Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-588/2023 13.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əqdin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə əlaqədar həmin evin sahibi olmuş X5 ilə Cavabdeh arasında xx.xx.1989-cu ildə bağlanmış əqdin və həmin əqd əsasında 2 saylı fərdi yaşayış evinə xx.xx.2003-cü ildə Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsindən Cavabdeh adına verilmiş Seriya FM, 016770 saylı qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı xx.xx.1989-cu ildə bağlanmış əqdin onunla X5 arasında bağlanmış hesab edilməsi və həmin evə onun adına Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evini o, 1989cu ilin yanvar ayında tam olaraq öz şəxsi vəsaiti hesabına erməni milliyyətindən olan X2 satın almışdır. Alınan gündən indiyə kimi həmin bu fərdi yaşayış evi faktiki ona və ailəsinə məxsusdur və onların mülkiyyətindədir. 2 saylı fərdi yaşayış evini satın alan zaman evin hüquq müəyyənedici sənədi olmamışdır. X2 2 saylı fərdi yaşayış evini satın alan zaman evin ümumi sahəsi 48,5 kvadrat metr olmuşdur. Bu faktı 59 saylı Mənzil İstismar Kontoru tərəfindən Levon Ağacanyana xx.xx.1989-cu ildə verilmiş arayış da tam təsdiq edir. Həmin arayışda qeyd olunmuşdur ki, Levon Ağacanyana məxsus olan və ünvan 1 ünvanında yerləşən 3(üç) otaqlı evin sahəsi 48,5 kvadrat metrdən ibarətdir, o və cavabdeh əslən Ermənistan Respublikasının Spitak rayonunun Saral kəndindəndirlər. Eyni zamanda həm də qohumdurlar. Onun xalası qızı Şəraiyyə Yusubova Cavabdeh qardaşı Ellaz Yusubovun həyat yoldaşıdır. Həm də onun atası Cavabdeh əmisi ilə bacanaqdır. 1971-ci ilə kimi Ermənistan Respublikasının Spitak rayonunun Saral kəndində yaşamışlar. Sonra isə ailəlikcə daimi yaşamaq üçün Bakı şəhərinə köçmüşlər. Cavabdeh isə valideynləri ilə birlikdə 1988-ci ilin sonuna kimi Saral kəndində yaşamışlar. Milli münaqişə zəminində azərbaycanlıların Ermənistandan kütləvi şəkildə qovulmasından sonra onlar 1988-ci ilin sonunda yaşamaq üçün Bakı şəhərinə köçüb gəlmişlər. 1971-ci ildə onlar ailəlikcə Bakı şəhərinə köçüb gələndən sonra valideynləri Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində ailəsinə mənzil almış və onlar ailəlikcə həmin mənzildə yaşayış yeri üzrə qeydiyyata düşməklə yaşayırdılar. O, 1980-ci ildə Bakı şəhərində ali məktəbi bitirəndən sonra həmin il Təhsil Nazirliyinin göndərişi ilə əmək fəaliyyətinə başlamış və iş yerində gənc mütəxəssis kimi mənzil bölməsinə qəbul olunmuşdu. Milli münaqişə zəminində 1988ci ildə azərbaycanlıların Ermənistandan kütləvi şəkildə qovulması başlayandan sonra Bakıda yaşayan ermənilər də evlərini satıb Bakıdan köçüb getməyə başlamışdır. Bunları görəndən sonra o, ailəsinin normal şəraitdə yaşaması üçün evə olan təlabatlarını təmin etmək məqsədilə 1989-cu ilin yanvar ayında ünvan 1 ünvanda yerləşən, erməni milliyətindən olan Levon Ağacanyana məxsus 3(üç) otaqdan ibarət, 48,5 kvadrat metr sahəsi olan 2 saylı fərdi yaşayış evini atasının dostlarının iştirakı ilə özünün şəxsi vəsaiti hesabına almışdır. Həmin evin alınmasında maddi cəhətdən atası da müəyyən qədər ona kömək etmişdir. Levon Ağacanyandan satın aldığı 2 saylı fərdi yaşayış evində onunla bərabər, bacısı Əliyeva Sadəgülün və qardaşı Əliyev Bəxtiyarın ailəsinin də bu evdə yaşamaları nəzərdə tutulurdu. Daha sonra Levon Ağacanyanın qonşusu Aşotun da evinin bir hissəsini öz şəxsi vəsaiti hesabına satın aldılar və 2 saylı fərdi yaşayış evinə qatdılar. Həmin vaxtdan öz şəxsi vəsaiti hesabına Levon Ağacanyandan satın aldığı 2 saylı fərdi yaşayış evində və qonşusu Aşotdan satın aldığı evin bir hissəsində təmir-tikinti və yenidənqurma işləri apararaq otaqların sayını artırdılar və uyğun şərait yaradıb üç ailə bu evdə yaşamağa başladılar. Aşotdan aldığı evin bir hissəsini Levon Ağacanyandan aldığım fərdi yaşadıqları 2 saylı fərdi yaşayış evinin mövcud olan 9(doqquz) otaqdan ibarət olan 126,7 kvadrat metr yaşayış sahəsi və 161,7 kvadrat metr ümumi sahə əmələ gəlmişdir. O zaman respublika rəhbərliyinin göstərişinə əsasən Ermənistandan gələn qaçqınlarla Bakıda yaşayan ermənilər evlərini formal olaraq etibarnamə ilə də dəyişə bilirdilər. O, gənc mütəxəssis kimi iş yerində ev növbəsində qeydiyyatda idi. Yaxın vaxtlarda da ona mənzil verilməli idi. İş yerindən ona veriləcək mənzilin əldən çıxmasın deyə valideynlərinin məsləhəti ilə Levon Ağacanyandan satın aldığı 2 saylı fərdi yaşayış evini səmimiyyətinə, düzgünlüyünə inandıqları və tam etibar etdikləri qohumları Cavabdeh adına sənədləşdirmək qərarına gəldilər. Ona görə ki, həmin vaxt qüvvədə olan qanuna görə hər bir adamın, hər bir ailənin yalnız bir evi ola bilərdi. O da həmin vaxtı subay idi və ailə üzvü kimi valideynlərinin üstündə gedirdi və onlarla birgə Əhmədlidəki mənzildə yaşamaqla eyni ünvanda pasport qeydiyyatında idi. Ailəsinin öz şəxsi mənzili olduğundan ailə üzvü kimi onun ikinci evi öz adına və ailə üzvlərindən birinin adına ala bilməzdi. Cavabdeh valideynlərinin tapşırığı ilə 2 saylı fərdi yaşayış evinin sənədləşməsini aparmaq məqsədi ilə Ermənistan Respublikasının Spitak rayonunun Saral kəndində qaçqın düşənə kimi, yəni 1988-ci ilin sonlarına kimi özünün, valideynlərinin və qardaşı Səlimxanın ailəsi ilə birgə yaşadıqları evlərini Levon Ağacanyandan satın aldığı 2 saylı fərdi yaşayış evi ilə dəyişmək üçün sonuncuya 1989-cu il tarixdə Bakı şəhərindəki 13 saylı notariat kontoru vasitəsilə formal olaraq etibarnamə vermişdir. Halbuki, Cavabdeh və ailə üzvlərinin onun Levon Ağacanyandan satın aldığı 2 saylı fərdi yaşayış evinə heç bir aidiyyatı olmamış, həmin evin alınmasına hər hansı məbləğdə vəsait xərci çəkməmişdilər. Digər tərəfdən, həmin etibarnamə verilən zaman Cavabdeh və ailə üzvlərinin qaçqın düşənə kimi yaşadıqları Ermənistan Respublikasının Spitak rayonu Saral kəndindəki evləri və əmlakları 07 dekabr 1988-ci ildə baş vermiş zəlzələ nəticəsində dağılmış və daha sonra da ermənilər tərəfindən tamamilə dağıdılmış və məhv edilmişdir. Faktiki Cavabdeh Levon Ağacanyana özlərinin mövcud olmayan evlərinin dəyişməsi ilə bağlı formal olaraq etibarnamə vermişdi. İlkin sənədləşmə Cavabdeh adına aparıldığına görə və eyni zamanda Cavabdeh erməni Levon Ağacanyandan öz şəxsi vəsaiti hesabına satın aldığı cavabdeh və ailəsinə heç bir aidiyyatı olmayan 2 saylı fərdi yaşayış evi ilə bağlı cavabdehin onlara nə vaxtsa hər hansı bir problem yaradacağını heç vaxt ağıllarına gətirmədiklərinə görə o, 2 saylı fərdi yaşayış evini xx.xx.2003-cü ildə Bakı şəhəri icra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsində Cavabdeh adına qeydiyyatdan keçirib onun adına qeydiyyat vəsiqəsi almışdır. Evə Cavabdeh adına qeydiyyat vəsiqəsi alan zaman onlara bildirmişdir ki, nə vaxt istəsə, evi öz adına və ya ailə üzvlərinin birinin adına keçirə bilər və ya satıb başqa yerdən ev ala bilər. Bu işdə onun tərəfindən onlar üçün heç bir problem olmayacaqdır. O və ailə üzvləri də onun dediklərinə tam inanmış və ona etibar etmişlər. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia müddətinin tətbiqi barədə yazılı vəsatət (ərizə) təqdim edərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən iddia müddətinin keçməsi ilə əlaqədar iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X6 ifadəsində bildirmişdir ki, Ə.Əsmər onun bacısıdır. Mübahisəli mənzilin alışında, satışında heç biri iştirak etməmişlər (anası, atası, bacısı və qardaşı). O evin yolunu hələ də tanımırlar. Sərdar və ailəsi 1988-ci ildə bura gəlmişlər. Qeydiyyata düşmək üçün etmişlər. Sərdar bəy o zaman uçotda idi. Bu səbəbdən nikaha girdi ki, evi ala bilsin. Əsmərlə Sərdar heç vaxt faktiki nikahda olmayıblar. Əsmərin əvvəl evliliyi olub. 1 qızı, nəvələri vardır. Əlavə suallara cavab olaraq bildirmişdir ki, evin alınmasında vəsait xərclənməyib. Ev 3 otaqlı olub. Sonradan Sərdar bəy təmir işləri aparıb. Sonradan əlavə tikililər alınıb, həmin evə birləşdirilib. Evi Əsmərin adına Sərdar bəy keçirib. 1991-ci il tarixdə nikaha daxil olublar. Ev 2003-cü il tarixdə etibarnamə əsasında Əsmərin adına özəlləşib. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X3 ifadəsində bildirmişdir ki, İddiaçıı tanıyır. Cavabdeh isə tanımır. 1982-ci ildən Sərdarın atası Abbas müəllimi tanıyır. Köçəndə ondan məsləhət aldılar. Pulu bükülü vəziyyətdə satan şəxsə, erməniyə verdi. Sonra Sərdar gəldi. Qonşu olmuşlar. Evin başqasının adına olmasını bilmirdi. Orada 28 il yaşamışdır. Sonradan Sərdarla qohum olmuşlar. Əlavə suallara cavab olaraq bildirmişdir ki, ev alınan gündən orada ayrı adam yaşamamışdır. Ev ilk vaxtlar yaşamaq üçün əlverişli vəziyyətdə deyildi. Sonradan Sərdar tərəfindən evə əlavələr edildi, evi təmir etdirdi. Evi Sərdarın atası alıb, 2 otaq olardı, həyət evi idi. Evlə bağlı Sərdar bəylə mübahisə edən olmamışdır. Hazırda evdə 3 otaq, bir də keçid var. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X4 ifadəsində bildirmişdir ki, Sərdarın xalası oğludur. Əsmərin isə uzaq qohumudur. 1989-cu ildə bir dəfə xalası oğlugilə getmişdi. Həm ata tərəfdən, həm də ana tərəfdən qohumdur. 1989-cu ildə getdi Abbas müəllimgilə, o dedi ki, bir erməni var, evi qoyub satışa münasib qiymətə. Dedi ki, evi Əsmərin adına alır. Dedi ki, Əsmər qaçqındı ona görə. O ev alınan gündən Sərdar orada yaşayır. Heç vaxt Əsmər orada yaşamayıb. Əlavə suallara cavab olaraq bildirmişdir ki, evin alınmasında Əsmər və ailəsi heç bir pul xərcləmiyib. Onun ailəsi çox kasıb olub. Sərdara etibarnamə veriləndə iştirak edib. Sərdar daima Əsmərə etibar edib. Əsmər orada heç vaxt yaşamamışdır. 2022-ci ilə qədər evlə bağlı tərəflər arasında mübahisə olmamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - FM seriyalı, 016770 №-li Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2003-cü il tarixdə X1 adına 62 saylı reyestr kitabında xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. - xx.xx.2022-ci il tarixli “mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 14.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmiş, lakin İddiaçı iştirak edərək 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir (Mediator:K.Yaqubova). - xx.xx.2022-ci il tarixli, 25552 nömrəli qəbzdən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 50 (əlli) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 1989-cu il tarixdə evin sahibi ilə cavabdeh arasında bağlanmış əqd əsasında alınmış, sonradan xx.xx.2003-cü il tarixdə isə həmin mübahisəli ev cavabdeh Ə.Əsmərin adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçmişdir, hazırda iddiaçı həmin əqdin, həmin əqd əsasında verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsini, həmçinin mübahisəli evlə bağlı bağlanmış əqdin cavabdehlə deyil, onunla bağlanmış hesab edilməsi və onun adına yeni çıxarışın verilməsini tələb edir. Belə olan halda aydın olur ki, iddiaçı əqdin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini keçirmişdir. Belə ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (Mülki Məcəllənin 324.1, 324.2, 324.4, 324.5, 404.1 və 404.2-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Eyni Məcəllənin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq, məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «əqdin etibarsız hesab edilməsi tələbi»nə dair iddiası təmin edilməməlidir. Digər iddia tələbləri ilə bağlı məhkəmə qeyd edir ki, həmin tələblər ilkin tələblə bağlıdır və həmin tələbin təmin olunub-olunmamasından asılıdır. Əqdin etibarsız hesab edilməsi tələbi rədd edildiyi üçün digər tələblər də rədd edilməlidir. İddia tələbi rədd edildiyindən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “əqdin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi”nə dair iddia tələbi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-588/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-588/2023
13.03.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver