Məhkəmə qərarları › İş №2(006)-6120/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6120/2021

06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6120/2021 06.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı, cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “borc öhdəliyinin silinməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “borc öhdəliyinin silinməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC ilə iddiaçı arasında bağlanmış 21 iyul 2008-ci il tarixli, 407F12 nömrəli kredit müqaviləsinə əsasən iddiaçıya bankdan 2000 manat məbləğində kredit verilmişdir. Bununla bağlı olaraq bank tərəfindən iddia qaldırılaraq iddiaçıdan 21 iyul 2008-ci il tarixli, 407F12 №-li kredit müqaviləsinə əsasən cəmi 2591,24 manat pulun tutulmasının qət olunması xahiş olunmuşdur. Naxçıvan Muxtar Respublikası Culfa Rayon Məhkəməsinin 2(089)-30/2021 saylı, 16.05.2021 tarixli qətnaməsi ilə iddiaçıya qarşı qaldırılmış iddia tələbi rədd edilmişdir. Naxçıvan Muxtar Respublikası Culfa Rayon Məhkəməsinin 2(089)-30/2021 saylı, 16.05.2021 tarixli qətnaməsindən də göründüyü kimi, iddiaçıya qarşı qaldırılmış iddia tələbi iddia müddəti tətbiq edilərək rədd edilmişdir. Lakin iddiaçının adına bankda olan borc öhdəliyi silinməmişdir. Artıq məhkəmə qərarı ilə bank tərəfindən iddiaçıya qarşı olan borc öhdəliyinin tutulmasına xitam verildiyindən bank həmin məbləği iddiaçıdan tələb edə bilməz və adına olan borc məbləği "xxxx" MMC-dən silinməlidir. Göstərilənlərə əsasən Cavabdeh ASC ilə iddiaçı arasında bağlanmış 21 iyul 2008-ci il tarixli, 407F12 nömrəli kredit müqaviləsi üzrə iddiaçının adına olan kredit borcunun silinməsi, "xxxx" MMC-də iddiaçının adına olan kredit borcunun silinməsi öhdəliyinin LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iddia tələbinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Culfa Rayon Məhkəməsinin 16.05.2021-ci il tarixli, 2(089)- 30/2021 saylı qətnaməsi ilə Cavabdeh ASC-nin İddiaçı qarşı “borcun qaytarılması” barədə iddiasının rədd edilməsi, Cavabdeh ASC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İş materiallarında olan Culfa Rayon Məhkəməsinin Nəsimi Rayon Məhkəməsinə ünvanladığı 23 noyabr 2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, məhkəmənin 16 may 2021-ci il tarixli, 2(089)-30/2021 saylı qətnaməsi 29 iyun 2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Beləliklə, işin materiallarından göründüyü kimi hazırki iş üzrə İddiaçı ilə ləğv prosesində olan Cavabdeh ASC arasında kredit borcunun ödənilməsi ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və bununla əlaqədar artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Həmin məhkəmə aktında hazırki iddianın predmeti olan kredit müqaviləsinə artıq hüquqi qiymət verilmişdir. Belə ki, Culfa Rayon Məhkəməsinin 16.05.2021-ci il tarixli, 2(089)-30/2021 saylı qətnaməsindən görünür ki, tərəflər arasında bağlanmış 407F12 nömrəli, 21 iyul 2008-ci il tarixli kredit müqaviləsinin 4.5-ci bəndində kredit vəsaitindən istifadə müddəti 21 iyul 2009cu il tarixdə saat 16:00 müəyyən edilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23 aprel 2021-ci il tarixli, 83 nömrəli rəyində isə İddiaçı tərəfindən 407F12 nömrəli, 21 iyul 2008-oi il tarixli kredit müqaviləsi üzrə son ödənişin 07 sentyabr 2010-cu il tarixdə həyata keçirildiyi qeyd edilmişdir. Lakin iddiaçı LPO “Bank of Azerbaijan’’ ASC tərəfindən kredit müqaviləsi üzrə icra müddəti bitdikdən 11 il sonra İddiaçı qarşı borcun tutulması ilə bağlı məhkəməyə müraciət edilmiş, qanunla nəzərdə tutulmuş 3 illik iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. MPM-in 82.3-cü maddəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Göstərilən maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz İşdən də göründüyü kimi əvvəllər eyni tərəflər arasında hazırda mübahisələndirilən kredit müqaviləsi üzrə borcun qaytarılması ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və həmin tələblə əlaqədar qanuni qüvvəyə minmiş qətnamə mövcuddur. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Göstərilən Məcəllənin 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Eyni Məcəllənin 554.3-cü maddəsinə əsasən əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 21 iyul 2008-ci il tarixli, 407F12 nömrəli kredit müqaviləsi üzrə İddiaçı adına olan kredit borcu silinməli, "xxxx" MMC-də İddiaçı adına olan kredit borcunun silinməsi öhdəliyi ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 21 iyul 2008-ci il tarixli, 407F12 nömrəli kredit müqaviləsi üzrə İddiaçı adına olan kredit borcu silinsin. "xxxx" MMC-də İddiaçı adına olan kredit borcunun silinməsi öhdəliyi ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gpündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar