Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6250/2021 20.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə 08.02.2020-ci il və 25.02.2020-ci il tarixli müqavilələrinə əsasən, “Nikon” fotoaparat, “Samsung” yaddaş kartı, “X4” fotoaparat çantası, “Soft” - Yumsaq - 3 yerli mebel əşyası, “Verona” Alyans-Masa, 2 ədəd “Venetsiya” mebel əşyası, “Adona” jurnal masa almış və nəticədə 3473 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 08.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3072 AZN “Nikon” fotoaparat, “Samsung” yaddaş kartı, “X4” fotoaparat çantası üçün ümumilikdə, 2732 AZN olmaqla ondan, 2272 AZN ödənilməmiş hissə, 460 AZN dəbbə; 25.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1310.4 AZN “Soft” - Yumsaq - 3 yerli mebel əşyası, “Verona” Alyans-Masa, 2 ədəd “Venetsiya” mebel əşyası, “Adona” jurnal masa üçün ümumilikdə, 741 AZN olmaqla ondan, 660 AZN ödənilməmiş hissə, 81 AZN dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1450.4 AZN təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Göstərilənlərə əsasən, 08.02.2020-ci il tarixli müqaviləsinə əsasən, “Nikon” fotoaparat, “Samsung” yaddaş kartı, “X4” fotoaparat çantası üçün 2272 AZN ödənilməmiş hissə, 460 AZN dəbbə; 25.02.2020-ci il tarixli müqaviləsinə əsasən, “Soft” - Yumsaq - 3 yerli mebel əşyası, “Verona” Alyans-Masa, 2 ədəd “Venetsiya” mebel əşyası, “Adona” jurnal masa üçün 660 AZN ödənilməmiş hissə, 81 AZN dəbbə pulu, ümumilikdə 3473 AZN borc və 30 AZN ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəblərini məhkəməyə bildirməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 08.02.2020-ci il tarixli, № 20088144 saylı müqavilədən görünür ki, "xxxx" MMC “Nikon” fotoaparat, “Samsung” yaddaş kartı, “X4” fotoaparat çantasını Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 24 ay müddətinə hər ay 128 AZN ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 25.02.2020-ci il tarixli, № 20126155 saylı müqavilədən görünür ki, "xxxx" MMC “Soft” - Yumsaq - 3 yerli mebel əşyası, “Verona” Alyans-Masa, 2 ədəd “Venetsiya” mebel əşyası, “Adona” jurnal masasını Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 24 ay müddətinə hər ay 54,60 AZN ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 30 avqust 2021-ci il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə 08.02.2020-ci il tarixli müqavilə üzrə 2272 AZN ödənilməmiş hissə, 460 AZN dəbbə pulu, 25.02.2020-ci il tarixli müqavilə üzrə 660 AZN ödənilməmiş hissə, 81 AZN dəbbə pulu olmaqla, ümumilikdə 3473 AZN məbləğində borcu vardır. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış bildirişlərdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" MMC ilə Cavabdeh arasında 08.02.2020-ci il və 25.02.2020-ci il tarixli əşyanın nisyə alqı-satqısına dair müqavilələr bağlanmış, həmin müqavilələrə əsasən "xxxx" MMC “Nikon” fotoaparat, “Samsung” yaddaş kartası, “X4” fotoaparat çantası, “Soft” - Yumsaq - 3 yerli mebel əşyası, “Verona” Alyans-Masa, 2 ədəd “Venetsiya” mebel əşyasını Cavabdeh vermişdir. Cavabdeh isə müqavilələrdə göstərilmiş müddətdə müqavilələrin şərtlərini yerinə yetirməyi öhdəsinə götürmüş, lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər tam icra edilməmiş və nəticədə onun hazırkı tarixədək "xxxx" MMC-yə 08.02.2020-ci il və 25.02.2020-ci il tarixli müqavilələr üzrə ümumilikdə 3473 AZN borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə məbləği ilə bağlı hissədə qismən təmin edilərək cərimə məbləği azaldılaraq, 08.02.2020-ci il və 25.02.2020-ci il tarixli müqavilələr üzrə cəmi 70 (50+20) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 08.02.2020-ci il tarixli müqaviləyə əsasən 2272 AZN (iki min iki yüz yetmiş iki manat) ödənilməmiş hissə, 50 AZN (əlli manat) dəbbə pulu, 25.02.2020-ci il tarixli müqaviləyə əsasən 660 AZN (altı yüz altmış manat) ödənilməmiş hissə, 20 AZN (iyirmi manat) dəbbə pulu, ümumilikdə 3002 AZN (üç min iki manat) məbləğində borc və 30 AZN (otuz manat) ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 08.02.2020-ci il tarixli müqaviləyə əsasən 2272 AZN (iki min iki yüz yetmiş iki manat) ödənilməmiş hissə, 50 AZN (əlli manat) dəbbə pulu, 25.02.2020-ci il tarixli müqaviləyə əsasən 660 AZN (altı yüz altmış manat) ödənilməmiş hissə, 20 AZN (iyirmi manat) dəbbə pulu, ümumilikdə 3002 AZN (üç min iki manat) məbləğində borc və 30 AZN (otuz manat) ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-6250/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6250/2021
20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver