Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-603/2022 15.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «müqavilənin bərpası» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «müqavilənin bərpası» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə aralarında bağlanmış 15 may 2019-cu il tarixli 93 saylı müqavilə öhdəliklərinin icrasının Cavabdeh MMC-nin üzərinə qoyulması və ona əvvəl təqdim edilmiş müqavilənin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, mülkiyyətçisi olduğu ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi barəsində Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 02 fevral 2018-ci il tarixli 34 nömrəli sərəncamı əsas tutularaq 15 may 2019-cu il tarixdə cavabdeh tikinti şirkəti ilə aralarında 93 saylı müqavilə tərtib edilmişdir. Belə ki, 15 may 2019-cu il tarixli müqavilə tərtib olunmazdan əvvəl cavabdeh tikinti şirkəti sahibi olduğu faktiki 27,56 m2-dən ibarət yaşayış sahəsi qarşılığında ona inşa edilən yaşayış binasından 70 m2-dən ibarət təmirli mənzil veriləcəyini öz öhdəsinə götürmüşdür. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, həmin zaman cavabdeh tikinti şirkəti ilə tərtib edilmiş müqavilədə onlara təmirli 70 m2 mənzilin veriləcəyi barədə bənd qeyd edilmişdir. Lakin daha sonra cavabdeh tikinti şirkət ilə tərtib etdikləri müqaviləyə nəzər yetirdikdə ona veriləcək evin hansı binada və ya hansı mərtəbədə olacağı barədə heç bir məlumat olmadığını anlamışdır. Digər tikinti şirkətləri ilə mülkiyyətçilər arasında bağlanan müqavilələrə baxdıqda onlara veriləcək evlər barədə məlumatlar əks edildiyi ona məlum olmuşdur. Bu səbəbdən, tikinti şirkəti ilə aralarında bağlanan müqavilənin dəqiqləşdirilməsi və ona veriləcək ev barədə məlumat almaq üçün cavabdehə müraciət etmişdir. Bu zaman ona həmin məlumatların dəqiqləşdiriləcəyi və bunun üçün müqavilənin onlara geri qaytarılmalı olduğu bildirilmişdir. Daha sonra o, müqaviləni şirkətə təqdim etdikdən bir neçə ay sonra müqavilənin nəticəsi barədə məlumat almaq üçün cavabdeh tikinti şirkətinə müraciət etdikdə, sonuncular onlara dəyişdirilmiş, saxta müqavilə təqdim etmişlər. Müqaviləyə nəzər saldıqda həmin sözügedən yaşayış sahəsi üçün ona veriləcək 70 m2-lik mənzilin dəyişdirilərək 36 m2 edildiyi ona məlum olmuşdur. Bu barədə Cavabdeh MMC-yə müraciət edərək, öz etirazını bildirdikdə, ona müqavilənin bu formada olduğunu, yalnız ona maksimum yaşayış sahəsi 50 m2 mənzil verilə biləcəyini bildirmişlər. Həmçinin müqaviləyə əsasən cavabdeh tikinti şirkəti tərəfindən qəbul edilmiş bir digər öhdəlik isə müqavilə tərtib olunduğu tarixdən əmlak mülkiyyətçisini mənzil ilə təmin edən zamana qədər mülkiyyətçinin, yəni onun yaşayışını təmin etmək məqsədi ilə aylıq 350 manat pul vəsaiti ödəməyi öz öhdəsinə götürmüşdür. Bu müddəa həm onlara verilmiş əvvəlki, həmçinin də indiki müqavilənin 1.2ci bəndində öz təsdiqini tapmışdır. Lakin bu günə qədər cavabdeh tərəfindən ona hər hansı bir pul vəsaiti ödənməmiş və toplamda 9.800 manat pul məbləği qalmaqdadır. Bu isə müqavilə öhdəliklərinin pozulmasına səbəb olan bir digər haldır. Tərəflər arasında tərtib edilmiş müqavilənin 2.1.4-cü bəndində yeni çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının tikintisi başa çatanadək müvəqqəti yaşayışını təmin etmək məqsədi bu müqavilənin 1.2-ci bəndində göstərilən kirayə haqqını tikinti şirkətindən tələb etmək hüququ qeyd edilmişdir. Bir digər ziddiyyətli hal isə müqavilənin tikinti şirkətinin hüquq və vəzifələri hissəsində 2.2.5-ci bəndindədir ki, burada müqaviləyə əsasən nəzərdə tutulmuş mənzilin 24 ay müddətində təhvil verilməli olduğunu bildirmişdir. Lakin bünövrənin qoyulmasından uzun bir müddət keçməsinə baxmayaraq, hələ də mənzil onlara təhvil verilməmişdir. Həmçinin onlara təhvil veriləcək mənzilin hansı binadan olacağı barədə onlara məlumat verilmədiyi üçün təhvil veriləcəyi tarix də onlara məlum deyildir. Belə ki, müqavilədə də bildirilmişdir ki, müqaviləyə əlavə dəyişikliklərin edilməsi və ya xitam verilməsi yalnız tərəflər arasında razılıq əsasında baş verə bilər və bu barədə əlavə razılaşma tərtib edilməlidir. Lakin onlara verilən ilk müqavilə onun razılığı olmadan dəyişdirilmiş və mənzilin sahəsi isə azaldılmışdır. Həmçinin, cavabdeh tərəfindən tərtib edilmiş müqavilənin hər hansı bir bəndində ona veriləcək olan mənzilin yeri və ya hansı bina, hansı mərtəbə olması barədə məlumat da əks etdirilməmişdir. Cavabdeh MMC-nin yuxanda göstərilən qanunsuz hərəkətləri nəzərə alınaraq, məhkəməyə iddia ərizəsi ilə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 29.01.2016-cı il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Sahib Zeynalov küçəsi 19 saylı evin 37 saylı mənzilinin yaşayış sahəsi 13,5 m2 yaşayış sahəsi olan 2 otağı İddiaçı adına xüsusi mülkiyyət kimi (digər 1 otaq və 2 otaq başqa şəxslərin mülkiyyətindədir) daşınmaz əmlakın dövlət reyestrində 795 saylı reyestr kitabının 74159 nömrəli vərəqində qeydiyyata alınmışdır. Tərəflər arasında bağlanmış 15 may 2019-cu il tarixli 93 saylı müqavilənin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən faktiki 27,56 m2 yaşayış sahəsini sökülməsi üçün Cavabdeh MMC-yə təhvil verməyi, tikinti şirkəti isə həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli, çoxmərtəbəli yaşayış binasında nəzərdə tutulmuş – 36,0 m2 sahəsi olan mənzili İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara (ona öncə təqdim edilməsini bildirdiyi ilk müqavilənin sonradan dəyişdirilərək ona qaytarılmasına) dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı «müqavilənin bərpası» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «müqavilənin bərpası» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 manat məbləində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-603/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-603/2022
15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver