Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-632/2022 31.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili İsmayılov Roman İsmayıl oğlunun iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı "kompensasiya tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı "kompensasiya tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 25 may 2018-ci il tarixində Cavabdeh MMC-nin direktoru Orucov Vüqar Bayram oğlu və İddiaçı arasında 18 105A saylı müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən cavabdeh iddiaçıya ünvan 1 ünvanında yerləşən yaşayış üçün qəzalı və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binada mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin binada mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş iddiaçının mülkiyyətində 2 (iki) otaqlı, 48.00 kv.m mənzilin Seriya RX № 152738 dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 25 % əlavə etməklə tam təmirli 1 (ədəd) 1(bir) otaqlı 48 kv.m sahəsi olan mənzili mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür və müqavilənin 1.2-ci bəndinə uyğun mülkiyyətçi olaraq mənzilin söküntüsü üçün Cavabdeh MMC-yə təhvil verməyi və müqavilədə göstərilən 24 ay (iyirmi dörd) müddətdə yeni mənzili tam təmirli qəbul etməyi öhdəsinə götürmüşdür. Artıq müqavilənin bağlandığı tarixdən uzun müddət keçməsinə baxmayaraq, mənzil təhvil verilmir. Hər dəfə müxtəlif bəhanələr olunurdu. Sonuncu dəfə 15.10.2021-ci il tarixdə mənzil hazır olduğu üçün iddiaçını çağırdılar. Lakin iddiaçı mənzilə baxış keçirdiyində mənzilin təmirsiz, qazsız olduğunu, bir sözlə yaşayış üçün uyğun olmadığını gördü və bununla əlaqədar olaraq müqavilə bağladıqları şəxs, yəni "NGM Group” MMC-nin direktoru Orucov Vüqar Bayram oğluna öz etirazını bildirdi. İddiaçının etirazı cavabsız qaldı. Halbuki, müqavilənin 1.1-ci bəndində də mənzilin tam təmirli olaraq mülkiyyətçiyə təhvil verilməsi nəzərdə tutulur. Bundan əlavə, müqavilənin 2.1.2-ci bəndinə əsasən cavabdeh mənzili təhvil verənədək yaşayış məqsədi ilə mülkiyyətçiyə hər ay 300 azn (üç yüz manat) pul vəsaiti ödəyəcəyini öhdəsinə götürməsinə baxmayaraq, 2021-ci ilin oktyabr ayı üzrə həmin pul vəsaitini ödəməmişdir. İddiaçı mənzili təhvil almaq üçün getdiyində mənzilin ölçü sahəsini də dəqiqləşdirmək üçün bu iş üzrə mütəxəssisin köməyindən yararlandı. Mənzilin sahə ölçüsü hesablandıqdan sonra müəyyən olundu ki, müqavilədə qeyd olunan 48.00 kv.m ölçüdə deyil, 44.00 kv.m ölçüdədir, yəni müqavilədə nəzərdə tutulan sahə ölçüsündən 4 kv.m daha kiçik ölçüdədir. Həmin ərazidə mənzilin 1 kv.m sahəsi 1500-2000 manat arası dəyişən qiymətindədir və dəyərini itirmir. Minimum 1500 manat olaraq qiymətləndirilsə, bu o deməkdir ki, cavabdeh iddiaçıya əksik verilən 4 kv.m sahəyə görə cəmi 6000 manat pul vəsaitini kompensasiya etməlidir. Cavabdeh müqavilə şərtlərini kobud pozmuşdur. İddiaçı ilə müqaviləni bağlayarkən cavabdeh məhz vicdansızlıq nümunəsi göstərərək iddiaçının etimadından sui-istifadə etmişdir. Cavabdehin hərəkət və hərəkətsizlikləri heç bir halda müqavilənin şərtlərinə uyğun gəlmir, müqavilə reallığını əks etdirmir. Beləliklə, bir istehlakçı olaraq iddiaçının hüquqları pozulmuşdur. Göstərilənlərə əsasən müqavilə şərtlərinə uyğun olaraq cavabdehə mənzilin mülkiyyətçisinə tam təmirli təhvil verilməsi öhdəliyin qoyulması və əksik verilmiş 4 kv.m sahə üçün hər kv.m 1500 manat, cəmi 6000 manat pul vəsaiti olaraq kompensasiya edilməsi və ödənilmiş 80 manat dövlət rüsumun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmiş və izahat verərək bildirmişdir ki, hal-hazırda həmin mənzildə yaşayır. Mənzil cavabdeh şirkəti tərəfindən ona təmirli vəziyyətdə təhvil verilmiş, lakin təmirin keyfiyyəti onu qane etmir. Göstərilənlərə əsasən iddianın təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili İsmayılov Roman İsmayıl oğlu iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilmədiyindən, həmçinin iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən 04 oktyabr 2018-ci il tarixdə verilmiş AZ-İ № 301573 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Hüseynov Nurəddin İlyas oğlu ilə İddiaçı arasındakı nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 06.01.2017-ci il tarixdə 03 № ilə qeydiyyat aparılmış, nikah ləğv olunandan sonra qadına Hüseynova soyadı verilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 14.10.2017-ci il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, ünvan 2, mənzil 17-nin ½ hissəsi İddiaçı, digər ½ hissəsi Hüseynov Nurəddin İlyas oğlunun adına paylı mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 2730 saylı reyestr kitabının 254411 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. Mənzilin sahəsi 25.1 kv.metrdir. İş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış 25 may 2018-ci il tarixli, 18105A saylı müqaviləyə əsasən MMC Heydər Əliyev prospekti, ev 105A, mənzil 17 ünvanında yerləşən, yaşayış üçün qəzalı və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binada mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan seriya RX № 1152738, iki otaqlı, 48,00 kv.m mənzilin seriya RX № ******* dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 25% əlavə etməklə tam təmirli, 1 ədəd, 1 otaqlı 48 kv.m sahəsi olan mənzili mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürür. İş materiallarında olan Cavabdeh MMC ilə Hüseynov Nurəddin İlyas oğlu arasında bağlanılmış 05 fevral 2019-cu il tarixli, SİN№S333 saylı müqaviləyə əsasən MMC Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti ilə Ə.Əliyev küçələrinin kəsişməsində, H.Əliyev prospekti 105 A ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 3-cü blokundan 36 saylı, 46 kv.m sahəsi olan təmirsiz mənzili şirkət ilə Hüseynov Nurəddin İlyas oğlu ilə aralarında bağlanmış 25 may 2018-ci il tarixli, 18 A 105 A saylı ilkin müqaviləyə əsasən alıcının mülkiyyətinə verir. Heydər Əliyev prospekti, ev 105A, mənzil 17 ünvanında yerləşən, yaşayış üçün qəzalı və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binada mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan seriya RX № 1152738, iki otaqlı, 48,00 kv.m mənzilin seriya RX № ******* dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 25% əlavə etməklə tam təmirli, 1 ədəd, 1 otaqlı 48 kv.m sahəsi olan mənzili mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürür. İşin materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 28 yanvar 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən 17 saylı mənzil ümumi sahəsi 48.10 kv.m təşkil edir. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 №-li qərarına əsasən (mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş) Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə 5 il müddətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, habelə bu rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyriyaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini təmin etməsi, həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binaları tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binaları tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binalarında müvafiq mənzillərin ayrılması tapşırılmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhərinin təsdiq edilmiş Baş Planına uyğun Dövlət Proqramının yerinə yetirilməsi və Nazirlər Kabinetinin Qərarının icrasını təmin etmək məqsədilə Bakı şəhəri Nərimanov RİH Başçısının 08 iyun 2018-ci il tarixli, 243 nömrəli sərəncamı ilə Heydər Əliyev prospekti ilə Əliyar Əliyev küçələrinin kəsişməsində 2,13 ha torpaq sahəsində sökülmüş qəzalı binaların yerində Cavabdeh MMC-yə yaşayış binalarının tikintisinə icazə verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, N.Nərimanov rayonu, H.Əliyev prospekti, ev 105A, mənzil 17 İddiaçı paylı mülkiyyətində olmuşdur. Mənzilin sahəsi 25,1 kv.m təşkil etmişdir. Lakin buna baxmayaraq, MMC iddiaçının ailə vəziyyətini nəzərə alaraq ona 48 kv.m təmirli mənzil vermişdir. Tərəflərin izahatlarından məlum oldu ki, iddiaçının mülkiyyətində olan mənzil paylı mülkiyyət olduğundan onun keçmiş həyat yoldaşına da ayrıca mənzil verilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində mənzilin ona təmirli olaraq verilmədiyini göstərsə də, 23 dekabr 2021-ci il tarixli məhkəmə iclasında verdiyi izahatında mənzilin ona təmirli olaraq verildiyini etiraf etmiş, lakin mənzilin təmirinin keyfiyyətindən narazı olduğunu bildirsə də, dediklərini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, iddiaçı ona təhvil verilmiş ünvan 2 ünvanında yerləşən 17 saylı mənzilin 48 kv.m-dən daha az olduğunu göstərsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən iş üzrə mütəxəssis rəyi alınmışdır. Mütəxəssis rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən 17 saylı mənzilin faktiki ölçüsü 48,10 kv.m təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı "kompensasiya tələbi"nə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı "kompensasiya tələbi"nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-632/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-632/2022
31.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver