Məhkəmə qərarları › İş №2(006)-635/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-635/2024

12.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-635/2024 12.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış cərimə borcunun silinməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış cərimə borcunun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayır. X3 tərəfindən qazla təmin olunmuşdur. Yaşadığı mənzilin xaricində ümumi istifadədə olan binanın girişində (blokda) G-4 markalı **********6 nömrəli qaz sayğacı quraşdırılmışdır. Onun və ailə üzvlərinin iştirakı olmadan qaz sayğacı sökülmüş və bununla bağlı akt tərtib edilmişdir. Belə bir aktın mövcudluğundan sonradan xəbərdar olmuşdur. Təxminən bir ay öncə Nəsimi Qaz İdarəsinin əməkdaşları yaşadığı mənzilə gələrək guya ki, sayğaca kənar müdaxilə olması ilə əlaqədar istehlakçı hesabına 1558,44 manat borc hesablandığını bildirmiş və ödənilməsini tələb edərək mənzilə qazın verilməsini dayandırmışdır. Məsələ ilə bağlı Qaz İdarəsinə etdiyi müraciətə cavab olaraq bildirmişdir ki, sayğac yenisi ilə əvəz olunması üçün götürülmüş, Dövlət yoxlanmasına göndərilmiş və yoxlama zamanı sayğaca müdaxilə olunduğu aşkar olunmuşdur. O və ailə üzvləri tərəfindən sayğaca heç bir müdaxilə olunmadığını bildirərək hesablanmış cərimənin qanunsuz olması və qazın bərpa edilməsi ilə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etsə də, heç bir nəticəsi olmamış, təbii qazın verilməsi bərpa olunmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və hesab edir ki, mənzilə qaz təchizatının verilməsi bərpa edilməli və əsassız olaraq borc kimi yazılmış olan 1558,44 manatın X3 tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Göstərilənlərə əsasən istehlakçı hüquqlarının bərpa edilməsi, ünvan 1 ünvanına qaz təchizatının verilməsinin bərpa edilməsi və hesablanmış 1558,44 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

4. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış 1555,20 manat borcun abunə hesabından silinməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

5. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq, bildirmişdir ki, iddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir, hətta icraata xitam verilərək geri qaytarılmalıdır. Mövcud iş üzrə iddiaçının borcun silinməsini tələb etməsi üçün subyektiv hüququ yoxdur. Mübahisələndirilən borc məbləği istehlakçı (abonent) X4 məxsusdur (abonentin saldosu, akt və sair əlavə olunub). Mübahisələndirilən borc məbləğinin silinməsini xahiş edən İddiaçı müvafiq mülki iş üzrə iddia tələb hüququ yoxdur və məhkəməyə müraciət etmək hüququ rəsmi sənədlərlə də təsdiq edilməmişdir. İddia ərizəsinə X6 Təhməzovanın yaxın qohumluq əlaqəsini təsdiq edən hər-hansı sənəd və İddiaçınm Rafael Hacıyevanın adından məhkəmə iclasında iştirak etməyə əsas verəcək etibarnamə əlavə edilməmişdir. Faktiki borclu olan kəs İddiaçı deyil Rafael Hacıyevdir. Bundan əlavə, **********00170 saylı abonent kodunun abonent saldosundan görünür ki, istehlakçı hesabı Rafael Hacıyevə məxsusdur. Faktiki olaraq İddiaçı ilə birlik arasında iddia ilə məhkəməyə müraciət edilməsini əsaslandıra biləcək öhdəliklərin yarandığını təsdiq edən hər-hansı müqaviləsi yoxdur. Belə olan halda İddiaçı borcun silinməsi kimi tələbləri irəli sürmək üçün subyektiv hüququ yoxdur. İş materiallarına əlavə edilmiş abonent saldosundan, həmçinin tərtib edilmiş aktlardan da, görünür ki, həmin borcun iddiaçıya deyil, digər şəxs Rafael Hacıyeva məxsusdur. Bundan əlavə iddiaçının iddia irəli sürülməsinə əsas verə biləcək (iddia ərizəsində silinməsi tələb olunan borcun yazıldığı mənzilin) mülkiyyətçisi olduğunu təsdiq edən mülkiyyət sənədi yoxdur, İddiaçı iddia irəli sürülməsinə əsas verə biləcək Cavabdeh İB ilə qarşılıqlı öhdəlikləri müəyyən edən müqaviləsi yoxdur, iddiaçının əsasən borclu Rafael Haciyeva ilə qohumluq əlaqəsini müəyyən edəcək heç bir sənədi yoxdur. Həmçinin Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçı X5 məxsus **********00170 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış **********6 sayğac çıxarılaraq yoxlanılması üçün Cavabdeh İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” MSK-14- 2-2/3-5-846-1 saylı Akta əsasən “sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plombları sayğacın üzərində aşkar olunmadı, qaz itkisi, müdaxilə” barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 12960 kub m təşkil etmişdir. Hesablanmış 1555,20 manat məbləğində dəymiş ziyan 2023-cü ilin aprel ayından abonentin koduna yerləşdirilmişdir. Qeyd olunanlara əsaslanaraq iddia ərizəsinə öz etirazını bildirərək, xahiş edir ki, mülki işə xitam verərək, iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edilsin.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, ünvan 1 ünvanında yaşayır. Yaşadığı mənzilin xaricində ümumi istifadədə olan binanın girişində qaz sayğacı quraşdırılmışdır. Daha sonra onun və ailə üzvlərinin iştirakı olmadan qaz sayğacı sökülmüş və bununla bağlı akt tərtib olunmuşdur. Həmin aktın mövcudluğundan onların xəbəri olmamışdır. Bundan bir müddət sonra cavabdeh qurumun əməkdaşları qaz sayğacına müdaxilə olunmasına istinad edərək, istehlakçı hesabına 1558,44 manat cərimə yazdılar və həmin cərimənin ödənilməsini bildirərək, qaz verilişini dayandırdılar. Məsələ ilə bağlı cavabdeh quruma müraciət etdikdə, oradan ona bildirildi ki, qaz sayğacı sökülərək yoxlamaya göndərilmiş və bu zaman sayğaca müdaxilə olunduğu məlum olmuşdur. Bildirir ki, o yaşlı və xəstə adamdır, həmin müddətdə də, mənzildə tək yaşayırdı. Quraşdırılmış qaz sayğacı isə bir neçə metr hündürlükdə yerləşir. Onun tərəfindən sayğaca hər-hansı müdaxilə olunması mümkün deyildir. Yazılmış cərimə əsassızdır və silinməlidir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh X1 nümayəndəsi məhkəmə iclasında gəlməmiş, eyni zamanda, məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iş üzrə etiraz və etirazlarının əsasını təşkil edən sübutlar məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəf olaraq əlavə ediləcək başqa sübutları yoxdur. Məhkəmə iclasını iştirakları olmadan keçirilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkmədən xahiş etmişdir.

6. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

8. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Cavabdeh əməkdaşları iddiaçının yaşadığı yaşayış sahəsində istifadə olunan sayğaca baxış keçirərkən sayğacın istismara yararsız olduğunu müəyyən edərək xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib etmişlər. Qeyd edilən akta əsasən dəymiş ziyanın məbləği 1555,20 AZN təşkil etmişdir. Hazırda İddiaçı xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən hesablanmış cərimə borcunun silinməsini xahiş edir. Cavabdeh isə iddia tələbini qəbul etmir.

b) Mülki işin materialları:

9. Mülki iş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, abonent X5 məxsus, İddiaçı yaşadığı ünvanda yoxlama aparılmış və nöqsanlar aşkar edilmişdir: “Abonentə məxsus qaz sayğacına baxış keçirən zaman qaz sayğacının hesablama mexanizminin qoruyucu örtüyünə vurulan zavod plastmas plombları sayğacın üzərində aşkar olunmamışdır. Sayğac istismara yararsızdır.

10. Cavabdeh tərəfindən məhkəmə ünvanlanmış **********00170 saylı abonentin saldosundan görünür ki, X2 2023-cü ildə qalıq və aktlar üzrə 1555,20 AZN borcu yaranmışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

11. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 8-1-ci maddəinsə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

12. «Qaz təchizatı haqqında» AR Qanununun 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini,onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər.

13. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsində Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması və ya onlardan istifadə qaydalarının pozulmasına görə məsuliyyət müəyyən edilmişdir.

14. Göründüyü kimi tərəflər arasında bağlanılmış qazın alqı-satqısı barədə müqaviləyə əsasən qazın dəyəri barədə mübahisəli hallar qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. Eyni zamanda müqavilə iştirakçılarının hərəkətləri və ya hərəkətsizliyi nəticəsində dəymiş ziyanın ödənilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır. Yəni dəymiş ziyanın tələb edilməsi yalnız məhkəmə qaydasında iddia qaldırılması yolu ilə qəbul edilmiş müvafiq məhkəmə qərarı əsasında yol verilir. Lakin göründüyü kimi Cavabdeh birtərəfli qaydada və qanunun tələblərinə zidd olaraq müəyyən etdiyi ziyanı (akt üzrə hesablanmış) birbaşa müqavilədə nəzərdə tutulmamış əsaslarla X2 abunə hesabına yazmış və bununla da hüquqdan sui-istifadə etməklə etibarsız hesab olunan hərəkətlə (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2-ci maddəsinə əsasən) qanunun tələblərini pozmuşdur. Cavabdeh təşkilat alqı-satqı müqaviləsinin tərəfi kimi istehlakçı barəsində dəymiş ziyanın əvəzi kimi abunə hesabına əlavə borc yazmaqla, faktiki olaraq istehlakçı barəsində sanksiya tətbiq etmişdir. Halbuki belə sanksiya tətbiq etmə səlahiyyəti yalnız dövlət orqanının (müvafiq icra hakimiyyəti) səlahiyyətində olan məsələdir.

15. Digər tərəfdən «Qaz istifadə Qaydaların»ın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

16. «Qaz istifadə Qaydaların»na 2 nömrəli Əlavədə nümunəsi verilmiş “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsi”nin 2.2.5-ci bəndində göstərilmişdir ki, qaz paylayıcısının istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək hüququ var.

17. Göründüyü kimi qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilədə də qaz paylayıcısının istehlakçı barəsində hər hansı cərimə və istehlakçının təqsirli hərəkətlərinə görə abonə hesabına əlavə borcun yazılması hüququ nəzərdə tutulmamışdır. Həmin müqavilədə qaz paylayıcısının istehlakçının hərəkətlərinə görə dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ müəyyən edilmişdir. Bu isə qaz paylayıcısına istehlakçının abunə hesabına əlavə borcun yazılması hüququnun olmasını anlamına gəlmir.

18. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən vətəndaşının yaşayış yerinin müəyyən edilməsi kimi Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nəzərdə tutulmuşdur.

19. Məhkəmə cavabdehin etirazına münasibət bildirərək qeyd edir ki, cavabdeh tərəf iddiaçının iddia ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququnun olmaması və mənzilin mülkiyyətçisi ilə heç bir qohumluq əlaqələrini təsdiq edən hər hansı sənəd təqdim etmədiyi üçün iddianın rədd edilməsini tələb etsə də, məhkəmə hesab edir ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, ev 43, 17 saylı mənzilin mülkiyyətçisi olmasa da, o, həmin mənzildə qeydiyyatda olmaqla yaşayaraq ondan istifadə etmiş və onun istifadəsində olduğun müddətdə akt tərtib edilmiş və bununlada borcun silinməsini tələb etməkdə subyektiv hüququ (mənzildə yaşadığından) olmuşdur.

20. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

23. Beləliklə yuxarıda qeyd edilən normativ-hüquqi aktlardan göründüyü kimi cavabdeh müvafiq akt tərtib etdikdən sonra bu barədə müvafiq icra hakimiyyəti orqanına müraciət etməli və bunun nəticəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən istehlakçının təqsirli olması barədə qərar qəbul edilməli idi. Lakin cavabdeh tərəf bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir (müvafiq icra hakimiyyəti orqanına bununla bağlı müraciəti). Odur ki, məhkəmə qeyd edilənləri əsas götürərək belə qənaətə gəlir ki, iddiaçının iddia tələbi tam əsaslıdır.

24. Beləliklə, yuxarıda qeyd olunanlara görə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən X5 məxsus, İddiaçı yaşadığı ünvan 1 ünvanına hesablanmış 1555,20 AZN (bir min beş yüz əlli beş manat, iyirmi qəpik) borc **********00170 saylı abonent hesabından silinməli, iddia tələbi qalan hissədə rədd edilməlidir.

25. Bundan əlavə, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

26. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

27. Belə olan halda, iddia tələbi təmin edildiyindən, Cavabdehndən 35,55 AZN dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən X5 məxsus, İddiaçı yaşadığı ünvan 1 ünvanına hesablanmış 1555,2 AZN (bir min beş yüz əlli beş manat, iyirmi qəpik) borc **********00170 saylı abonent hesabından silinsin. Cavabdeh "Azəriqaz" İstehsalat Bı̇ rlı̇ yı̇ ndən 35,55 AZN (otuz beş manat, əlli beş qəpik) dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar