Məhkəmə qərarları › İş №2(006)-6416/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6416/2021

03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6416/2021 03.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı 31.05.2020-ci il və 12.06.2020-ci il tarixli müqavilələrə əsasən, “Lenova” markalı notebook, İMEİ kodu **********29895 olan “Huawei Y5” markalı telefon, “Beurer” markalı ayaq üçün spa, “Asus” markalı notebook almış və nəticədə 4244,2 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 31.05.2020-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 1762,2 manat (18 ay x 97.9 manat) “Lenovo” markalı notebook, İMEİ Kodu **********29895 olan “Huawei Y5” markalı telefon, BEURER Ayaq üçün Spa üçün ümumilikdə 2045,2 manat olmaqla, ondan 1609,2 manat ödənilməmiş hissə, 436 manat dəbbə; 12.06.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1785 manat (12 ay x 141 manat + 93 manat ilkin ödəniş) “Asus” markalı notebook üçün ümumilikdə, 2199 manat olmaqla, ondan 1692 manat ödənilməmiş hissə, 507 manat dəbbə pulu hesablanmışdır. Cavabdeh 31.05.2020-ci il tarixli müqaviləyə əsasən, 12.06.2020-ci il tarixində “BEURER” markalı Ayaq üçün Spa məhsulundan imtina etmiş və məhsul 153 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin 31.05.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 0, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 153 manat, ümumilikdə, 153 manat təşkil edir. 12.06.2020-ci il tarixli müqavilə üzrə isə cəmi ödədiyi məbləğ 93 manat təşkil edir. Göstərilənlərə əsasən 31.05.2020-ci il tarixli müqaviləyə əsasən 1609,2 manat ödənilməmiş hissə, 436 manat dəbbə, 12.06.2020-ci il tarixli müqaviləyə əsasən 1692 manat ödənilməmiş hissə, 507 manat dəbbə pulu olmaqla, ümumilikdə 4244 manat 20 qəpik borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 izahat verərək ərizədə göstərilənləri təsdiq etdi və tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, hazırda borcu ödəməyə maddi imkanı yoxdur. O, müqavilələrdə qeyd edilmiş əşyaları başqası üçün almışdır. Borcu hissə-hissə ödəməyə razıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 31 may 2020-ci il tarixli, 20321852 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, "xxxx" MMC “Lenova” markalı notebook, İMEİ kodu **********29895 olan “Huawei Y5” markalı telefon, “Beurer” markalı ayaq üçün spanı Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12 iyun 2020-ci il tarixli, 20346807 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, "xxxx" MMC “Asus” markalı notebooku Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə 31.05.2020-cu il tarixli müqavilə üzrə 1609,2 manat ödənilməmiş borcu, 436 manat dəbbə borcu, cəmi 2045,2 manat, 12.06.2020-ci il tarixli müqavilə üzrə 1692 manat ödənilməmiş borcu, 507 manat dəbbə borcu, cəmi 2199 manat, ümumilikdə 4244,2 manat borcu vardır. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" MMC ilə Cavabdeh arasında 31.05.2020-ci il və 12.06.2020-ci il tarixli əşyanın nisyə alqı-satqısına dair müqavilələr bağlanmış, həmin müqavilələrə əsasən "xxxx" MMC “Lenova” markalı notebook, İMEİ kodu **********29895 olan “Huawei Y5” markalı telefon, “Beurer” markalı ayaq üçün spa, “Asus” markalı notebooku Cavabdeh vermiş, Cavabdeh isə müqavilələrdə göstərilmiş müddətlərdə müqavilə şərtlərini yerinə yetirməyi öhdəsinə götürmüş, lakin cavabdeh tərəfindən müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklər tam icra edilməmiş və nəticədə onun "xxxx" MMC-yə ödənilməmiş borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hazırkı halda məhkəmə hesab edir ki, iddia dəbbə pulu ilə bağlı hissələrdə qismən təmin edilərək dəbbə pulu 31 may 2020-ci il tarixli müqavilə üzrə 160 manat məbləğində, 12 iyun 2020-ci il tarixli müqavilə üzrə 160 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 31 may 2020-ci il tarixli, 20321852 saylı müqavilə üzrə 1609,2 (bir min altı yüz doqquz manat, iyirmi qəpik) manat ödənilməmiş məbləğ, 160 (bir yüz altmış) manat dəbbə pulu, cəmi 1769,2 (bir min yeddi yüz altmış doqquz manat, iyirmi qəpik) manat, 12 iyun 2020-ci il tarixli, 20346807 saylı müqavilə üzrə 1692 (bir min altı yüz doxsan iki) manat ödənilməmiş məbləğ, 160 (bir yüz altmış) manat dəbbə pulu, cəmi 1852 (bir min səkkiz yüz əlli iki) manat, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumilikdə 3651,2 (üç min altı yüz əlli bir manat, iyirmi qəpik) manat məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbləri qismən təmin edilsin. Cavabdeh 31 may 2020-ci il tarixli, 20321852 saylı müqavilə üzrə 1609,2 (bir min altı yüz doqquz manat, iyirmi qəpik) manat ödənilməmiş məbləğ, 160 (bir yüz altmış) manat dəbbə pulu, cəmi 1769,2 (bir min yeddi yüz altmış doqquz manat, iyirmi qəpik) manat, 12 iyun 2020-ci il tarixli, 20346807 saylı müqavilə üzrə 1692 (bir min altı yüz doxsan iki) manat ödənilməmiş məbləğ, 160 (bir yüz altmış) manat dəbbə pulu, cəmi 1852 (bir min səkkiz yüz əlli iki) manat, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumilikdə 3651,2 (üç min altı yüz əlli bir manat, iyirmi qəpik) manat məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar