Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6217/2021 18.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «əsassız olaraq hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «əsassız olaraq hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı artıq uzun illərdi ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Təxminən 2020-ci ilin noyabr ayında günorta saatlarında evdə işıqları sönmüş, onun tərəfindən cavabdehə müraciət edilmişdir. Müraciəti ilə əlaqədar olaraq "xxxx" ASC-nin nümayəndələri ünvana yaxınlaşmış, sayğaca yerində baxış keçirdikdən sonra məlum olmuşdur ki, sayğaca gedən kabelin yanması nəticəsində onun yararsız vəziyyətdə olduğunu və yeni kabelin quraşdırılması zərurətinin meydana gəldiyini bildirmişlər. İddiaçı buna etiraz etməmiş və həmin gün kabeli dəyişmişdir. Bundan sonra 23.12.2020-ci il tarixdə "xxxx" ASC tərəfindən 020859 nömrəli akt tərtib edilmişdir. Baxış zamanı aşkar olunmuş nöqsanlar barədə iddiaçıya məlumat verilməmiş, sonradan sayğacın ekranında qaraltının mövcüd olması sayğacın ekranın oxunmasının qeyrimümkün olması ona bildirilmişdir. Belə ki, 13.01.2021-ci il tarixli qəbzə əsasən iddiaçının "xxxx" ASC-yə 2654,09 manat məbləğində borcunun mövcud olduğunu bildirmişlər. İddiaçı tərəfindən 13.01.2021-ci il tarixinə qədər hər ay qapıya qoyulmuş qəbzdə göstərilən məbləğləri vaxtı-vaxtında ödəmişdir və həmin ödənilmiş qəbzlər onda mövcuddur. Belə ki, iddiaçı tərəfindən Nərimanov rayon İşıq İdarəsinə bu barədə dəfələrlə müraciətlər edilmiş və ona bildirilmişdir ki, göndərilmiş usta tərəfindən sayğacın ekranının oxunmamasını aşkar etmişdir, lakin ona bu barədə nəyin ki, məlumat verilməmiş, həmçinin xəbərdarlıq da edilməmiş. İddiaçının ailəsi üç nəfərdən ibarət olmasına baxmayaraq, iki ay müddətində bu qədər absurd borc məbləği necə yaranması qeyri-mümkündür və ən əsası əgər sayğacın ekranında olan rəqəmlər oxunmursa, qəbzə yazılan aylıq məbləğ haradan götürülmüşdür. Göstərilənlərə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 13 yanvar 2021-ci il tarixli iddiaçıya məxsus yaşayış evinə verilən işıq üçün əsassız olaraq yazılmış 2654,09 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" ASC tərəfinbdən tərtib olunmuş 23.12.2020-ci il tarixli, 020859 saylı aktın etibarsız hesab edilməsi və həmin akt üzrə hesablanmış 2654,09 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib,iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işin materiallarında olan "xxxx" ASC-nin 23.12.2020-ci il tarixli NDM № 020859 saylı aktından görünür ki, "xxxx" ASC-nin əməkdaşlarının iştirakları ilə iddiaçının yaşadığı ünvanında baxış keçirən zamanı məlum olmuşdur ki, sayğacın ekranında qaraltının olması, sayğac göstəricinin oxunmaması, alt qapaq möhürünün qırılması, giriş fazanın qrifində ərimə izlərin olması, sayğacın giriş və çıxış xətləri birbaşa qoşularaq sayğac sxemdən kənarlaşdırılması göstərilmişdir. Həmin aktdan görünür ki, yoxlama zamanı hal şahidləri və abonent iştirak etməmişdir. İş üzrə NDM 020859 saylı 23.12.2020-ci il tarixli akta əsasən Aktlar üzrə Komissiyanın 13.01.2021-ci il tarixli qərarına əsasən İddiaçı əlavə olaraq 2654,76 manat əlavə sərfiyyat hesablanmışdır. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş **********20024 saylı abonentin «Abunə Haqqında» kompyüterdən çıxarışdan görünür ki, abonentə 13.01.2021-ci ildə NDM 020859 saylı akt əsasında cəmi 2564,76 manat əlavə ödəniş hesablanmışdır. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş 02.09.2021-ci il tarixli bildirişdən görünür ki, İddiaçı ödəməli olduğu məbləğ cəmi 2674,6 manat təşkil etmiş, ondan 2654 manat qalıq borc kimi göstərilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Göstərilən Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Eyni Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qeyd olunan Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən 22 saylı evin 24 saylı mənzilinə aid olan elektrik sayğacına cavabdeh təşkilatın əməkdaşları tərəfindən 23.12.2020-ci il tarixdə baxış keçirilərkən sayğacın ekranında qaraltının olması, sayğac göstəricinin oxunmaması, alt qapaq möhürünün qırılması, giriş fazanın qrifində ərimə izlərin olması, sayğacın giriş və çıxış xətləri birbaşa qoşularaq sayğac sxemdən kənarlaşdırılması aşkar olunmuş və bu barədə nəzarətçilər tərəfindən NDM 020859 saylı akt tərtib edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı barəsində tərtib edilmiş akt əsasında cavabdeh təşkilatın akt komissiyası tərəfindən ona 24776 kvts əlavə sərfiyyat, yəni 2654,76 manat borc hesablanmış və sayğac yenisi ilə əvəz edilmişdir. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, iddiaçının mənzilinə aid olan elektrik sayğacına baxış keçirilərkən və akt tərtib edilərkən iddiaçının iştirakı təmin edilməmiş və hal şahidləri dəvət edilməmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh təşkilatın nümayəndələri tərəfindən akt tərtib edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın tələbləri pozulduğundan, yəni akt tərtib edilərkən hal şahidlərinin iştirakı təmin olunmadığından, tərtib edilmiş aktın mötəbərliyi şübhə doğurur. Digər tərəfdən iddiaçıya 24776 kvts əlavə sərfiyyat 360 gün üçün hesablanmış və həmin müddətin nə üçün götürülməsini cavabdehin nümayəndəsi məhkəmə iclasında əsaslandıra bilməmişdir. Məhkəmə digər tərəfdən qeyd edir ki, iddiaçının mənzilinə aid olan sayğac pilləkən meydançasında quraşdırıldığı üçün həmin sayğacın üzərindəki olan qüsurlarına iddiaçı cavabdehlik daşımır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanlımasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enercitəshizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Məhkəmə hesab edir ki, iddiaçının mənzilinə aid olan sayğac binanın pilləkan meydançasından yerləşdiyindən, həmin sayğacın ekranında qaraltının olmasına, sayğac göstəricinin oxunmamasına, alt qapaq möhürünün qırılmasına, giriş fazanın qrifində ərimə izlərin olmasına, sayğacın giriş və çıxış xətləri birbaşa qoşularaq sayğac sxemdən kənarlaşdırılmasına görə iddiaçı cavabdehlik daşımır və bu səbəbdən aşkar olunmuş pozuntuya görə iddiaçıya əlavə sərfiyyatın hesablanması əsaslı hesab edilə bilməz. Beləliklə məhkəmə cavabdeh təşkilatın əməkdaşları tərəfindən akt tərtib olunarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın tələblərinin pozulmasını, əlavə borcun hesablanması üçün 360 günlük sərfiyyat hesabatının aparılmasını əsassız və həqiqətə uyğun olmamasını, həmçinin iddiaçıya aid sayğacın pilləkan meydançasında yerləşməsini və həmin sayğacda olan qüsurlarına görə cavabdeh təşkilatın cavabdehlik daşımasını nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin iddianın digər hissəsi olan borcun silinməsi ilə bağlı isə qeyd edir ki, borc məbləği mübahisəli akt üzrə yarandığından və qeyd olunan akt etibarsız hesab edildiyindən iddia tələbi borcun silinməsi hissəsində də təmin edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 23 yanvar 2020-ci il tarixli, NDM 020859 saylı akt etibarsız hesab edilməklə həmin akt əsasında hesablanmış 2654,09 (iki min altı yüz əlli dörd manat doqquz qəpik) manat məbləğində borc İddiaçı məxsus **********20024 saylı abunə hesabından silinməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 23 yanvar 2020ci il tarixli, NDM 020859 saylı akt etibarsız hesab edilməklə həmin akt əsasında hesablanmış 2654,09 (iki min altı yüz əlli dörd manat doqquz qəpik) manat məbləğində borc İddiaçı məxsus **********20024 saylı abunə hesabından silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-6217/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6217/2021
18.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver