Məhkəmə qərarları › İş №2(006)-589/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-589/2023

25.04.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-589/2023 25.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh MMC-yə və Bakı şəhəri 17 saylı Notariat Ofisinə qarşı «müqavilənin etibarsız hesab edilməsi və s.» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh MMC-yə qarşı «müqavilənin etibarsız hesab edilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin qanunsuz tərtib etdiyi ********* nömrəli müqavilənin və yaranmış 505,66 manat məbləğində borcun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin qanunsuz tərtib etdiyi ********* saylı abunə müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2022-ci il tarixli icra qeydinin və yaranmış 505,66 manat borcun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Daha sonra, iddiaçının ərizəsi əsasında Bakı şəhəri 17 saylı Notariat Ofisi cavabdeh qismində mülki işə cəlb edilmişdir.

4. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 17 saylı Notariat Ofisinin 20 oktyabr 2022-ci il tarixli, 6560 nömrə ilə reyestrdə qeyd olunmuş icra qeydinə əsasən ondan Cavabdeh MMC-nin xeyrinə cəmi 505 manat 66 qəpik məbləğində pulun tutulması qərara alınmışdır. Halbuki həmin müqavilənin mövcudluğu ona 17 saylı Notariat Ofisinin icra qeydi təqdim olunduqdan sonra məlum olmuşdur. Qeyd etmək istəyir ki, cavabdeh tərəfindən qeyd olunmuş ********* nömrəli müqavilədən və həmin borcun yaranmağından xəbəri olmamışdır. Bununla əlaqədar 17 saylı Notariat Ofisinə müraciət etsə də, onlarda ********* nömrəli müqavilənin olmadığını, yalnız elektron müraciət əsasında icra qeydi qəbul olunduğunu bildirmişlər. Bildirir ki, 11 mart 2019-cu ildə “Azerfon" MMC ilə X1 (qanuni müqavilə ilə işləyən işçi) arasında AZF-Sİ/2019/1211 nömrəli abunə müqaviləsi bağlanmışdır. Bu müqavilədən gələn məsuliyyəti öz üzərinə götürür, lakin Cavabdeh MMC-nin verdiyi telefon nömrələrini adi nömrə hesab etmişdir. Cavabdeh MMC onun etibarından sui-istifadə edərək ondan xəbərsiz, təkbaşına qanunu pozaraq ********* nömrəli müqavilə tərtib etmişdir. Qeyd etmək istəyir ki, nə həmin müqaviləni görmüş, nə də ona imza atmışdır. Buna görə də, qeyd olunan 505 manat 66 qəpik məbləğində pulun ondan tələb olunmasını qanunsuz hesab edir. Tərəflərin izahatları və iddiaya münasibəti:

5. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

6. Cavabdeh MMC tərəfindən məhkəməyə iddia ərizəsinə etiraz ərizəsi ünvanlanaraq bildirilmişdir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "abunə müqaviləsinin etibarsız hesab edilməsi" barədə iddia tələbi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MMC tərəfindən tərtib edilmiş ********* saylı abunə müqaviləsinin etibarsız hesab edilməsi və 505 manat 66 qəpik məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə razı deyillər və hesab edirlər ki, iddia rədd edilməlidir. Tərəflər arasında 19 mart 2019-cu il tarixdə AZF-SL-2019/1246 saylı abunə müqaviləsi imzalanmışdır. Abunə müqaviləsinin 3.1-ci bəndinə görə "xxxx" MMC siyahısı müqaviləyə əlavə edilmiş qoşmada müəyyən edilmiş nömrələri tariflər ilə təmin edir, açıq rabitə xəttini ayırır və xidmətlərin göstərilməsini abunəçiyə təmin edir, abunəçi isə müqavilədə və tariflər üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən isifadə edir və xidmətlərdən istifadəyə görə müvafiq ödənişləri həyata keçirir. Tərəflər arasında imzalanmış abunə müqaviləsinə 2 saylı qoşmada iddiaçının istifadəsinə verilmiş nömrələrin siyahısı və 3 saylı qoşmada isə həmin nömrələrin təhvil-təslim aktı əks olunmuşdur. Həm abunə müqaviləsi, həm də müqaviləyə əlavə qoşmalar tərəflərin imza və möhürü ilə təsdiq edilmişdir. Göründüyü kimi, iddia ərizəsində göstərilənlər əsassızdır, tərəflər arasında müvafiq abunə müqaviləsi imzalanmış və müvafiq nömrələr onun istifadəsinə verilmişdir. İddiaçı isə göstərilmiş xidmətlərə görə yaranmış 480 manat 66 qəpik borcu ödəməmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

7. Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə etiraz ərizəsində məhkəmə proseslərinin nümayəndələrinin iştirakı olmadan təqdim etdikləri sübutlar əsasında baxılması xahiş edilmişdir.

8. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alıb, mülki işə Cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

9. Digər cavabdeh Bakı şəhəri 17 saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir.

10. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə digər cavabdeh Bakı şəhəri 17 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

11. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

12. xx.xx.2019-cu il tarixli, AZF-SL/2019/1246 saylı abunə müqaviləsindən görünür ki, müqavilənin Cavabdeh MMC ilə İddiaçı arasında bağlandığı göstərilmişdir.

13. Müqavilənin 4.1.1, 4.1.3 və 4.3.2-ci bəndlərinə əsasən Cavabdeh, abunəçi tərəfindən hazırki müqavilə imzalanan tarixdə qüvvədə olan tariflər və abunəçinin seçdiyi tarif üzrə nəzərdə tutulmuş ilkin ödəniş məbləğinin ödənişi həyata keçirildikdən və abunəçiyə dair məlumatlar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin MHM-in vahid məlumat bazasına onlayn rejimdə elektron formada daxil edildikdən sonra abunəçini nömrə və SİM kart ilə təmin edir və rabitə xəttini aktivləşdirir; Cavabdeh müqavilənin şərtlərinə uyğun olaraq xidmətləri yerinə yetirir; abunəçi müqavilə şərtlərinə uyğun olaraq, vaxtlı-vaxtında xidmətlərdən istifadəyə görə yaranmış borcların ödənişini həyata keçirir.

14. Müqavilədən görünür ki, müqaviləni Cavabdehun adından Cavabdeh MMC-nin Satış İdarəsinin direktoru Anar Ələkbərov, “Abunəçi”nin adından isə İddiaçı, habelə xx.xx.2019-cu il tarixli, AZF-SL/2019/1246 saylı abunə müqaviləsinə 1 saylı (xidmətlər və tariflər), 2 saylı (fərdi qaydada ödənilən nömrələr) və 3 saylı qoşmada (təhvil-təslim aktında) eynilə müqavilədə olduğu kimi “Abunəçi”nin adından İddiaçı imzaladığı göstərilmişdir.

15. Bakı şəhəri 17 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, reyestrdə 8İ-6560 nömrə ilə qeyd edilmiş icra qeydindən görünür ki, İddiaçı ********* nömrəli müqaviləyə əsasən vaxtında ödənilməmiş 480,66 manat, bundan əlavə İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 505,66 manat pul vəsaitinin tutulması təklif edilmişdir.

16. İş üzrə həqiqətin müəyyən edilməsi, eyni zamanda iddiaçının iddia tələbində qeyd etdiyi dəlillərinə hüquqi qiymət verilməsi məqsədilə məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(006)-5439/2022 saylı qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir.

17. Məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2023-cü il tarixli, 4/63 saylı ekspert rəyi daxil olmuşdur.

18. Rəyin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim edilmiş, xx.xx.2019-cu il tarixli, AZF-SL/2019/1246 saylı abunə müqaviləsinin sonuncu vərəqəsində (i.v. 46) “Abunəçinin adından” qrafasında, həmin müqaviləyə 1 saylı xidmətlər və tariflərə dair, 2 saylı fərdi qaydada ödənilən nömrələrə dair və 3 saylı təhvil-təslim aktına dair qoşmalarda (i.v. 47, 48) “Abunəçinin adından” qrafalarındakı imzalar - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

19. Ekspertiza tədqiqatının dəyəri 105 manat təşkil edir.

20. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

21. Beləliklə işin araşdırılmış faktiki halları ilə müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli, AZF-SL/2019/1246 saylı abunə müqaviləsinin icra edilməməsnə görə Bakı şəhəri 17 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, reyestrdə 8İ-6560 nömrə ilə qeyd edilmiş icra qeydinə əsasən İddiaçı ümumilikdə 505,66 manat pul vəsaitinin tutulması təklif edilmişdir.

22. Hazırda iddiaçı həmin müqaviləni imzalamadığını, ümumiyyətlə bu müqavilədən məlumatlı olmadığını, həmin müqavilənin mövcudluğu Bakı şəhəri 17 saylı Notariat Ofisinin icra qeydi təqdim edildikdən sonra ona məlum olduğunu, onun imzasının saxtalaşdırıldığını və müqaviləyə onun əvəzinə başqa şəxsin imza etdiyini qeyd edərək, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia tələbində sözügedən müqavilənin qanuniliyini mübahisələndirmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

24. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

25. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

26. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

27. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

28. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarında göstərilmişdir ki, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.

30. Həmin qərarda həmçinin göstərilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.

31. Konstitusiya Məhkəməsinin Plenumu sözügedən qərarında vurğulamışdır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq, məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.

32. Məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli, AZF-SL/2019/1246 saylı abunə müqaviləsi özü-özlüyündə etibarsız əqddir və bu səbəbdən həmin müqavilə etibarsız hesab edilməlidir.

33. Məhkəmə vurğulayır ki, iddiaçı iddia tələbində mübahisə predmeti olan müqavilənin onun tərəfindən imzalanmadığını qeyd etdiyi üçün məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmiş və təqdim edilən ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli, AZF-SL/2019/1246 saylı abunə müqaviləsindəki imza İddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur.

34. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir.

35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır.

36. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

37. Araşdırma zamanı hazırki ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.

38. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən münahisələndirilən müqavilə onun tərəfindən imzalanmadığına görə tərəflər arasında ümumiyyətlə müqavilə münasibətləri yaranmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC qarşısında xx.xx.2019-cu il tarixli, AZF-SL/2019/1246 saylı abunə müqaviləsi üzrə hər hansı öhdəlik və vəzifə daşıyıcısı kimi qiymətləndirilməsinə yol verilməməlidir.

39. Bu səbəbdən məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli, AZF- SL/2019/1246 saylı abunə müqaviləsinin etibarsız hesab edilməsi ilə yanaşı, Bakı şəhəri 17 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli icra qeydi və həmin icra qeydi əsasında İddiaçı adına hesablanmış 505,66 manat borc məbləği ləğv edilməlidir.

40. Həmçinin, məhkəmə qeyd edir ki, xx.xx.2019-cu il tarixli, AZF-SL/2019/1246 saylı abunə müqaviləsi İddiaçı tərəfindən deyil, digər şəxs tərəfindən imzalanması xüsusatına məhkəmənin xüsusi qərardadı ilə hüquqi qiymət veriləcəkdir.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Tətbiq edilən prosessual normalar:

42. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

43. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

46. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

47. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 19 mart 2019-cu il tarixli, AZF-SL/2019/1246 saylı abunə müqaviləsi etibarsız hesab edilməli, Bakı şəhəri 17 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli icra qeydi və həmin icra qeydi əsasında İddiaçı adına hesablanmış 505,66 manat borc məbləği ləğv edilməlidir.

48. İddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu qismində ödənilmiş 30 manat pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir.

49. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 105 manat Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməlidir.

50. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. 19 mart 2019-cu il tarixli, AZF-SL/2019/1246 saylı abunə müqaviləsi etibarsız hesab edilsin. Bakı şəhəri 17 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli icra qeydi və həmin icra qeydi əsasında İddiaçı adına hesablanmış 505,66 manat borc məbləği ləğv edilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu qismində ödənilmiş 30 manat pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 105 manat Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar