Məhkəmə qərarları › İş №2(006)-5869/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5869/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5869/2021 28.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.09.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********74075 olan «Samsung Galaxy A40» markalı telefon, «Casio» markalı saat üçün 109 manat ödənilməmiş hissə, 32 manat dəbbə pulu; 27.01.2020-ci il tarixli müqaviləyə əsasən «Samsung LED» televizor üçün 888 manat ödənilməmiş hissə, 188 manat dəbbə pulu; 01.02.2020-ci il tarixli müqaviləyə əsasən «Samsung» markalı tozsoran üçün 270 manat ödənilməmiş hissə, 79 manat dəbbə pulu; 03.02.2020-ci il tarixli müqaviləyə əsasən «Samsung» markalı Paltaryuyan üçün 790 manat 80 qəpik ödənilməmiş hissə, 234 manat dəbbə pulu; 03.03.2020-ci il tarixli müqaviləyə əsasən «Playstation 4» diski üçün 91 manat 20 qəpik ödənilməmiş hissə, 27 manat dəbbə pulu; 06.03.2020-ci il tarixli müqaviləyə əsasən «Sony Playstation 4» üçün 693 manat ödənilməmiş hissə, 207 manat dəbbə pulu olmaqla, cəmi 3.609 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı 01.09.2019-cu, 27.01.2020-ci, 01.02.2020-ci il, 03.02.2020-ci il, 03.03.2020-ci il və 06.03.2020-ci il tarixli müqavilələrə əsasən İMEİ kodu **********74075 olan «Samsung Galaxy A40» markalı telefon, «Casio» markalı saat; «Samsung LED» televizor; «Samsung» markalı tozsoran, «Samsung» markalı Paltaryuyan, «Playstation 4» diski və «Sony Playstation 4» almış və nəticədə 3.609 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 01.09.2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 660 manat (6 ay x 109 manat + 6 manat ilkin ödəniş) olan İMEİ kodu **********74075 olan «Samsung Galaxy A40» markalı telefon, «Casio» markalı saat üçün ümumilikdə 141 manat olmaqla, həmin məbləğdən 109 manat ödənilməmiş hissə, 32 manat dəbbə pulu; 27.01.2020-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 890 manat (24 ay x 37 manat + 2 manat ilkin ödəniş) olan «Samsung LED» televizor üçün ümumilikdə 1.076 manat olmaqla, həmin məbləğdən 888 manat ödənilməmiş hissə, 188 manat dəbbə pulu; 01.02.2020-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 270 manat (12 ay x 22 manat 50 qəpik + 0 manat ilkin ödəniş) olan «Samsung» markalı tozsoran üçün ümumilikdə 349 manat olmaqla, həmin məbləğdən 270 manat ödənilməmiş hissə, 79 manat dəbbə pulu; 03.02.2020-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 790 manat 80 qəpik (12 ay x 65 manat 90 qəpik + 0 manat ilkin ödəniş) olan «Samsung» markalı paltaryuyan üçün ümumilikdə 1.024 manat 80 qəpik olmaqla, həmin məbləğdən 790 manat ödənilməmiş hissə, 234 manat dəbbə pulu; 03.03.2020-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 91 manat 20 qəpik (6 ay x 15 manat 20 qəpik + 0 manat ilkin ödəniş) olan Playstation 4 diski üçün ümumilikdə 118 manat 20 qəpik olmaqla, həmin məbləğdən 91 manat 20 qəpik ödənilməmiş hissə, 27 manat dəbbə pulu; 06.03.2020-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 756 manat (12 ay x 63 manat + 0 manat ilkin ödəniş) olan «Sony Playstation – 4» üçün ümumilikdə 900 manat olmaqla, həmin məbləğdən 693 manat ödənilməmiş hissə, 207 manat dəbbə pulu olmaqla hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 616 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-ə həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50 %-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyərlərini müqavilələrin şərtlərinə uyğun olaraq hissə-hissə ödəmək şərti ilə 01.09.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********74075 olan «Samsung Galaxy A40» markalı telefon, «Casio» markalı saat; 27.01.2020-ci il tarixli müqaviləyə əsasən «Samsung LED» televizor; 01.02.2020-ci il tarixli müqaviləyə əsasən «Samsung» markalı tozsoran; 03.02.2020-ci il tarixli müqaviləyə əsasən «Samsung» markalı paltaryuyan; 03.03.2020-ci il tarixli müqaviləyə əsasən Playstation 4 diski; 06.03.2020-ci il tarixli müqaviləyə əsasən «Sony Playstation – 4» almışdır. Müqavilələrin şərtlərinə görə Cavabdeh alınmış əşyalara görə ilkin ödənişli, müxtəlif müddətlərə hər ay müvafiq ödənişlər etməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh iddiaçı "xxxx" MMCdən yuxarıda qeyd olunan müqavilələrə əsasən dəyərini hissə-hissə ödəmək şərti ilə müxtəlif əşyalar almış, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmiş, nəticədə 20.07.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən 3.609 manat borc məbləği yaranmışdır. Xəbərdarlıqdan görünür ki, "xxxx" MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 01.09.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********74075 olan «Samsung Galaxy A40» markalı telefon, «Casio» markalı saat üçün 109 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu; 27.01.2020-ci il tarixli müqaviləyə əsasən «Samsung LED» televizor üçün 888 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu; 01.02.2020-ci il tarixli müqaviləyə əsasən «Samsung» markalı tozsoran üçün 270 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu; 03.02.2020-ci il tarixli müqaviləyə əsasən «Samsung» markalı Paltaryuyan üçün 790 manat 80 qəpik ödənilməmiş hissə, 20 manat dəbbə pulu; 03.03.2020-ci il tarixli müqaviləyə əsasən «Playstation 4» diski üçün 91 manat 20 qəpik ödənilməmiş hissə, 5 manat dəbbə pulu; 06.03.2020-ci il tarixli müqaviləyə əsasən «Sony Playstation 4» üçün 693 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu olmaqla, cəmi 2.922 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, altı müqavilə üzrə müvafiq olaraq 5 manat, 20 manat, 10 manat, 20 manat, 5 manat və 20 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun tutulması ilə yanaşı, yuxarıda qeyd olunan müqavilələr üzrə müvafiq olaraq 5 manat, 20 manat, 10 manat, 20 manat, 5 manat və 20 manat məbləğində dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 01.09.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********74075 olan «Samsung Galaxy A40» markalı telefon, «Casio» markalı saat üçün 109 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu; 27.01.2020-ci il tarixli müqaviləyə əsasən «Samsung LED» televizor üçün 888 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu; 01.02.2020-ci il tarixli müqaviləyə əsasən «Samsung» markalı tozsoran üçün 270 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu; 03.02.2020-ci il tarixli müqaviləyə əsasən «Samsung» markalı Paltaryuyan üçün 790 manat 80 qəpik ödənilməmiş hissə, 20 manat dəbbə pulu; 03.03.2020-ci il tarixli müqaviləyə əsasən «Playstation 4» diski üçün 91 manat 20 qəpik ödənilməmiş hissə, 5 manat dəbbə pulu; 06.03.2020-ci il tarixli müqaviləyə əsasən «Sony Playstation 4» üçün 693 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu olmaqla, cəmi 2.922 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar