Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6477/2021 29.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X11 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əqdin etibarsızlığı tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əqdin etibarsızlığı tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Məmmədova Səmra Orxan qızı 2021-ci ilin əvvəllərində istehlak kreditinin götürülməsi məqsədilə "xxxx" ASC-yə müraciət etmişdir. Müraciət olunan bank kreditin verilməsindən imtina etmiş və buna səbəb kimi "xxxx" ASC qarşısında olan kredit öhdəliklərinin yerinə yetirilməməsi göstərilmişdir. Bundan sonra, İddiaçı "xxxx" ASC-yə müraciət edərək, məsələnin aydınlaşdırılmasında köməklik göstərilməsini xahiş etmişdir. Bank rəhbərliyi ona bildirmişdir ki, iddiaçının adına sənədləşdirilmiş kredit müqavilələri mövcuddur, lakin qeyd olunan müqavilələr onun tərəfindən deyil, hazırda cəzaçəkmə müəssisəsində saxlanılan məhkum, əvvəllər bankın Qaradağ rayon filialında işləmiş X6 tərəfindən hazırlanmış, pul vəsaiti iddiaçının yerinə imza atılmaqla kassadan götürülmüşdür. Bununla bağlı cinayət təqibinin başlandığı və yekun məhkəmə aktının qəbul edildiyini qeyd edən bankın filial rəhbərliyi ona köməklik edə bilməyəcəyini vurğulamış və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məmmədova Səmra Orxan qızının kredit tarixçəsinin tərtib edilməsi üçün məlumatların kredit bürosuna təqdim edilməsinə və ya kredit bürosundan kredit hesabatının əldə edilməsinə verdiyi razılıq ərizəsinə əsasən, “Expressbank" ASC "xxxx" MMC-yə müraciət etmişdir. Mərkəzi Kredit Reyestrindən əldə edilmiş məlumata görə məlum olmuşdur ki, iddiaçının adına 01.03.2013-cü il tarixində 3000 manat və 29.11.2013-cü il tarixində 8000 manat məbləğində istehlak krediti rəsmləşdirilmişdir. İddiaçının bu kredit müqavilələrindən xəbəri olmamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Qaradağ filialının sabiq əməkdaşları X6, X5 və X1 təqsirləndirilməsinə dair 1(101)-844/2017 nömrəli cinayət işi üzrə 02 oktyabr 2017-ci il tarixli hökmündən də aydın olmuşdur ki, təqsirləndirilən şəxslər Məmmədova Səmra Orxan qızının kredit qovluğundakı sənədlərdə imzasını oxşadıb icra etməklə adına 01.03.2013-cü il tarixli, 9 nömrəli kredit müqaviləsi ilə 22 faiz olmaqla, 24 ay müddətinə 3000 manat. 29.11.2013-cü il tarixli, 315 nömrəli kredit müqaviləsi ilə illik 20 faiz olmaqla, 24 ay müddətinə 8.000 manat məbləğində kredit vəsaitlərinin ayrılmasına nail olub, həmin məbləğləri filialın xəzinəsindən şəxsən alaraq, həmin pul vəsaitlərini şəxsi ehtiyacları üçün xərcləməklə, öz qulluq mövqeyindən istifadə edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə “Azərbaycan Beynəlxalq Bank" ASC-yə məxsus külli miqdarda əmlakı vahid qəsdlə ələ keçirməklə dələduzluq etmiş, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətmişlər. Təqsirləndirilən şəxslər barəsində ittihamedici hökm çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-54/2018 nömrəli iş üzrə 18 yanvar 2018-ci il tarixli qərarından da görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilməmiş, yalnız dəyişdirilərək təqsirləndirilən şəxslərin cəzaları yüngülləşdirilmiş, digər hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-1588/2018-ci il tarixli, 26 dekabr 2018-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxsin vəkili tərəfindən apellyasiya instansiyasının qərarından kassasiya şikayəti verilsə də, şikayət geri götürüldüyündən məhkum X6 barəsində Bakı Apellyasiya Məhkəməsinin 18 yanvar 2018-ci il tarixli qərarından verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Bununla da sözügedən cinayət işi üzrə məhkəmə aktı öz qanuni qüvvəsini almışdır. İddiaçı Məmmədova Səmra Orxan qızının adına sənədləşdirilmiş 01.03.2013-cü il tarixli 9 nömrəli və 29.11.2013-cü il tarixli 315 nömrəli kredit müqavilələrinin bağlanmasında iradə ifadəsi olmamış və bu prosesdə iştirak etməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən də aydın olmuşdur ki, qeyd olunan müqavilələr iddiaçı tərəfindən bağlanmamış və bu barədə xəbəri olmamışdır. Hətta onun əvəzinə qevd olunan müqavilələrin bağlanmasına iddiaçı heç kimə səlahiyyət verməmişdir. Göstərilənlərə əsasən cavabdeh “Azərbaycan Beynəlxalq Bank" ASC-nin kreditor olduğu iddiaçı Məmmədova Səmra Orxan qızının adına sənədləşdirilmiş 01.03.2013-cü il tarixli, 9 nömrəli və 29.11.2013-cü il tarixli, 315 nömrəli kredit müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh "xxxx" ASC-nin kreditor olduğu İddiaçı adına sənədləşdirilmiş 01.03.2013-cü il tarixli, 9 nömrəli və 29.11.2013-cü il tarixli, 315 nömrəli kredit müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X8 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 02.10.2017-ci il tarixli, 1(101)-844/2017 saylı hökmünün surətindən görünür ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 313 və 326.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə dövlət və bələdiyyə orqanlarında rəhbər və maddi –məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313 və 326.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən X4 həmin maddələr ilə cəza təyin edilməməsi hökm edilmişdir. Həmin hökmdən görünür ki, X6 "xxxx" ASC-nin “Qaradağ” filialının kredit şöbəsinin baş mütəxəssisi vəzifəsində işləyərkən, həmin filialın müdiri tərəfindən təsdiq edilmiş vəzifə təlimatının, həmçinin 15.01.2014-cü il tarixdə "xxxx" MMC-ni təsis edib cəmiyyətin direktoru atası X7 olmasına baxmayaraq, Məmmədova Səmra Orxan qızının kredit qovluğundakı sənədlərdə sonuncunun imzalarını oxşadıb icra etməklə adına 01.03.2013cü il tarixli, 9 nömrəli kredit müqaviləsi ilə illik 22 faiz olmaqla, 24 ay müddətinə 3000 manat, 29.11.2013-cü il tarixli, 315 nömrəli kredit müqaviləsi ilə illik 20 faiz olmaqla, 24 ay müddətinə 8000 manat, banka məxsus külli miqdarda əmlakı vahid qəsdlə ələ keçirməklə dələduzluq etmiş, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Göründüyü kimi, qanunverici mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirməkdə, istədikləri məzmunda və formada müqavilə bağlamaqda sərbəst olmalarını müəyyən etsə də, eyni zamanda mülki hüquq münasibətlərinin digər iştirakçılarının da hüquq və mənafeyini qorumaq prizmasından yanaşaraq, onların hüquqlarına, əqd bağlamaq və sair ilə bağlı hərəkətlərinə - üçüncü şəxslərin mənafeyinə zərər vurmamaq, xətər yetirməmək, hüquqlarını pozmamaq kimi sədd məhduduyyətlərini qoyaraq, hüquqdan sui-istifadənin qarşısını alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Mülki qanunvericilik müəyyən edir ki, əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenum qərarında gösrərilmişdir ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya hökmü ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Bu zaman göstərilən faktlar mülki iş üzrə iştirakçıların dairəsindən asılı olmayaraq hamı üçün preyudisialdır və bu faktlar heç kim tərəfindən mübahisələndirilə bilməz. Göründüyü kimi cavabdehin əvvəllər kredit şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışmış işçisi X2 Məmmədova Səmra Orxan qızının kredit qovluğundakı sənədlərdə sonuncunun imzalarını oxşadıb icra etməklə adına 01.03.2013-cü il tarixli, 9 nömrəli kredit müqaviləsi ilə illik 22 faiz olmaqla, 24 ay müddətinə 3000 manat, 29.11.2013-cü il tarixli, 315 nömrəli kredit müqaviləsi ilə illik 20 faiz olmaqla, 24 ay müddətinə 8000 manat, eyni zamanda banka məxsus külli miqdarda əmlakı vahid qəsdlə ələ keçirməklə dələduzluq etməsi, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməsi faktı məhkəmə hökmü ilə öz təsdiqini tapmışdır. Belə olan halda, iddiaçı onun adından imzalanmış kredit müqavilələrinin etibarsız hesab edilməsini tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh "xxxx" ASC-də İddiaçı adına sənədləşdirilmiş 01.03.2013-cü il tarixli, 9 nömrəli və 29.11.2013-cü il tarixli, 315 nömrəli kredit müqavilələri etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" ASC-də İddiaçı adına sənədləşdirilmiş 01.03.2013-cü il tarixli, 9 nömrəli və 29.11.2013-cü il tarixli, 315 nömrəli kredit müqavilələri etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-6477/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6477/2021
29.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver