Məhkəmə qərarları › İş №2(006)-6119/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6119/2021

22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6119/2021 22.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı ("xxxx" MMC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «borc öhdəliyinin silinməsı» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı ("xxxx" MMC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «borc öhdəliyinin silinməsı» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə onun arasında bağlanmış 08.10.2009-cu il tarixli 751/F12 saylı kredit müqaviləsi üzrə adına olan kredit borcunun silinməsi, "xxxx" MMC-də adına olan kredit borcunun silinməsi öhdəliyinin LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ASC ilə aralarında bağlanmış 08 oktyabr 2009-cu il tarixli 751/F12 nömrəli kredit müqaviləsinə əsasən bankdan 3.000 manat kredit almışdır. Bununla bağlı olaraq bank tərəfindən iddia qaldırılaraq ondan 08.10.2009-cu il larixli 751/F12 saylı kredit müqaviləsinə əsasən cəmi 3.164,76 manat pulun tutulması xahiş olunmuşdur. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 25.11.2020-ci il tarixli 2(005)-3927/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3691/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, ona qarşı qaldırılmış iddia tələbi rədd edilmişdir. Hesab edir ki, iddia tələbi təmin olunaraq "xxxx" MMC-də onun adına olan borc öhdəliyi silinməli, həmin borcun silinməsi öhdəliyi LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 16.04.2021-ci il tarixli 2(103)- 3691/2021 saylı qətnaməsindən də göründüyü kimi, ona qarşı qaldırılmış iddia tələbi iddia müddəti tətbiq edilərək rədd edilmişdir. Lakin onun adına bankda olan borc öhdəliyi silinməmişdir. Hesab edir ki, artıq məhkəmə qərarı ilə bank tərəfindən ona qarşı olan borc öhdəliyinin tutulmasına xitam verildiyindən, bank həmin məbləği ondan tələb edə bilməz və adına olan borc məbləği "xxxx" MMC-dən silinməlidir. Qeyd olunanlara əsasən hesab edir ki, Cavabdeh ASC ilə aralarında bağlanmış 08 oktyabr 2009-cu il tarixli 751/F12 saylı kredit müqaviləsi üzrə adına olan kredit borcu silinərək, "xxxx" MMC-də adına olan kredit borcunun silinməsi öhdəliyi LPO Cavabdeh ASC-nin ləğvcdieisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmalıdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMCyə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki, LPO Cavabdeh ASC İddiaçı və digərlərinə qarşı «kredit müqaviləsi üzrə borcun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli 2(005)- 3927/2020 saylı qətnaməsi ilə iddiası qismən təmin edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.04.2021-ci il tarixli 2(103)- 3691/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli 2(005)-3927/2020 saylı qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, tələb iddia müddəti ötürülməklə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçı cavabdeh LPO Cavabdeh ASC qarşısında 08.10.2009-cu il tarixli 751/F-12 saylı kredit müqaviləsi üzrə icra edilməmiş öhdliyinin (borcunun) olmamasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Hazırki mülki işə baxan məhkəmə əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Mülki Məcəllənin 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. Mülki Məcəllənin 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Mülki Məcəllənin 551.2, 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Mülki Məcəllənin 554.3-cü maddəsinə əsasən əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. Mülki Məcəllənin 554.4-cü maddəsinə əsasən müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Göründüyü kimi, sadalanan maddi hüquq normaları baxımından iddiaçının hazırkı iddiasında qeyd edilən kredit müqaviləsi üzrə müddət keçmiş, tələb qüvvəsini itirmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, LPO Cavabdeh ASC-nin əməliyyat sistemində və kredit bürosundan çıxarışda İddiaçı adına 08.10.2009-cu il tarixli 751/F-12 saylı kredit müqaviləsi üzrə qeyd olunmuş borc silinməli və İddiaçı 30.11.2012-ci il tarixli 138 saylı kredit müqaviləsi üzrə borclu olmadığı barədə qeydin "xxxx" MMC-nin kredit reyestrində aparılması cavabdeh LPO Cavabdeh ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və 3-cü şəxs "xxxx" MMC-nin üzərinə qoyulmalıdır. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. LPO Cavabdeh ASC-nin əməliyyat sistemində və kredit bürosundan çıxarışda İddiaçı adına 08.10.2009-cu il tarixli 751/F-12 saylı kredit müqaviləsi üzrə qeyd olunmuş borc silinsin. İddiaçı 30.11.2012-ci il tarixli 138 saylı kredit müqaviləsi üzrə borclu olmadığı barədə qeydin "xxxx" MMC-nin kredit reyestrində aparılması cavabdeh LPO Cavabdeh ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və 3-cü şəxs "xxxx" MMC-nin üzərinə qoyulsun. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar