Məhkəmə qərarları › İş №2(006)-629/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-629/2022

30.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-629/2022 30.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər X6 və Cavabdeh2 qarşı “ümumi mülkiyyətdən payın ayrılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər X6 və Cavabdeh2 qarşı “ümumi mülkiyyətdən payın ayrılması” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, 3cü mkr-n, Cavadxan küçəsi, 16 saylı evin 32 saylı mənzilindən ona məxsus payın ümumi mülkiyyətdən naturada ayrılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, 3-cü mkr., Cavadxan küçəsi, 16 saylı evin 32 saylı mənzilin açıq hərracdan satılması və pulun paylara uyğun bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, 3-cü mkr-n, Cavadxan küçəsi, 16 saylı evin 32 saylı evin 1/3 xüsusi mülkiyyət kimi İddiaçı, 1/3 hissəsi X5, digər 1/3 hissəsi isə Cavabdeh2 məxsusdur. Mənzil 2 otaqdan, sahəsi 3753 kv.m-dən ibarətdir. Mənzildə cavabdehlər qeydiyyatda olmaqla yaşayırlar. Mənzil mülkiyyətə vərəsəlik qaydasında keçmişdir. Faktiki olaraq cavabdehlər xüsusi mülkiyyət kimi iddiaçıya məxsus paydan da istifadə edirlər. Aralarında razılıq olmadığından ona məxsus payın ümumi mülkiyyətdən ayrılması tələbi ilə çıxış edir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, hazırkı mülki iş 1 ildir ki, məhkəmənin icraatındadır. Kifayət qədər vaxt olmuşdur ki, tərəflər aralarında razılığa gəlsinlər. Lakin, heç bir barışıq əldə edilməmişdir. Prosesin bu qədər uzanmasına səbəb ekspertin saxtakarlığı olmuşdur, yalançı məktub göndərdiyinə görə daxili intizam qaydasında cəzalandırılmışdır. Sonradan qısa müddət ərzində texniki rəy verilmişdir. Həmin rəyə əsasən, mübahisəli mənzilin paylara ayrılmasının mümkün olmadığı müəyyən edilmişdir. Daha sonra qiymətləndirmənin də nəticəsi gəldi. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin tam şəkildə təmin edilməsi, mənzilin açıq hərracdan satılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iş üzrə İddiaçı Nəsimi rayon Məhkəməsinə müraciət edərək, mərhum atası X1 vərəslik üzrə pay sahibi olduğu Nəsimi rayonu, Cavadxan küçəsi, b16, m 32-də yerləşən mənzildən ona məxsus payın ümumi mülkiyyətdən naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiasında göstərmişdir ki, guya ona məxsus payın ümumi mülkiyyətdən naturada ayrılması hissəsində onlarla razılığa gələ bilmir. Bildirir ki, həmin mənzilin 1/3 hissəsi anasına, qalan 1/3 hissəsi ona məxsusdur. İddiaçı iddiaları həqiqi məlumatları həqiqəti əks etdirmir və yalandır. Onun məqsədi əsassız varlanmaqdır. Çünki, evin satışını təşkil edən alqı-satqı vasitəçiləri dəfələrlə evə müştəri tapmışdır. Evin orta bazar qiyməti 75.000 manat civarındadır. İddiaçı dəfələrlə zəng edib evə müştəri çıxdığını bildirmək istəsə də, o, onun telefon zənglərinə cavab verməmişdir. Hesab edir ki, İddiaçı düşən payın kompensasiya vasitəsi ilə ödənilməsi daha məqsədə uyğundur. Qeyd edilənləri nəzərə alaraq, mübahisəli mənzilin hərraca çıxarılmadan müəyyən edilən qiymətə uyğun tərəflər arasında bölüşdürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə digər cavabdeh X6 məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə baxış iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdeh X4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 33 saylı Mənzil Kommunal İstismar Sahəsindən verilən 19 oktyabr 2021-ci il tarixli, 30№-li Arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, 3-cü mkr., Cavadxan küçəsi, 16 saylı evin 32 saylı mənzilində yaşayır. 1/3 hissədə mənzil İddiaçı məxsus şəxsi mənzildir. Mənzildə X6 (anası), Cavabdeh2 (qardaşı) daimi qeydiyyatdadırlar. Mülki işin materiallarında olan AR ƏMDK DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdən 1/3 hissədə İddiaçı, 1/3 hissədə X5 və 1/3 hissədə Cavabdeh2 məxsusdur. Mülki işin materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-629/2022 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, lakin tərəflər arasında razılıq olduğu üçün baxış keçirilməsinə zurəriyyət yaranmadığı əsası ilə məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 629/2022 saylı qərardadı ilə mülki iş üzrə təkrar məhkəmə tikinti-texniki və qiymətləndirmə ekspertizası təyin edilmiş, iş üzrə ekspert rəyi təqdim edilənədək icraat dayandırılmışdır. Mülki işin materiallarında olan 26 sentyabr 2022-ci il tarixli, 10/4387 №-li ekspert rəyindən görünür ki, ünvan 2 evin 32 saylı mənzildən İddiaçı məxsus 3/1 payın naturada ayrılması İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1, 2.2, 2.4, 2.9. bəndlərinin və Məhkəmə Tikinti-texniki X2 tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən verilən 22 noyabr 2022-ci il tarixli, H/01-PLS №-li Hesabatdan görünür ki, toplanmış məlumatlar nəzərə alınmaqla aparılmış təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, qiymətləndirmə keçirilən vaxtı, ünvan 2 evin 32 saylı ünvanda yerləşən, qiymətləndirməyə təqdim olunan mənzilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində bazar qiyməti 80.000 (səksən min) manat məbləğində müəyyən edilmişdir. Beləliklə, Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü MKR., Cavadxan küçəsi, 16 saylı evin 32 saylı mənzili üzrə tərəflərin hər üçünün 1/3 hissədə pay hüquqları müəyyən edilmişdir. Lakin, tərəflərin mübahisəli mənzil üzrə öz paylarından istifadə etmələrində çətinliklər yaranır. Hazırda iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilin açıq hərracdan satılaraq əldə olunan pul vəsaitinin tərəflər arasında paylara uyğun bölüşdürülməsini məhkəmədən tələb edir. Cavabdeh tərəf isə mənzilin hərraca çıxarılmadan müəyyən edilmiş qiymətə uyğun tərəflər arasında bölüşdürülməsini məhkəmədən tələb edir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması. 220.1.Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən, paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134. Vərəsələr 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Maddə 1157. Miras şərikləri Əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. Maddə 1159. Qanun üzrə vərəsələr 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1274. Mirasın bölüşdürülməsi anlayışı Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Maddə 1275. Miras qoyan tərəfindən mirasın bölüşdürülməsi qaydasının müəyyənləşdirilməsi Miras qoyan vəsiyyətnamədə mirasın bölüşdürülməsi qaydasını müəyyənləşdirə bilər, o cümlədən mirası bölüşdürməyi üçüncü şəxsə etibar edə bilər. Üçüncü şəxsin qərarı aşkar ədalətsizdirsə, vərəsələr üçün məcburi deyildir. Bu halda bölgü məhkəmənin qərarı ilə aparılır. Maddə 1276. Mirasdan payın naturada ayrılması Hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. Maddə 1278. Miras şəriklərinin razılaşması üzrə mirasın satılması Miras şəriklərinin razılaşması üzrə bütün mirasın satılmasına və pulların vərəsələr arasında onların paylarına uyğun bölüşdürülməsinə yol verilir. Beləliklə, məhkəmə tərəfindən işin mübahisələndirilən hallarından müəyyən edildi ki, mübahisəli əmlakın naturada ayrılması mümkün olmamış və mənzilin bazar qiyməti 80.000 (səksən min) manat məbləğində müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, mənzilin naturada ayrılması mümkün olmadığından mənzil bazar qiymətinə uyğun, yəni ilkin satış qiyməti 80.000 manat məbləğində müəyyən edilərək açıq hərraca çıxarılmalı və satılmalı, satışdan əldə olunan pul vəsaiti vərəsələr arasında bərabər şəkildə bölünməlidir. Məhkəmə habelə qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza xərci cavabdehlərə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər X6 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. İddiaçı və cavabdehlər X5 və Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, 3-cü MKR., Cavadxan küçəsi, 16 saylı evin 32 saylı mənzili 80.000 (səksən min) manat ilkin satiş qiyməti ilə açıq hərraca çıxarılın, satılsın və satışdan əldə olunan pul vəsaiti vərəsəlik üzrə paylara uyğun olaraq bölüşdürülsün. İş üzrə məhkəmə xərci kimi ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər X6 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar