Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6528/2021 13.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Mirzəyeva Sevinc Ərəstun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 105 ünvanında yerləşən 9,5 kv.m. qeyri-yaşayış sahəsi Dövlət Əmlakının Hüquqi və Fiziki şəxslərə satılması haqqında Şəhadətnaməyə əsasən iddiaçının xüsusi mülkiyyətində idi. Orada iddiaçı uzun illər saatların təmirə ilə məşğul olmuşdur. «Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Səbail, Nərimanov, Nizami, Yasamal, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə» 26.02.2016-cı il tarixli 86 saylı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının icrası ilə əlaqədar cavabdeh "xxxx" MMC-yə onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 105 ünvanında yerləşən 9,5 kv.m. qeyri-yaşayış sahəsinin sökülməsi üstündə hündürmərtəbəli binanın tikilməsi icazəsi verilmişdir. Bununla əlaqədar cavabdeh və iddiaçı arasında 19.05.2018-ci il tarixli 23-Q/Y saylı müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 105 ünvanında yerləşən 9,5 kv.m. qeyri-yaşayış sahəsinin sökülməsi və 30 ay müddətində üstündə hündürmərtəbəli binanın tikilməsi, onun qeyri-yaşayış sahəsinin əvəzində həmin binanın 2-ci mərtəbəsində, 17-20 arasında,R-Q oxları əhatəsində (eni) 4,60, (uzunluğu) 6,0 metr olmaqla, 29,44 kv.m. təmirli (divarlar boya, döşəmə keramika) qeyri-yaşayış sahəsini onun mülkiyyətinə verilməsi razılaşdırılmışdır. Eyni zamanda 19.05.2018-ci il tarixli, 23-Q/Y saylı müqaviləyə 1 saylı əlavəyə əsasən cavabdeh inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisi başa çatdrana və iddiaçı qeyri-yaşayış sahəsi ilə təmin edilən günədək onun fəaliyyəti üçün müvəqqəti yerləşməsini təmin etmək məqsədilə ona hər ay 1500 manat məbləğində kirayə haqqında kompensasiya ödəməsinə dair üzərinə öhdəlik götürmüşdür. Cavabdeh 30 ay müddətində tikinti işləri başa çatdırıb, 29,44 kv.m. qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməmiş, kirayə haqqını 18 ay, yəni 19.10.2019-cu il tarixədək ödəmiş, qalan 12 ayın kirayə haqqını ödəməmişdir. Cavabdehə dəfələrlə qalan 12 ayın kirayə haqlarının ödənilməsi və müqavilə ilə nəzərdə tutulmuş 29,44 kv.m. qeyri-yaşayış sahəsinin təmirli şəkildə təhvil verilməsi barədə şifahi deyilsə də, cavabdeh kirayə haqqını ödəməkdən boyun qaçırmışdır. 01.03.2021-ci il tarixdə pretenziya məktubu ilə cavabdehə müraciət olunmuş və müqavilə üzrə öhdəliklərini 3 gün müddətində icra etməsi xahiş olunmuşdur. Lakin pretenziya məktubu ilə müraciət olunmasına baxmayaraq, cavabdeh qərəzli şəkildə müqavilə öhdəliklərini icra etməkdən boyun qaçırır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərilənlərə əsasən cavabdeh "xxxx" MMC-dən 19.05.2018-ci il tarixli 23-Q/Y saylı müqavilə üzrə iddiaçıya ödənilməmiş 18.000 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 19.05.2018-ci il tarixli 23-Q/Y saylı müqavilə üzrə iddiaçıya ödəniməmiş 18000 manat borcun, 900 manat faizin və 30 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin iddiaçının nümayəndəsi və vəkili öz izahatında bildirmişdir ki, qeyd olunan daşınmaz əmlak iddiaçıya 19.10.2019-cu il tarixdən nə ödəniş etmiş, nədəki əmlakı təhvil verməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini qəbul etməyərək və iddia tələbinə etiraz təqdim edərək öz izahatında göstərmişdir ki, iddia tələbi tam əsassızdır, formal mülahizələrdən ibarətdir, sözügedən müqavilənin şərtlərinə qəsdən düzgün istinad edilməməklə və müqavilənin normalarının izahatının bilərəkdən təhrif olunması yolu ilə tərtib olunmuşdur. İddia ərizəsinə, onun əlavələrinə və işə əlavə olunan mübahisələndirilməsi mümkün olmayan əsaslı sübutlara adi vizual nəzər yetirmək kifayət edir ki, İddiaçı bu iddiasının əsassız varlanma məqsədi ilə məhkəməyə təqdim edildiyi müəyyən olunmuşdur. İddiadan görünür ki, İddiaçı öz iddia ərizəsində bilərəkdən təhrif etdiyi müqavilə normalarının müddəalarının (real və aydın məna ifadə edən müddəalarının) peşəkar məhkəmə heyətinin nəzərindən qaçacağına ümid bəsləmişdir. Hesab edirlər ki, bu ümid əsassızdır və məhkəmənin peşəkar heyətini belə təhrif olunmuş əhəmiyyətsiz söz yığını ilə aldatmaq mümkün deyildir, qərəzli və qanunvericiliyin tələblərinə zidd olaraq verilmiş bu iddia ərizəsi rədd olunmalıdır. Bu uydurma və təhrif olunmuş dəlillərə istinad edilən iddia ərizəsindəki qanuna zidd və həqiqəti əks etdirməyən hüquqi faktlardan aşağılakıları misal göstərmək istəyirlər. Əvvəla, müqavilədə tikintinin 30 ay müddətində həyata keçirilməsi kimi bir müddəa mövcud deyildir. Müqavilənin 2.2.3-cü yarımbəndində tikinti işlərinin 30 ay müddətinə qədər başa çatdıraraq görülməsi qeyd olunmuşdur. Əlavə izaha ehtiyac olmasa da qeyd edirlər ki, «tikintinin 30 ay müddətinə qədər başa çatdırılması» dedikdə, «10 ay», «13 ay», «15 ay 15 gün», «17 ay 10 gün» və s. müddətlər nəzərdə tutula bilər və təbii ki, həm hüquqi baxımdan, həm cümlənin sadə qrammatik izahı baxımdan «tikintinin 30 ay müddətinə qədər başa çatdırılması» dedikdə, «30 ay müdddəti» nəzərdə tutulmur, məhz 30 ayadək müddətdə icra olunmasını nəzərdə tutur. Şirkət bu tikinti ilə bağlı Müqavilələri 145 nəfər mülkiyyətçi ilə imzalamış və müqavilə şərtlərinə tam əməl etməklə icra etmişdir. Növbəti olaraq qeyd edirlər ki, tikinti 2019-cu ilin sentyabr ayında tam yekunlaşmış, icra olunaraq həmin ilin sentyabr və oktyabr aylarında mülkiyyətçilərin tam istifadəsinə təhvil verilmiş və noyabr ayının əvvəlləri üzrə də mülkiyyətçilərin icra olunmuş işlərlə bağlı razılıqlarını bildirən təhvil aktları ilə sənədləşdirilmişdir. İddiaçı qanunsuz pul əldə etmək istəyi ilə məhkəməni aldatmağa yönələn növbəti təhrifi isə ondan ibarətdir ki, guya ona ödəniş 19.10.2019-cu il tarixədək həyata keçirilmişdir. Təbii ki, bu da rəsmi sənədlərin müddəalarını təhrif etməklə məhkəməni aldada bilmə cəhdi hesab olunmalıdır. Əvvəla, İddiaçı özü etiraf etmişdir ki, ona 18 ay üçün ödəniş həyata keçirilmişdir və guya ona ödənilməli olan əlavə 12 ay da, yəni 21 may 2018-ci il tarixdən 21.11.2019-cu il tarixədək ödənilməlidir. Bu ödənişlər iddiaçının şirkətə təqdim etdiyi 11.08.2017-ci il tarixli notarial təsdiq olunmuş etibarnamə əsasında iddiaçının qızı X2 ödənilmişdir. Bu Pilot layihə çərçivəsində 18 ay ərzində tam yekunlaşmış müqavilə öhdəliklərinin tərəfləri kimi mülkiyyətçilərin bütün xırda düzəlişlərlə bağlı təklifləri onların istifadəsinə verilmiş obyektlər üzrə dərhal aradan qaldırılaraq həmin ilin oktyabr ayı üzrə yekunlaşdırılmış və noyabr ayının əvvəllərindən mülkiyyətçilərlə tam razılıqlı təhvil aktları tərtib edilmişdir. Lakin bütün digər 145 nəfər mülkiyyətçidən fərqli olaraq İddiaçı hamı kimi tam təmirli obyektini 2019-cu ilin oktyabr ayında istismara qəbul etmək üçün müraciət etmək əvəzinə «müqavilədə 30 ay sözü yazılıb, ona görə də mənə 30 ayın hər ayı üçün 1500 manat pulu ödəməkdə davam etməlisiniz» kimi tərif olunmuş fikirlər səsləndirməyə və bu istiqamətdə hüquqa zidd davranışlar etməyə başlamışdır. Bu səbəbdən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan «Tikinti şirkəti» qismində "xxxx" MMC ilə «Əmlak mülkiyyətçisi» qismində İddiaçı arasında bağlanılmış 23-Q/Y saylı 19.05.2018-ci il tarixli müqavilənin surətindən görünür ki, tərəflər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli, 86 saylı Qərarının 1.3-cü maddəsinin tələblərinin və bu müqavilənin icrası ilə əlaqədar olaraq aşağıda göstərilən məzmunda üzərlərinə öhdəliklər götürmüşlər: 1.1.1. «Əmlak mülkiyyətçisi» bu Müqaviləyə əsasən 16.06.1997-ci il tarixdə, reyestr kitabı No 9, səhifə 1, 3908 nömrəsi ilə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının Hüquqi və Fiziki şəxslərə satılması haqqında Şəhadətnamə ilə öz mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 105 ünvanında yerləşən 9,5 kv.m. ibarət qeyri-yaşayış sahəsini sökülmək üçün "xxxx" MMC-yə təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada «Tikinti şirkəti» tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş qeyriyaşayış sahəsini qəbul etməyi öhdəsinə götürmüşdür. 1.1.2.«Tikinti Şirkəti» "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti,105 ünvanında yerləşən «Əmlak mülkiyyətçisi»nin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada Azadlıq prospekti 2-ci mərtəbə, 17-20 sırası, R-Q oxları əhatəsində ölçüləri 4,60 (eni) * 6,40 (uzunluğu) metr olmaqla, 29,44 kv.m. təmirli (divarlar, boya, döşəmə keramika) qeyri-yaşayış sahəsini «Əmək mülkiyyətçisi»nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.3-cü bəndinə əsasən “Tikinti şirkəti” yeni tikiləcək coxmənzilli, hündürmərtəbəli yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 30 ya müddətinə qədər başa çatdıraraq müqavilə şərtlərinə uyğun olaraq nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini “Əmlak mülkiyyətçisi”nə təhvil verməlidir. İş materiallarında olan İddiaçı etibarnamə əsasında səlahiyyətli nümayəndəsi X4 ilə "xxxx" MMC arasında bağlanmış 23-Q/Y saylı, 19.05.2018-ci il tarixli müqaviləyə həmin tarixli 1 saylı Əlavənin surətindən görünür ki, müqavilənin 1.2-ci maddəsinə «Tikinti şirkəti» inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisi başa çatdırana və «Əmlak mülkiyyətçisi»ni qeyri-yaşayış sahəsi ilə təmin edən günədək onun fəaliyyəti üçün müvəqqəti yerləşməsini təmin etmək məqsədi ilə «Əmlak mülkiyyətçisi»nə aylıq kirayə haqqına kompensasiya 1500 manat məbləğində hər ay ödəməsi, «Əmlak mülkiyyətçisi»nin kommunal borcları olduğu halda «Tikinti şirkəti» həmin məbləğləri ona verilməsi kirayə haqqına kompensasiyadan tutaraq ödənişlərini təmin edilməsi barədə məlumatlar əlavə edilmişdir. İş materiallarında olan X1 hesabdan çıxarışından görünür ki, cavabdeh tərəfindən 19.05.2018-ci il tarixli 23/QY saylı müqaviləyə əsasən müəyyən aralıqlarla hər ay 1500 manat ödəniş edilməklə cəmi 27.000 manat pul köçürülmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (köhnə adı: Oyuncaq mağazası) mülkiyyətçisi X3 arasında bağlanılmış 06.11.2019-cu il tarixli aktından görünür ki, 12/QY saylı, 02.05.2018-ci il tarixli qeyriyaşayış sahəsinin sökülməsi və yerində yeni qeyri-yaşayış sahəsi ilə təmin edilməsinə dair müqavilə əsasında yeni tikilən Miqasımov, 10 ünvanda «Yaşayış Kompleks»ində «Əmlak mülkiyyətçisi»nə ayrılmış qeyri-yaşayış sahəsində «Tikinti şirkəti» müqavilə üzrə onun üzərinə düşən öhdəlikləri tam yerinə yetirmiş və «Əmlak mülkiyyətçisi»nin heç bir iradə yoxdur. 09.11.2019-cu il tarixdə adı çəkilən qeyri-yaşayış sahəsi «Tikinti şirkəti» tərəfindən «Əmlak mülkiyyətçisi»nə təhvil verilmiş, «Əmlak mülkiyyətçisi» isə həmin sahəni «Tikinti şirkəti»ndən qəbul etmişdir. İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 01.03.2021ci il tarixli müqavilədən irəli gələn öhdəliyin icrasına dair təklifdən (pretenziyadan) görünür ki, o, 16.06.1997-ci il tarixdə, reyestr kitabı №9, səhifə 1,3908 nömrə ilə qeydiyyatdan keçmiş Dövlət Əmlakının Hüquqi və Fiziki şəxslərə satılması haqqında Şəhadətnamə ilə mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 105 ünvanda yerləşən 9.5 kv.m. qeyri-yaşayış sahəsinin sökülməsi üçün "xxxx" MMC-yə təhvil verməyi, bu müqavilə ilə şərtləşdirilmiş müddətdə və qaydada «Tikinti şirkəti» - "xxxx" MMC tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini qəbul etməyi, "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 105 ünvanda yerləşən onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının 30 ay müddətinə tikintisini həyata keçirərək, inşa edəcəyi binanın 2-ci mərtəbəsində, 17-20 sırasında, R-Q oxları əhatəsində (eni) 4,60, (uzunluğu) 6,0 metro olmaqla, 29,44 kv.m. təmirli (divarlar boya, döşəmə keramika) qeyri-yaşayış sahəsini İddiaçı mülkiyyətinə verilməsi ilə bağlı 19.05.2018-ci il tarixdə sonuncu ilə "xxxx" MMC arasında 23-Q/Y saylı müqavilə bağlanmışdır. Eyni zamanda 19.05.2018-ci il tarixli, 23- Q/Y saylı müqaviləyə 1 saylı Əlavədən görünür ki, «Tikinti şirkəti» inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisi başa çatdırana və «Əmək Mülkiyyətçisi»ni qeyri-yaşayış sahəsi ilə təmin edən günədək onun fəaliyyəti üçün müvəqqəti yerləşməsini təmin etmək məqsədi ilə «Əmək mülkiyyətçisi»nə hər ay 1500 manat məbləğində kirayə haqqında kompensasiya ödəməsinə dair öhdəlik götürmüş və bu barədə tərəflər arasında 19.05.2018-ci il tarixdə müqavilə imzalanmışdır. "xxxx" MMC tərəfindən 30 ay müddətində tikinti işləri başa çatdırılıb, 29,44 kv.m. qeyri-yaşayış sahəsi İddiaçı təhvil verilməmiş, tikinti işləri bitib, qeyri-yaşayış sahəsi sonuncuya təhvil verilənədək fəaliyyətini davam etdirmək üçün kirayə haqqı kimi 18 ay, yəni 19.10.2019-cu il tarixədək hər ay 1500 manat pul ödənilsə də, sonuncu ödəniş tarixindən hazırki vaxta kimi qalan 12 ay kirayə haqları ödənilməmişdir. 3 gün ərzində "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 19.05.2018-ci il tarixli 23-Q/Y saylı müqavilədə və həmin müqaviləyə 1 saylı əlavədə nəzərdə tutulmuş öhdəliklərin icra edilməsini, "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 105 ünvanda "xxxx" MMC tərəfindən inşa edilmiş binanın 2-ci mərtəbəsində, 17-20 sırasında,R-Q oxları əhatəsində (eni) 4,60, (uzunluğu) 6,0 metr olmaqla, 29,44 kv.m. təmirli (divarlar boya, döşəmə keramika) qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsini, eyni zamanda 19.10.2019-cu il tarixdən 19.10.2020-ci il tarixədək olan müddətləri əhatə edən qalan 12 ay kirayə haqlarının İddiaçı ödənilməsini təmin edilməsini xahiş etmişdir. Təklifini 3 gün ərzində müsbət həll etmədiyi təqdirdə bu təklifdə göndərilənlərlə yanaşı, öhdəliyin icra edilməsi səbəbindən ona dəymiş ziyanı tələb edilməsinə dair aidiyyatı üzrə məhkəməyə müraciət hüququndan istifadə edilməsini bildirilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 19.05.2018ci il tarixli müqavilənin şərtlərinə görə cavabdeh tərəfindən hündürmərtəbəli binasının 30 ay müddətinə tikintisini həyata keçirərək, inşa edəcəyi binanın 2-ci mərtəbəsində, 17-20 sırasında, R-Q oxları əhatəsində (eni) 4,60, (uzunluğu) 6,0 metro olmaqla, 29,44 kv.m. təmirli (divarlar boya, döşəmə keramika) qeyri-yaşayış sahəsini iddiaçının mülkiyyətinə verilməsi, həmçinin tərəflər arasında bağlanmış müqaviləyə 1 saylı Əlavəyə əsasən cavabdeh iddiaçıya hər ay 1500 manat məbləğində kirayə haqqında kompensasiya ödəməsinə dair öhdəlik götürmüşdür. Cavabdeh tərəfindən 30 ay müddətində tikinti işləri başa çatdırılmışdır,lakin qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilməmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh kirayə haqqı 19.10.2019-cu il tarixədək hər ay 1500 manat pul ödənilsə də, 19.10.2019-cu il tarixdən 19.10.2020-ci il tarixədək kirayə haqları ödənilməmişdir.Bu səbəbdən iddiaçı 19.05.2018-ci il tarixli 23-Q/Y saylı müqavilə üzrə iddiaçıya ödəniməmiş 18000 manat borcun, 900 manat faizin və 30 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilən Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iddia tələbinin 18000 manat borcun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanılmış müqaviləyə əsasən cavabdeh 30 ay müddətində tikinti işləri başa çatdırıb, lakin qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verilməmişdir. Tərəflər arasında təhvil-təslim aktlarının olması, qeyri-yaşayış sahəsinin təhvil verilməsi ilə bağlı iddiaçıya məlumat verilməsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş təhviltəslim aktlarından görünür ki, "xxxx" MMC ilə digər mülkiyyətçilərlə onlara məxsus qeyriyaşayış sahələrinin təhvil verilməsi barədə təhvil-təslim aktları bağlamış, yalnız iddiaçı ilə bağlamamışdır. Əgər qeyd oluna hissə hazır olsaydıda belə qeyri-yaşayış sahəsinin hazır olması barədə iddiaçıya bu barədə hər hansı bir məlumatın ( telefon vasitəsi ilə, rəsmi məktub göndərilməklə və s) verilməsidə məhkəməyə cavabdeh tərəfindən təqdim edilməmişdir. Bu da onu sübut edir ki, həqiqətən də cavabdeh şirkət iddiaçıya qeyriyaşayış sahəsi təhvil verilməmişdir. Əmlak təhvil verilmədiyinə görə aylıq 1500 manat məbləği iddiaçının tələb etməyə hüququ yaranır. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyindən, iddia tələbi müqavilə üzrə iddiaçıya 19.10.2019-cu il tarixdən 19.20.2020-ci il tarixədək ödənilməmiş 18000 manat borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün illik 5% faiz dərəcəsi olmaqla 900 manat məbləğində faiz borcun tutulması hissəsində də əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.12.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, cavabdeh müqavilənin müddəti keçdikdən sonra borcun ödənilməsi gecikdirildiyindən və tərəflər arasında bağlanılmış müqavilənin müddəti bitdikdən sonra əlavə faizlərin hesablanması müqavilədə nəzərdə tutulmadığından, iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz hesabı ilə pul tələb etməyə haqlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün 5% illik faiz dərəcəsi nəzərə alınmaqla 900 manat faiz borcun tutulması hissəsində də təmin edilməlidir. Məhkəmə həmçinin iddia tələbinin 900 manat məbləğində faiz hissəsində qeyd etməyi zəruri hesab edir ki, 18.000 manat məbləğ aylar üzrə hesablanmaqla ümumilikdə 18.000 etməsinə baxmayaraq, həmin müddət həmçinin 15.10. 2019-cu il tarixdən 24 .09. 2021-ci il müddətində əhatə etmişdir (iki ilə yaxın müddət). Lakin iddia tələbi yalnız 900 manat hissəsində olduğundan məhkəmə iddia tələbindən kənara çıxmasını əsassız hesab edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh “Azadlıq Residence" Məhdud Məsuliyyətli Cəmiyyətindən 18.000 (on səkkiz min) manat məbləğində borc, 900 (doqquz yüz) manat faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh “Azadlıq Residence" Məhdud Məsuliyyətli Cəmiyyətindən 18.000 (on səkkiz min) manat məbləğində borc, illik beş faiz hesablanmaqla 900 (doqquz yüz) manat, ümumilikdə 18900 (on səkiz min doqquz yüz) və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-6528/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6528/2021
13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver