Məhkəmə qərarları › İş №2(006)-6188/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6188/2021

11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6188/2021 11.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi X1 Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24.01.2020-ci il tarixli müqaviləsinə əsasən, PLAYSTATİON-4 pult üçün 108.8 (yüz səkkiz manat, səksən qəpik) manat ödənilməmiş hissə, 29 (iyirmi doqquz) manat dəbbə; 24.01.2020-ci il tarixli müqaviləsinə əsasən, SONY PLAYSTATİON-4, 2 ədəd HOFFMANN LED televizor üçün 1810.2 (min səkkiz yüz on manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 541 (beş yüz qırx bir) manat dəbbə; 05.02.2020-ci il tarixli müqaviləsinə əsasən, Kenwood Ətçəkən, SAMSUNG Tozsoran üçün 513 (beş yüz on üç) manat ödənilməmiş hissə, 151 (yüz əlli bir) manat dəbbə pulu hesablanmışdır. Ümumilikdə, 3153 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə 05.02.2020-ci il tarixli müqaviləsinə əsasən, PLAYSTATİON-4 pult, SONY PLAYSTATİON-4, 2 ədəd HOFFMANN LED televizor, Kenwood Ətçəkən, SAMSUNG Tozsoran almış və nəticədə 3153 (üç min yüz əlili üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 24.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 118.8 (yüz on səkkiz manat, səksən qəpik) manat (12 ay x 9.9 manat + 0 manat ilkin ödəniş) PLAYSTATİON-4 pult üçün ümumilikdə, 137.8 (yüz otuz yeddi manat, səksən qəpik) manat olmaqla ondan, 108.8 (yüz səkkiz manat, səksən qəpik) manat ödənilməmiş hissə, 29 (iyirmi doqquz) manat dəbbə; 24.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2109.2 (iki min yüz doqquz manat, iyirmi qəpik) manat (12 ay x 164 manat 60 qəpik + 134 manat ilkin ödəniş) SONY PLAYSTATİON-4, 2 ədəd HOFFMANN LED televizor üçün ümumilikdə, 2351.2 (iki min üç yüz əlli bir manat, iyirmi qəpik) manat olmaqla ondan, 1810.2 (min səkkiz yüz on manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 541 (beş yüz qırx bir) manat dəbbə; 05.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 560.4 (beş yüz. altmış manat, qırx qəpik) manat (12 ay x 46 manat 70 qəpik + 0 manat ilkin ödəniş) Kenwood Ətçəkən, SAMSUNG Tozsoran üçün ümumilikdə, 664 (altı yüz altmış dörd) manat olmaqla ondan, 513 (beşyüz on üç) manat ödənilməmiş hissə, 151 (yüz əlli bir) manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 356.4 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək borcun müəyyən qədər azaldılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyərlərini müqavilələrin şərtlərinə uyğun olaraq hissə-hissə ödəmək şərti ilə 24.01.2020-ci il tarixli müqaviləyə əsasən PLAYSTATİON-4 pult; 24.01.2020-ci il tarixli müqaviləyə əsasən SONY PLAYSTATİON-4, 2 ədəd HOFFMANN LED televizor; 05.02.2020-ci il tarixli müqaviləyə əsasən Kenwood Ətçəkən, SAMSUNG Tozsoran almışdır. Müqavilələrin şərtlərinə görə Cavabdeh alınmış əşyalara görə ilkin ödənişli, müxtəlif müddətlərə hər ay müvafiq ödənişlər etməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, 24.01.2020-ci il tarixli bildirişdən, 20056702 nömrəli müqaviləyə əsasən PLAYSTATİON-4 pultu, 24.01.2020-ci il tarixli bildirişdən 20056524 nömrəli müqaviləyə əsasən SONY PLAYSTATİON-4, 2 ədəd HOFFMANN LED televizoru və 05.02.2020-ci il tarixli bildirişdən görünür ki, 20081979 nömrəli müqaviləyə əsasən Kenwood Ətçəkən, SAMSUNG Tozsoranı tam qüsursuz halda təhvil almışdır. 27.01.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən (№ 8********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 24.01.2020-ci il tarixli müqaviləyə əsasən PLAYSTATİON-4 pult üçün 108.8 manat ödənilməmiş hissə, 3 manat dəbbə pulu; 24.01.2020-ci il tarixli müqaviləyə əsasən SONY PLAYSTATİON-4, 2 ədəd HOFFMANN LED televizor üçün 1810.2 manat ödənilməmiş hissə, 50 manat dəbbə pulu; 05.02.2020-ci il tarixli müqaviləyə əsasən üçün 513 manat ödənilməmiş hissə, 15 manat dəbbə pulu olmaqla, cəmi 2500 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, üç müqavilə üzrə müvafiq olaraq 30 manat, 50 manat və 20 manat 40 qəpik məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun tutulması ilə yanaşı, yuxarıda qeyd olunan müqavilələr üzrə müvafiq olaraq 3 manat, 50 manat və 15 məbləğində dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 24.01.2020-ci il tarixli müqaviləyə əsasən PLAYSTATİON-4 pult üçün 108.8 manat ödənilməmiş hissə, 3 manat dəbbə pulu; 24.01.2020-ci il tarixli müqaviləyə əsasən SONY PLAYSTATİON-4, 2 ədəd HOFFMANN LED televizor üçün 1810.2 manat ödənilməmiş hissə, 50 manat dəbbə pulu; 05.02.2020-ci il tarixli müqaviləyə əsasən üçün 513 manat ödənilməmiş hissə, 15 manat dəbbə pulu olmaqla, cəmi 2500 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar