Məhkəmə qərarları › İş №2(006)-636/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-636/2024

26.02.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-636/2024 26.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı "əmrin ləğv edilməsi, məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi və mənəvi ziyana görə pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı "əmrin ləğv edilməsi, məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi və mənəvi ziyana görə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin onun barəsində qəbul etdiyi Əmək Məcəlləsinin 72-ci maddəsinin "xxxx" bəndi ilə işə xitam verilməsi barədə əmin ləğv edilməsi, məcburi işburaxmaya görə 600 manat məbləğində əmək haqqının və ona dəymiş mənəvi zərərə görə 1000 manat məbləğində pulun Cavabdeh MMC-dən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2023-cü ildə "xxxx" MMC-də Estetik və saç əkim mərkəzində kosmetoloq Gülsüm Əliyevanın köməkçisi vəzifəsində işci kimi götürülmüş və xx.xx.2023-ci ilə kimi praktikada olmuşdur. O, kosmetoloq Gülsüm Əliyeva tərəfindən işə qəbul ediləndə ona əmək haqqı olaraq 400 manat və əlavə gəlir də olacağı bildirilmişdir. Lakin əmək haqqı 361 manat, əlavə gəlir isə 2-3 dəfə verildi və 39 manat isə əmək haqqından tutuldu, ona bildirdilər ki, sözügedən məbləğ gələcəkdə pensiya uçun yığılır. O, Gülsüm Əliyevanın yoldaşı Vüsal Həsənov tərəfindən işçilərin yanında dəfələrlə təhqir olunmuşdur (rədd ol get, zibil, bic balalar) və ünvanına əxlaqsız cümlələr də işlətmişdir. Buna dözə bilmədiyinə görə işdən çıxmaq qərarına gəlmişdir. Vüsal həkimə beş gün öncə işdən çıxacağını bildirmiş və Vüsal həkim ona bildirmişdir ki, onu saç əkiminə yönəldəcək və türk həkimin yanında saç əkimi öyrənməliydi, həm də artıq maaş verməyidə təklif etmişdir. Sadəcə olaraq şərt qoymuşdu ki, onunla müqavilə bağlayacaq yə müqavilədən əvvəl çıxsa onu məhkəməyə verib təzminat açacağını bildirmişdir. Buna baxmayaraq onu türk həkimlərin evinə yığışdırmağa, yeməklərini bişirməyə və bazarlıqlarını etməyə belə göndərirdi. O, yoldaşı kosmetoloq Gülsüm həkimə bildirmişdir ki, işləyə bilməyəcək və çıxmaq qərarındadır. Bunu eşidəndən sonra yenə onu təhqir etdilər və 40 günün əmək haqqını vermədilər. Pulunu tələb edəndə ona Həsənov Vüsal bildirmişdi ki, onu çoxdan Əmək Məcəlləsinin 72 ç bəndi ilə işdən azad edib və o heç yerdə işləyə bilməyəcək. O, sonra bildim ki, belə hadisələr dəfələrlə VMR Şirkətlər Qrupu» MMC-də mərkəzdə başqa işçilərlə də təkrarlanmışdı. Ondan əvvəl də işçilərin Arzu xanım, Kamalə xanım, Nuray xanımında əmək haqqını verməyiblər. Çox arxayınlığnan ona "get hara şikayət edirsən elə, heç kəsdən hecnədən qorxmuruq" deyə bildirmişlər və o 102 yə müraciət etmək məcburiyyətində qalmışdır. "xxxx" MMC-də işlədiyi ay ərzində onun heç bir üzrsüz işburaxmağı olmamışdır. O, işinə qarşı çox məsuliyyətli, intizamlı olmuşdur. O, "xxxx" MMC-də vicdanla çalışmışdır. O, Şuşadan məcburi köçkündür və himayəsində üç uşağı var, o, işləyib ailəsini dolandırmağa məcburdur. Ailənin yeganə qazanc mənbəyidir. İşəgötürən onunla bağlanmış əmək müqaviləsinə ƏM-nin 72-ci maddəsinin ç bəndi ilə xitam versə də, o, müqavilədə nəzərdə tutulan işlərdən kənar qaydada işlədilmiş, əmək funksiyalarım müqavilə öhdəliklərindən tamam kənar olmuşdur. Beləki, o, üç adamın işini aparırdı, əməliyatlara qirirdi, telefonlara 7/24 saat cavab verirdi, günün saatlarının qeydiyyatlarını və pasiyentləri qarşılayıb üz nahiyələrini keyidib instaqram üçün çəkilişlər edib paylaşımlar aparırdı. İş o qədər ağır idi ki, nahar vaxtı belə vermirdilər. Aclığa və ağır iş rejiminə bir gün tam getirə bilməmiş və sanitar otağında gözü qaralıb yıxıldmış, diz qapağı və çanağı əzilmişdir və həkimdən arayış alıb iş yerinə təqdim eləməyinə baxmayaraq, onu dəfələrlə işə çağırmışlar ki, əməliyyat zamanı orda olmağını bildirmişlər və ona görə də məcburiyyət qarşısında axsaya-axsaya getmişdir. Cavabdeh VMR Şirkətlər Qrupu” MMC-nin nümayəndəsi X2 "əmrin ləğv edilməsi, məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi və mənəvi ziyana görə pul” tələbinə dair iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, İddiaçı iddiası əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iş üzrə İddiaçı iddia ərizəsində əsası olmayan iftira və yalan fikirlərə geniş yer vermiş, öz düşüncəsi çərçivəsində də iddia tələbi irəli sürmüşdür. Həmin şəxs əvvəllər onların müəssisəsinə pasiyent qismində müraciət etmiş və müəssisələrinin kosmetoloji xidmətlərindən faydalanmışdır. Bir müddət sonra isə, İddiaçı müəssisələrində işləmək məqsədi ilə ərizə ilə müəssisələrinə müraciət etmişdir. Onun xahişi və ailə vəziyyəti nəzərə alınaraq, tərəflərindən müsbət cavablandırılmış, Sosial Media Marketinq işləri üçün həkim köməkçisi vəzifəsində çalışması uyğun görülmüşdür. Lakin sənədlər toplanılarkən, İddiaçı bildirmişdir ki, o hazırda dövlətdən sosial yardım alır və bu səbəbdən də əmək müqaviləsinin portala işlənilməsini istəmir. Öncə onun rəsmi işçi olmasının özü üçün faydalı olduğu izah olunsa da, israr etdiyi üçün, eyni zamanda da ailə vəziyyəti ilə əlaqədar işə ehtiyacı olduğunu bildirməklə yalvararaq işə götürülməsini xahiş etdiyinə görə, uyğun variant olaraq Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin İV – cü bəndini (Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz) və eləcə də Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci bəndi (Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz) rehbər tutularaq İddiaçı ilə 04 aprel 2023-cü il arixində 001/04 HK saylı Xidmət Müqaviləsi imzalanmaqla Həkim köməkçisi olaraq, SMM işlərinin icrası ona həvalə olunmuş, görəcəyi işlərin qarşılığında isə, ona 350 manat əməkhaqqı müəyyən edilmişdir. İddiaçı fəaliyyətə başladığı ilk günlərdə özünü yaxşı göstərməyə çalışsa da, sonradan işə gecikmə hallarına və ona tapşırılmış sahədə səhlənkarlığa yol verməyə başlamışdır. Sosial şəbəkə hesablarından müraciət edən şəxslərə gec cavab verməsi, bəzi hallarda ümumiyyətlə cavab verməməsi, cavab verdiyi şəxslərə isə xoş olmayan tərzdə qrammatik səhvlər buraxmaqla cavab yazması, telefon zənglərinə kobud cavab verməsi və pasiyentlərə savadsız cümlələr işlətməklə cavab verməsi halları demək olar ki, müəssisələrinin imicinə öz mənfi təsirinigöstərməkdəydi. Qeyd olunan hallarla əlaqədar onunla profilaktik söhbət aparılarkən, etik qaydalardan kənar davranışların müəssisələri üçün arzuolunmaz hal olduğu onun diqqətinə çatdırılmış, o isə, ailə vəziyyətinin çətin olduğunu və bir daha belə nöqsanları təkrarlamayacağına söz vermişdir. Lakin, İddiaçı heç vaxt verdiyi sözə əməl etməmiş, yenə də eyni hərəkətləri davam etdirmiş və bununla da, ona olan etimadı doğrultmamışdır. Amma buna baxmayaraq, əmək funksiyalarını tam şəkildə yerinə yetirməsə də, ailə vəziyyəti nəzərə alınaraq əməkhaqqı işə gəldiyi günlərə görə tam şəkildə hesablanmış və verilmişdir. İddiaçı ilə 26 iyul 2023-cü il tarixində yenidən söhbət aparılmış, ya rəsmi olaraq əmək müqaviləsi bağlayaraq tam məsuliyyətlə başqa vəzifəyə keçirilməsi, ya da mövcud xidmət müqaviləsinə xitam verilməsi zərurəti yarandığı onun diqqətinə çatdırılmış və o da öz növbəsində ixtisasca tibb bacısı kursunu bitirdiyini və mümkün olarsa tibb bacısı vəzifəsində işləmək istədiyini bildirmişdir. 27 iyul 2023-cü il tarixində o özünə aid sənədləri müəssisələrinə təqdim etmiş, müvafiq dəqiqləşdirmələr həyata keçirildikdən sonra isə, onun öz razılığı ilə, 01 avqust 2023-cü ildə rəsmi əmək müqaviləsi bağlanmış və aylıq əməkhaqqı 350 (üç yüz əlli) manat olmaqla, müəssisənin "tibb bacısı" vəzifəsinə təyin edilmişdir. Lakin o bu halda da öz məsuliyyətsiz davranışlarına son qoymamış və əksinə, işçilər arasında səbəbsiz dediqodu yaratmış, işə gecikmə hallarını intensivləşdirmiş, müəssisədaxili nizam-intizam qaydalarını kobud surətdə pozaraq digər işçilər üçün də pis nümunə olmuşdur. Həmçinin, işçilərin verdikləri məlumatlara görə o gecələr müxtəlif sosial şəbəkələrdə "canlı yayım" açaraq 3-5 nəfərlə qeyri etik söhbətlər apardığı, müxtəlif vaxtlarda müəssisənin kommersiya sirrini yayması kimi hallar da baş vermişdir. Aparılan söhbətlər zamanı, İddiaçı belə hallara son qoyması qəti şəkildə bildirilmiş, o isə belə nöqsanlara bir daha yol verməyəcəyinə dair söz versə də, verdiyi sözə əməl etməmiş və öz çirkin əməllərini davam etdirmişdir. Ona görə də, 23 avqust 2023-cü ildə, 02/08 CT saylı əmrlə İddiaçı "Töhmət" elan olunmuş və o yenə də intizamlı olmağa dəvət edilmişdir. Lakin aparılan müşahidələr zamanı onun yenə də iş rejimini pozması, işə vaxtında gəlməməsi və verilən tapşırıqların icrasına məsuliyyətsiz yanaşdığı görünmüşdür. Bu səbəbdən də, İddiaçı 04 sentyabr 2023-cü ildə 02/09 CT saylı əmrlə "Şiddətli töhmət" elan olunmuş və bundan sonra hər hansı bir nöqsana yol verərsə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin uyğun maddəsi əsasında əmək müqaviləsinə xitam veriləcəyi onun diqqətinə çatdırılmışdır. Təəssüf ki, İddiaçı yenə də özünü doğrultmamış, əksinə işçilər arasında müəssisə haqqında böhtan xarakterli söhbətlər aparmaqla, işçiləri işdən uzaqlaşdırmağa çalışmış və bir sözlə imkanı daxilində müəssisəyə ziyan vurmaqla məşğul olmuşdur. Hətda, işçilərdən biri - "əgər bu müəssisə belə pisdirsə, bizim işdən çıxmağımız məsləhətdirsə, sən özün niyə ərizəni yazım işdən çıxmırsan deyə soruşduqda" İddiaçı özündən razı halda bildirmişdir ki, “mən hər gecə işləyirəm və ayda 2000 manat qazanıram, pula ehtiyacım yoxdur, elə belə gəlib burda başımı qatıram” deyə cavab vermişdir. Tərəflərindən aparılan ciddi araşdırma zamanı o da məlum olmuşdur ki, İddiaçı pasiyentlərdən qan nümunəsi götürərkən, müvafiq qabların üzərində qan nümunəsinin kimə aid olduğu barədə məlumatları qeyd etmir və testləri istifadə etmədən pasiyentlərə analiz cavablarına dair özbaşına məlumat verərək həm tibbi protokolların tələblərini, həm də müəssisənin xidmət prinsiplərini mütəmadi olaraq qəbuledilməz formada pozur. Həmçinin, işçilərin verdikləri məlumata görə, İddiaçı hər gün işə yorğun və spirtli içki içərək gələrək boş otaqlarda yatacağını və rəhbərlikdən kimsə gəldikdə ona xəbər verilməsini də tələb etmişdir. İş yerində isə, mütəmadi olaraq "Tik-tok" sosial şəbəkə platformasında hər gün saatlarla canlı yayım açaraq lazımsız söhbətlər etməklə həm verilən tapşırıqların icrasından yayınmışdır, həm də işçilər üçün arzulanmaz nümunəyə çevirilmişdir. Bu səbəblərdən də, belə dözülməz hal yaratdığına, hər hərəkətində müəssisənin imicinə ciddi ziyan vurduğuna və xoşagəlməz əməllərinə son qoymadığına görə, 11 sentyabr 2023-cü il tarixində, 04/09 CT saylı əmrə əsasən, İddiaçı tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən (işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması) vaxtından əvvəl xitam verilmiş və ən geci 3 iş günü ərzində istifadəsinə verilmiş alətlərin, ləvazimatların və digər vasitələrin Akt əsasında təhvil verməsinin zəruriliyi onun diqqətinə çatdırılmışdır. Lakin bugünə qədər o müəssisəyə gəlməmiş və təhvil-təslim Aktının tərtib olunmasında iştirak etməmişdir. Ona görə də, bir tərəfli qaydada araşdırma aparılmış və nəticədə İddiaçı müəssisəyə 823 (səkkiz yüz iyirmi üç) manat ziyan vurduğu, həmçinin müqavilə üzrə kommersiya sirrini yaydığına görə də qeyd şərtsiz ödəməli olduğu vəsaitlə bağlı Akt tərtib olunmuşdur. İddiaçı özünün guya təhqir olunduğuna dair qeyd etdiyi fikirlər isə, tamamilə qərəzlidir, böhtandır və şərdir. Əgər təhqir olunmuşdusa, o zaman dərhal iş yerini bu əsasla tərk edərdi və aidiyyatı üzrə şikayətini bildirərdi. Həmçinin o, öz iddia ərizəsində qeyd etmişdir ki, guya işdən çıxacağı barədə fikir söylədiyinə görə qərəzli şəkildə onu Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi əsasında işdən çıxartmışdırlar. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin bilavasitə 10-cu maddəsində işçinin hüquq və vəzifələrinə geniş yer verilmişdir. Eyni zamanda həmin məcəllənin 69-cu maddəsində əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası geniş qeyd olunmuşdur. İddiaçı bu hüquqlarından rahat şəkildə faydalana və ərizə ilə müraciət edərək əmək müqaviləsinə xitam verilməsini tələb edə bilərdi. İddiaçı özünün iddia ərizəsində göstərir ki, “iş o qədər ağır idi ki nahar vaxti belə vermirdilər. Aclığa və ağır iş rejiminə bir gün tab gətirə bilmədim və sanitar otağında gözüm qaraldı yıxıldım diz qapağım və canağım əzilmişdir və həkimdən arayış alıb iş yerimə təqdim eləməyimə baxmayaraq, məni dəfələrlə işə çağırıblar ki əməliyyat zamanı orda olmağımı bildiriblər və ona görədə məcburiyyat qarşısında axsaya-axsaya getmişəm.” İddiaçının təkcə bu cümləsi onun ayağının ucundan başının tükünə qədər yalan, böhtan və şər içində boğulduğunun bariz nümunəsidir. Cvabdeh istənilən vaxt, istənilən köhnə tarix üçün müəssisənin müşahidə kameralarından çıxarışı məhkəməyə təqdim edə bilər. Birlikdə işçilərin iş rejiminə və fəaliyyətlərinə baxılsın. Əgər o görüntülərdə hansısa bir işçinin iş rejimində, fasilə vaxtı qidalanmasında fəaliyyət şəraitində hər hansı bir problem yaradıldığı görünərsə, tam məsuliyyətiylə qanun qarşısında cavab verməyə hazırdır. Onların müəssisəsində heç bir işçiyə təbii ehtiyaclarını ödəməsi, qidalanması, çay içməsi və ya spirtli olmayan digər içkilər qəbul etməsi üçün saat və vaxt tələbi, eləcə də hansısa qadağa yoxdur. Kim nə vaxt istəyir qidalanır, çayını içir və dincəlir. Bir daha qeyd edir ki, bunu istənilən keçmiş tarix üzrə kamera qeydiyyatı ilə sübut etməyə hazırdır. İddiaçı heç vaxt iş yerində hər hansı bir xəsarət almamış və nə də belə bir xəsarətə dair müəssisələrinə tibbi arayış təqdim etməmişdir. Əgər o hər hansı bir xəsarətlə həkimə müraciət edib rəsmi arayış almışdısa, nə üçün onun müraciət etdiyi tübb müəssisəsi xəsarətlə bağlı hüquq mühafizə orqanlarına məlumat ötürməyib? Yıxılmasını qoyaq kənara, bəlkə kimsə ona hansısa zəmində xəsarət yetirib? Bütün bu suallar hüquq mühafizə orqanlarında araşdırılmalı məsələ olduğu üçün, tibb müəssisəsi fakt üzrə məlumat verməliydi. Belə bir məlumat və məlumat üzrə araşdırma da yoxdur. Onun dizinin zədələnməsinin səbəbi nədir bilmirlər, amma onların iş yerində dizi üstə xidmət göstərilmir, nə də çətin reliyefli dağlıq şəraitdə xidmət göstərmirlər ki, yıxılmalı vəziyyət yarana. Gündə 1 və ya 2, bəzi hallarda sa ən çox olsa 3 nəfər pasiyent qəbul olunur, onlara kosmetoloji xidmət göstərilir. Pasiyentin dodağını və ya üzündə hansısa hissəni adi mazla lokal keyitmək o qədərmi ağır iş olub o da huşunu itirib yıxıla? Ulu öndərimiz Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti olarkən, 2000-ci ildə Azərbaycan Beynəlxalq hava limanındakı özbaşınalıqlara dair keçirdiyi geniş müşavirədə çox gözəl bir ifadə işlətmişdir - Əxlaq problemi olanlar həmişə yalan danışarlar, başqalarına böhtan atarlar, başqalarına problem yaratmağa çalışarlar. Bu şəxs bu qədər "əziyyətlərə" hansı marağına görə dözürdü? Nə üçün vaxtında bu hallara görə indi müraciət elədiyi qrumlara müraciət etmirdi? Əməkhaqqını almamasına və 400 manat vəd olunsa da guya 361 manat alması məsələsinə gəlincə də bildirir ki, bu şəxs öz işini necə yarıdıbsa, ərizəsini də elə formalaşdırıb. Onun həm Xidmət müqaviləsində və həm də əmək müqaviləsində əməkhaqqı 350 manat müəyyən edilmiş və müvafiq ödəmələr çıxıldıqdan sonra əməkhaqqını tam şəkildə də almışdır. Əlavə olaraq da, ona dəfələrlə əlavə qonarar verilmiş və maddi yardımlar olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazı müdafiə edərək etirazın məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iclasda ki izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan Cavabdeh MMC İddiaçı ilə 04 aprel 2023-cü il arixində 001/04 HK saylı Xidmət Müqaviləsi imzalanmaqla ona Həkim köməkçisi olaraq, SMM işlərinin icrası ona həvalə olunmuş, görəcəyi işlərin qarşılığında isə, ona 350 manat əmək haqqı müəyyən edilmişdir. İş materiallarında olan 23 avqust 2023-cü ildə, 02/08 CT saylı “töhmət elan olunmasına dair” əmrə əsasən, İddiaçı "Töhmət" elan olunması, İddiaçı diqqətinə çatdırılsın ki, növbəti dəfə hər hansı bir nöqsana yol verərsə, barəsində daha ciddi hüquqi tədbirlər görüləcəyi, müəssisənin Direktoru vəzifəsini müvəqqəti icra edən Gülsüm xanım Əliyevaya tapşırılsın ki, işçilərin yenidən təlimatlandırılmasını və ixtisası çərçivəsində hər bir işçi ilə fərdi söhbət aparılmasını təmin etməsi əmr edilmişdir. İş materiallarında olan 04 sentyabr 2023-cü ildə 02/09 CT “şiddətli töhmət elan olunmasına dair” əmrə əsasən, İddiaçı "Şiddətli Töhmət" elan olunması, İddiaçı diqqətinə çatdırılsın ki, növbəti dəfə hər hansı bir nöqsana yol verərsə, barəsində daha ciddi hüquqi tədbirlər görüləcək və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən əmək müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi əmr edilmişdir. İş materiallarında olan 11 sentyabr 2023-cü il tarixində, 04/09 CT saylı “əmək müqaviləsinə xitam verilməsinə” dair əmrə əsasən İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən, VMR Şirkətlər Qrupu MMCnin VMR Estetik Bakı Mərkəzinin "tibb bacısı" vəzifəsindən azad olunması və mövcud əmək müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, İddiaçı 3 (üç) iş günü ərzində müəssisə tərəfindən istifadəsinə verilmiş və ya xidməti istifadəsində olan avadanlıqların, ləvazimatların, cihaz və preparatların təhvilinə dair Akt tərtib olunması və imzalanması üçün, Maliyyə və təchizat üzrə menecerlə əlaqə yaratması əmr edilmişdir. İş materiallarında olan Bakı şəhəri 16 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/16-002142 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə 12:00-12:30 radələrində keçirilən ilkin mediasiya sessiyasında Cavabdeh MMC iştirak etməmişdir. İlkin mediasiya xərci olan 50 manat məbləğ İddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə əsasən işçinin əsas vəzifələri hesab olunur. Həmin Məcəllənin 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir. Eyni Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Həmçinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi ilə ləğv etmək. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Həmçinin də Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən məhkəmənin qənaətinə görə işin araşdırılmış halları onu deməyə əsas verir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını, cavabdeh tərəfin təqdim etdiyi sübutları (video disk işə əlavə olunmuşdur.) araşdıraraq və bütün sübutları bir biri ilə əlaqəli şəkildə araşdıraraq müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçının hər-hansı əmək hüquqları pozulmamış, əksinə cavabdeh qanunvericiliyin tələblərinə tam şəkildə əməl edərək AR Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən iddiaçının əmək müqaviləsinə xitam vermişdir. Belə ki, iş materiallarına əlavə olunmuş 23 avqust 2023-cü ildə, 02/08 CT saylı “İddiaçı töhmət elan olunmasına dair” və 04 sentyabr 2023-cü ildə 02/09 CT “İddiaçı şiddətli töhmət elan olunmasına dair” əmrlərdən görünür ki, İddiaçı əmək funksiyalarında kobud pozuntulara yol vermiş və onun diqqətinə çatdırılmış ki, növbəti dəfə hər hansı bir nöqsana yol verərsə, barəsində daha ciddi hüquqi tədbirlər görüləcək və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən əmək müqaviləsinə vaxtından əvvəl xitam veriləcəkdir. Məhkəmə onu da qeyd edir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-də iş rejiminin ağır olması, şirkət tərəfindən nahar fasiləsinin belə verilməməsi səbəbindən aclığa və ağır iş rejiminə tab getirə bilmədiyi üçün yıxılıb zədə alması barədə iddiası Cavabdeh MMC-nin nümayəndəsi X1 məhkəməyə təqdim etdiyi müşahidə kameralarının görüntülərində öz əksini tapmamışdır. Belə ki, həmin görüntülərdə Cavabdeh MMC tərəfindən iş vaxtının rejimi və işçilərin əmək funksiyasının həcmi ilə bağlı AR Əmək Məcəlləsi və digər normativ hüquqi aktlarla müəyyən edilmiş normaların tətbiqində hər hansı bir pozuntu aşkar olunmamışdır. Beləliklə məhkəmə İddiaçı cavabdeh "VMR Şirkətlər Qrupu” MMC–yə qarşı əmrinin ləğv edilməsi tələbinə dair iddiasını əsassız hesab edir. Belə ki, İddiaçı əmək intizamını və işlədiyi müəssənin daxili qaydalarını, habelə əmək müqaviləsinin şərtlərini kobud şəkildə pozduğu görə işdən çıxarılmışdır. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı Cavabdeh MMC-nin onun barəsində qəbul etdiyi Əmək Məcəlləsinin 72-ci maddəsinin "xxxx" bəndi ilə işə xitam verilməsi barədə əmin ləğv edilməsi tələbini əsassız olduğundan, məcburi işburaxmaya görə 600 manat məbləğində əmək haqqının və ona dəymiş mənəvi zərərə görə 1000 manat məbləğində pulun Cavabdeh MMC-dən alınıb ona ödənilməsi tələbləri ilk tələblə birbaşa bağlı olduğundan prosessual qənaət prinsipini nəzərə almaqla rədd edilməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı "əmrin ləğv edilməsi, məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi və mənəvi ziyana görə pul tələbinə dair" iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar