Məhkəmə qərarları › İş №2(006)-6482/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6482/2021

25.10.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6482/2021 25.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, cavabdeh “Bank VTB (Azərbaycan) ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh “Bank VTB (Azərbaycan) ASC-yə qarşı "əmrin etibarsız sayılması və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Bank VTB (Azərbaycan) ASC-yə qarşı "əmrin etibarsız sayılması və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 31.10.2011-ci ildən 04.08.2021-ci ilədək Cavabdeh ASC-də müxtəlif vəzifələrdə işləmişdir. İddiaçı son olaraq İnformasiya texnologiyaları departamentinin İnformasiya texnologiyaları idarəsinin rəisi vəzifəsində işləmişdir. 04 avqust 2021ci il tarixdə tarixdə cavabdehin 523/k nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Cavabdeh əmrini iddiaçı tərəfindən "Vəzifə təlimatının 4.2., 4.3., 4.6., 4.7., 4.8. və .4.12-ci maddələrində nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməməsi, məhz İT strategiyasının icra olunmasına nəzarət etməmək, büdcənin müəyyən olunmuş maddələr üzrə xərclərinə nəzarət etməmək; İdarəyə verilmiş tapşırıqların işçilər tərəfindən vaxtında və tam şəkildə yerinə yetirilməsini təmin etməmək; hazır proqram məhsullarının istifadə imkanlarını müəyyən etməmək; proqram və proqram vasitələrinin tətbiq edilməsini müşayiətini təşkil etməmək; Rəhbərliyin və Bankın digər struktur bölmələrinin, İdarənin səlahiyyətləri daxilində qərarlarının yerinə yetirilməsinə nəzarət etməmək” ilə əsaslandırmışdır. İddiaçının bir işçi olaraq əmək hüquqları kobud şəkildə pozulmuşdur. İddiaçı cavabdehin işçisi olduğu müddətdə öz vəzifələrini əmək müqaviləsinə və vəzifə təlimatına uyğun həyata keçirmişdir. Bunun nəticəsi olaraq da 2017-ci ilin mart ayında ASC Bank VTB-nin (Rusiya Federasiyası) İdarə Heyətinin sədri A.L.Kostin adından işini vicdanla və yüksək şəxsi səmərəlilik ilə həyata keçirdiyinə görə iddiaçıya təşəkkürnamə təqdim edilmişdir. Cavabdeh əmri iddiaçının öz vəzifələrini yerinə yetirməməsi nəticəsində işəgötürənə vurulmuş zərər ilə əsaslandırmışdır. Halbuki, cavabdeh tərəfindən 06.07.2021 - 17.07.2021-ci il tarixləri arasında keçirilmiş xidməti araşdırma barədə tərtib edilmiş 17 iyul 2021-ci il tarixli xidməti araşdırmaların nəticəsi barədə aktda açıq-aydın şəkildə qeyd olunmuşdur ki, İBM korporasiyasının Bankda keçirmiş olduğu yoxlama nəticəsində cavabdehin İBM korporasiyası qarşısında ehtimal edilən borcu mövcuddur. Həmçinin, aktda açıq-aşkar qeyd edilmişdir ki, cavabdeh ilə İBM korporasiyası arasında yoxlamanın nəticələri barədə danışıqlar getməkdədir. Göründüyü kimi, burada söhbət “ehtimal edilən” zərərdən gedir. Buna baxmayaraq, cavabdeh iddiaçının işdən uzaqlaşdırılmasını məhz həmin zərər ilə əsaslandırmışdır. Qeyd olunan aktda onun tərtib edilməsində və yoxlamanın keçirilməsində iştirak edən məsul şəxslərin imzalarının olması qeyd edilmiş, lakin imzalar atılmamışdır. Bu pozuntu da qeyd olunan yoxlamanın mötəbərliyini sübhə altına alır. Həmin akt ilə bağlı maraqlı bir məqam da diqqət çəkir. Aktın qeyd olunan komissiya üzvlərindən E.Kirin (İdarə Heyətinin sədri) - hazırda bankda işləmir, R.Rudakov (İdarə Heyətinin üzvü, Maliyyə direktoru), məsul şəxs - hazırda bankda işləmir, V.Maksimenko (bankın rəqəmsal bankçılıq layihəsinin direktoru) İnformasiya texnologiyaları idarəsinin kuratoru - hazırda bankda işləmir. Göründüyü kimi, məsul şəxslərin hamısı öz arzuları ilə işdən çıxmış, bircə iddiaçı ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə işdən uzaqlaşdırılmışdır. Ən əsası, İBM korporasiyasının yoxlaması nəticəsində cavabdehin İBM korporasiyası qarşısında yaranmış borcun əsasını təşkil edən müqavilə münasibətləri 2015-ci ildə yaranmışdır. Həmin dövrdə iddiaçı İnformasiya texnologiyaları departamentinin İnformasiya texnologiyaları idarəsinin rəisi vəzifəsində işləmirdi. Cavabdeh isə, öz növbəsində, qeyd edir ki, iddiaçı öz vəzifələrini düzgün yerinə yetirməmişdir. İddiaçı İnformasiya texnologiyaları idarəsinin rəisi olmadığı dövrdə yaranmış münasibətlər və onların gələcəkdəki fəsadlarına görə məsuliyyət daşıya bilməz. Aktdan görünür ki, proqram təminatı üzrə lisenziyaların artıq sayda istifadə edilməsinin əsas səbəbi, 04.02.2015-ci il tarixdə cavabdeh tərəfindən alınmış müddətsiz lisenziyaların sayının düzgün nəzərdə tutulmaması olmuşdur. Yuxarıda da qeyd edildiyi kimi, həmin tarixdə iddiaçı qeyd olunan lisenziyaların alınması ilə bağlı prosesdə iştirak etməmişdir. İBM korporasiyası tərəfindən keçirilən yoxlama zamanı cavabdehin İnformasiya texnologiyaları idarəsi faktiki olaraq V.Maksimenkonun kurasiyasında idi, lakin həmin məsul şəxs, cavabdehin İdarə Heyətinin 03.12.2019-cu il tarixli məktubunda adının qeyd olunmasına baxmayaraq, bütün bu proseslərdə iştirak etməmişdir. Bundan başqa, iddiaçı 2017-2021 -ci illər ərzində İnformasiya texnologiyaları departamentinin İnformasiya texnologiyaları idarəsinin rəisi vəzifəsində işləmiş və bu qısa olmayan dövr ərzində cavabdeh tərəfindən ona heç bir irad bildirilməmişdir. Bankda bu dövr üçün kifayət qədər çox İT layihələri müvəffəqiyyətlə həyata keçirilmişdir. Bu layihələrdən biri avtomatlaşdırılmış bank sisteminin yeni versiyasına keçid var idi, hansı ki 2020-ci ildə müvəffəqiyyətlə yekunlaşmışdır. Əlbəttə ki, belə bir məsuliyyətli vəzifəni 4 ildən çox müddətdə tutan şəxsin, cavabdehin iddiaçı tərəfindən hazırda mübahisələndirilən əmrində göstərilən pozuntulara yol verməsi məntiqsizdir. Bütün bu qeyd edilmiş xüsusatlar aktda öz əksini tapmışdır. Həmin aktdan bəzi çıxarışlar - “İBM AppConnect” proqram təminatının alınması və inteqrasiyası zamanı bu prosesdən məsul olan şəxs İnformasiya texnologiyaları idarəsinin rəisi X3 idi”; “İBM korporasiyası tərəfindən yoxlamanın keçirilməsi barədə 03.12.2019-cu ildə daxil olmuş məktub barədə məsul şəxs R.Rudakov tərəfindən idarə Heyətinin sədrinə cavab təqdim edilməmişdir.; “Komissiya qeyd edir ki, bank rəhbərliyinin əmrlərinin səmərəli icrası mexanizminin olmaması səbəbindən, rəhbərliyin 03.12.2019-cu il tarixli əmrinin icra edilmə vəziyyəti qeydə alınmırdı.” Bütün bu göstərilənlər təsdiq edir ki, cavabdehin İBM korporasiyası qarşısında hər hansı borcu yaranmışdırsa belə, bunun səbəbkarı bankdaxili qaydaların nizama salınmaması, məsul şəxslərin öz işlərini məsuliyyətli yerinə yetirməməsi və bir sıra digər problemlər olmuşdur. Cavabdeh isə bütün bu problemlərin səbəbkarı kimi iddiaçını müəyyən etmişdir (istər aktdan, istərsə də əmrdən iddiaçının konkret olaraq hansı vəzifələrini yerinə yetirməməsi göstərilməmişdir). İddiaçı İT sahəsi üzrə yüksək ixtisaslı mütəxəssisdir və əmək funksiyalarını hər zaman yüksək səviyyədə yerinə yetirmişdir. İddiaçı tərəfindən ƏM-in 70-ci maddəsinin “ç” bəndində qeyd edilmiş və cavabdehə əmək müqaviləsini birtərəfli qaydada ləğv etməyə imkan verən hər hansı pozuntuya da yol verilməmişdir. Yəni cavabdehin əmək müqaviləsini pozmasına əsas ola biləcək hər hansı davranışa iddiaçı yol verməyib. Göstərilənlərə əsasən Cavabdeh ASC-nin 04 avqust 2021-ci il tarixli, 523/k saylı əmrin etibarsız hesab edilməsi, İddiaçı Cavabdeh ASC-də informasiya texnologiyaları departamentinin İnformasiya texnologiyaları idarəsinin rəisi vəzifəsinə bərpa edilməsi, iddiaçının işə bərpa edildiyi tarixədək cavabdehdən iddiaçının xeyrinə məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması, iddiaçıya vurulmuş mənəvi ziyanın əvəzi olaraq 50.000 manat, hüquqi yardım üçün ödənilmiş xərcə görə 6000 manat, ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 50 manat və etibarnamənin alınması üçün ödənilmiş 11,50 manat xərcin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2 iddiada göstərilənləri təsdiq edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında cavabdeh “Bank VTB (Azərbaycan) ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmiş və bildirmişdir ki, İddiaçı əmək müqaviləsi və vəzifə təlimatı ilə onun üzərinə qoyulmuş vəzifə öhdəliklərini layiqincə yerinə yetirmədiyinə görə işəgötürən “Bank VTB (Azərbaycan) ASC-yə böyük məbləğdə maddi ziyan vurmuşdur. Buna görə də onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan işəgötürən “Bank VTB (Azərbaycan) ASC-nin sədri O.S.Crasnojon ilə işçi İddiaçı arasında bağlanmış 31.10.2011-ci il tarixli, 276 saylı əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı İnformasiya Texnologiyaları idarəsinin Tətbiqi sistemlərin idarəedilməsi şöbəsinin mütəxəssisi vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan “Bank VTB (Azərbaycan) ASC-nin 04.08.2021-ci il tarixli, 523/k saylı “əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrindən görünür ki, İnformasiya texnologiyaları departamentinin İnformasiya texnologiyaları idarəsinin rəisi İddiaçı əmək müqaviləsinə 04.08.2021ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirilməsi) xitam verilməsi, son iş gününün 04.08.2021-ci il tarixi hesab edilməsi, işçiyə 01.11.2018-01.11.2019-cu il iş ili hesabından istifadə edilməmiş 22 t.g, 01.11.2019-01.11.2020-ci iş ili hesabından istifadə edilməmiş 30 t.g və 01.11.2020-01.11.2021-ci iş ili hesabından istifadə edilməmiş 23 t.g məzuniyyətə görə pul əvəzinin ödənilməsi əmr edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı əmək müqaviləsi üzrə vəzifəsini kobud şəkildə pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Həmin əmrdən narazı qalmış iddiaçı yuxarıda göstərilən tələbləri irəli sürərək məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir. Eyni Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Həmçinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı qüvvədə olan əmək qanunvericiliyinə və işəgötürən ilə onun arasında bağlanmış əmək müqaviləsinin müddəalarına zidd olaraq əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verməsi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 22.11.2019-cu il tarixdə İBM şirkəti tərəfindən araşdırma aparılması ilə bağlı Banka məktub daxil olmuş, həmin məktuba İdarə heyətinin sədri tərəfindən dərkənar qoyularaq icra edilməsi üçün İddiaçı da göndərilmişdir. İddiaçı isə elə 2019-cu il tarixdə İBM tərəfindən göndərilən məktuba əsasən məsul olduğu idarədə İBM tərəfindən təqdim olunmuş xidmətlər üzrə ilkin araşdırma aparmayaraq, şirkət ilə Bank arasında bağlanmış müqavilənin icrası ilə bağlı mövcud vəziyyəti təhlil etməmiş, Bankı hansı risklərin gözlədiyi və ya faktiki olaraq İBM ilə bağlanmış müqavilənin şərtlərinə əməl olunub-olunmadığını əvvəlcədən müəyyən edib, bu barədə bilavasitə rəhbərinə və ya X5 sədrinə məlumat verməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndinə görə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifəsidir. İnformasiya Texnologiyaları İdarəsinin rəisinin Vəzifə Təlimatının 4.2-ci bəndinə əsasən İT strategiyasının hazırlanmasında iştirak edir, icrasına nəzarət edir. X2 4.3-cü bəndinə görə büdcənin planlaşdırılmasında iştirak edir, müəyyən maddələr üzrə bölmənin büdcə xərclərinə nəzarət edir. X4 4.6-cı bəndinə əsasən bölmənin əməkdaşları tərəfindən Bölməyə həvalə edilən tapşırıq və funksiyaları tam həcmdə yerinə yetirilməsini təmin edir. Qeyd olunan Vəzifə Təlimatının 4.7-ci bəndində göstərilir ki, hazır proqram məhsullarından istifadə imkanlarım müəyyənlaşdirir. X2 4.8-ci bəndinə görə proqramların və proqram vasitələrinin tətbiqinin müşayiətini təşkil edir. X4 4.12-ci bəndinə əsasən bölmənin səlahiyyətlərinə aid olan məsələlər üzrə Bankın rəhbərliyi və digər bölmələrinin qərarlarının icrasına nəzarət edir. İddiaçı özü 25.06.2021-ci il tarixli izahatında hazırkı iş üzrə məsul şəxs olduğunu, Deloittte şirkətindən olan həmkarlarına cavabların verilməsinin razılaşdırılması baxımından bu məlumatlar razılaşdırılması üçün bilavasitə İTİ-in kuratoru R.V.Rudakova göndərilmədiyi, Bank ilə Deloitte şirkəti arasında Bank tərəfindən məxfi məlumatların ötürülməsi ilə bağlı NDA imzalanmasına dair NDA imzalanması ilə bağlı məlumatının olmadığını qeyd etmişdir. Eyni zamanda X5 Sədrinin əmri və ya hər hansı göstərişi olmadan İddiaçı tərəfindən kommersiya sirri təşkil edilən məlumatlar '‘Deloitte" şirkətinə göndərilmiş, sonuncu tərəfindən həmin məlumatlar əsasında yoxlamalar aparılmış, X1 Şöbəsinə yoxlama barədə məlumatı verməmiş, məxfi məlumatların açıqlanmaması haqqında müqavilə olmadığı halda Bankın İT infrastrukturu haqqında məlumatın şifrlənmədən, açıq formada və ya arxivlərdən e-poçt vasitəsi ilə göndərmişdir. İddiaçı ilə Bank arasında bağlanmış 31.10.2011-ci il tarixli 276 saylı əmək müqaviləsinin 8.1 -ci bəndinə görə “İşçi" “İşəgötürən”in kommersiya sirrinin, yəni istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı “İşəgötürən”in razılığı olmadan açıqlanması, “İşəgötürən"in habelə onun səhmdarının, törəmə və asılı cəmiyyətinin müqavilə üzrə tərəfdaşlarının, müştərilərinin qanuni maraqlarına ziyan vura bilən elektron və ya kağız formada məlumatların, məlumatlar “Kommersiya sirri" şifri ilə ifadə edilib-edilməməsindən asılı olmayaraq, qorunmasına cavabdehdir. Həmin müqavilənin 8.2-ci bəndinə əsasən “İşçi” kommersiya sirrindən yalnız bu müqavilə ilə müəyyənləşdirilən əmək funksiyasının icrası üçün istifadə edir və bu məlumatlardan “İşəgötürən”nin razılığı olmadan şəxsi və sair məqsədlər üçün istifadə edə bilməz. Göründüyü kimi iddiaçının öz işinə səhlənkar yanaşması səbəbindən əmək müqaviləsinin və vəzifə təlimatının tələblərini kobud şəkildə pozmuşdur. Bununla da kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamayaraq əmək müqaviləsi üzrə əsas vəzifəsini yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı qüvvədə olan əmək qanunvericiliyinə və işəgötürən ilə onlar arasında bağlanmış əmək müqaviləsinin müddəalarına zidd olaraq əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Buna görə də işəgötürən iddiaçını Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad etməklə (əmək müqaviləsinə xitam verməklə) haqlı olmuşdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının «işə bərpa edilməsi» haqqında iddia tələbi əsassız olduğuna görə, həmin tələblə bağlı olan iddianın «iddiaçıya vurulmuş mənəvi ziyanın əvəzi olaraq 50.000 manat, hüquqi yardım üçün ödənilmiş xərcə görə 6000 manat, ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 50 manat və etibarnamənin alınması üçün ödənilmiş 11,50 manat xərcin tutulması» hissəsi də əsassız hesab olunmalıdır. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh “Bank VTB (Azərbaycan) ASC-yə qarşı "əmrin etibarsız sayılması və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi tələbi"nə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “Bank VTB (Azərbaycan) ASC-yə qarşı "əmrin etibarsız sayılması və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi tələbi"nə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar