Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5893/2021 30.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07.11.2019-cu il tarixli 01033879 nömrəli müqavilə üzrə mebel üçün 580 manat pul və 30 manat məbləğində dövlət rüsumu, ümumilikdə 610 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC-yə məxsus “Kontakt Home” mağazalar şəbəkəsindən nisyə ödəniş şərtləri ilə mebel əldə etmiş və həmin məhsulun ümumi dəyəri 580 manat təşkil etmişdir. Cavabdeh məhsulu 20 ay müddətinə, aylıq 29 manat öəniş etmək şərtilə əldə etməsinə baxmayaraq, bu günə qədər heç bir ödəniş etməmişdir. Cavabdeh məhsulun sifarişinə uyğun olmaması əsası ilə Bakı şəhər Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, iddia tələbi məhsulun mənzildən çıxarılması ilə bağlı olsa da, cavabdeh mebeldən istifadə etməkdə davam etmişdir. Həmin iş üzrə 2(004)-162/2021 saylı işin icraatı zamanı cavabdeh müqavilədəki imzanın ona aid olmadığını da iddia etmişdir. Lakin iş üzrə təyin edilmiş məhkəmə xətşünaslıq ekspertizasının rəyinə əsasən müqavilədəki imzaların cavabdeh tərəfindən icra edildiyi təsdiqlənmişdir. Sözügedən iş üzrə bütün prosessual hərəkətlər cavabdeh tərəfindən ödəniş etməkdən boyun qaçırmaq məqsədilə edilmiş, yekunda isə cavabeh iddianın əsaslı olmadığını və təmin edilməyəcəyini ehtimal edərək işin baxılmamış saxlanmasını xahiş etmişdir. Məhkəmənin 28.01.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanmışdır. 2 ilə yaxın istifadə müddəti ərzində cavabdehə ödənişlə bağlı bildiriş getsə də, ünvanda yaşamadığından heç bir nəticə verməmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdehnun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 07.11.2019-cu il tarixli alqı-satqı müqaviləsi, həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəli və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC ümumi dəyəri 580 manat təşkil edən mebel üçün 0 manat ilkin ödəniş, 20 ay müddətinə, hər ay 29 manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. 07.11.2019-cu il tarixli 01033879 saylı müqavilənin maliyyə arayışının surətindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə 580 (beş yüz səksən) manat məbləğində borcu vardır. 3 saylı “ASAN Xidmət” Mərkəzi tərəfindən verilmiş, AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1982-ci il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Nəsimi rayonu, 5 mkr, A.Məhərrəmov küç, ev 36 mənzil 41-də qeydiyyatdadır. 19.08.2021-ci il tarixli № ********* saylı mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 07.11.2019-cu il tarixli alqı-satqı müqaviləsi ilə "xxxx" MMC ümumi dəyəri 580 (beş yüz səksən) manat olan mebel üçün 0 ilkin ödəniş etmək şərti ilə Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyaları qəbul etməyi və müqavilə üzrə 20 ay müddətinə, hər ay 29 manat ödəniş etməyi öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki-Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh əşyaları qəbul etmiş, lakin müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi, yəni iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilələr üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 07.11.2019-cu il tarixli 01033879 nömrəli müqavilə üzrə mebel üçün 580 manat pul və 30 manat məbləğində dövlət rüsumu, ümumilikdə 610 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 07.11.2019-cu il tarixli 01033879 nömrəli müqavilə üzrə mebel üçün 580 manat pul və 30 manat məbləğində dövlət rüsumu, ümumilikdə 610 manat məbləğində pul İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-5893/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5893/2021
30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver