Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6011/2025 06.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Şirinov Əli Hafiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tələb olunmayan borclar qrafasında olan 2002-ci il tarixinə kimi 3,83 manat və 2006-cı il tarixinə kimi 2124,90 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mərhum əri X1 adına olan sayğacda cavabdeh "xxxx" ASC arasında olan **********A0068 nömrəli abunə kodu, fərdi yaşayış evinin elektrik enerji hesabatı haqqında abunə vərəqi təhlil olunarkən məlum olmuşdur ki, mənzildə istehlak edilmiş, lakin ödənişi təmin edilməmiş elektrik enerjisinə görə 2002-ci il tarixinə kimi 3,83 manat və 2006-cı il tarixinə kimi 2124,90 manat borc yaranmışdır. Bu borclar ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilmişdir. Bununla bağlı cavabdeh "xxxx" ASC-yə müraciət olunmuş, lakin müraciətə cavab olaraq xx.xx.2025-ci il tarixdə 13/13/2/18-A-12521-5/2025 nömrəli imtina məktubu daxil olmuşdur. Borcun heç bir hüquqi əsası yoxdur və həmin borc silinməlidir.
a) Məhkəmə prosesi:
3. Məhkəmə baxış iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə hazırlıq iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 izahatında bildirmişdir ki, iddiaçının mübahisələndirildiyi borc 2011-ci ildə sistemdə tələb olunmayan borc qrafasında yerləşdirilmişdir. Qeyd edilən borc sistem üzrə silinmədiyinə görə kod üzrə ad dəyişmə zamanı ödənilməli borc məbləği kimi göstərilmişdir.
5. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
7. Nikahın bağlanması haqqında İİİ-ЖГ seriyalı 306595 nömrəli şəhadətnamədən görünür ki, X2 ilə X3 nikahı Bakı şəhəri keçmiş Şaumyan (indiki Xətai) rayonu VVAQ şöbəsində xx.xx.1983cü il tarixdə 56 nömrə ilə qeydə alınmış, nikah bağlandıqdan sonra arvada “Ağaverdiyeva” soyadı verilmişdir.
5. Ölüm haqqında AZ-İ seriyalı 850481 nömrəli şəhadətnamədən görünür ki, X2 xx.xx.2016-cı il tarixdə ölmüşdür.
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə tərtib edilmiş texniki pasportdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, b. 17a, m. 68-in hüquq subyekti İddiaçıdır.
7. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2017-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.
8. "xxxx" ASC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, **********A0068 nömrəli abunə kodu üzrə fərdi yaşayış evinin elektrik enerji hesabatı haqqında abunə vərəqi təhlil olunarkən məlum olmuşdur ki, mənzildə istehlak edilmiş, lakin ödənişi təmin edilməmiş elektrik enerjisinə görə 2002-ci ilə kimi 3,83 manat və 2006-cı ilə kimi 2124,90 manat borc yaranmışdır. Bu borclar ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilmişdir. Qeyd olunan borcların ödənişi yalnız abunə vərəqində ad dəyişdirilərkən, yaxud borcun olmaması barədə arayış alınarkən tələb olunur.
9. Abunə haqqında sənəddən görünür ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, ev 17a ünvanında yerləşən 68 nömrəli mənzilin (abonent kodu: **********A0068) 2.128,73 (2124,90 + 3,83) manat məbləğində borcu vardır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
10. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı xx.xx.1983-cü il tarixdə X2 ilə nikaha daxil olmuşdur.
11. **********A0068 nömrəli abunə kodu X1 adınadır.
12. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, ev 17a, ünvanında yerləşən 68 nömrəli mənzil tam mülkiyyət hüququ əsasında xx.xx.2017-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.
13. X2 xx.xx.2016-cı il tarixdə ölmüşdür.
14. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, ev 17a, 68 nömrəli mənzilin (abunə kodu: **********A0068) üzrə 2002-ci ilə qədər 3,83 manat, 2006-cı ilə qədər 2124,90 manat məbləğində ödənilməmiş borcu mövcuddur. Abunə haqqında sənəddən, "xxxx" ASC-nin iddiaçıya ünvanlanan məktubundan və tərəflərin izahatından müəyyən edilir ki, həmin borc ödənişi tələb olunmayan borclar qrafasına daxil edilməklə, yalnız abunə vərəqində ad dəyişdirilərkən və borcun olmaması barədə arayış alınarkən ödəniş edilməsi tələb olunur.
15. Hazırda iddiaçı əmlakın onun mülkiyyətində olmadığı dövr üzrə yaranmış və hazırda “tələb olunmayan borclar” qrafasına daxil edilmiş borcun ona aid olmadığını hesab edərək, əsassız yazılmış borcun silinməsini tələb edir. Məhkəmə araşdırmaları zamanı cavabdehin nümayəndəsi iddiaçının tələb etdiyi borcun sistem üzrə silinmədiyinə görə kod üzrə ad dəyişmə zamanı ödənilməli borc məbləği kimi göstərildiyini bildirmişdir.
c) Məhkəmənin mövqeyi:
16. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələbi irəli sürməkdə tam haqlı olmuşdur.
17. Belə ki, iddiaçının tələbində göstərdiyi borc məbləğinin mənzilin onun mülkiyyətində olmadığı dövrdə - 2002-ci və 2006-cı illərədək yaranması və cavabdeh tərəfindən “tələb olunmayan borclar” kateqoriyasına aid edilməsi iş materialları ilə tam və mübahisəsiz olaraq öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, iddiaçı müvafiq borc məbləğinin özünə aid olmamaqla həmin borc məbləğinin silinməsini tələb etməkdə haqlıdır. Çünki məhkəmənin qənaətinə görə, iddia edilən 3,83 manat məbləğində borcun 2002-ci ildə, 2124,90 manat məbləğində borcun isə 2006-cı ildə tələb olunmayan borclar siyahısına daxil edilməsinə baxmayaraq, həmin borcların mövcudluğu iddiaçının hüquqlarını pozduğundan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
d) Tətbiq edilən hüquq və gəlinən nəticə:
18. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə; Maddə 13, 8-ci bənd. Dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Maddə 17, 1-ci bənd. Ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”: 7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə, habelə sabit tarifə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya elektrik enerjisinin sayğacla müəyyənləşən dəyəri və sabit tarif barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.4. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə və sabit tarifə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 9.1. İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına (xx.xx.2022-ci ildə çıxarılmışdır) və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X4 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.10. İstehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının və sabit tarifin vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
22. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.1, 8.1.2. Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə - iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Maddə 9.1, 9.1.5. İstehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
23. Məhkəmə yuxarıda istinad edilən hüquq normalarına əsasən belə qənaətə gəlir ki, iddia təmin edilməli, "xxxx" ASC tərəfindən 2.128,73 (iki min bir yüz iyirmi səkkiz manat yetmiş üç qəpik) manat məbləğində borc **********A0068 nömrəli abunə hesabından silinməlidir.
24. Məhkəmə xərcləri ilə bağlı qeyd edilməlidir ki, bu məsələ prosessual qanunvericiliklə tənzimləndiyindən, xərclərlə bağlı qərar qəbul edərkən məhkəmə tərəflərin bu barədə müvafiq tələblərinin olub-olmamasına bağlı deyildir. Beləliklə, məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən, 41,29 (qırx bir manat iyirmi doqquz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilməlidir.
Nəticə:
25. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. "xxxx" ASC tərəfindən 2.128,73 (iki min bir yüz iyirmi səkkiz manat yetmiş üç qəpik) manat məbləğində borc **********A0068 nömrəli abunə hesabından silinsin. Cavabdeh "xxxx" ASC-dən 41,29 (qırx bir manat iyirmi doqquz) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova