Məhkəmə qərarları › İş №2(006)-6192/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6192/2021

02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6192/2021 02.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlu, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 17.10.2019-cu il tarixli müqaviləyə əsasən Acer Aspire notebook üçün 301 (üç yüz bir) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə, 31.05.2020-ci il tarixli müqaviləyə əsasən Lenova İdeapad notebook, İMEİ X1 Note 8, İMEİ Kodu HA0KKNK0 Lenova markalı tablet üçün 1242 (min iki yüz qırx iki) manat ödənilməmiş hissə, 124 (yüz iyirmi dörd) manat cərimə, ümumilikdə 1697 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh, "xxxx" MMC ilə 17.10.2019cu il və 31.05.2020-ci il tarixli müqaviləsinə əsasən, Acer Aspire notebook, Lenovo İdeapad notebook, İMEİ X1 Note 8 markalı telefon, İMEİ Kodu HA0KKNK0 Lenovo markalı tablet almış və nəticədə 1697 (min altı yüz doxsan yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 17.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1262 (min iki yüz altmış iki) manat (18 ay x 64 manat + 11 0 manat ilkin ödəniş) Acer Aspire notebook üçün ümumilikdə, 331 (üç yüz otuz bir) manat olmaqla ondan, 301 (üç yüz bir) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 30 (otuz) manat cərimə; 31.05.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1732 (min yeddi yüz otuz iki) manat (18 ay x 95 manat 50 qəpik + 13 manat ilkin ödəniş) Lenovo ideapad notebook, İMEİ X1 Note 8 markalı telefon, İMEİ Kodu HA0KKNK0 Lenovo markalı tablet üçün ümumilikdə, 1366 (min üç yüz altmış altı) manat olmaqla ondan, 1242 (min iki yüz qırx iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 124 (yüz iyirmi dörd) manat cərimə hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1451 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə 05.07.2021-ci il tarixdə çatdırılsa da, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə malın alqı-satqısı müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında 31.05.2020-ci il tarixdə ümumi dəyəri 1732 manat təşkil edən Lenovo İdeapad notebook, İMEİ X1 Note 8 markalı telefon, İMEİ Kodu HA0KKNK0 Lenovo markalı tabletin, 17.10.2019-cu il tarixdə isə ümumi dəyəri 1262 manat təşkil edən Acer Aspire notebook alqı-satqısına dair müqavilələr bağlanılmışdır. Tərəflər arasında bağlanmış 27.07.2019-cu il və 31.05.2020-ci il tarixli müqavilələrə əlavə ödəniş cədvəllərinin 2-ci bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İddiaçının 17.10.2019-cu il tarixli müqaviləyə əsasən tələb etdiyi cərimə borcu 30 manat, 31.05.2020-ci il tarixli müqaviləyə əsasən isə 124 manat təşkil edir. 17.10.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 00987528 nömrəli alqı-satqı müqaviləsi üzrə Acer Aspire notebooku tam qüsursuz halda təhvil verilmişdir. 31.05.2020-ci il tarixli təhvil-təslim aktına əsasən 20320567 nömrəli alqı-satqı müqaviləsi üzrə Lenovo İdeapad notebook markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. 19.06.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən (№ ********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə yuxarıda qeyd edilən malın alqı-satqısına dair müqavilələrə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə hissə-hissə ödəmə şərti ilə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və nəticədə 27.08.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən onun tərəf olduğu 17.10.2019-cu il tarixli müqavilə üzrə 301 manat əsas borc, 30 manat cərimə borcu, cəmi 331 manat, 31.05.2020-ci il tarixli müqavilə üzrə isə 1242 manat əsas borc, 124 manat cərimə borcu, cəmi 1366 manat, ümumilikdə isə 1697 manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567, 568.1 və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1 və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilələr üzrə iddiaçı cavabdehdən əşyaların ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 17.10.2019-cu il tarixli müqavilə əsasında əsas borc üzrə 301 manat, cərimə borcu üzrə 30 manat, 31.05.2020-ci il tarixli müqavilə əsasında əsas borc üzrə 1242 manat, cərimə borcu üzrə 124 manat, ümumilikdə hər iki müqavilə üzrə 1697 manat borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. 17.10.2019-cu il tarixli müqavilə əsasında əsas borc üzrə 301 manat, cərimə borcu üzrə 30 manat, 31.05.2020-ci il tarixli müqavilə əsasında əsas borc üzrə 1242 manat, cərimə borcu üzrə 124 manat, cəmi 1697 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar