiaçının mülkiyyətində olsa da, əvvəllər orada yaşamamışdır. Lakin mənzili 15.06.2021-ci il tarixli icarə müqaviləsi əsasında "xxxx" MMC-yə 6 ay müddətinə icarə vermişdir. Cavabdeh təşkilatın nümayəndələri 16.08.2021-ci il tarixdə mənzilin elektrik enerjisi xəttinə baxış keçirərkən mənzilə gələn elektrik enerjisi xəttinin sayğacdan kənar gəlməsini müəyyən etmişlər. Həmin xəttin kim tərəfindən çəkilməsi iddiaçıya məlum deyil. Bununla bağlı akt tərtib etmişlər və iddiaçıya (abonent kodu: **********70034) qanunsuz olaraq 5802 manat məbləğində borc hesablanmışlar. Həmin borc məbləğinin necə və hansı əsaslarla hesablanması iddiaçıya məlum deyil və bunu qəbul etmir. Ona görə də iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 237, 34 saylı mənzilə dair 5802 manat məbləğində hesablanmış borc məbləği silinməlidir. Göstərilənlərə əsasən iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 237, 34 saylı mənzilə dair (abonent kodu: **********70034) 5802 manat məbləğində hesablanmış borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" ASC tərəfindən tərtib olunmuş 16.08.2021-ci il tarixli, 024059 saylı akt üzrə 5802,34 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddiaçının həmin iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur, çünki iddiaçı göstərilən sayğac üzrə abunəçi deyil. "xxxx" ASC ilə müqavilə başqa şəxs tərəfindən bağlanılıb. Bu səbəbdən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib,iş materiallarını araşdıraraq, videodiskə baxış keçirərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 04.07.2006-cı il tarixli, MH seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən 237 saylı evi 4 otaqlı 34 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan «İcarəyə verən» qismində İddiaçı ilə «İcarəçi» qismində "xxxx" MMC arasında bağlanılmış 15.06.2021-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 237, mənzil 34 ünanında yerləşən, ümumi sahəsi 94,13 kv.m. yaşayış sahəsini icarəyə götürənə 6 ay müddətinə, yəni 15.12.2021-ci il tarixədək qüvvədədir) icarəyə vermişdir. İş materiallarında olan "xxxx" ASC-nin 16.08.2021-ci il tarixli NDM № 024059 saylı aktından görünür ki, "xxxx" ASC-nin əməkdaşlarının iştirakları ilə iddiaçıya məxsus ünvanında olmuş, lakin abunəçi Qennadiy Osopovun adına (abonent kodu **********70034) qeydə alınmış elektrik sayğaca baxış keçirilərkən müəyyən edilmişdir ki, mənzilə sayğac sxemindən kənar xətt daxil olmuşdur. Həmin kənar xətt sayğaclar quraşdırılan panonun içərisindəki qidalandıran xətdə quraşdırılmış qoruyucu avtomatdan birbaşa çəkilmişdir. Həmin aktdan görünür ki, yoxlama zamanı iddiaçının nümayəndəsi iştirak etmişdir. İş üzrə NDM 024059 saylı 16.08.2021-ci il tarixli akta əsasən Aktlar üzrə Komissiyanın 17.08.2021-ci il tarixli qərarına əsasən abonent Qennadiy Osopova (abonent kodu **********70034) əlavə olaraq 56544 (3,8 kvt x 16 saat x 930 gün) kvts əlavə sərfiyyət, yəni 5847,84 manat borc hesablanmışdır. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş **********70034 saylı abonentin «Abunə Haqqında» kompyüterdən çıxarışdan görünür ki, abonentə 17.08.2021-ci ildə NDM 024059 saylı akt əsasında cəmi 5847,84 manat əlavə ödəniş hesablanmışdır. Məhkəmə ilk növbədə iddiaçının hazırki iddia tələbi ilə çxış etmək üçün subyektiv hüququnun olub-olmamasına hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən 237 saylı evin 34 saylı mənzili Dövlət Reyestri Xidmətinin Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 04.07.2006-cı il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. Həmin ünvana aid aid elektrik sayğacının abonent kodu isə Qennadiy Osopovun adına qalmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən 237 saylı evin 34 saylı mənzilin abunə kodu Qennadiy Osopovun adına olsa da, iddiaçı mülkiyyətçi kimi həmin evi enerji ilə təchiz etməyə davam etmiş və enerjidən istifadə etməklə əlaqədar ödənişlər aparmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı Qennay Osopovun adına olan abunə kodunun aid olduğu ünvanın 2006-cı il tarixdən mülkiyyətçisi olduğundan, mübahisəli aktın isə onun mülkiyyətinin əldə etdiyi dövr ərzində tərtib olunduğundan, iddiaçının həmin mənzil üzrə elektrik enerjisindən istifadə ilə əlaqədar yaranmış borcun mübahisələndirilməsi ilə bağlı məhkəmədə iddia qaldırmağa tam subyektiv hüquq vardır. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan mənzilin abunə kodu Qennadiy Osopovun adında qalsa da, mənzil elektrik enerjisi ilə təchiz edildiyindən və cavabdeh həmin təchizata görə məhz iddiaçıdan ödəniş almaqla faktiki olaraq onunla müqavilə münasibətlərinə daxil olduğundan, bu münasibətlərin hal-hazırki vaxtadək rəsmiləşdirilməməsi iddiaçının subyektiv hüququnun aradan qalxması ilə nəticələnə bilməz. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Göstərilən Qaydaların 8.16-cı bəndinə görə istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Həmin Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Eyni Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qeyd olunan Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən 237 saylı evin 34 saylı mənzilinə aid olan elektrik sayğacına cavabdeh təşkilatın əməkdaşları tərəfindən 16.08.2021-ci il tarixdə baxış keçirilərkən mənzilə sayğac sxemindən kənar xəttin daxil olması, həmin kənar xəttin sayğaclar quraşdırılan panonun içərisindəki qidalandıran xətdə quraşdırılmış qoruyucu avtomatdan birbaşa çəkilməsi aşkar olunmuş və bu barədə nəzarətçilər tərəfindən NDM 024059 saylı akt tərtib edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, tərtib edilmiş akt əsasında cavabdeh təşkilatın akt komisiyyası tərəfindən ona 56544 (3,8 kvt x 16 saat x 930 gün) kvts əlavə sərfiyyat, yəni 5847,84 manat borc hesablanmışdır. Məhkəmə iclasında cavabdeh tərəfindən təqdim olunmuş videodiskə baxış keçirərək iclasında müəyyən edilmişdir ki, qeyd olunan mənzilin elektrik sayğacına qanunsuz müdaxilə olmuş, lakin müdaxilənin nə zamandan bəri davam etdiyini müəyyən etmək mümkün olmamışdır. Həmçinin cavabdeh tərəfindəndə bu davamiyyətin edilməsinə dair sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh təşkilat tərəfindən qəbul edilmiş 17.08.2021-ci il tarixli qərardan görünür ki, elektrik enerjisinin orta gündəlik sərfinə görə hesabat dövrü kimi 930 gün əsas götürülmüşdür. Lakin göründüyü kimi hesabat dövrünün 930 gün götürülməsi qanunun tələblərinə cavab vermir. Bu səbəbdən məhkəmə hesab edir ki, hesabat dövrü kimi 930 gün deyil, bir ay müddətini ağlabatan müddət kimi əsas götürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" ASC tərəfindən iddiaçıya hesablanmış 127,68 (3,8kvt x 16 saat x 30 gün = 1824 kvt x 0,07 man = 127,68) manat məbləğində borc silinməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia qismən təmin olunaraq, "xxxx" ASC tərəfindən iddiaçıya hesablanmış 127,68 (bir yüz iyirmi yeddi manat, altmış səkkiz qəpik) manat məbləğində borc iddiaçının abunə hesabından silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən 237 saylı evin 34 saylı mənzilə dair cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya hesablanmış 127,68 (bir yüz iyirmi yeddi manat, altmış səkkiz qəpik) manat məbləğində borc **********70034 abunə hesabından silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-5830/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5830/2021
18.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver