Məhkəmə qərarları › İş №2(006)-6065/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6065/2021

23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6065/2021 23.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh LPO "xxxx" ASC-yə qarşı «hesablanmış kompensasiyanın borca yönəldilməsi və qalan 2.723 manat 77 qəpik ödənilməklə borcun tam bağlanaraq təmizlik vərəqinin verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO "xxxx" ASC-yə qarşı «hesablanmış kompensasiyanın borca yönəldilməsi və qalan 2.723 manat 77 qəpik ödənilməklə borcun tam bağlanaraq təmizlik vərəqinin verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hesablanmış kompensasiyanın borca yönəldilməsi və qalan 2.723 manat 77 qəpik ödənilməklə borcun tam bağalanaraq təmizlik vərəqinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, məhrum X2 18.09.2014-cü il tarixdə 18 ay müddətinə Ləğvetmə prosesində olan "xxxx" ASC-nin Gəncə filialından 5.000 ABŞ dolları kredit götürmüşdür. Həmin tarixdə də onunla zaminlik müqaviləsi bağlanmışdır. Bundan başqa «Atəşgah» sığorta şirkəti ilə də borclu sığortalanmışdır. Kredit və zaminlik müqaviləsi bağlandıqdan sonra bir müddət ödəniş olunmuşdur. Sonra borclu X2 rəhmətə getmiş və kredit ödənişləri dayanmışdır. Bundan sonra bank sənədləri hazırlayaraq məhkəməyə təqdim etmişdir. Məhkəmənin 22.12.2017-ci il tarixli qətnaməsi ilə hüquqi varis müəyyən olunmadan borc məbləğinin ondan alınması qət edilmişdir. Belə ki, ondan 3.347,40 ABŞ dolları əsas borc, 1.427,42 ABŞ dolları faiz, 50 ABŞ dolları cərimə olmaqla, cəmi 4.825,40 ABŞ dolları borcun və 30 manat rüsumun alınması qeyd edilmişdir. Bundan sonra Apellyasiya şikayəti verilimiş, həmin məhkəmədə də qətnamə qüvvədə qalmışdır. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli fərmanının təsir dairəsinə düşdüyü üçün kredit götürdüyü "xxxx" ASC-dən ona 2.967,80 manat kompensasiya hesablanmış və həmin kompensasiya onun həmin bankda olan hesabına, yəni 5.691,57 manat olan borcundan çıxılmış və həmin məbləğ hesabına köçürüldükdən sonra həmin banka 2.723,77 manat borcu qalmışdır. Bununla bağlı Problemli kreditlərin kompensasiyası ilə bağlı portaldan çıxarışda da öz əksini tapmışdır. Bundan əlavə, həmin Fərmanın 6.1-ci bəndində qeyd edilmişdir ki, nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsin. Bildirir ki, bank bununla bağlı da nə ona, nə də borclunun ailəsinə restrukturizasiya ilə bağlı rəsmi məlumat verməmiş və bildiriş göndərməmişdir. Ona görə də, o, kreditin restrukturizasiyası ilə bağlı banka müraciət edə bilməmişdir. Azərbaycan Respublikası Prezidentin məlum Fərmanın 6.2-ci bəndində göstərilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş borclarının restrukturzasiya olunacağını nəzərə alaraq, banklar 1 ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağrılmasını təmin edən tədbirlər görsünlər. Ancaq buna baxmayaraq, Prezidentin sərəncamının bu hissəsi də bank tərəfindən icra olunmamışdır. İşlər məhkəmədən geri götürülməmiş və restrukturizasiya ilə bağlı ona məlumat verilməmişdir. Fərmanın 8.9-cu bəndində qeyd olunmuşdur ki, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi; Fərmanın 8.10-cu bəndində isə, məhkəmədə olan işlərin geri çağrılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası MPM və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlərin görülməsi nəzərdə tutulur. Qeyd etdiyi kimi, cavabdeh Fərmanın bu bəndinə də əməl etməyərək icra idarəsindən icra işini geri çağırmayaraq restrukturizasiya ilə bağlı onlara rəsmi məlumat verməmiş, yeni kredit müqaviləsi bağlanmasını təklif etməmişdir. Bundan əlavə onu da bildirir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanında qeyd olunmuşdur ki, bütün faizlər və cərimlər silinərək portaldan çıxarışda qeyd olunan məbləğ banka ödənilməlidir. Fərmanda göstərilib ki, faiz, cərimə silinməlidi. Ancaq buna baxmayaraq cavabdeh bu fərmanın da tələblərinə əməl etməyərək ondan qətnamədə qeyd olunan məbləği tələb edir. Belə ki, hazırda onun banka portladan çıxarışda qeyd olunan məbləğdə, yəni 2.723,77 manat borcunun olması qeyd olunsa da həmin məbləği tam olaraq ödəyib borcunu bağlamaq istiyir. Ancaq cavabdeh bununla razılaşmayaraq ondan qətnamə üzrə olan məbləği tələb edir. Halbuki, Prezidentin müvafiq fərmanı ilə onun hesabına 2.967,80 manat pul köçürülmüş, həmin pul da onun "xxxx"da olan borcuna silinmiş, yerdə 2.723,77 manat borcu qalmışdır. Bu kimi işlərlə bağlı Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qətnamə və qərarları da vardır. Onun borcunun 2.723,77 manat qalmasını, kreditinin Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli fərmanının təsir dairəsinə düşdüyü üçün məcbur olub məhkəməyə müraciət edir. Çünki bank onun kompensasiya vərəqində qeyd olunan məbləğlə borcumu tam bağlamaqdan imtina edərək, qətnamədə olan məbləği ondan tələb edir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Cavabdehin nümayəndəsi X3 İddiaçı iştirakı olmadan mahiyyəti üzrə baxılmasını tələb etdi. Məhkəmə, cavabdehin nümayəndəsi X1 tələbini nəzərə alaraq, mülki işə İddiaçı iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Samux rayon Məhkəməsinin 22 dekabr 2017-ci il tarixli 2(058)-60/2017 saylı qətnaməsi ilə "xxxx" ASC-nin İddiaçı və digərinə qarşı «borcun tutulması» tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı 3.347 ABŞ dolları 98 sent əsas borc, 1.427 ABŞ dolları 42 sent faiz, 50 ABŞ dolları cərimə olmaqla, cəmi 4.825 ABŞ dolları 40 sentin Azərbaycan manatı ekvivalentində və ödənilmiş dövlət rüsumuna görə 30 manatın alınaraq "xxxx" ASC-yə ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 aprel 2018-ci il tarixli 2(104)- 1543/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Samux rayon Məhkəməsinin 22 dekabr 2017-ci il tarixli 2(058)-60/2017 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş problemli kreditlərin kompensasiyası ilə bağlı 24 iyul 2021-ci il tarixli arayışda olan məlumatlarından görünür ki, mübahisə edilən kredit müqaviləsi üzrə borc alana 2.967 manat 80 qəpik kompensasiya hesablanmış, həmin məbləğ borcların ödənilməsinə yönəldilmiş, cəmi borc məbləği olan 5.691 manat 57 qəpikdən çıxıldıqdan sonra, 2.723 manat 77 qəpik qalıq qalmışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, yuxarıda qeyd edilən sənədlərdən görünür ki, cavabdeh tərəfindən iddiaçının hər hansı hüququ pozulmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh LPO "xxxx" ASC-yə qarşı «hesablanmış kompensasiyanın borca yönəldilməsi və qalan 2.723 manat 77 qəpik ödənilməklə borcun tam bağlanaraq təmizlik vərəqinin verilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh LPO "xxxx" ASC-yə qarşı «hesablanmış kompensasiyanın borca yönəldilməsi və qalan 2.723 manat 77 qəpik ödənilməklə borcun tam bağlanaraq təmizlik vərəqinin verilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar