Məhkəmə qərarları › İş №2(006)-6276/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6276/2021

13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6276/2021 13.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin cavabdeh Rəşı̇ dov Baba Vahı̇ d oğluna qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh Rəşı̇ dov Baba Vahı̇ d oğluna qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış 21.05.2019-cu il tarixli, MAS-850 saylı daxili lizinq müqaviləsinə əsasən İddiaçı MMC "xxxx" MMCdən 2 (iki) ədəd “Khazar SD” markalı, ** PH *** və ** PH *** dövlət qeydiyyat nişanlı minik avtomobillərini lizinqə almışdır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən lizinq alan lizinq obyektini sublizinq və ya kirayəyə vermək hüququ göstərilmişdir. Həmin müqaviləyə əlavə olaraq tərəflər arasında bağlanmış 21.05.2019-cu il tarixli razılaşmanın 1.1-ci bəndinə əsasən lizinq obyekti yol-nəqliyyat hadisəsi və digər sığorta hadisəsi nəticəsində zədələndikdə, məhv olduqda lizinq alan 24 (iyirmi dörd) saat müddətində lizinq obyektini sığortalayan sığorta şirkətini məlumatlandırmağı öhdəsinə götürmüşdür. Həmin əlavənin 1.2-ci hissəsinə əsasan razılaşmanın 1.1-ci bəndinə qeyd olunan öhdəlik lizinq alan tərəfindən icra edildikdə sığorta hadisəsi nəticəsində Lizinq obyektinə dəymiş maddi ziyan tam həcmdə lizinq alan tərəfindən lizinq verənə ödənilməlidir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 02.03.2020-ci il tarixli, 14 nömrəli daxili lizinq müqaviləsinə əsasən “Khazar SD” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə (sahibliyinə və istifadəsinə) verilmişdir. Həmin icarə müqaviləsinə 1 saylı əlavəyə (ödəniş cədvəlinə) və müqavilənin 6-ci bəndinə əsasən cavabdeh 20 həftə ərzində hər həftə 150,0 manat, sonra isə hər həftə üçün 120,0 manat icarə haqqı ödəniş etməyi öhdəlik götürmüşdür. Həmin müqavilənin 7.5-ci bəndinə əsasən bu müqavilənin icra edilməməsi və ya lazımınca icra edilməməsinə görə “İcarəçiyə” qarşı belə mülki hüquqi sanksiyalar tətbiq edilə bilər: icarə obyektinin təhvil müddətində qəbul etmədiyinə görə - hər gecikdirilmiş gün üçün lizinq ödənişinin ümumi məbləğinin 0,5 %- həcmində, icarə ödənişləri bu müqavilə ilə müəyyən edilən müddətlərdə və ya məbləğdə icra edilmədiyinə görə hər gecikdirilmiş gün üçün ödənilməyən lizinq ödənişi borcunun məbləğinin 1%-i həcmində cərimə ödənilməlidir. Bütün bunlara baxmayaraq, cavabdeh 08.06.2020-ci il tarixinədək normal qaydada ödənişlər etsə də, bundan sonra heç bir ödəniş etməmişdir. Cavabdehin 15.06.2020-ci il tarixdə iddiaçıya yazdığı ərizədən görünür ki, cavabdeh 08.06.2020-ci il tarixdə saat 15:00 radələrində Fatmai kəndi ərazisində avtomobili divara vurması nəticəsində yararsız vəziyyətə salmışdır. Eyni zamanda da, yəni 15.06.2020-ci il tarixdə cavabdeh iddiaçıya 2-ci ərizə ilə müraciət edərək icarəyə götürdüyü avtonəqliyyat vasitəsinə vurduğu zərəri işləyə-işləyə ödəməyə şərait yaratmağı xahiş etmişdir. Bundan sonra, cavabdeh avtomobilə dəymiş zərəri aradan qaldırmamış (təmir etdirməmiş) və iddiaçıya heç bir ödəniş etməmişdir. Hal-hazırda cavabdehin avtomobilə dəymiş zərər (qüsur aktına əsasən yarasız vəziyyətə düşmüş ehtiyat hissələrinin qiyməti) 7355 manat, təmir xərcləri (usta) isə 2840 manat olmaqla, cəmi 10195 manat, cavabdehin bu günə iddiaçıya icarə müqaviləsi üzrə isə (7 həftə x 150 = 1050) manat, (57 həftə x 120 = 6840) borcu, gecikdirilmiş hər gün (400 gün x 1%) gecikdirilmiş icarə ödənişlərinin 1% olmaqla, cəmi 2720 manat cərimə borcu, cəmi 10610,00 olmaqla, ümumilikdə cavabdehin iddiaçıya cəmi vurduğu zərər 20805 manat təşkil edir. Həmin avtonəqliyyat vasitəsinin 64 həftəlik ödənişləri cavabdeh tərəfindən iddiaçıya ödənilmədiyi halda da, iddiaçı həmin avtonəqliyyat vasitəsinin də bütün borcunu lizinq verənə ödəmişdir. Göstərilənlərə əsasən cavabdeh tərəfindən "xxxx" MMC-yə vurulmuş 20805 manat məbləğində zərərin və iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddianı müdafiə etdi, iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Rəşı̇ dov Baba Vahı̇ d oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilsə də, onun həmin ünvanda yaşamaması səbəbindən bildiriş ona çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Rəşı̇ dov Baba Vahı̇ d oğlu arasında bağlanmış 02.03.2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, “icarəyə verən” “Khazar SD” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomobili bu müqavilə ilə müəyyənləşdirilmiş müddətə və şərtlərlə “icarəçi”yə müvəqqəti sahibliyə və istifadəyə verməyi, “icarəçi” isə icarə obyektini qəbul edib, müəyyənləşdirilmiş dövriliklə icarə ödənişlərini icra etməyi öhdələrinə götürürlər. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən icarə ödənişləri aşağıdakı qaydada həyata keçirilir, o cümlədən -ilkin ödəniş – 1500 manat təşkil edir; o cümlədən avtomobili icarəyə qəbul edərkən 900 manat, digər 600 manat məbləği isə bərabər hissələrlə 20 həftə ərzində ödəmək şərti ilə; -cari ödənişin (həftəlik ödənişin) məbləği həftədə 120 manat müəyyən edilir; ilk 20 həftə isə 150 manat təşkil edir; -ümumi icarə ödənişinin müddəti 240 həftə müəyyənləşdirilir (ilkin ödənişlərdən əlavə cəmi 288800 manat ödənilməlidir). Həmin müqavilənin 7.5-ci bəndinə əsasən bu müqavilənin icra edilməməsi və ya lazımınca icra edilməməsinə görə icarəçiyə qarşı aşağıdakı mülki-hüquqi sanksiyalar tətbiq edilə bilər: -icarə obyektini təhvil müddətində qəbul etmədiyinə görə - hər gecikdirilmiş gün üçün lizinq ödənişlərinin ümumi məbləğinin 0,5%həcmində cərimə; -icarə ödənişlərini bu müqavilə ilə müəyyən edilən müddətlərdə və ya məbləğdə icra etmədiyinə görə hər gecikdirilmiş gün üçün ödənilməyən lizinq ödənişi borcunun məbləğinin 1,0%-i həcmində cərimə. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 24.11.2020-ci il tarixli qüsur aktından görünür ki, “Khazar SD” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 10.195 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Rəşı̇ dov Baba Vahı̇ d oğlu "xxxx" MMC-yə 20.905 manat ziyan vurmuşdur, o cümlədən 08.06.2020- 01.09.2021-ci il tarixlərə icarədən olan borc: yeddi həftə x 150 manat=1050 manat, əlli yeddi həftə x 120 manat = 6840 manat, gecikdirilmiş icarə ödənişlərinin 1% = 2720 manat, əmlaka (avtomobilə) dəymiş maddi ziyan – 10.195 manat, dövlət yol polisi protokolları (İXP-3185187) üzrə cərimə - 100 manat təşkil edir. Beləliklə, işin materialları ilə müəyyən olundu ki, "xxxx" MMC lizinq obyektini sublizinq qismində Rəşı̇ dov Baba Vahı̇ d oğluna müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Eyni Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş və öhdəlikləri icra etmədiyi üçün iddiaçı qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcələnin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Daxili lizinq müqaviləsinin 3.2-ci bəndinə əsasən lizinq alan lizinq obyektindən lizinq müqaviləsinin şərtlərinə və ya təyinatına uyğun istifadə etmədikdə lizinq verənin müqaviləni ləğv etmək hüququ vardır. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən lizinq alan ona verilmiş aylıq ödəniş cədvəli üzrə 2 (iki) ay dalbadal ödənişləri etməsə, hər gecikdirilmiş gün üçün aylıq ödənişlərin 1 (bir) faizi həcmində cərimə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə müvafiq olaraq, lizinq predmetinin qalıq məbləğinin illik 5 (beş) faizi həcmində faiz borcunu ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12 və 748-1.12.4-cü maddələrinin tələbinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək hüququ vardır. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir (həmin Məcəllənin 748-2.1-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-11.1.5-ci maddəsinə əsasən lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ lizinq ödənişlərinin ümumi məbləğinə daxildir. İşin materiallarından və iddiaçının nümayəndəsinin izahatından da göründüyü kimi cavabdeh Rəşı̇ dov Baba Vahı̇ d oğlu lizinq obyektini istifadəsinə qəbul edərək, iddiaçıya müvafiq ödənişləri həyata keçirməyi öz üzərinə öhdəlik götürmüş, lakin müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, ödənişləri gecikdirmiş və beləliklə də iddiaçı ilə bağladığı müqavilənin şərtlərini pozmuşdur. Eyni zamanda, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh Rəşı̇ dov Baba Vahı̇ d oğlu “Khazar SD” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomobil idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə lizinq obyekti olan avtomobilə zərər dəymişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Rəşı̇ dov Baba Vahı̇ d oğlundan 20.805 (iyirmi min səkkiz yüz beş) manat əsas və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 20.835 (iyirmi min səkkiz yüz otuz beş) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Rəşı̇ dov Baba Vahı̇ d oğlundan 20.805 (iyirmi min səkkiz yüz beş) manat əsas və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 20.835 (iyirmi min səkkiz yüz otuz beş) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar