Məhkəmə qərarları › İş №2(006)-594/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-594/2025

05.06.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-594/2025 05.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, Cavabdeh4, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri Cavabdeh2, Bakı şəhəri 46 saylı Notariat Kontoru, Cavabdeh4 və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X22rşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: Bakı şəhəri Cavabdeh2 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və Cavabdeh1 adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-də **********65-05301-093021 saylı reyestr nömrəsi ilə qeydə alınmış çıxarışın ləğv edilməsinə, Bakı şəhəri,46 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli 4Ə- 109 № ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və Cavabdeh4 adına verilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-də **********65-05301-093021 saylı reyestr nömrəsi ilə ********** qeydiyyat № li çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılması xahiş olunur. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı 2023-cü ilin aprel may aylarından başlayaraq bir qrup şəxs tərəfindən aldadılmış və onun külli miqdarda pulu mənimsənilmiş və o, maliyyə cəhətdən çox çətin vəziyyətə düşmüşdür. Ona məxsus olan pulları dələduzluq yolu ilə əldə edən bir qrup şəxs barəsində hüquq mühafizə orqanlarına 2023-cü ildə müraciət etmiş və aparılmış istintaq hərəkətləri nəticəsində ona qarşı dələduzluq edən dəstə saxlanılmışdır və hal-hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi gedir. Bir qrup şəxs iddiaçının etibarından sui istifadə etməklə onu inandırdılar ki, "bir neçə istiqamət üzrə biznes layihələrimiz vardır və bu işə pul qoysan yaxşı qazanc əldə etmək olar." O, da müəyyən vaxtlarda bizneslə məşğul olduğuna görə onlara inanmışdır. Belə ki, onların bir neçəsi ilə qohumluq münasibətləri də var idi. Onlara 350.000 manat məbləğində pul verdikdən sonra onlar öz pulunda günlük qazanc kimi ona qaytarmaqla tamamilə onu inandırdılar. Ona bu işi genişləndirmək üçün əlavə pul lazım oldu. Banklardan kredit götürmək istəmişdir. Yaxın qohumu ona bildirdi ki, gedib banklardan pul götürsən, bu sənə faiz etibarilə baha başa gələcək. Onun tanıdığı və Azərbaycan Respublikasında yerləşən "Bank Respublika"-da mühüm vəzifədə işləyən Cavabdeh1 deyər və ona yaxınlaşıb söhbət edər. İddiaçı razılaşmışdır və Bakı şəhəri, Xəqani küçəsində, Axundov adına kitabxanasının yaxınlığında yerləşən "Bank Respublika"-nın ofisinə getmişdir və Cavabdeh1 ofisinə qalxmışdır. Onunla söhbət etmiş və Orxan bildirmişdir ki, baxmayaraq ki, bankda işləyir, amma bankdan kredit götürmək ona sərf etməz, öz şəxsi vəsaitini aylıq 3 faiz olmaqla verər və iddiaçı hər ay ona 3000 manat sələm verərər. Onlar razılaşdılar və təxminən iyul ayının ortalarında o, "Bank Respublika"-ın qarşısına getmiş və Cavabdeh1 salofan torbada ona 3 dəfəyə 48000 manat, 27.000 manat və 15.000 manat vermişdir. O da həmin pulu almış və indi dələduzluqda ittiham olunan şəxslərə vermişdir. Bundan sonra 2023-cü ilin avqust ayında iddiaçı, Cavabdeh1 3000 manat faiz borcu və sentyabr ayında isə Neftçilər xəstəxanasının yaxınlığında 16500 manat pul qaytarmışdır. Ona olan borcu bu pulları ödədikdən sonra 75.000 manat qalmışdır. 2023-cü ilin sentyabr ayından başlayaraq qeyd etdiyi şəxslər tərəfindən aldadıldığını bildikdə hüquq mühafizə orqanlarına şikayət etdikdən sonra Cavabdeh1 bundan sonra pul qaytara bilməmişdir və vəziyyəti ona izah etmişdir. Orxan isə bu məsələnin ona dəxli olmadığını, həm əsas borcun həm də aylıq sələmə verdiyi 3000 manat olmaqla bütün pulları ona qaytarmalı olduğunu bildirmişdir. İddiaçı isə bildirmişdir ki, iş istintqadadır, iş bitsin ona olan əsas borcunu, yəni 75.000 manatı qayatarmalıdır. Cavabdeh1 isə bununla razılaşmadı və bildirdi ki, həm əsas borcu, həm də gecikdirdiyi günlərin də faizi daxil olmaqla 95.000 manat pul qaytarmalıdır. Artıq onların arasında pulun qaytarılması ilə bağlı gərginlik yaranmağa başlamışdı. O həm onları tanış edən qohumuna görə, həm bir qrup şəxs tərəfindən aldadıldığına görə çox gərginlik keçiririr. Cavabdeh1 ona təzyiq etdikcə daxilində düşünürdü ki, çıxış yolu nədir və onu axtarırdı. Cavabdeh1 sentyabr ikinci yarısında ona bildirmişdir ki, onun Sumqayıt şəhərində mənzil vardır, pulu qaytarana qədər həmin mənzili adına keçirsin. Orxan bu təklifi verən vaxtı iddiaçının ona 75.000 manat borcu var idi. İddiaçı mənzilinin qiymətinin hal-hazırda 120.000 manat olduğunu, belə olan halda 45.000 manat itirəcəyini bildirmişdir və mənzili girov kimi qoymağı təklif etmişdir. Cavabdeh isə bununla razılaşmadı, bildirdi ki, “pul tapanda evi təzədən sənin adına qaytararam, narahat olma, tanışıq və ortada da dost-tanış vardır”. İddiaçı da ona inandı. Beləliklə, görüntü üçün mənzilin alqı satqısına razılıq verdi. Onun mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 96.4 kv.m olan yaşayış sahəsi Bakı şəhəri Cavabdeh2 xx.xx.2023-cü il tarixində AN-İ № ******* nömrəli alqı-saqtı müqaviləsi əsasında hal-hazırda iddia ərizəsində sıra ardıcıllığı ilə 2-ci Cavabdeh olan Cavabdeh1 adına rəsmiləşdirildi. Daşınmaz əmlakın Cavabdeh1 adına rəsmiləşdirilməsində məqsəd isə ona olan əsas borcunun, yəni 75.000 manatın girov kimi əvəzi olaraq verilməsi olmuşdur. O, isə sələm olaraq daha çox məbləğin ödənilməsini tələb edirdi. Lakin, aralarında daha öncə olan razılaşmaya əsasən alınan pul alındığı kimi hissə-hissə qaytarılmalı idi. Lakin, Cavabdeh1 aralarında olan şifahi razılaşmanı pozaraq pulu və faizləri bir dəfəyə tələb edirdi. 2023-cü ilin Sentyabr ayında alqı-satqıdan sonra Cavabdeh1 dəfələlə onunla vatçap proqramı üzərindən yazışaraq pulu tez qaytarmağını tələb edirdi. Əks halda mənzili üçüncü şəxsə satacağını bildirirdi. Bakı şəhəri 14 saylı Notariat ofisində bağlanmış, reyestrdə 4Ə-1696 nömrə ilə qeydə alınmış, xx.xx.2023-cü il tarixli, AN-İ №1192264 nömrəli alqı satqı müqaviləsinin 13-cü bəndindən də görünür ki, «satıcı aşağıda göstərilən tarixdən qeydiyyatdan çıxmağı öhdəsinə götürür:-Satıcı İddiaçı xx.xx.2024 tarixindək.» Göründüyü kimi, Cavabdeh1 mənzili almışdırsa niyə alqı-satqı bağlandığı tarixdən xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək mənzildən qeydiyyatdan çıxmaqla bağlı vaxt vermişdir.?! Evin alqı satqısı həqiqətən də görüntü xatirinə deyil, həqiqi əqd idisə, o zaman Cavabdeh1 onun mənzilinə gəlib aldığı mənzilə niyə baxmamış və mənzilin vəziyyəti ilə maraqlanmamışdır?! O, 2024-cü ilin yanvar ayında borcunun qaytarılması üçün pul tapdğını və mənzilin ona qaytarılması şərtilə 75.000 manatın ona ödənilməsini bildirdi. Eyni zamanda ona bildirdi ki, onların arasında bağlanılmış müqavilə bağlandığı andan etibarsızdır. O isə pulu daha çox saxlamağını, pulunun dövriyyədən çıxdığını, onun əlavə qazancdan məhrum olduğunu bidirərək 25.000 manat əlavə ödəyəcəyi halda mənzili təkrar ona qaytarılacağını bildirdi. İddiaçı onun bu sözlərindən narahat olmuşdur və bundan sonra sonra xx.xx.2024cü il tarixində Nəsimi Rayon Məhkəməsinə "müqavilənin etibarsızlığına dair" iddia ərizəsi vermişdir. Bunu bilən Cavabdeh1 1 gün sonra onun xəbəri olmadan ona borc verdiyi puldan daha çox qazanc əldə etmək (faizlərlə birlikdə) və süni surətdə "vicdanlı alıcı pərdəsi əsasını yaratmaq adı altında" mənzilini xx.xx.2024-cü il tarixində Bakı şəhəri, 46 saylı Notariat Ofisində 4Ə-109 nömrəli qeyd ilə Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi X11 vasitəsilə Cavabdeh4 arasında alqı-satqı aparılmışdır. Göründüyü kimi əmlakın real bazar qiymətindən 2 dəfə ucuz qiymətə satılması (Sumqayıt şəhərində həmin ünvanda yerləşən əmlakın bazar qiyməti haqqında arayışa əsasən) əgər o, vicdanlı alıcı idisə onu alanda da şübhə doğurmalı idi. Buradan da belə qənaətə gəlinir ki, onun məhkəməyə müraciətindən bir gün sonra bu alqı satqı əməliyyatının aparılması birbaşa hazırlanmış və düşünülmüş iş idi. Məqsəd isə alqı-satqı müqaviləsinin etibarsızlığının çətinləşdirilməsi idi. "Yeni" alıcı da maraqlıdır ki, onun mənzilini görmədən, mənzilə baxmadan dərhal alqı satqıya getmişdir. Onun mülkiyyətində olan, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 96.4 kv.m olan yaşayış sahəsini onun və ailə üzvlərinin qeydiyyatdan çıxmasını gözləmədən X18 verdiyi etibarnamə əsasında Cavabdeh4 76.200 manata satmışdır. Bağlanılmış alqı-satqı müqaviləsinin 13-cü bəndində qeyd olunmuşdur ki, «müqavilə notarial qaydasında təsdiq olunduğu zaman qeydiyyatda heç kim yoxdur» Halbuki müqavilə bağlanılan tarixdə və halhazırda həmin mənzildə o, və ailə üzvləri həmin mənzildə qeydiyyatdadırlar. Odur ki, hazırkı iddia ilə məhkəməyə müractiət edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, izahatında bildirmişdir ki, M.Orxanla ev alqı-satqı niyyəti olmayıb. Pul qazanmaq istəyirdilər. Biznes adıyla pul götürmüşdür. Orxan 2023-cü ilin avqust ayında ona 3%-lə 75.000 manat pul verib. Evi pul götürəndən 1 ay sonra, yəni 2023-cü ilin sentyabr ayında M.Orxanın adına keçirmişdir. M.Orxandan pulu biznesə qoymaq üçün almışdır. 1 ayın faizini vermişdir. Sonra bilmişdir ki, dələduzlarla qarşılaşmışdır. Orxana zəng etdi ki, başına belə iş gəlib, amma onun pulunu mütləq qaytaracaq. Amma Orxan dedi ki, “evi mənim adıma keçir, qarantiyam olmalıdır. Narahat olma, evi adıma keçir, rahat yaşa, pulu da ödə”. Evi adına keçirəndən sonra hələ torpaq sahəsinə də gedib baxdılar. Torpağı kənd təsərrüfat təyinatlı olduğu üçün istəmədilər. Torpağı satışa qoymuşdur, lakin hələ də satılmayıb. Hal-hazırda Orxana 75.000 manat borcu var. Ev Orxanın adına girov kimi qoyulub. Güvəndə olmaq üçün evi Orxanın adına keçirdi. Ev bundan əvvəl Təvəkkül adlı şəxsin adına idi. Orxan onu 25-30 gün gözlədi ki, ev Təvəkkülün adından öz adına qayıtsın, sonra Orxanın adına keçirsin. Notariusda ona pul verilməyib. Orxan özü pul gətirib kassaya keçirdi, mən götürüb yenidən Orxana verdim. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X20 iddianın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 izahat verərək bildirmişdir ki, Cavabdeh1 bir gün ona zəng edib bildirdi ki, Sumqayıtda ucuz ev satır, almaq istəyirsən mi? Sumqayıta getdilər, yeni tikili bina göstərdi. Ümumi 80.000 manat pulu çıxdı. Dedi ki, evdə yaşayanlar var, 1 aya, 1 ay yarıma evdən çıxacaqlar. Evi almağının məqsədi pul qazanmaqdır. Notariusa gəldilər, birinci sualı o oldu ki, orda qeydiyyatda adam varmı? Dedilər, xeyr, qeydiyyatda kimsə yoxdur. Alqı-satqı etdilər. 2 ay təxmini vaxt keçdi. Orxana zəng etdi ki, ona pul lazımdır, evi satmaq istəyir. Orxan evlə bağlı problem olduğunu bildirdi. O isə bu məsələnin ona aidiyyətinin olmamasını bildirdi, ondan sonra evi boşaltmaqla bağlı Sumqayıt Şəhər Məhkəməsinə müraciət etdi. İddiası təmin olundu. Həmin qətnamədən apellyasiya şikayəti veriblər. Evi alanda onu 100-110 min manata satmağı düşünürdü. İndi evin qiyməti qalxıb. Orxanla iddiaçının nə problemi varsa, ona aidiyyəti yoxdur. Bilsə idi, belə söhbət var, heç belə işə girməzdi. Rasimi tanımır, Orxanı 1999-cu ildən tanıyır. Evin şəkillərini ona göstərdi, Orxanı tanıyır deyə çox üstünə getmədi, evə gedib baxmadılar. Evdə yaşayanlar olduğu üçün ucuz satırdı. Ev 3 otaqlıdır, evə getməmişdir. Orxan ona binanı çöldən göstərmişdir. Hündür mərtəbəli, təzə bina idi. Fasadı təxmini çəhrayı rəng idi. Evdə kimin qaldığını bilmir. Orxana dedi ki, evdə yaşayanları çıxarsın. Sumqayıt Şəhər Məhkəməsindəki iddianı qaldırmaq üçün vəkili Orxan tapdı, evdən çıxarılmaqla bağlı iddia ərizəsi yazdırdı. Evi almaq üçün təxmini Orxanla söhbətləri 1 həftə çəkdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, burada ev məsələsi müzakirə olunur. Tərəflər arasında alqı-satqı müqaviləsi var. 1 il ərzində heç bir iddia qaldırılmayıb, heç bir pul vəsaiti tələb olunmayıb. Tərəf təkid edir ki, əqd əhəmiyyətsizdir. Mülki Məcəlləyə görə ev borca görə girovdursa, onda ipoteka müqaviləsinin müddəaları tətbiq olunmalıdır. Onda belə çıxır ki, ev ipotekadadır. Tərəf hesab edir ki, bu, ipoteka müqaviləsini pərdələmək üçün bağlanmış alqı-satqı müqaviləsidir. Ev geri tələb edilə bilməz. İddiaçı Cavabdeh1 borcu var. Alqı-satqı etibarsız olsa, ipoteka təsdiq olunmalıdır. İddiaçı Orxandan pulu geri tələb edə bilər, onu da tələb edə bilmir, çünki borcu var. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin hüquqların dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 96.4 kv.m olan yaşayış sahəsinin mülkiyyətçisi İddiaçı olmuşdur. Bakı şəhəri 14 saylı dövlət notariat ofisində bağlanmış 4Ə/785 saylı xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 96.4 kv.m olan yaşayış sahəsini X3 90000 manata satmışdır xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 96.4 kv.m olan yaşayış sahəsi X2 adına rəsmiləşdirilmişdir. Bakı şəhəri 14 saylı dövlət notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin ləğvinə dair müqaviləyə əsasən İddiaçı ilə X5 arasında bağlanmış 4Ə/785 saylı xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi ləğv edilmişdir. xx.xx.2023-cü il tarixində AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 96.4 kv.m olan yaşayış sahəsini Cavabdeh1 Kəmaləddin oğluna 75000 manata satmışdır. xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 96.4 kv.m olan yaşayış sahəsi Cavabdeh1 Kəmaləddin oğlunun mülkiyyətinə keçmişdir. xx.xx.2024-cü il tarixində Bakı şəhəri, 46 saylı Notariat Ofisində 4Ə-109 nömrəli qeyd ilə bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 Cavabdeh4 ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 96.4 kv.m olan yaşayış sahəsini 76200 manata satmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 96.4 kv.m olan yaşayış sahəsi Cavabdeh4 adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı xx.xx.2024-cü il tarixli arayışa əsasən İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2847/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı və onunla birgə mənzildən istifadə edən digər şəxslərin ünvan 4 ünvanında olan mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçı X19 təhvil verilməsi qət edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3-21-3-02/2-14004/2024 saylı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 2 saylı Sumqayıt Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən ünvan 4 ünvan üzərində Cavabdeh4 xx.xx.2024-cü il tarixində mülkiyyət hüququ qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Sumqayıt şəhəri İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2024-cü il tarixli 5-6-7/2-1405/2024 saylı məktubuna əsasən ünvan 4 ünvanında olan bina kooperativ binadır və həmin ünvana tərəflərindən xidmət göstərilmir. Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlaqla Mübarizə İdarəsinin 3-13-6/2-5541/24 saylı xx.xx.2024-cü il tarixli məktubuna əsasən İddiaçı pul vəsaitinin ələ keçirilməsi ilə bağlı BMCMİ-nin istintaq idarəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. İstintaqla müəyyən edilmişdir ki, X4, X1 Allahşükür Elşad oğlu, Elvin İbadət oğlu və X21 qabaqcadan əlbir olan bir qrup şəxs halında müxtəlif sahibkarlıq fəaliyyəti sahələrinə pul yatırımı edib qazanc əldə etmələri barədə İddiaçı yalan vədlər verib aldadaraq onun külli miqdarda 264.000 manat məbləğində pulunu ələ keçirib dələduzluq etmişdir. İş üzrə X7, X13, X8 və Elvin İbadət oğlu təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs, Şöhərət Xudaverdiyevin barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinin tərəblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli, F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarları). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4- ci maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İşdən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında daşınmaz əmlakın alqı-satqısı barədə xx.xx.2023-cü il tarixli, AN-İ № ******* nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçı (satıcı) ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 96.4 kv.m olan yaşayış sahəsini 75000 manata cavabdehə (alıcıya) satmışdır. Daha sonra Cavabdeh1 xx.xx.2024-cü il tarixində Bakı şəhəri, 46 saylı Notariat Ofisində bağlanmış alqı-satqı müqaviləsi əsasında həmin mənzili Cavabdeh4 76200 manata satmışdır. Hazırda iddiaçı qeyd edilən müqavilələrin etibarsız olmasını və tələbinin əsası kimi xx.xx.2023-cü il tarixli müqavilənin 2023-cü ilin avqust ayında Cavabdeh1 tərəfindən ona verilən 90.000 manat borcdan qalan 75000 manat pulun təminatı kimi bağlandığını bildirir. İddiasını onunla əsaslandırır ki, xx.xx.2023-cü il tarixli müqavilə alqı-satqı niyyəti olmadan bağlanmış əhəmiyyətsiz əqddir. Əslində Cavabdeh1 tərəfindən ona verilən borcun təminatı kimi mübahisəli mənzil girov qoyulmuş, bir müddət sonra maddi vəziyyəti ilə düşdüyü çətinliklə əlaqədar borcun geri qaytarılmasının mümkün olmaması səbəbindən mübahisəli mənzili əldə olunan razılaşmaya görə cavabdehin adına keçirərək öhdəliyini təmin etmək və Cavabdeh1 olan borcu qaytarmaq niyyətində olmuş, lakin ödənilməli olan məbləğə dair razılığa gələ bilməmişlər. Başqa sözlə, iddiaçı onunla Cavabdeh1la arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin yalan əqd olduğuna, digər əqdi onunla cavabdeh arasında şifahi qaydada bağlanmış borc müqaviləsini pərdələmək üçün bağlanıldığına istinad etmişdir. Nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir. Belə ki, məlum olduğu kimi, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.1 və 324.4-cü maddələri). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Yuxarıda istinad edilən Mülki Məcəllənin 340.2-ci maddəsinin mahiyyətinə görə yalan əqd digər əqdi ört-basdır etməyə yönələn elə hərəkətdir ki, bu vaxt yalan əqd başqa münasibətləri və hüquqi nəticələri gizlətmək üçün bağlanır, yalan əqdi bağlayan tərəflər onun əsl məqsədini və yalan xarakter daşımasını bilir və belə gizli nəticənin əldə edilməsini arzu edirlər. Yalan əqdin əsas əlaməti kontragentlərin (subyektlərin) iradə bəyanın başqa nəticə əldə edilməsinə yönəlməsidir. Yalan əqddə tərəflər xarici aləmə (üçüncü şəxslərə) qarşı əslində istəmədikləri bəyanları ilə meydana gələn müqavilə ilə görünməyi, amma gerçəklikdə başqa bir müqavilənin bağlanmasını arzu edir və bu xüsusda anlaşırlar. Başqa sözlə, tərəflərin bağladıqları müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək niyyətləri olmur və bu cür pərdələmə müqavilə tərəflərinin hər ikisinin qəsdi ilə əhatə olunur. Əqd tərəflərindən yalnız birinin belə bir niyyətinin olması əqdin yalan hesab edilməsi üçün yetərli deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022ci il tarixli Qərarında da göstərilmişdir ki, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Konstitusiya Məhkəməsinin adıçəkilən Qərarında şərh edilən hüquqi mövqe baxımından müqavilənin yalan əqd olması səbəbindən etibarsız sayılması üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən mötəbər və kifayətedici sübutlarla təsdiq olunmalıdır. Onlardan birinin sübuta yetirilməməsi MM-in 340.2-ci maddəsinə söykənən tələbin rədd edilməsi üçün əsasdır. Hazırki işdə tərəflərin hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaq və görüntü yaratmaq niyyəti müəyyən edilməyib. Belə olan halda, həmin müqavilənin yalan əqd olması istisna edilir. Qeyd edilməlidir ki, mülki dövriyyənin iştirakçıları təcrübədə bəzən daxil olduqları hüquq münasibətlərini onların həqiqi məzmununa uyğun olaraq lazımi qaydada yazılı şəkildə rəsmiləşdirmirlər (və ya rəsmiləşdirə bilmirlər), yaxud bunu bir neçə hüquqi əməliyyatla edirlər. Bu, tərəflərin razılaşma şərtlərinə və formalaşmış işgüzar adətlərə zidd hərəkət etməyəcəyinə olan qarşılıqlı güvən, hüquqi sənədləşmə ilə bağlı tərəflərə göstərilən xidmətin keyfiyyətsiz olması, bağlamaq istədikləri əqdlərin rəsmi qaydada bağlanması ilə bağlı çətinliklər və s. ola bilər. Bu səbəbdən məhkəmə əqdə əsaslanan və ya əqdin etibarsızlığının təsbit olunmasına dair tələblərə baxarkən yalnız formal tələbləri (müqavilənin adını, onun hərfi mənasını, müqavilədə tərəfin iradəsinin ifadə olunmasını, əqdin yazılı və ya notarial formasına əməl olunmasını və s.) yoxlamaqla kifayətlənməməli, bəyan edilmiş iradənin formalaşmasına əsas olmuş şəraiti, niyyəti, tərəflər arasında müqaviləyə qədərki və sonrakı danışıqları və hərəkətləri nəzərə almalı, mübahisəli hüquq münasibətinə qiymət vermək tələb olunduqda, iradə ifadəsinin həqiqi məzmununu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Qeyd edilməlidir ki, İddiaçı və Cavabdeh1 arasında 2023-cü ilin avqust ayında borc münasibətlərinin yarandığı (bu hal həm təqdim edilmiş Whatsapp yazışmaları, həm də cavabdehin nümayəndəsinin izahatı ilə təsdiq olunur. Belə ki cavabdehin nümayəndəsi məhkəmə iclasında Rasim və Orxan arasında borc məsələsinin olduğunu qəbul edərək, sadəcə həmin borcun faizlə verilmədiyi bildirmişdir), bu münasibətlərin yaranmasının səbəbinin İddiaçı digər şəxslərlə biznes fəaliyyətini genişləndirmək məqsədilə olması, lakin iddiaçının dələduzluq halı ilə qarşılaşması nəticəsində maddi vəziyyətinin ağırlaşması səbəbindən Cavabdeh1 olan borcunu qaytara bilməməsi mübahisəsizdir. İşdə olan ittiham aktında bu hal öz təsdiqini tapmış, eyni zamanda İddiaçı, iş qurduğunu bildirdiyi müxtəlif şəxslər tərəfindən ayrı-ayrı epizodlarla 25000, 9000, 100.000, 10000, 32.000, 7000, 92800, 27000 manat və s. məbləğlərdə maddi ziyan vurulmaqla dələduzluq edilməsi göstərilmişdir. İşin mübahisələndirilən halı alqı-satqı müqaviləsinin etibarlı olub-olmaması, yəni, tərəflərin həqiqi niyyətlərini əks etdirib-etdirməməsidir. İşdən görünür ki, müqavilənin xx.xx.2023-cü il tarixdə bağlanmasına baxmayaraq “alıcı” Cavabdeh1 tərəfindən müqavilədə xx.xx.2024-cü il tarixinədək mənzilin təhvil verilməsi üçün müddət müəyyən edilərək, satıcı İddiaçı ailəsi ilə birlikdə mübahisəli müqavilənin bağlanmasından hazırkı müddətədək əvəzsiz olaraq həmin mənzildə yaşaması, müqavilə üzrə mənzilin dəyərinin xeyli aşağı (məhz iddiaçının qalıq borcunun məbləği həddində) göstərilməsi mənzilin alqı-satqı müqaviləsinin əslində məhz borc öhdəliyinin icrasının təminatı olaraq bağlanması qənaətinə gəlməyə əsas verir. Bunu həmçinin, mübahisənin məhkəmədənkənar həll edilməsi, yəni, İddiaçı mübahisəli mənzilin mülkiyyətinə qaytarılmasına nail olması məqsədlilə öz adına olan torpaq sahələrini sataraq Cavabdeh1 olan borcunu qaytarması üçün tərəflərə şərait yaradılaraq kifayət qədər uzun vaxt verilməsinə cavabdeh tərəfin razılıq verməsi də təsdiq edir. İşin müəyyən edilən halları tərəflər arasında satılmış əşyanın yenidən alınmasına (satın alınmasına) yönələn hüquq münasibətlərinin yaranmasını göstərir. (Ali Məhkəmənin Müllki Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2024-cü il tarixli, 2(102)-3757/2024 nömrəli qərarı) Mülki hüquq münasibətlərinin iştirakçıları arasında belə bir məzmunda müqavilənin bağlanması qadağan edilməmişdir. Yəni tərəflər kreditorun verdiyi borc məbləğinin razılaşdırılmış müddətdə geri qaytarılana qədər borcluya məxsus əşyanın kreditorun mülkiyyətinə keçirilməsi, borc müddətində ödənildiyi təqdirdə əşyanın mülkiyyətinin borcluya geri qaytarılması, göstərilən şərtlər daxilində borclunun həmin əşyanı üstün satınalmaq hüququna malik olması barədə razılaşmanı müqavilə azadlığı çərçivəsində bağlaya bilərlər. Təsadüfi deyil ki, Mülki Məcəllənin 661-ci maddəsində tətbiq edilə bildiyi halda bu Məcəllənin 659 və 660-cı maddələrinin müddəalarının müvafiq olaraq digər üstünlük hüquqları, o cümlədən satılmış əşyanın yenidən alınması (satın alınması) hüququ və kirayəyə və ya icarəyə götürməkdə üstünlük hüquqları üçün etibarlı olduğu göstərilmişdir. Mülki Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Göründüyü kimi, Mülki Məcəllənin 661-ci maddəsi əşyanın yenidən alınması (satın alınması) imkanını tanıyır və Mülki Məcəllənin 390.1-ci maddəsinin tələbləri baxımından tərəflərin belə bir imkanı özündə əks etdirən müqavilə bağlamaq hüquqları olmuşdur. Məhkəmənin mövqeyinə görə tərəflər daşınmaz əmlakın alqı-satqısı barədə xx.xx.2023-cü tarixli müqaviləni bağlayarkən onların satılmış əşyanın yenidən satıcı (iddiaçı) tərəfindən alınması (satın alınması) düşüncəsi ilə hərəkət edib-etməmələri mühüm əhəmiyyət kəsb edir. Odur ki, daşınmaz əmlakın adi alqı-satqı müqaviləsinin əslində satılmış əşyanın yenidən alınması (satın alınması) halı sübuta yetirildikdə, bu hal həmin əqdin yalan (əhəmiyyətsiz) hesab edilməsinə deyil, müqavilənin təfsir edilməsinə əsas ola bilər. Başqa sözlə, satılmış əşyanın yenidən alınması (satın alınması) barədə müqavilə daşınmaz əmlakın adi alqı-satqı müqaviləsi kimi rəsmiləşdirildikdə tərəflər arasında olan münasibətin həqiqi xarakteri əsas götürülməklə həmin müqavilənin satılmış əşyanın yenidən alınması (satın alınması) imkanı kimi qiymətləndirilməsi nəzərdən keçirilməlidir. Mübahisə olduqda müqavilənin növünün və daxili məzmununun müəyyənləşdirilməsində tərəflərin yanlışlıqla və ya bilərəkdən istifadə etdikləri sözlərə baxılmadan, həqiqi və ortaq iradələri təsbit olunmalı və nəzərə alınmalıdır. Elmi ədəbiyyatda da hakim olan mövqe ondan ibarətdir ki, iradə bəyanları təfsir edilərkən müqavilənin mümkün qədər etibarlı qalmasını təmin edən mənaya üstünlük verilməli, bununla da əqdin keçərliliyi qorunmalıdır. Bu qaydanın təməlində iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri çərçivəsində tərəflərin iradələrinə hörmət göstərilməsi dayanır. Mülki Məcəlləyə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. (MM, 404.1 və 404.2-ci maddələr) İşin müəyyən edilən halları İddiaçı və Cavabdeh1 arasında satılmış əşyanın yenidən alınması (satın alınması) ilə bağlı faktiki və şifahi razılaşmanın olduğunu göstərir. Bununla belə sözügedən razılaşmanın etibarlı bir əqd kimi hüquqi nəticə yaratması üçün qanunla müəyyən edilmiş formada bağlanması zəruridir. Məlum olduğu kimi, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. (MM, 144.1. 405.1 və 406.1-ci maddələr). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. (MM, 337.1-ci maddə) Göründüyü kimi qanunvericilik daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin forma şərti kimi həmin müqavilələrin yalnız notariat qaydasında təsdiq edilməli olmasını müəyyən etmiş, eləcə də müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqdlərin etibarsız olmasını nəzərdə tutmuşdur. xx.xx.2023-cü il tarixli müqavilədə tərəflər arasında satılmış əşyanın yenidən alınması (satın alınması) ilə bağlı şərt qeyd edilməmişdir. Mülki Məcəllənin 659.2-ci maddəsinə görə satın almaqda üstünlük hüququ və müqaviləyə əsaslanan digər üstünlük hüquqları yalnız nəzərdə tutduqları əqdin etibarlığı üçün tələb edilən formada qeydə alınmış olduqda etibarlıdır. Həmçinin Mülki Məcəllənin 329.1-ci maddəsinə görə əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Qeyd edilənlərə əsasən məhkəmə işin müəyyən edilən hallarına uyğun olaraq hesab edir ki, xx.xx.2023-cü il tarixli müqavilə İddiaçı və Cavabdeh1 arasında satılmış əşyanın yenidən alınmasına (satın alınmasına) yönələn müqavilə olsa da, onlar həmin şərti müqaviləyə daxil etmədiklərindən və bununla da Mülki Məcəllənin 329.1 və 659.2-ci maddələrində nəzərdə tutulan forma şərtləri pozulduğu üçün həmin müqavilə bu əsasla etibarsız sayılmalıdır. Bu baxımdan, yuxarıda şərh edilənlərə əsasən məhkəmə xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddianın təmin edilməli olması qənaətinə gəlir. Məhkəmə iddia tələbinin “Cavabdeh1la Cavabdeh4 arasında bağlanmış xx.xx.2024cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi”nə dair hissəsinə münasibətdə qeyd edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh4 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə tələbini onunla əsaslandırır ki, Cavabdeh1 onun birinci dəfə məhkəməyə müraciət etməsindən 1 gün sonra onun xəbəri olmadan ona borc verdiyi puldan daha çox qazanc əldə etmək (faizlərlə birlikdə) və süni surətdə "vicdanlı alıcı pərdəsi əsasını yaratmaq adı altında" mənzilini xx.xx.2024-cü il tarixində Cavabdeh4 satmışdır. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir, uydurma əqd əhəmiyyətsizdir. Normanın məzmunundan göründüyü kimi uydurma əqd, həqiqətdə heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətitmək niyyəti olmadan, sırf görünüş üçün bağlanan əqddir. Bu halda əqdin tərəfləri hüquq və öhdəliklər yaratmağı arzu etmir, əksinə belə nəticənin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olurlar. Başqa sözlə, uydurma əqd, bir qayda olaraq sırf başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır. İddiaçı ona istinad edir ki, mübahisə olunan xx.xx.2024-cü il tarixli əqdin rəsmiləşdirilməsində məqsəd xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığının çətinləşdirilməsidir. Qeyd edilməlidir ki, uydurma əqd bir qayda olaraq üçüncü şəxsləri aldatmaq və xarici aləmə həqiqətdə olmayan bir hüquqi vəziyyəti göstərmək məqsədilə bağlandığı üçün bu vəziyyətə görə mənafeyi pozulan hər bir şəxs həmin əqdin etibarsızlığına dair məhkəmədə iddia qaldırmaq hüququna malikdir. (Ali Məhkəmənin Müllki Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2024-cü il tarixli, 2(102)-52/2024 nömrəli qərarı) Hazırkı iş üzrə iddiaçı xx.xx.2024-cü il tarixli müqavilənin etibarsızlığı ilə bağlı iddianı irəli sürmək üçün subyektiv hüququn sahibidir. Məhkəmə hesab edir ki, mübahisələndirilən xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi Cavabdeh1 tərəfindən mübahisəli mənzilin başqa şəxsin mülkiyyətində olması kimi görünüş yaratmaq məqsədi ilə bağlanmış, həmin müqavilənin bağlanmasında məqsəd Cavabdeh1 tərəfindən, onunla İddiaçı arasında bağlanmış birinci müqavilənin etibarsızlığı ilə bağlı iddiasını əhəmiyyətsiz hala gətirmək üçün atılmış addım olmuşdur. Məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin tərəfi olan alıcı Cavabdeh4 vicdanlılığı istisna olunur. Belə ki, müəyyən edilmişdir ki, İddiaçı tərəfindən bundan əvvəl – xx.xx.2024-cü il tarixdə xx.xx.2023-cü il tarixli müqavilənin etibarsızlığına dair Nəsimi Rayon Məhkəməsidə iddia qaldırılmış və müvafiq iddia verildikdən 1 gün sonra - xx.xx.2024-cü il tarixdə Cavabdeh1 tərəfindən mənzil özgəninkiləşdirilərək Namik Məlikovun adına rəsmiləşdirilmişdir. Məhkəmə iclasında izahat vermiş Cavabdeh4 mənzili Cavabdeh1 alarkən məqsədinin ucuz qiymətə ev alıb daha sonra baha qiymətə sataraq qazanc əldə etmək olduğunu, Orxana güvəndiyi üçün mənzili alarkən evə baxış keçirmədiyini, mənzilin görünüşünü yalnız ona göstərilmiş fotoşəkillərdən gördüyünü, mənzilin yerləşdiyi ünvanı dəqiq bilmədiyini, aldığı mənzildə yaşayan şəxslərin kim olması barədə məlumatının olmadığını, hazırda mübahisəli mənzildə yaşayan İddiaçı hazırkı məhkəmə iclasında ilk dəfə gördüyünü bildirmişdir. Halbuki Sumqayıt Şəhər Məhkəməsində iddia qaldıraraq İddiaçı mənzildən çıxarılması tələbinə dair iddia qaldırmışdır, məhkəmənin sualına cavab olaraq müvafiq iddia ərizəsinin hazırkı iş üzrə Cavabdeh1 vəkili Vəkil2 tərəfindən tərtib edildiyini bildirmişdir. Göründüyü kimi, bildirdiyinə görə alınması üçün 80.000 manata yaxın “xərc çəkdiyini” iddia etdiyi mənzili alan şəxsin bu qədər vəsait xərclədiyi mənzil və orada yaşayan şəxslər barədə heç bir məlumatının olmaması, habelə 2024-cü ilin sentyabr ayından davam edən və onun tərəfi olduğu müqavilənin etibarlılığı mübahisələndirilən, habelə adına verilmiş çıxarışın ləğvi tələbi qoyulan Cavabdeh4 hazırkı mülki iş üzrə keçirilmiş məhkəmə proseslərinə (həm rəsmi qaydada, həm də güvəndiyi dostu Cavabdeh1 tərəfindən məlumatlandırılmasına baxmayaraq) heç bir maraq göstərməməsi, yalnız sonuncu baxış iclasında iştirak edib, yuxarıda göstərilən məzmunda izahat verərək, vicdanlı alıcı kimi öz hüquqlarının müdafiəsini həyata keçirməsi istiqamətində fəal hərəkət etməməsi (halbuki bu kateqoriya işlərdə vicdanlı alıcılar bütün məhkəmə proseslərində yaxından iştirak edərək mülkiyyətlərinin qorunması istiqamətində qəti mövqelərini nümayiş etdirirlər) onun Cavabdeh1la bağladığı alqı-satqı müqaviləsinin formal olaraq bağlanılması, bununla da Cavabdeh1, İddiaçı məhkəmə müraciətini əhəmiyyətsiz hala gətirmək məqsədi daşıdığı aşkar surətdə sezilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbinin “Cavabdeh1la Cavabdeh4 arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi”nə dair hissəsi təmin edilməlidir. İddia tələbinin “çıxarışların ləğv edilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 141.1-ci maddəsinə görə əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Bu baxımdan, mənzilin cavabdehlər Cavabdeh4 və Cavabdeh1 adına qeydə alınmasına əsas olan alqı-satqı müqavilələri etibarsız sayıldığı üçün Mülki Məcəllənin 141.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrinin qeydində düzəliş aparılmalı, daşınmaz əmlakın dövlət reyestrində ünvan 4 ünvanında yerləşən mənzilə mülkiyyət hüququna dair İddiaçı xeyrinə düzəliş edilməlidir. Cavabdehin nümayəndəsi tərəfindən verilmiş Mülki Məcəllənin 354-cü maddəsi ilə nəzərdə tutulmuş 1 illik müddətin ötürülməsinin nəzərə alınması ilə bağlı ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Nəzərə alınsa ki, özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz, o halda Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət də əqdin etibarsız hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Əhəmiyyətsiz əqd arzuolunan hüquqi nəticəyə səbəb olmadığından predmetini fərdi müəyyən əşya təşkil etdiyi halda, həmin əşyanın geri qaytarılması ilə bağlı irəli sürüləcək iddia hər hansı müddətlə məhdudlaşmır. Belə ki, fərdi müəyyən əşya hüquqi əsas olmadan qarşı tərəfin sahibliyinə keçdiyinə görə, qarşı tərəf həmin əşya üzərində mülkiyyət və s. əşya hüquqları əldə etmir. Ona görə də mülkiyyətçi özünün mülkiyyət hüququna istinad edərək qanunsuz sahib olan müqavilənin qarşı tərəfindən müddətsiz olaraq öz əşyasını Mülki Məcəllənin 157.2 və 157.5-ci maddələrinə əsaslanmaqla istəyə bilər. Əhəmiyyətsiz əqd əsassız varlanmaya səbəb olduğu, yəni müqavilənin predmetini əvəzedilən əşyalar təşkil etdiyi halda isə Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Hazırkı iş üzrə isə İddiaçı iddiası mənzilin alqı-satqı müqaviləsinin əhəmiyyətsizliyinin təsdiqi və müqavilənin predmeti olan mənzil üzərində mülkiyyət hüququnun bərpası ilə bağlıdır. Bu baxımdan hazırkı halda Mülki Məcəllənin 354-cü maddəsini tətbiq edərək iddiaçının bu tələbinin müddətlə məhdudlaşdırılması yolverilən deyildir. Məhkəmə iddiaçının, Cavabdeh1 barəsində xüsusi qərardadın çıxarılması barədə vəsatətinə münasibətdə qeyd edir ki, xüsusi qərardadın qəbul edilməsi işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehin hərəkətlərində cinayətin əlamətləri aşkara çıxarılmadığından hazırkı mülki iş üzrə xüsusi qərardad qəbul edilməməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarına əsasən, qanunvericiliyin yuxarıda sadalanan normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilərək, İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri 14 saylı Notariat ofisində bağlanmış, reyestrdə 4Ə-1696 nömrə ilə qeydə alınmış, xx.xx.2023-cü il tarixli, AN-İ №1192264 nömrəli və cavabdehlər Cavabdeh1 ilə Cavabdeh4 arasında Bakı şəhəri 46 saylı Notariat Ofisində 4Ə-109 nömrəli qeyd ilə bağlanmış alqı-satqı müqavilələri etibarsız hesab edilməli, daşınmaz əmlakın dövlət reyestrində ünvan 4 ünvanında yerləşən yaşayış sahəsinə mülkiyyət hüququna dair İddiaçı xeyrinə düzəliş edilməlidir. Məhkəmə xərcləri: Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən tələb edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri 14 saylı Notariat ofisində bağlanmış, reyestrdə 4Ə-1696 nömrə ilə qeydə alınmış, xx.xx.2023-cü il tarixli, AN-İ №1192264 nömrəli alqı-satqısı müqaviləsi etibarsız hesab edilsin. Cavabdehlər Cavabdeh1 ilə Cavabdeh4 arasında Bakı şəhəri 46 saylı Notariat Ofisində 4Ə-109 nömrəli qeyd ilə bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Daşınmaz əmlakın dövlət reyestrində ünvan 6 ünvanında yerləşən yaşayış sahəsinə mülkiyyət hüququna dair İddiaçı xeyrinə düzəliş edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar