Məhkəmə qərarları › İş №2(006)-6158/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6158/2021

30.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6158/2021 30.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və s. tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və s. tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir rayonunun qış otlaq sahəsinin 27 saylı hissəsində iddiaçının xüsusi mülkiyyətində ümumi sahəsi 535 kv.m. olan , kənd təsərrüfatı təyinatlı Əmlak Kompleksi kimi müəssisə vardı.Həmin ərazidə 200 ha. torpaq sahəsində mal-heyvan saxlamaqla həmin əmlak kompleksi fəaliyyət göstərirdi. Tikili ilə bağlı iddiaçının adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli, 2709.2-11 -ci il qeydiyyat tarixli “Çıxarış” da verilmişdir. Əmlak kompleksi "xxxx" MMC-nin qiymətləndirici mütəxəssisləri tərəfindən bazar qiyməti ilə qiymətləndirmə işi həyata keçirilmişdir. Aparılmış hesablamalara əsasən əmlak kompleksinin 27.03.2019-cu il tarixinə bazar dəyəri 95 500 manat təşkil edir. Lakin son dövrlər ərzində Şəmkir rayonunda baş verən hadisələr iddiaçıya məxsus əmlakdan da yan keçməmişdir. Məlum təzyiqlər nəticəsində Cavabdeh MMC iddiaçıya məxsus əmlak kompleksinin sökülməsi barədə iddiaçıya müqavilə imzalatmışdır. Həmin dövrdə yaranmış şəraitlə bağlı iddiaçı həmin müqavilədə nə yazıldığının mahiyyətini bilmədən imza etmişdir. 95 500 manat dəyəri olan əmlak kompleksini cəmisi 14 843 manat qiymətləndirərək tərtib etdikləri 18.06.2020-ci il tarixli akta və eyni tarixli “Qurğu və tikililərin daşınması haqqında” müqaviləyə imza etdirmişlər. Kompleksin sökülüb daşınmasına görə isə iddiaçıya 3 210 manat, ümumi cəmisi 18 053 manat pul ödəmişlər. Bununla da cavabdeh iddiaçını aldatmaqla iddiaçıya külli miqdarda ziyan vurmuşdur. Odur ki, cavabdeh tərəfindən iddiaçının əmlak kompleksinin dəyərinin qalan hissəsi yəni 77 447 manat iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən iddiaçıya məxsus Şəmkir rayonu, Ceyrançöl qış otlaq sahəsinin 27 saylı hissəsində yerləşən əmlak kompleksinin dəyərinin ödənilməsinin razılaşdırılması barədə Cavabdeh MMC ilə iddiaçı arasında imzalanmış 18.06.2020-ci il tarixli aktın və eyni tarixli “Qurğu və tikililərin daşınması haqqında” müqavilənin etibarsız hesab edilməsi və həmin əmlak kompleksinin dəyərinin ödənilməmiş hissəsinin - yəni 77 447 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış “Şəmkir rayonu ərazisində yerləşən Ceyrançöl qış otlaq sahəsinin 27 saylı hissəsində 200 ha. torpaq sahəsi üzərində kompensasiya alanın quraşdırdığı ümumi sahəsi 535 kv.m. olan müxtəlif müvəqqəti daşınar qurğu və tikililərin müqabilində iddiaçıya kompensasiya verən xüsusi qiymətləndirmə şirkətinin rəyi və tərəflərin qarşılıqlı razılığı əsasında kompensasiyanın verilməsini təsdiq edən” Şəmkir rayon Notariat kontoru tərəfindən təsdiq edilmiş 18.06.2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və iddiaçıya cavabdeh tərəfindən vurulmuş 77 447 manat məbləğində zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək, bildirdi ki, əgər akt etibarsız olarsa, o zaman iddiaçı ona verilən məbləği geri qaytarılmalıdır. 18 iyun 2020-ci il tarixli müqaviləyə əsasən 535 kv.m-lik müvəqqəti tikili müqabilində kompensasiya ödənilib. Çünki qarşı tərəfin bu torpağa hüququ yoxdur. Bu müqavilə də 2020-ci ildə bağlanılıb. Qarşı tərəf mütəxəssis rəyini müqavilədən əvvəl əldə edib. Mütəxəssis rəyində göstərilmişdir ki, müəssisənin qiyməti 95000 AZN-dir. Lakin oradakı tikililərin qiyməti o qədər deyil. Mütəxəssis rəyi o əraziyə baxılmadan verilib. Mütəxəssis tərəfindən həmin ərazidə daşınar qurğuların qiymətləndirilməsi aparılıb. Sözügedən müəssisədəki tikililərin dəyərinin ödənilməsi iddiaçı ilə razılaşdırılmışdır. Həmçinin tərəfə 3210 AZN-də ödənilib ki, qurğular daşınılsın. Göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 27.09.2011-ci il tarixli, MA seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, Şəmkir rayonu, Ceyrançöl qış otlaq sahəsinin 27 saylı hissəsi İddiaçı xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 1 saylı reyestr kitabının 51 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 27 mart 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, Şəmkir rayonu, Ceyrançöl qış otlaq sahəsinin 27 saylı hissəsində yerləşən 259,71 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin 27 mart 2019-cu il tarixinə bazar dəyəri 95.500 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 14 iyun 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, Şəmkir rayonu (Ceyrançöl qış otlaq sahələri) ərazisində yerləşən, təqdim edilən siyahıya uyğun olaraq icarədə olan torpağın üzərində yerləşən tikili və qurğuların, avadanlıqların, inventarların və çoxillik əkmələrin bazar dəyəri 14 iyun 2019-cu il tarixə 14.843 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 18.06.2020-ci il tarixli kompensasiya ödənişləri üzrə aktdan görünür ki, 18.06.2020-ci il tarixli kompensasiya müqaviləsinə əsasən İddiaçı ƏMDK yanında DƏDRX-nin MA seriyalı, ******* saylı, 27.09.2011-ci il tarixli çıxarışa əsasən Şəmkir rayonu ərazisində yerləşən Ceyrançöl qış otlaq sahəsinin 27 saylı hissəsində 200 hektar torpaq sahəsi üzərində kompensasiya alanın quraşdırdığı ümumi sahəsi 535 kv.m olan quraşdırdığı daşınar qurğu və tikililərin müqabilində "xxxx" MMC şirkəti tərəfindən ona ödənilən məcmu 14.843 manat kompensasiya vəsaiti aldığını və bundan sonra heç bir iddialarının olmamasını təsdiq edir. İş materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 18 iyun 2020-ci il tarixli “Qurğu və tikililərin daşınması haqqında” müqavilədən görünür ki, icraçı özünün əvvəl istifadəsində olan torpaq sahəsindəki qurğuları daşıyaraq aparmağı, sifarişçi isə icraçıya daşınma xərcləri ilə bağlı kompensasiya ödəməyi öhdəsinə götürür. İş materiallarında olan Şəmkir rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu S.H.Qurbanov tərəfindən təsdiq edilmiş "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 18 iyun 2020-ci il tarixli müqavilədən görünür ki, Şəmkir rayonu ərazisində yerləşən Ceyrançöl qış otlaq sahəsinin 27 saylı hissəsində 200 hektar torpaq sahəsi üzərində kompensasiya alan İddiaçı quraşdırdığı ümumi sahəsi 535 kv.m olan quraşdırdığı daşınar qurğu və tikililərin müqabilində "xxxx" MMC şirkəti xüsusi qiymətləndirmə şirkətinin rəyi və tərəflərin qarşılıqlı razılığı əsasında kompensasiya verir, kompensasiya alan isə bu məbləği alaraq heç bir narazılığının olmaması haqqında iltizam verir. Kompensasiyanın cəmi məbləği 14.843 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında 18.06.2020-ci il tarixli akt və eyni tarixli “Qurğu və tikililərin daşınması haqqında” müqavilə bağlanmışdır. Hazırda iddiaçı həmin müqavilənin və aktın etibarsız hesab olunmasını tələb edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə qeyd edir ki, İddiaçı 18.06.2020-ci il tarixli müqavilədə göstərilən şərtlərlə razılaşaraq cavabdeh MMC ilə həmin müqaviləni bağlamışdır. Habelə, hazırki işə baxılarkən iddiaçının cavabdeh ilə müqaviləni bağlayarkən həmin müqavilənin şərtləri ilə tanış olmağa ona hər-hansı maneçiliyin olunması, cavabdeh tərəfindən aldadılması halı öz əksini tapmamışdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Şəmkir rayonu, Ceyrançöl qış otlaq sahəsinin 27 saylı hissəsində yerləşən əmlak kompleksi kimi müəssisənin qiymətləndirmə rəyi 27.03.2019-cu il tarixdə alınıb, sözügedən müqavilə isə 18.06.2020-ci il tarixdə bağlanmışdır. Bu fakt onu göstərir ki, iddiaçı müqavilə bağlayarkən əmlakın qiymətləndirilməsi ilə bağlı rəydən məlumatlı olmuşdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinin “xahiş” hissəsi ziddiyyətlidir. Belə ki, iddiaçı həm cavabdeh ilə aralarında bağlanmış Şəmkir rayon Notariat kontoru tərəfindən təsdiq edilmiş 18.06.2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini, həm də həmin əmlak kompleksinin dəyərinin ödənilməmiş hissəsi - 77 447 manat məbləğində zərərin cavabdehdən tutularaq ona ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Mülki Məcəllənin ümumi yanaşmasına görə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Qeyd edildiyi kimi iddiaçı tərəfindən göstərilən hallardan hər hansı birinin mövcudluğuna dair sübutlar təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bundan əlavə, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş müddəti keçirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Eyni Məcəllənin 329.1 və 329.2-ci maddələrinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göstərilən Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.4-cü maddəsi). Həmin Məcəllənin 337.3-cü maddəsinin tələbinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Eyni Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər-hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Digər tərəfdən, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kəsici müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqinə dair ərizə verməsi də tələb olunmur. Çünki Mülki Məcəllənin 375.2-ci maddəsi yalnız iddia müddətlərinə aiddir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aid olub, həmin müddətin tətbiqi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunmur. İş materiallarından göründüyü kimi iddiaçı hazırki iddia tələbi ilə MM-nin 354.2-ci maddəsində göstərilən kəsici müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və s. tələbi”nə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və s. tələbi”nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar