Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-615/2022 06.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) - X2, Cavabdehin nümayəndəsi - X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-yə qarşı «sayğacın yoxlanılması haqqında aktın qanunsuz hesab edilməsinə və həmin akt əsasında qanunsuz hesablanmış cərimə məbləğinin silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin inzibatı binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «sayğacın yoxlanılması haqqında aktın qanunsuz hesab edilməsinə və həmin akt əsasında qanunsuz hesablanmış cərimə məbləğinin silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1ndə yerləşən fərdi yaşayış evi abonent kodu **********00137 olan cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli 235404 nömrəli Akt əsasında iddiaçının adına hesablanmış 11432,90 manat məbləğində cərimənin silinməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixində mülkiyyətində olan ünvan 1ndə yerləşən fərdi yaşayış evinin elektrik sayğacına keçirilən baxış zamanı guya müəyyən edilmişdir ki, evinə aid abonen kodu **********00137 olan sayğaca müdaxilə olunaraq sayğacdan kənar elektrik enerjisindən istifadə edilir. Bunun nəticəsində cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli 235404 nömrəli Akt tərtib edilmiş və ona 11432,90 manat məbləğində cərimə tətbiq edilmişdir. İştirakı və xəbəri olmadan tərtib edilən bu əsassız və qanunsuz aktın və ona hesablanmış cərimənin ləğv edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edir. ünvan 1ndə yerləşən fərdi yaşayış evinin elektrik enerjisinin təmini ilə bağlı onunla "xxxx" ASC arasında Texniki şərt müqaviləsi bağlanılmışdır. Sərf etdiyi enerjiyə görə vaxtı vaxtında ödənişlər edir və heç bir problemlə üzləşmirdi. Hətta aylıq ödənişləri artıq ödədiyi üçün onun balansında əlavə ödənişlər də olmuşdur. Evinə aid abonent kodu **********00137 olan sayğaca 235404 nömrəli Aktda qeyd edildiyi kimi hər hansı bir müdaxilə edilməmişdir. Fərdi yaşayış evinin hasarında quraşdırılmış, istənilən zaman cavabdehin əməkdaşları tərəfindən kənarlaşmanın yoxlama aparılaraq müəyyən edilebilecek bir sayğaca mənzil mülkiyyətçisinin müdaxiləsi ağlabatan deyil. Əgər cavabdehin qeyd etdiyi kimi onun evinə aid abonent kodu **********00137 olan sayğaca müdaxilə olunubsa belə bunun kimin tərəfindən edildiyi barədə hər hansı bir melumatı yoxdur. Həmçinin, xx.xx.2021-ci il tarixli 235404 nömrəli Akt tərtib edilən zaman iştirakı təmin edilməmişdir. Əgər iştirakı təmin edilsəydi bununla bağlı etirazını 235404 nömrəli Akta qeyd edərdi. Lakin xəbəri və iştirakı olmadan cavabdehin əməkdaşları tərəfindən qanunsuz və əsassız Akt tərtib edilmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 235404 nömrəli Akt və ona hesablanmış 11432,90 manat məbləğində cərimə qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Hazırda cavabdeh barəsində tərtib etdiyi qanunsuz və əsassız akta görə ona hesablanmış 11432,90 manat cəriməni dərhal ödəmədiyi üçün evinə işığın verilməsi dayandırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X4 iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid X5 ifadəsində bildirdi ki, 8 ildir ki, "xxxx" ASC-də işləyir. 2021-ci ilin oktyabr ayında bölmə rəhbəri ilə ərazi üzrə yoxlama apararkən və qeyd edilən ünvana çatdıqda transformator ilə əlaqəli olan elektrik dirəyinə qoşulmuş 3 fazalıq 16 sip kabelin boş torpaq sahəsi vasitəsilə birbaşa olaraq qeyd edilən mənzilin çöl hasarından boş qutu vasitəsilə içəri daxil olduğunu aşkar etmişlər. Bu hal video çəkiliş vasitəsilə qeyd alınmışdır. Aşkarlanan qanunsuz qoşulma sayğaca müdaxilə edilmədən çəkilmişdir. Qanunsuz qoşulmanı müəyyən etdikdən sonra akt tərtib edilmiş, akt tərtib edilərkən tərəfimizdən evin sakinlərinin iştirak edilməsi üçün qapı döyülmüş, qapını özünü ev sakini kimi deyil, usta kimi təqdim edən şəxs açmışdır. Bu hal ona da bildirilmiş, o isə öz növbəsində evin sakinlərinə məlumat verəcəyini qeyd etmiş, daha sonra isə qanunsuz qoşulmanın ləğv edilməsi barədə idarəyə müraciət edilmiş və idarənin nümayəndəsi tərəfindən qanunsuz qoşulma ləğv edilmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: MA seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən bağ evi xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixli R seriyalı 235404 saylı aktdan görünür ki, Saray bağları (F2) ünvanında olan fərdi yaşayış evinin sayğacına EEİQ-yə uyğun baxış keçirilən zaman sayğacdan kənar elektrik enerjisindən istifadə olunması aşkar olunmuşdur. Bildirişdən görünür ki, cavabdeh tərəfindən iddiaçıya 11432,90 manat borc hesablanmışdır. Abunə haqqındadan görünür ki, İddiaçı adına olan «**********00137» saylı abunə koduna xx.xx.2021-ci il tarixdə R seriyalı 235404 saylı akt üzrə dəymiş ziyan 103927 kVt müəyyən edilməklə 11431,97 manat məbləğində borc hesablanmışdır. İcra vərəqindən görünür ki, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş R seriyalı 235404 saylı akta əsasən 7176 manat borc hesablanması təklif edilmişdir. «Elektroenergetika haqqında» 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11 -ci maddəsinin tələblərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın: 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.32. (xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş) Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İddiaçı iddia ərizəsində mübahisələndirilən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş R seriyalı 235404 saylı aktın qanunsuz olmasını qeyd etsə də, iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə cavabdeh tərəfindən iddiaçının sayğacdan kənar elektrik enerjisindən istifadə edilməsinə dair sübutlar məhkəməyə təqdim edilmiş və həmin sübutlarla göstərilən hallar təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Lakin məhkəmə tədqiqatı zamanı müəyyən olunur ki, cavabdeh tərəfindən hesablaşma «Elektrik enerjisindən istifadə qaydaları»nın xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 8.32-ci bəndinə istinadən aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2022-ci il 155 saylı qərarının 8.4-cü və 8.9-cu bəndlərinə əsasən “Elektrik enerjisindən istifadə Qaydaları”nda dəyişiklik edilərək 8.17-1-ci bəndi əlavə edilmiş, 8.32-ci bəndi ləğv edilmişdir. Qüvvədən düşmüş 8.32-ci bəndə hesablaşma Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində aparılırdısa, hazırda qüvvədə olan 8.17-1-ci bəndinə əsasən isə hesablaşma on iki aydan çox olmayan müddətdə aparılır. Göründüyü kimi hazırda qüvvədə olan «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.17-1ci bəndi iddiaçının hüquqi vəziyyətini yüngülləşdirdiyindən məhkəmə hesab edir ki, həmin norma iddiaçıya münasibətdə geriyə tətbiq olunmaqla hesablaşma yenidən aparılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ aktların qüvvəsi geriyə şamil edilmir. Beləliklə, elektrik sayğacından kənar elektrik xəttindən istifadəyə görə iddiaçı tərəfindən cavabdehə ödənilməli borc 6989,37 manat (10,362 x 24 x0,7 x 365 x 0,11 manat = 6989,37 manat) müəyyən olunur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən hesablanmış 11431,97 manat məbləğində borcdan müəyyən olunan 6989,37 manat məbləğində borc çıxılmaqla qalan 4442,6 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" ASC tərəfindən İddiaçı adına olan «**********00137» saylı abunə koduna xx.xx.2021-ci il tarixli R seriyalı 235404 saylı akt üzrə hesablanmış 4442,6 manat məbləğində borc silinməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. "xxxx" ASC tərəfindən İddiaçı adına olan «**********00137» saylı abunə koduna xx.xx.2021-ci il tarixli R seriyalı 235404 saylı akt üzrə hesablanmış 4442,6 manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-615/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-615/2022
06.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver