Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6418/2021 01.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh1 "xxxx" MMC ilə 24.01.2019-cu il və 23.12.2019-cuil tarixli müqaviləsinə əsasən, “LG” markalı televizor, İMEİ Kodu **********12419 “Samsung Galaxy A50” markalı telefon almış və nəticədə 754 manat borc yaranmışdır. Cavabdeh 24.01.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1046 manat “LG” markalı televizor üçün ümumilikdə, 48 manat olmaqla ondan, 31 manat ödənilməmiş hissə, 17 manat dəbbə pulu, 23.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 648 manat İMEİ Kodu **********12419 “Samsung Galaxy A50” markalı telefon üçün ümumilikdə 706 manat olmaqla ondan, 544 manat ödənilməmiş hissə, 162 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1119 manat təşkil edir. Həmçinin müqavilənin təminatı olaraq 23.12.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmış, zamin Cavabdeh2 iddiaçı qarşısında alıcı Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və borcludu. Göstərilənlərə əsasən, 24.01.2019-cu il tarixli müqaviləsinə əsasən, “LG” markalı televizor üçün 31 manat ödənilməmiş hissə, 17 manat dəbbə pulu cavabdeh X1; 23.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********12419 olan “Samsung Galaxy A50” markalı telefon üçün 544 manat ödənilməmiş hissə, 162 manat dəbbə pulu, ümumilikdə 754 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, borcu olduğu doğrudur, lakin borcunu qəsdən ödəməzlik etməmişdir. Keçən il müharibədə iştirak etmiş və həmin ərəfədə ödənişlər həyata keçirə bilməmişdir. Tərxis olunduqdan sonra da işləmək imkanı olmamışdır. Müxtəlif xəsarətlər aldığı ilə bağlı epikrizlə bərabər İddiaçı MMC-yə yaxınlaşmış və onlardan heç olmasa faiz borcunun silinməsini xahiş etmişdir. Ona bu xahişi dəyərləndirəcəklərini desələr də, heç bir xəbər çıxmamış və sonradan məhkəməyə verilməyi ilə bağlı bildiriş gəlmişdir. Hal-hazırda işləmir, ödəmək imkanı çox zəifdir. İddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 24.01.2019-cu il tarixli, № 00483523 saylı müqavilədən görünür ki, "xxxx" MMC “LG” markalı televizoru Cavabdeh1 satmış, Cavabdeh1 alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini 2 manat ilkin ödəniş etməklə hissə-hissə 18 ay müddətinə hər ay 58 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 23.12.2019cu il tarixli, № 01150963 saylı müqavilədən görünür ki, "xxxx" MMC “Samsung Galaxy A50” markalı telefonu Cavabdeh1 satmış, Cavabdeh1 alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə hər ay 54 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 23.12.2019cu il tarixli, 01150963 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 borclu Cavabdeh1 müqavilə üzrə öz öhdəliyini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəliyi götürmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 09 sentyabr 2021-ci il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh1 "xxxx" MMC-yə 24.01.2019-cu il tarixli müqavilə üzrə 31manat ödənilməmiş hissə, 17 manat dəbbə pulu, 23.12.2019-cu il tarixli müqavilə üzrə 544 manat ödənilməmiş hissə, 162 manat dəbbə pulu olmaqla, ümumilikdə iki müqavilə üzrə 575 manat ödənilməmiş hissə, 179 manat dəbbə pulu, ümumilikdə 754 manat məbləğində borcu vardır. "xxxx" MMC tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 ünvanlanmış bildirişdən görünür ki, cavabdehlərə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında 24.01.2019-cu il və 23.12.2019-cu il tarixli əşyanın nisyə alqı-satqısına dair müqavilələr bağlanmış, həmin müqavilələrə əsasən "xxxx" MMC 1 ədəd “LG” markalı televizor və 1 ədəd “Samsung Galaxy A50” markalı telefonu Cavabdeh1 vermiş, Cavabdeh1 isə müqavilələrdə göstərilmiş müddətlərdə müqavilə şərtlərini yerinə yetirməyi öhdəsinə götürmüş, lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər tam icra edilməmiş və nəticədə onun hazırkı tarixədək "xxxx" MMC-yə 24.01.2019-cu il və 23.12.2019-cu il tarixli müqavilələr üzrə ümumilikdə 754 manat məbləğində borcu yaranmışdır. Onun 23.12.2019-cu il tarixli, № 01150963 saylı öhdəliklərinin icrasının təminatı kimi digər Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə məbləği ilə bağlı hissədə qismən təmin edilərək cərimə məbləği azaldılaraq, 24.01.2019-cu il və 23.12.2019-cu il tarixli müqavilələr üzrə cəmi 23 (3 və 20) manat məbləğində müəyyən edilməlidir. Eyni zamanda, iddianın zaminə münasibətdə olan hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İşin hallarından göründüyü kimi, tərəflər arasında müqavilə əsasında alqı-satqı və zaminlik münasibətləri yaranmış, cavabdehlər müqavilə üzrə üzərilərinə götürdükləri öhdəliyi icra etməmişlər. Məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə çıxış etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 24.01.2019-cu il tarixli müqaviləyə əsasən 31 (otuz bir) manat ödənilməmiş hissə, 3 (üç) manat dəbbə pulu, ümumilikdə 34 (otuz) manat məbləğində borc Cavabdeh1 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, 23.12.2019-cu il tarixli müqaviləyə əsasən 544 (beş yüz qırx dörd) manat ödənilməmiş hissə, 20 manat (iyirmi manat) dəbbə pulu, ümumilikdə 564 (beş yüz altmış dörd) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 24.01.2019-cu il tarixli müqaviləyə əsasən 31 (otuz bir) manat ödənilməmiş hissə, 3 (üç) manat dəbbə pulu, ümumilikdə 34 (otuz) manat məbləğində borc Cavabdeh1 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. 23.12.2019-cu il tarixli müqaviləyə əsasən isə 544 (beş yüz qırx dörd) manat ödənilməmiş hissə, 20 manat (iyirmi manat) dəbbə pulu, ümumilikdə 564 (beş yüz altmış dörd) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-6418/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6418/2021
01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver