Məhkəmə qərarları › İş №2(006)-621/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-621/2021

04.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-621/2021 04.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Cavabdeh ilə İddiaçı arasında cavabdehin övladı X2 təhsil alması məqsədi ilə 2019-2020-ci tədris ili üçün xx.xx.2019- cu il tarixdə “tam orta təhsil xidməti haqqında” müqavilə bağlanmışdır. Bağlanmış müqavilə əsasında cavabdeh müqavilənin 2.2-ci maddəsi ilə müəyyən edilmiş illik 5850 manat məbləğindəki təhsil haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh tərəfindən imzalanmış müqavilə üzrə götürülmüş öhdəliklər icra edilməmişdir. Tərəflər arasında yaranmış bu mübahisəni məhkəmədənkənar pretenziya qaydasında dəfələrlə həll etməyə çalışsalar da, lakin bu heç bir nəticə verməmişdir. Belə ki, tərəflərindən cavabdehlə təhsil haqqının ödənilməsi ilə əlaqədar uzun müddət şifahi və yazılı şəkildə danışıqlar aparıldıqdan sonra bu danışıqlar heç bir nəticə vermədiyindən cavabdehə birinci dəfə bildiriş göndərilərək ölkədə yaranmış vəziyyətlə əlaqədar olaraq təhsil haqqı məbləğinə güzəşt edildiyi bildirilmiş və güzəşt məbləği çıxıldıqdan sonra qalıq məbləği ödəməsi üçün imkan yaradılmışdır. Lakin, cavabdeh tərəfindən bundan sonra da öhdəliyin icrası istiqamətində hər hansı bir tədbir görülməmişdir. Daha sonra tərəflərindən cavabdehə ikinci dəfə bildiriş göndərilərək təhsil haqqı məbləğinin və tərəflər arasında imzalanmış müqaviləyə əsasən gecikdirilmiş təhsil haqqı məbləğinə görə hesablanmış cərimə məbləğinin müəyyən edilmiş müddət ərzində ödənilməsi xahiş edilmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən öhdəlik yenə də icra edilməmiş qalmışdır. Cavabdeh 2019-2020-ci tədris ilinə görə müqavilə ilə müəyyən edilmiş 5850 (beş min səkkiz yüz əlli) manat məbləğindəki vəsaiti tam şəkildə müqavilənin digər tərəfi olan və cavabdehin övladına tam orta təhsil xidməti göstərən iddiaçı məktəbə ödəməli olduğu halda həmin vəsaiti bu günədək ödəməmişdir. Bu günki gündə cavabdehin iddiaçı məktəb qarşısında ödənilməmiş 3450 (üç min dörd yüz əlli) manat məbləğində təhsil haqqı borcu vardır. Tərəflər arasında imzalanmış “tam orta təhsil xidməti haqqında” müqavilənin 2.2.3-cü maddəsinə əsasən “Şagird təhsil haqqını 2019-2020ci dərs ilinin hər ayının sonunda mütləq ödəməlidir, bu tarixə qədər şagird təhsil haqqını ödəmədikdə, gecikdirilmiş hər gün üçün təhsil haqqının ümumi məbləğinin 0.3% həcmində dəbbə pulu (penya) ödəyir”. Cavabdeh tərəfindən təhsil haqqı ödənişi ilə bağlı öhdəlik icra edilmədiyindən iddiaçı məktəb tərəflər arasında imzalanmış müqavilənin 2.2.3-cü maddəsini rəhbər tutaraq xx.xx.2020-ci il tarixinədək cavabdehə ümumilikdə 2194 manat məbləğində cərimə hesablamışdır. Beləliklə də, cavabdehin iddiaçı qarşısında bu günki gündə ödənilməmiş 3450 manat məbləğində təhsil haqqı borcu və təhsil haqqı borcunun gecikdirilməsinə görə hesablanmış 2194 manat məbləğində cərimə, ümumilikdə 5644 manat məbləğində borcu vardır. Göstərilənlərə əsasən Cavabdeh İddiaçı xeyrinə 3450 manat məbləğində təhsil haqqı borcunun, təhsil haqqı borcunun gecikdirilməsinə görə hesablanmış 2194 manat məbləğində cərimənin, ümumilikdə 5644 manat məbləğində vəsaitin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Eyni zamanda, izahatında göstərmişdir ki, ölkədə baş vermiş pandemiya ilə bağlı distant təhsil sisteminə keçirilməsi barədə bütün şagirdlərin valideynlərinə “vatsapp” vasitəsi ilə məlumat verilmişdir. O cümlədən, cavabdehə də bu barədə məlumat verilmiş və onun uşağı onlayn qaydada təhsil almışdır. Bu barədə müvafiq sübutlar var. Məhkəməyə “vatsapp” yazışmalarının çıxarışlarının bir hissəsi təqdim olunmuşdur. Valideynlərdən yalnız biri müqavilənin ləğvi ilə bağlı məktəbə müraciət etmiş və onun müraciəti əsasında müqavilə ləğv edilmişdir. Eyni zamanda güzəşt məqsədilə şagirdlərin valideynlərinə ödəmələrdə azalmalarla bağlı 20 №-li əmr qəbul edilmiş və bu barədə bütün valideynlərə müvafiq bildirişlər göndərilmişdir. Cavabdehdən başqa digər valideynlər həmin güzəşt şərtlərindən istifadə edərək ödənişləri həyata keçirmişlər. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, onun uşağı onlayn dərs keçməmişdir. Məktəb tərəfindən ona rəsmi qaydada dərslərin onlayn keçirilməsi barədə məlumat verilməmişdir. Yəni məktəb onunla bağladığı müqavilə şərtlərini pozmuşdur. Müqavilə kommersiya müqaviləsidir. Bildiriş gəlmədiyinə görə o fikrini bildirməmişdir. Yəni dərslərin bu səviyyədə keçirilməsinə razı olub-olmamasını ona görə bildirməmişdir. Bu müddət ərzində uşaq nə nəqliyyatdan istifadə etmiş, nə də məktəb tərəfindən onlar yeməklə təmin olunmamışdır. İddiaçı müqavilə şərtlərinin tələblərini pozduğuna görə onun məktəb qarşısında hər hansı öhdəliyi yoxdur və məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə şagird X2 valideyni Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 144 saylı “Tam orta təhsil xidməti haqqında” müqavilədən görünür ki, 2019- 2020-ci tədris ili üçün təhsil haqqı hər bir şagird üçün 5850 manat təşkil edir. Müqavilənin 2.1.12-ci maddəsinə əsasən qarşıalınmaz (forsmajor) hadisələr nəticəsində tədrisin pozulmasına və başqa mənfi hüquqi nəticəli hallara görə “Məktəb” məsuliyyət daşımır. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən hər bir şagird üçün müqavilə üzrə ödənilməli olan 5850 manat təhsil haqqından valideyn Cavabdeh tərəfindən 2400 manat təhsil haqqı ödənilmişdir, qalıq borcu 3450 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək qalıq borc məbləğinə hesablanmış cərimə 2194 manat, ümumi borc 5644 manat təşkil edir. İş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixli 20 №-li əmrinə əsasən ölkə ərazisində koronavirus infeksiyasının yayılması ilə əlaqədar Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərilən bütün təhsil müəssisələrində tədris və təlim-təribyə prosesi dayandırıldığından və dərslər onlayn qaydada həyata keçirildiyindən, cari ilin mart, aprel, may və iyun ayları üzrə ödənilməli təhsil haqqı məbləğlərinə valideynlərin maddi vəziyyəti nəzərə alınaraq aşağıdakı məbləğdə güzəşt tətbiq edilsin: - 1-2 siniflərdə təhsil alan şagirdlərə görə (nəqliyyat vasitəsindən istifadə nəzərdə tutulduğu halda) – 550 manat. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında Cavabdeh uşağının təhsil alması məqsədi ilə 2019-2020-ci tədris ili üçün xx.xx.2019-cu il tarixdə tam orta təhsil xidməti haqqında müqavilə bağlanmışdır və həmin müqaviləyə əsasən cavabdeh uşaq üçün 5850 manat məbləğində təhsil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, respublikda baş verən pandemiya ilə əlaqədar dərslərin əyani şəkildə keçirilməsi məktəb tərəfindən dayandırılmış və dərslər onlayn yolu ilə keçirilməyə davam etdirilmişdir. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən cəmi 2400 manat təhsil haqqını ödənilmiş, yerdə qalan hissəni isə cavabdeh ödəməkdən imtina etmişdir. Həmin imtinanın səbəbini cavabdeh respublikada baş verən pandemiyanın və iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulan dərslərin keçirilməməsi ilə əsaslandırmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Tərəflər arasında bağlanılmış müqavilənin 2.1.12-ci bəndindən göründüyü kimi iddiaçı baş verən fors major hallara görə hər hansı məsuliyyət daşımır. Müqavilənin bu bəndinə şərh verərək məhkəmə qeyd edir ki, respublikada baş verən pandemiya fors major hal hesab edilir və belə halın baş verməsi məlum olduğu kimi nə iddiaçının, nə də cavabdehin iradəsindən asılı deyil. Bununla belə müqavilə şərtlərinə əsasən iddiaçı xidmət göstərən şəxs kimi fors major hallara görə məsuliyyət daşımadığı üçün, cavabdehin həmin halı əsas tutaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən imtina etməsi, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən imtina kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 430.2-ci maddəsinə əsasən öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir. Qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanılmış xx.xx.2019-cu il tarixli müqavilədə fors major hallara görə iddiaçının məsuliyyət daşımaması müəyyən edilsə də, cavabdehin həmin əsasa görə müqavilədən birtərəfli qaydada imtina etmək hüququ nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən fors major halı əsas tutaraq müqavilənin icrasından birtərəfli qaydada imtina etməsi öhdəliyin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Qeyd edilən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. (maddə 488.2). Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdeh fors major halın baş verməsinə görə müqavilənin dəyişdirilməsi və ya ona xitam verilməsi ilə bağlı da iddiaçıya müraciət etməmişdir. Halbuki, baş vermiş fors major hal müqavilənin dəyişdirilməsi, ona xitam verilməsi ilə bağlı xidmət göstərən məktəbə müraciət etmək üçün əsasdır. Məhkəmə cavabdehin iddiaçı tərəfindən müqavilə şərtlərinin pozulması, dərslərin onlayn keçirilməsi barədə ona rəsmi məlumat verilməməsi, uşağının onlayn təhsil almaması, bu səbəbdən məktəb qarşısında hər hansı öhdəliyin olmaması barədə dəlilləri üzrə qeyd edir ki, məhkəmə araşdırması zamanı bütün şagird valideynlərinə “Vatsapp” vasitəsi ilə onlayn dərslərin keçirilməsi ilə bağlı məlumat verilməsi, cavabdehin uşağının onlayn qaydada dərsdə iştirak etməsi faktları təsdiq olunduğundan, cavabdehin yuxarıda qeyd edilən dəlilləri əsaslı hesab edilə bilməz. Beləliklə cavabdehin müqavilə üzrə ödənilməmiş qalmış məbləğin ödənilməsindən birtərəfli qaydada imtina etməsi öhdəliyin pozulması kimi qiymətləndirilməlidir. Lakin məhkəmə cavabdehin uşağının tədrisin onlayn qaydada keçirilməsi müddəti ərzində nəqliyyat vasitəsinin xidmətindən istifadə etməməsini, eyni zamanda həmin müddət ərzində qida məhsulları ilə təmin olunmamasını nəzərə alaraq hesab edir ki, məktəbin xx.xx.2020-ci il tarixdə qəbul etdiyi 20 saylı əmrə müvafiq uşağa görə 550 manat məbləğində güzəşt tətbiq olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi uşağa görə 2900 (3450-550=2900) manat məbləğində ödənilməmiş təhsil haqqının tutulması hissəsində qismən əsaslı hesab edilərək təmin edilməlidir. Məhkəmə iddia tələbinin borcun ödənilməsinin gecikdirilməsinə görə 2194 manat cərimənin tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsaslı hesab edilə bilməz. Belə ki, tərəflər arasında bağlanılmış müqavilənin 2.2.3-cü bəndinə əsasən şagird təhsil haqqını ödəmədikdə, gecikdirilmiş hər gün üçün təhsil haqqının ümumi məbləğinin 0,3% həcmində dəbbə pulu ödəyir. Məhkəmə qeyd edir ki, müqavilə üzrə ödəniş o halda gecikdirilmiş hesab edilə bilər ki, cavabdeh bunu qəsdən etsin və müqavilə üzrə üzərinə götürmüş öhdəliyi icra etməkdən heç bir əsas olmadan imtina etsin. Lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında xidmətin göstərilməsi ilə bağlı mübahisə yaranmışdır və öhdəliyin icra edilməsindən imtina yaranmış mübahisə ilə bağlı ödənilməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçının müqavilənin 2.2.3-cü bəndinə istinad edərək cavabdehdən cərimə tələb etməsi əsaslı və qanuni hesab edilə bilməz. Məhkəmə, həmçinin qeyd edir ki, cavabdehin müqavilənin icrasından birtərəfli qaydada imtina etməsi müqavilə ilə nəzərdə tutulmasa da, iddiaçı müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün cavabdehlə birgə hərəkət etməli idi. Lakin göründüyü kimi tərəflər arasında baş vermiş fors major halla bağlı razılıq əldə edilməmiş və mübahisə yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında müqavilənin icrası ilə bağlı yaranmış mübahisə cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin icrasının gecikdirilməsi kimi qiymətləndirilə bilməz və bu səbəbdən iddia tələbi 2194 manat cərimənin tutulması hissəsində əsassızdır və təmin edilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2900 (iki min doqquz yüz) manat təhsil haqqı borcu və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 15 (on beş) manatı olmaqla, cəmi 2915 (iki min doqquz yüz on beş) manat məbləğində pul alınaraq İddiaçınə ödənilməli, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun qalan 15 (on beş) manatı isə iddiaçıya aid edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2900 (iki min doqquz yüz) manat təhsil haqqı borcu və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 15 (on beş) manatı olmaqla, cəmi 2915 (iki min doqquz yüz on beş) manat məbləğində pul alınaraq İddiaçınə ödənilsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun qalan 15 (on beş) manatı isə iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar