Məhkəmə qərarları › İş №2(006)-6036/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6036/2021

04.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6036/2021 04.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək qeydiyyatın ləğv edilməsi və əmlakın» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ona məxsus 2015-ci il buraxılışlı, «Medcedes-Benz E220 CDİ» markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobili özünü "xxxx" MMC-nin məsul şəxsi kimi qələmə verən Cavabdeh2 50.000 manata satmaq barədə razılığa gəlmişlər. Razılığa əsasən Cavabdeh2 qeyd olunan nəqliyyat vasitəsinə görə 50.000 manat 23.01.2021-ci il tarixədək iddiaçıya ödənilməli idi. Cavabdeh2 iddiaçının bundan əvvəl avtomobilini alması, ödənişi isə alqı-satqı günü deyil, daha gec verməsi iddiaçıda etibar qazandırmışdır. Buna görə də iddiaçı cavabdehə 19.01.2021-ci il tarixdə Bakı şəhəri 51 saylı Notariat Kontorunda etibarnamə verərək, cavabdehin əldə müştərisi olduğuna inanaraq pulun 23.01.2021-ci il tarixədək ödənilməsini gözləmişdir. 23.01.2021-ci il tarixdə iddiaçı cavabdehin ofisinə gedərək avtomobilin alqı-satqısından əldə olunmuş pulu tələb etdikdə, qarşı tərəf bildirdi ki, pul 1 həftəyə olacaq. Daha sonra iddiaçı 27.01.2021-ci ildə Rusiya Federasiyaya getmiş, 16.02.2021-ci il tarixdə isə Azərbaycana qayıdanda isə cavabdehin oturduğu ofisi (Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, A.Y.Plaza 2/21) artıq bağlanmışdır. Daha sonra iddiaçı ona məxsus nəqliyyat vasitəsini axtarmağa başlamışdır, yekun olaraq həmin nəqliyyat vasitəsinin turbo.az saytında ABU DHABİ CARS tərəfindən satışa çıxarıldığını görmüş. Məsələ ilə bağlı, ABU DHABİ CARS-a getdikdə öyrənmişdir ki, nəqliyyat vasitəsini Cavabdeh1 tərəfindən salonda satmaq məqsədilə qoyulmuşdur. Bundan sonra iddiaçı Cavabdeh1la telefon əlaqəsi saxlayaraq, nəqliyyat vasitəsinin ona məxsus olduğunu bildirmişdir. İddiaçı Cavabdeh1lə Nərimanov Parkı ərazisində görüşərək, ona satılmış nəqliyyat vasitəsinin pulunu Cavabdeh2 tərəfindən bugünədək verilmədiyi bildirmişdir. Daha sonra, iddiaçının qardaşı X3 AR DİN Nərimanov RPİ-nin 16-cı PB-nə şikayət ərizəsi yazaraq, onun və qardaşının etibarından sui-istifadə olunaraq aldadıldığını bildirmişdir. Məlum olmuşdur ki, Cavabdeh2 barədə araşdırma aparılır, onun şəriki Ələkbərov Orxan barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* saylı cinayət işi başlanılmışdır. İddiaçı Azərbaycan Respublikası «Qiymətləndirmə fəaliyyəti haqqında» Qanunun 4-cü maddəsinə rəhbər tutaraq «Mercedes-Benz E220 CDİ» markalı, əvvəlki **-LN-***, hazırki **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobili, 22.02.2021-ci il tarixə olan bazar dəyərini müəyyən etmək məqsədilə "xxxx" MMC-yə müraciət etmişdir. "xxxx" MMC-nin 26.08.2021-ci il tarixli «Mercedes-Benz E 220 CDİ» markalı, əvvəlki **-LN-***, hazırki **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyərinin müəyyənləşdirilməsi Rəyinə əsasən, qeyd olunan nəqliyyat vasitəsinin 22.02.2021-ci il tarixə olan bazar dəyərinin 48.000 manat təşkil etdiyi barədə hesabat təqdim etmişdir. Təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. Belə olan halda nəzərə alınmalıdır ki, mübahisəli əmlaka dair etibarnamə verilərkən Cavabdeh2 (təmçil olunan) İddiaçı bu etibarnamə ilə onun maraqlarını üçüncü şəxslər qarşısında təmçil etmək və Cavabdeh2 özünün maraqları daxilində deyil, İddiaçı maraqlarından hərəkət etmək səlahiyyəti vermişdir. Cavabdeh2 əməllərində cinayət xarakterli əlamətlərin olduğu üçün barəsində xüsusi qərardad çıxarılmalıdır. Belə ki, Cavabdeh2 ilə əlbir olan X1 barədə Bakı şəhəri Nərimanov rayon Prokurorunun vəzifəsini icra edən ədliyyə müşaviri Elgiz Qənizadə cinayət işinin başlanılması haqqında 08.05.2021-ci il tarixli qərar qəbul etmişdir. Toplanmış materiallardan müəyyən olunmuşdur ki, Cavabdeh2 ilə əlbir olan X1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə ayrı-ayrı şəxslərin əmlaklarını ələ keçirmək məqsədi ilə direktoru olduğu "xxxx" MMC adından vətəndaşlara formal alqı-satqı müqavilələri bağlayaraq, ayrıayrı ölkələrdən müxtəlif markalı avtomobillərin gətirilməsini vəd verərək, müxtəlif vətəndaşlara külli miqdarda zərər vurmuşdur. Faktla bağlı Azərbaycan Respublikası CMnin 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* saylı cinayət işi başlanılmışdır. Qeyd olunan cinayət işi üzrə Cavabdeh2 X1 ilə əlbir olması istisna deyildir. Cavabdeh2 dələduz əməlləri nəticəsində iddiaçının etibarından sui-istifadə edərək, aldatma yolu ilə iddiaçıya məxsus «Mercedes-Benz E220 CDİ» markalı, Ban:WDD2120011B156871, əvvəlki **-LN- ***, hazırki **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilin əmlak hüquqlarını əldə edərək, alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına rəsmiləşdirmişdir. Həmçinin iddiaçıya dəymiş zərər pul vahidində, yəni 50.000 manat dəyərində nəzərə alınmalı. Cavabdeh2 əməllərində cinayət xarakterli əlamətlərin olduğu üçün barəsində xüsusi qərardad çıxarılmalıdır. Göstərilənlərə əsasən «Mercedes-Benz E220 CDİ» markalı, Ban:WDD2120011B156871, əvvəlki **-LN-***, hazırki **-OD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqısı barədə 22.01.2021-ci il tarixli müqavilənin etibarsız hesab edilərək, AD994712 saylı qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, həmçinin nəqliyyat vasitəsinin və ya onun dəyərinin, yəni 50.000 manat iddiaçıya qaytarılması barədə qətnamə çıxarılması, Cavabdeh2 əməllərində cinayət xarakterli əlamətlərin olduğu üçün barəsində xüsusi qərardadın çıxarılması barədə məhkəmədən xahiş edilmişdr. İddiaçının nümayəndəsi və vəkili Vəkil AR MPM-nin 53-cü maddəsinə əsasən iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddia ərizəsinin «alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək qeydiyyatın ləğv edilməsinə və əmlakın tələbinə dair» tələb hissəsinin məzmunu işin düzgün həlli məqsədilə dəqiqləşdirilməlidir. Belə ki, İddiaçı ona məxsus 2015-ci il buraxılışlı «Mercedes-Benz CDİ» markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobili özünü North Group MMC-nin məsul şəxsi kimi qələmə verən Cavabdeh2 50.000 manata satmaq barədə razılığa gəlmişlər. Razılığa əsasən Cavabdeh2 qeyd olunan nəqliyyat vasitəsinə görə 50.000 manat 23.01.2021-ci il tarixədək iddiaçıya ödəməli idi. İddiaçıya məxsus 2015-ci il buraxılışlı «Mercedes-Benz E220 CDİ» markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobil 19.01.2021-ci il tarixli etibarnamə əsasında 22.01.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi ilə Cavabdeh1 satmışdır. Ancaq indiyə qədər iddiaçıya nəqliyyat vasitəsinin satışından əldə edilən vəsait heç bir şəkildə ödənilməmişdir və həmin nəqliyyat vasitəsinin satışından əldə edilən vəsaitin ona ödənilməsinin təmin edilməsi məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mübahisəli əmlaka dair etibarnamə verilərkən Cavabdeh2 (təmsil olunan) İddiaçı bu etibarnamə ilə onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və Cavabdeh2 öz maraqlarını daxilində deyil, İddiaçı maraqlarından hərəkət etmək səlahiyyəti vermişdir. Göstərilənlərə əsasən «Mercedes-Benz E220 CDİ» markalı, Ban:WDD2120011B156871, əvvəlki **-LN- ***, hazırki **-OD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqı barədə 22.01.2021-ci il tarixli müqaviləsi ilə «Mercedes-Benz E220 CDİ» markalı avtomobilin satışından əldə edilmiş vəsaitin və ya onun dəyərinin, yəni 50.000 manatın cavabdehlərdən alınaraq iddiaçıya qaytarılmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələblərini müdafiə etmiş, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, bu məsələ ilə bağlı daha öncə məhkəmə prosesi olub və Yasamal rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçının iddia tələbi rədd olunmuşdur. O, maşınların alqısatqısı ilə məşğul olan şirkətdə işləyir və işi sadəcə təhlükəsizliyin təmin olunması ilə bağlıdır. Sözügedən maşın ona yox, şirkətə verilib. Sadəcə şirkət rəhbərliyi üstündə sənədləri olduğu üçün etibarnamənin alınması məqsədilə notariusa getmək üçün ondan xahiş etmişlər və o, da qəbul etmişdir. Maşının götürülməsi və sonrakı proseslərlə onun heç bir əlaqəsi olmayıb. Pulun verilməsinə gəldikdə pul digər Cavabdeh1 tərəfindən iddiaçının qardaşı Ağayev Ravilə verilib.Həmin vaxt otaqda şəhidlər də olub. Onun maşınların alqı-satqısı ilə bir əlaqəsi olmayıb, sadəcə təhlükəsizliklə bağlı məsul şəxs olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan AD№ 422777 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətindən görünür ki, «Mercedes Benz E220 CDİ» minik markalı, 99LN099 dövlət qeydiyyat nişanlı avtomobil 07.01.2019-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş matriallarında olan 19.01.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh2 notariat qaydada vermiş olduğu etibarnamə əsasında «Mercedes Benz E220 CDİ» minik markalı, 99LN099 dövlət qeydiyyat nişanlı avtomobilə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyat çıxarmaq, ərizə vermək və s. kimi səlahiyyətlər vermişdir. Etibarnamə 1 il müddətinə verilmişdir. İş materiallarında olan 22.01.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı «Mercedes Benz E220 CDİ» minik markalı, 99LN099 dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 41.000 manata satmışdır. İş materiallarında olan Cavabdeh1 tərəfindən AR DİN BDYPİ Qİİ-nə yazılmış 22.01.2021-ci il tarixli ərizənin surətindən görünür ki, buraxılış ili 2015-ci il, Ban:WDD2120011B156871 olan «Mercedes-Benz E220 CDİ» markalı, **-LN-*** qeydiyyat nişanlı avtomobilə qeydiyyat nişanlı və qeydiyyat şəhadətnaməsi verilməsini xahiş etmişdir. Cavabdeh1 tərəfindən **-OD-*** tranzit nişanı 22.01.2021-ci il tarixdə təhvil almışdır. İş materiallarında olan İddiaçı sifarişi ilə "xxxx" MMC-nin 26.08.2021-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, əvvəlki dövlət qeydiyyat nişanlı **-LN-*** olan, hazırki **-OD-*** olan, Ban:WDD2120011B156871 olan «Mercedes-Benz E220 CDİ» markalı minik avtomobilin 22.02.2021-ci il tarixə olan bazar qiyməti 48.000 manat təşkil edir. İş materiallarında olan Yasamal rayon Məhkəməsinin 2(004)-4592/2021 saylı, 19.08.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli «Mercedes Benz E220 CDİ» minik markalı, 99LN099 dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının mülkiyyətində olmuşdur. İddiaçı Cavabdeh2 50.000 manata satmaq barədə razılığa gəlmişlər və həmin pulu cavabdeh 23.01.2021-ci il tarixədək iddiaçıya ödənilməli idi. İddiaçı 19.01.2021-ci il tarixdə cavabdehə avtomaşına dair etibarnamə verərək, 23.01.2021-ci il tarixədək pulun ödənilməsini gözləmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh2 iddiaçıya məxsus avtomobili 19.01.2021-ci il tarixli etibarnamə əsasında 22.01.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi ilə Cavabdeh1 41.000 manata satmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, mübahisəli avtomobilin satışından əldə edilmiş vəsaitin və ya onun dəyərinin, yəni 50.000 manatın cavabdehlərdən alınaraq ona qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Göründüyü kimi Cavabdeh2 iddiaçı tərəfindən ona verilmiş etibarnamə əsasında, yəni təmsilçi kimi çıxış edərək mübahisəli avtomaşına dair alqı-satqı müqaviləsi bağlamış, həmin əqd əsasında avtomaşını digər Cavabdeh1 41.000 manata satmış və pulu iddiaçıya verməmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı avtomaşına görə pulu cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etsə də, onun tələbi yalnız Cavabdeh2 oğluna münasibətdə əsaslı hesab edilməlidir. Belə ki, iddiaçı tərəfindən etibarnamə yalnız bir dəfə Cavabdeh2 verilmiş, sonuncu isə həmin etibarnamə əsasında iddiaçıya məxsus nəqliyyat vasitəsini Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Cavabdeh1 isə qeyd olunan avtomobilin dəyərini vicdanlı alıcı kimi tam olaraq Cavabdeh2 ödəmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 İddiaçı xeyrinə 41.000 (qırx bir min) manat məbləğində pul tutulmalı, iddia tələbi Cavabdeh1 oğluna Vaqif oğluna münasibətdə və qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 İddiaçı xeyrinə 41.000 (qırx bir min) manat məbləğində pul tutulsun. İddia tələbi Cavabdeh1 oğluna Vaqif oğluna münasibətdə və qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar