Məhkəmə qərarları › İş №2(006)-591/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-591/2022

18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-591/2022 18.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 29 iyul 2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 29.07.2020-ci il tarixli kredit müqaviləsi üzrə 6666.7 manat əsas borc, 624.91 manat faiz borcu və 150.56 manat cərimə borcu olmaqla, cəmi 7442.17 manat borc və 94.42 manat ödənilmiş dövlət rüsumunun tutularaq, iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 29 iyul 2020-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən illik 24 faizlə 18 ay müddətinə 15000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh3 və Cavabdeh2 ilə 29 iyul 2020-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il oktyabrın 22-dək Cavabdeh1 banka 29 iyul 2020-ci il tarixli kredit müqaviləsi üzrə 6666.7 manat əsas borc, 624.91 manat faiz borcu və 301.11 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 7592.72 manat borcu vardır. Cavabdeh1 29 iyul 2020-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 301.11 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 % miqdarında olmaqla, yəni 150.56 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 29.07.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, borclu "xxxx" ASC-dən illik 24 faizlə 18 ay müddətinə 15000 manat kredit götürmüşdür. İş materiallarında olan 29 iyul 2020-ci il tarixli 22-MZ2-1-0-175-20 №-li zaminlik müqavilələrindən görünür ki, borcun təminatı olaraq Cavabdeh3 və Cavabdeh2 ilə zaminlik müqavilələri bağlayaraq, kredit öhdəliyinin vaxtında və lazımınca icrası üçün İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında zamin duraraq, borcluyla birgə məsuliyyəti öz üzərlərinə götürmüşlər. İş materiallarında olan maliyyə arayışından görünür ki, 22 oktyabr 2021-ci ilədək Cavabdeh1 banka 29 iyul 2020-ci il tarixli kredit müqaviləsi üzrə 6666.7 manat əsas borc, 624.91 manat faiz borcu və 301.11 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 7592.72 manat borcu vardır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 isə kredit borcunun təminatçısı kimi üzərlərinə öhdəlik götürmüşlər. Həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəliklərini lazımı qaydada yerinə yetirməmişdirlər. Məhkəmə hesab edir ki, iddiaçı ilə Cavabdeh1 arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılmasıunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İddiaçının Cavabdeh3 və Cavabdeh2 qarşı olan tələbə münasibətdə isə zaminlik müqaviləsinin müddəları tətbiq olunmalıdır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinəəsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəlləsinin 472.2-ci maddəsinəəsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulmasıüzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər 29.07.2020-ci il tarixli kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiklərindən kredit müqaviləsi üzrə yaranmış borc məbləği iddia tələbində göstərilmiş qaydada 6666.7 manat əsas, 624.91 manat faiz və 150.56 manat cərimə borcu cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən kredit müqaviləsi vaxtında və lazımi qaydada icra edilmədiyindən, müqavilənin tələblərinə əsasən, tərəflər arasında bağlanmış 29.07.2020-ci il tarixli krediti müqaviləsi ləğv edilməlidir. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat+ 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Hazırkı mübahisə üzrə iddia tələbinin qiyməti 7442.17 manat təşkil etdiyinə görə cavabdehlərdən müştərək qaydada 94 (doxsan dörd) manat 42 (qırx iki) qəpik dövlət rüsumu alınaraq iddiaçı ”Yelo Bank” ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 29 iyul 2020-ci il tarixli kredit müqaviləsi üzrə 6666 (altı min altı yüz altmış altı) manat 70 (yetmiş) qəpik əsas, 624 (altı yüz iyirmi dörd) manat 91 (doxsan bir) qəpik faiz və 150 (yüz əlli altı) manat 56 (əlli altı) qəpik cərimə borcu olmaqla, ümumilikdə cəmi 7442 (yeddi min dörd yüz qırx iki) manat 17 (on yeddi) qəpik məbləğində kredit borcun və 94 (doxsan dörd) manat 42 (qırx iki) qəpik məbləğində dövlət rüsumu müştərək qaydada tutularaq, iddiaçı ”Yelo Bank” ASC-nin xeyrinə ödənilsin. ”Yelo Bank” ASC ilə Cavabdeh1 arasında bağlanmış 29 iyul 2020-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar