Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-590/2023 08.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı Əjdər qızının, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Əjdər qızının cavabdeh "xxxx" ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi və abunəçinin rəsmiləşdirilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əjdər qızı cavabdeh "xxxx" ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi və abunəçinin rəsmiləşdirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 2-ci Mədən küçəsi korpus 98/180, ev 4, mənzil – üzrə hesablanmış 2.195 manat 15 qəpik elektrik enerjisi borcunun silinməsi və həmin mənzilə abunəçi kimi onun adının qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Əjdər qızı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2017-ci ildən Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 2-ci Mədən küçəsi korpus 98/180, ev 4-ün mülkiyyətçisidir. Həmin mənzilin əvvəlki mülkiyyətçisi Fizzə Əbdül qızı olmuşdur. Mənzilə mülkiyyət hüququ ona keçməzdən əvvəlki tarixdə (xx.xx.2010-cu il tarixdə) 1.414 manat 68 qəpik elektrik enerjisinə görə orta sərfiyyat hesablanaraq, **********K004 nömrəli abunəçi koduna daxil edilmişdir. Hazırda həmin borc və əvvəlki abunəçinin istifadə etdiyi elektrik enerjisi borcu qalır. Birincisi, 15 m2 mənzildə bu qədər sərfiyyat ola bilməzdi. Hesab edir ki, bu cür hesablama əsassız və qanunsuzdur. Bununla bağlı onun etirazına məhəl qoymayan cavabdehin əməkdaşları borcun bağlanmayacağı təqdirdə enerji təchizatının dayandırılacağını bildirirlər. İkincisi, dəfələrlə etdiyi müraciətlərə baxmayaraq bu günədək elektrik enerjisi istehlakçısı kimi sənədləşmə onun adına aparılmır, yenə də bu həyatda olmayan şəxsin adı ilə rəsmiləşdirilir. Bu da, cavabdehin öz işinə səhlənkar yanaşmasını bir daha təsdiq edir. Qeyd edilənlər, istehlakçı hüquqlarının kobud şəkildə pozulmasıdır. Cavabdeh ona qədər yaranmış borcu əvvəlki abunəçidən tələb edə bilərdi. İddiaçı Əjdər qızı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin aidiyyəti ərazi idarəsi tərəfindən verilmiş 02 mart 2017-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 14,59 m2 olan mənzil tam pay üzrə xüsusi mülkiyyət kimi İddiaçı Məlikəjdər qızının adına daşınmaz əmlakın dövlət reyestrində 2613 saylı reyestr kitabının 243521 nömrəli vərəqində qeydiyyata alınmışdır. Təqdim olunmuş 18 noyabr 2022-ci il tarixli ******* saylı (ASAN 1) və 145 saylı MKİS-in yaşayış yeri üzrə verdiyi arayışlardan görünür ki, iddiaçı qeyd olunan mənzildə yaşayır, yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş abunə haqqında arayışdan (kompüter məlumat bazasından çıxarış) görünür ki, iddiaçının mülkiyyətində olan mənzil üzrə abunə hesabı Fizzə Əbdül qızının adınadır. Həmin abunə koduna (**********K0004) 2.187 manat 19 qəpik borc yazılmışdır. Borcun strukturu müvafiq bəndlər üzrə, aidiyyəti tarixlər olan qrafalarda göstərilmişdir. İddiaçı Əjdər qızı yuxarıda qeyd olunanlarla bağlı cavabdeh "xxxx" ASC-yə müraciət etmişdir. "xxxx" ASC-nin 01 noyabr 2022-ci il tarixli 0199/B-373/2/8687 saylı məktubundan görünür ki, İddiaçı Əjdər qızının müraciəti araşdırılmışdır. Bildirilmişdir ki, **********K0004 saylı kod üzrə elektrik enerji hesabatı haqqında abunə vərəqi təhlil olunmuş, xx.xx.2022-ci il tarixə olan 2.195 manat 19 qəpik məbləğində borcun elektrik hesabat sayğacının göstəricilərinə əsasən yarandığı, mənzildə istehlak edildiyi, lakin ödənişi təmin edilməmiş elektrik enerjisinin dəyəri olduğu müəyyənləşdirilmişdir. Mövcud qanunvericilikdə elektrik enerjisi sərfiyyatına güzəşt nəzərdə tutulmadığı üçün müraciətini təmin etməyin mümkün olmadığı qeyd edilmişdir. Həmin məbləğdən 1.414 manat 68 qəpik hissəsi 2010-cu ildə istifadə gücünə görə orta sərfiyyat qrafasında qeyd olunmuşdur. Tərtib olunmuş akt üzrə 1.420 manat 85 qəpik borc məbləği hesablanmışdır. İşin faktiki hallarından görünür ki, mənzildə öncələr yaşamış abunəçi Fizzə Əbdül qızı xx.xx.2013-cü il tarixdə verilmiş V-JQ seriyalı 349769 saylı ölüm haqqında şəhadətnaməyə əsasən 10 yanvar 1999-cu il tarixdə vəfat etmişdir. İddiaçı 2017-ci ildə mənzilə dair öz adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış, mənzildə sərf edilən elektrik enerjisi sərfiyyatını ölçən yeni sayğac quraşdırılmışdır. Mənzil iddiaçının adına qeydiyyata alınan dövrədək olan borc 2.187 manat 19 qəpik təşkil edir. Mənzilin yeni mülkiyyətçisi olan İddiaçı Əjdər qızı ilə cavabdeh şirkət arasında abonent müqaviləsi bağlanmamışdır. Lakin, İddiaçı mənzilə mülkiyyət hüququ əldə etdiyi vaxtdan sonra mənzildə faktiki olaraq elektrik enerjisindən istifadə etmiş, mütəmadi ödənişlər etsə də, özünün real olaraq 7,96 manat borcu yaranmışdır. Beləliklə məhkəmə tərəfindən müəyyən edilir ki, İddiaçı Əjdər qızının 7,96 manat borcu vardır və belə olan halda "xxxx" ASC tərəfindən İddiaçı Əjdər qızından tələb edilən 2.195,15 manat borc məbləğindən 7,96 manat borc məbləği onun istifadə etdiyi dövrə təsadüf etməklə ona məxsus borc olduğundan ondan tələb edilə bilərdi. Həmin məbləğdən 2.187,19 (2.195,15-7,96=2.187,19) manat borc məbləği İddiaçı Əjdər qızı tərəfindən mənzilə dair mülkiyyət hüququ əldə edilənədək olan dövrə təsadüf etdiyindən həmin məbləğ İddiaçı Əjdər qızından tələb edilə bilməzdi. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçının adına yuxarıda qeyd edilən məbləğdə borc hesablansa da, həmin borcun hesablanmasına əsas olmuş 2010-cu il tarixli akt cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən qeyd edilən 2010-cu il tarixli akt əsasında borc məbləğinin mənzilin keçmiş mülkiyyətçisi Fizzə Əbdül qızının adına hesablandığı qeyd edilsə də, iş materiallarında olan sənədlərlə Fizzə Əbdül qızının 10 yanvar 1999-cu il tarixdə vəfat etdiyi müəyyən edilmişdir. Habelə İddiaçı Əjdər qızı yuxarıda qeyd edilən mənzilin yeni mülkiyyətçisi olduğundan onunla "xxxx" ASC arasında abunə müqaviləsi bağlanmalıdır. Qeyd etmək lazımdır ki, «Elektroenergetika haqqında» 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.17-ci maddəsinin tələblərinə əsasən istehsalçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qopardıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda, enerjitəhcizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən istehlakçının (məişət abonenti istina olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Həmin Qaydaların 8.32-ci bəndinin tələblərinə görə məişət abonenti (mənzillər üçün hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verdiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacınının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qeyd edilən Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edilir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalanmaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 2 ünvanı üzrə **********K0004 saylı abunə koduna hesablanmış cəmi 2.187 manat 19 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinməli; ünvan 2 ünvanı üzrə İddiaçı Əjdər qızı ilə abunə müqaviləsi bağlanması cavabdeh "xxxx" ASC-yə həvalə olunmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 2 ünvanı üzrə **********K0004 saylı abunə koduna hesablanmış cəmi 2.187 manat 19 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinsin. ünvan 2 ünvanı üzrə İddiaçı Əjdər qızı ilə abunə müqaviləsi bağlanması cavabdeh "xxxx" ASC-yə həvalə olunsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-590/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-590/2023
08.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver