Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5858/2021 04.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, Əhmədova Məstanə Mətləb qızının katibliyi, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" BOKT MMC-yə qarşı «artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması və daşınmaz əmlakın ipotekadan azad edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" BOKT MMC-yə qarşı «artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması və daşınmaz əmlakın ipotekadan azad edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" BOKT MMC-yə artıq ödədiyi 5.000 ABŞ dollarının ona geri qaytarılması və girovunun azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehdən evlərini ipotekaya qoyaraq pul götürmüşlər. Həmin pulu cavabdehə tam şəkildə geri qaytarmalarına baxmayaraq, cavabdeh hələ də ona borclarının olmasını bildirir və hər dəfə də müxtəlif rəqəmlərlə pul tələb edir. O, cavabdehə borcunun olmamasına dair pretenziya məktubu ilə rəsmi müraciət etmişdir və bunun nəticəsi olmamışdır. Cavabdehə istənilən məhkəməyə qədərki, qanuni vasitələrdən istifadə etməsinə baxmayaraq, bu mübahisənin məhkəməsiz həllinə nail ola bilmədiyinə görə onun ipoteka predmeti olan evi hələ də cavabdehdə girovda qalır. Mübahisə predmeti olan, onun cavabdehə borc öhdəliyi tərəfindən icra edilmişdir və cavabdeh bu faktı qəbul etmir. Sözügedən mübahisəni məhkəmədən başqa qanuni həllinə nail ola bilmədiyi üçün ipoteka predmeti olan evini girovdan azad edə bilmədiyi üçün onun cavabdehə borcunun olmamasını yeganə sübut yolu aidiyyatı məhkəmə qaydasındakı iddia ərizəsi əsasında qanuni qətnamədir. İddiaçılar ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Həmçinin, cavabdehin nümayəndəsi X13 da, mülki işə iddiaçıların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etdi. Məhkəmə qeyd olunanları nəzərə alaraq, mülki işə iddiaçıların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X13 məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçılar tərəfindən iddia tələbinin əsası kimi istinad etdikləri hallara – cavabdehə artıq pul vəsaiti ödəmələrinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, iş materiallarında olan qanüni qüvvəyə minmiş məhkəmə aktlarından görünür ki, tərəflər arasında mübahisələndirilən məsələ ilə əlaqədar öncələr mülki məhkəmə çəkişmələri olmuş və müvafiq hüquqi qiymət verilmişdir. Belə ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 18.09.2018-ci il tarixli 2(007)-104/2018 saylı qətnaməsi ilə "xxxx" BOKT MMC-nin İddiaçı2, X1, X2, X5 və X8 qarşı «əsas borc, faiz və dəbbə pulunun ipoteka predmetinin realizə edilməsi hesabına qaytarılması və mənzildə yaşayanların məcburi qaydada çıxarılması» tələbinə dair iddiası qismən təmin edilmiş, X12 ilə BOKT arasında bağlanmış 13 oktyabr 2014-cü il tarixli BAKU1-23946-10362 saylı kredit müqaviləsinə xitam verilmiş, İddiaçı2, İddiaçı1 və X6 müştərək qaydada 26.893 ABŞ dolları əsas borc, 4.262 ABŞ dolları 62 sent faiz, 10.000 ABŞ dolları dəbbə pulu, cəmi 41.156 ABŞ dolları 10 sentin, ödənilmiş 30 manat dövlət rüsumunun və bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində pul vəsaitinin "xxxx" BOKT MMC-nin xeyrinə tutulması, tutmanın kreditin təminatı kimi bank qarşısında yüklü edilmiş, dəyəri 60.000 manat müəyyən olunmuş cavabdeh İddiaçı2 məxsus Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospektində yerləşən 106 saylı evin 11 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, ipoteka predmeti satıldıqdan sonra mənzilin boşaldılması və İddiaçı2, X3, X4 və X9 həmin mənzildən məcburi qaydada çıxarılmaları, ekspertiza xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq Dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.11.2019-cu il tarixli 2(103)-1175/2019 saylı qətnaməsi ilə "xxxx" BOKT MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdeh X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 18.09.2018-ci il tarixli 2(007)-104/2018 saylı qətnaməsi «cavabdehlərdən əsas borc və faizin tutulması» hissəsində dəyişdirilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 18.09.2018-ci il tarixli 2(007)-104/2018 saylı qətnaməsi ilə cavabdehlərdən müştərək qaydada tutulması qət edilmiş əsas borcun məbləği 37.725 ABŞ dolları 40 sent, faizin məbləği isə 10.299 ABŞ dolları 03 sent müəyyən edilmiş və həmin məbləğlərin ödənilməsi qətnamənin icra olunduğu gün Azərbaycan manatına olan məzənnə ilə həyata keçirilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 30.07.2020-ci il tarixli 2(102)-2941/2020 saylı qərarı ilə İddiaçı1 kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.11.2019-cu il tarixli 2(103)-1175/2019 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli 2(006)-635/2021 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" BOKT MMC-yə qarşı «ipoteka borcunun və ya ümumiyyətlə borcun olmaması, girov predmeti olan mənzilin girovdan azad edilməsi» tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" BOKT MMC-yə qarşı «artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması və daşınmaz əmlakın ipotekadan azad edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" BOKT MMC-yə qarşı «artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması və daşınmaz əmlakın ipotekadan azad edilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-5858/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5858/2021
04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver