Məhkəmə qərarları › İş №2(006)-6081/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6081/2021

15.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6081/2021 15.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Cəfərov İlham Məmməd oğlu, iddiaçı «****» MMC-nin cavabdeh A.S.A. oğluna qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə bağlı mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «****» MMC cavabdeh A.S.A. oğluna qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, A.S.A. oğlu «****» MMC ilə 30.09.2018ci il və 09.12.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********27480 olan İPHONE 8 PLUS markalı mobil telefon və LG LED markalı televizor almış və nəticədə 1487,5 (bir min dörd yüz səksən yeddi, manat əlli qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 30.09.2018-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3210 (üç min iki yüz on) manat (24 ay x 130 manat + 90 manat ilkin ödəniş) olan İPHONE 8 PLUS markalı mobil telefon üçün 735 (yeddi yüz otuz beş) manat və 09.12.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1244 (bir min iki yüz qırx dörd) manat (12 ay x 103 manat + 8 manat ilkin ödəniş) olan LG LED markalı televizor üçün 752,5 (yeddi yüz əlli iki manat, əlli qəpik) manat ödənilməmiş borc yaranmış, müştəriyə güzəşt olunaraq cərimə hesablanmamışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2966,5 (iki min doqquz yüz altmış altı manat, əlli qəpik) manat təşkil edir. Göstərilənlərə əsasən, 30.09.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********27480 olan İPHONE 8 PLUS markalı mobil telefon üçün 735 (yeddi yüz otuz beş) manat və 09.12.2019-cu il tarixli müqaviləyə əsasən LG LED markalı televizor üçün 752,5 (yeddi yüz əlli iki manat, əlli qəpik) manat, ümumilikdə 1487,5 (bir min dörd yüz səksən yeddi, manat əlli qəpik) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun cavabdeh A.S.A. oğlundan alınaraq «****» Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan «****» MMC ilə A.S.A. oğlu arasında bağlanmış 30.09.2018-ci il tarixli, 00316512 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, «****» MMC İMEİ kodu **********27480 olan İPHONE 8 PLUS markalı mobil telefonu cavabdeh A.S.A. oğluna satmış, cavabdeh A.S.A. oğlu alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 24 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. 30.09.2018-ci il tarixli təhvil-təslim aktından görünür ki, 30.09.2018-ci il tarixli, 00316512 saylı alqı-satqı müqaviləsi üzrə İMEİ kodu **********27480 olan İPHONE 8 PLUS markalı mobil telefon A.S.A. oğlu tərəfindən tam qüsursuz halda təhvil alınmışdır. «****» MMC ilə A.S.A. oğlu arasında bağlanmış 09.12.2019-cu il tarixli, 01113199 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, «****» MMC LG LED markalı televizoru cavabdeh A.S.A. oğluna satmış, cavabdeh A.S.A. oğlu alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. 09.12.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, 09.12.2019-cu il tarixli, 01113199 saylı alqı-satqı müqaviləsi üzrə LG LED markalı televizor A.S.A. oğlu tərəfindən tam qüsursuz halda təhvil alınmışdır. «****» MMC tərəfindən məhkəməyə təqdim edilmiş 12.08.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh A.S.A. oğlunun «****» MMC-yə 30.09.2018-ci il tarixli, 00316512 saylı müqavilə üzrə 735 manat borcu, 09.12.2019-cu il tarixli, 01113199 saylı müqavilə üzrə 752,5 manat borcu, ümumilikdə isə 1487,5 manat borcu vardır. «****» MMC tərəfindən A.S.A. oğluna ünvanlanmış 13.17.2021 il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, «****» MMC ilə A.S.A. oğlu arasında bağlanmış 30.09.2018-ci il tarixli, 00316512 saylı və 09.12.2019-cu il tarixli, 01113199 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilələrə əsasən «****» MMC İMEİ kodu **********27480 olan İPHONE 8 PLUS markalı mobil telefonu və LG LED markalı televizoru cavabdeh A.S.A. oğluna satmış, cavabdeh A.S.A. oğlu alınmış əşyaların əvəzində bu müqavilələr ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə ödəməyi öhdəsinə götürmüş, lakin cavabdeh tərəfindən müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklər tam icra edilməmiş və nəticədə onun «****» MMC-yə 30.09.2018-ci il tarixli, 00316512 saylı müqavilə üzrə 735 manat, 09.12.2019-cu il tarixli, 01113199 saylı müqavilə üzrə 752,5 manat borcu olmaqla, ümumilikdə 1487,5 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 601.1ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh A.S.A. oğlundan 30.09.2018-ci il tarixli, 00316512 saylı müqavilə üzrə 735 (yeddi yüz otuz beş) manat borc, 09.12.2019-cu il tarixli, 01113199 saylı müqavilə üzrə 752,5 (yeddi yüz əlli iki manat, əlli qəpik) manat borc olmaqla, ümumilikdə 1487,5 (bir min dörd yüz səksən yeddi, manat əlli qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1517,5 (bir min beş yüz on yeddi, manat əlli qəpik) manat məbləğində pul alınaraq «****» MMC-yə verilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 119.1, 216-220, 227, 233, 284-5.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh A.S.A. oğlundan 30.09.2018-ci il tarixli müqavilə üzrə 735 (yeddi yüz otuz beş) manat borc, 09.12.2019-cu il tarixli müqavilə üzrə 752,5 (yeddi yüz əlli iki manat, əlli qəpik) manat borc olmaqla, ümumilikdə 1487,5 (bir min dörd yüz səksən yeddi, manat əlli qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1517,5 (bir min beş yüz on yeddi, manat əlli qəpik) manat məbləğində pul alınaraq «****» MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar