Məhkəmə qərarları › İş №2(006)-612/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-612/2022

18.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-612/2022 18.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, ərizəçi Ərizəçi və onun nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi 1990-1992-ci illərdə Ağdam, Şuşa, Xocalı uğrunda gedən döyüşlərdə özünümüdafiə batalyonunda hərbiçi-sanitar kimi iştirak etmişdir. 1992-ci ildə Xocalının işğalı zamanı girov götürülmüş, ona verilən işgəncələrdən sonra komaya düşmüş, ermənilər onun öldüyünü zənn edib atıb getmişlər. Sonradan onu döyüş yoldaşları tapıb Ağdam Hospitalına gətirmişlər. Uzun müddət müalicə almağına baxmayaraq müalicə bir nəticə verməmişdir. Nəticədə ona İ qrup əlillik dərəcəsi təyin etmişlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.06.2018-ci il tarixli qərarı ilə iddiası təmin edilmiş, ona “müharibə veteranı” adı və vəsiqənin verilməsi öhdəliyi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-3439/2021 nömrəli, 25.02.2021-ci il tarixli qərarına əsasən onun iddiası qismən təmin edilmiş, bədənində olan xəsarətlərin 1992-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə almağı barədə rəy verilməsi ilə bağlı müraciəti üzrə inzibati icraatın aparılması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 məhkəmə-tibbi müayinəsi aparılmış və bədən xəsarətlərinin təyininə dair K-263-2021-li müayinə aktı tərtib edilmişdir. Qeyd edilən aktda da onun bədənində olan xəsarətlərin 1992-ci ilin fevral ayında baş və bədəninin müxtəlif nahiyələrinə bərk küt alətlə çoxsaylı zərbə vurulması zamanı yetirilməsinin mümkün ola bilməsi göstərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Katibliyinin Mərkəzi Arxivinin 02.11.2021-ci il tarixli, 4/2-1504 nömrəli məktubunda N №-li hərbi hissənin 1990-1992-ci il tarixli sənədlərinin Müdafiə Nazirlyi Katibliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün xidməti barədə araşdırma apara bilmədikləri qeyd edilmişdir. Ağdam RMX PHŞ-da tərtib edilmiş 16.09.2021-ci il tarixli 246 nömrəli məktubda 1993-cü ildə Ağdam rayonu işğal olunduğu üçün arxiv sənədləri işğal ərazisində qaldığından onun xəstəliyi ilə bağlı heç bir məlumat verə bilmədikləri qeyd olunmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək 1991-1992-ci illərdə N №-li hərbi hissədə hərbi xidmət keçmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi (vəkili) ərizəni müdafiə edərək onun təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və mülki işin materiallarını araşdırıb hesab edir ki, hüquqi faktın müəyyən edilməsi barədə ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X2 K/263 №-li müayinə aktına aktına əsasən şəxsin bədənində olan xəsarətlərin 1992-ci ilin fevral ayında baş və bədəninin müxtəlif nahiyələrinə bərk küt alətlə çoxsaylı zərbə vurulması zamanı yetirilməsinin mümkün ola bilməsi göstərilmişdir. İş materiallarında olan AR Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon İdarəsindən verilən arayışda bildirilmişdir ki, Ərizəçi həqiqətən 13.11.2019-cu il tarixdən “Qarabağ müharibəsi” veteranıdır. Ərizəçi Azərbaycan Respublikası qanunvericiliyi ilə müharibə veteranları üçün müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.06.2018-ci il tarixli qərarı ilə iddiası təmin edilmiş, ona “müharibə veteranı” adı və vəsiqənin verilməsi öhdəliyi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilmişdir. Hazırki ərizə ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hazırki mübahisəni araşdıran zamanı məhkəmə mülki prosessual qanunvericiliyinin ümumi hissəsinin normalarına istinad edir və qeyd edir ki, hüquqi faktı müəyyən edən zamanı təqdim edilən sübutlar, şahid ifadələri əsas götürülür, məhkəmənin biliyinin həqiqətə uyğunluğu isə işdə olan sübutların mötəbərliyindən asılı olur, sübutlar hər hansı halın-faktın olub-olmamasının qiymətləndirilməsində rol oynayır. Bununla bağlı olaraq Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 14-cü maddəsində qeyd olunur ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyəti olan faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd etmək lazımdır ki, eyni zamanda hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Məhkəmə Ali Məhkəmə Plenumunun Qərarına istinad edərək hesab edir ki, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar