Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-6437/2025 17.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Miriyeva Həbibə Novruz qızı, İddiaçı Cavabdeh qarşı “şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə daxil olmuş materialları araşdıraraq hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, mülki prosesdə həyata keçirilən icraatın iddia icraatı və xüsusi icraat adlanan iki növü vardır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 306.1-cı maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, həmin icraatın qaydalarını, şərtlərini və baxılma əsaslarını tənzimləyən, qanunla müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla iddia icraatı qaydasında baxılır. Mülki Prosesual Məcəllənin 305.1-ci maddəsi ilə məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlərin dairəsi müəyyən olunmuşdur. Həmin Məcəllənin 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. İddia ərizəsinin məzmunundan müəyyən olunur ki, İddiaçı cavabdeh qismində göstərdiyi şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsinə nail olmaq istəyir, lakin bunun üçün mülki prosessual qanunvericilikdə nəzərədə tutulmuş xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasına məhkəməyə müraciət etmişdir ki, bu da qeyd olunan tələbə müvafiq icraat çərçivəsində baxılmasını mümkünsüz edir. Belə olan halda məhkəmə hesab edir ki, bu növ tələblərə iddia icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 1.7-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. Odur ki, məhkəmə iddiaçıya, özünün ərizəçi, müvafiq icra hakimiyyəti orqanının maraqlı şəxs qismində göstərilməklə, iddia ərizəsi formasında deyil, ərizə formasında yenidən məhkəməyə müraciət etmək hüququna malik olmasını izah edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılsın. İddiaçıya, özünün ərizəçi, müvafiq icra hakimiyyəti orqanının maraqlı şəxs qismində göstərilməklə, iddia ərizəsi formasında deyil, ərizə formasında yenidən məhkəməyə müraciət etmək hüququna malik olmasını izah edilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-6437/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-6437/2025
17.12.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver