Məhkəmə qərarları › İş №2(006)-655/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-655/2025

14.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-655/2025 14.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X11 oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən hesablanmış 602,86 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin işçiləri tərəfindən xx.xx.2020-ci il tarixdə iddiaçı tərəfə məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilən zaman sayğacın girişində birbaşa xətt aşkar olunmuşdur. Bundan sonra iddiaçı tərəfin xəbəri olmadan "xxxx" ASC tərəfindən dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilmiş və itirilmiş elektrikin bərpası üzrə hesabat aparılaraq 180733 saylı akt tərtib edilmişdir. Abonentin abunə haqqı çıxarışından görünür ki, iddiaçıya 602,86 manat cərimə yazılmışdır. Həmin cərimə əsassızdır. İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olmaqla, 2011-ci ildən ünvan 2, otaq 86da yaşayır. Buna görə də 180733 saylı akt ləğv edilməli və iddiaçıya hesablanmış 602,86 manat cərimə əsassız hesab edilərək silinməlidir.

3. Cavabdeh "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddəti keçdiyindən müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh iddia tələbini qəbul etmir. Belə ki, iddiaçıya cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib olunmuş R 180733 saylı akta görə 597,95 manat pul məbləği hesablanmışdır. İddiaçı tərəfindən həmin borcdan 73,95 manat ödənilmişdir və qalıq borc 524 manat təşkil edir. İddiaçıya hər ay istifadə olunmuş elektrik enerjisinin hesabatı ilə bağlı qəbz təqdim edilmiş, həmin qəbzlərdə 2015-ci ildən 2024-cü ilə qədər hər ay ərzində istifadə olunmuş elektrik enerjisinin və aktlara görə hesablanmış məbləğ ümumi borc kimi qeyd olunmuşdur. Lakin iddiaçı göstərilən illər ərzində borcdan xəbərdar olsa da, təkcə xx.xx.2024-cü il tarixdə həmin borcla bağlı məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən iddia ərizəsi qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti (3 il) keçdikdən sonra məhkəməyə verilmişdir.

a) Məhkəmə prosesi:

5. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.

6. Məhkəmə iclasında cavabdeh “Azərişıq» ASC-nin nümayəndəsi X5 iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi.

7. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) İş materialları:

8. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, R 180733 nömrəli aktdan görünür ki, **********5 nömrəli abunə kodu üzrə İddiaçı məxsus Ağcabədi şəhərində yerləşən mənzilə quraşdırılmış sayğaca baxış zamanı abonentin sayğacın girişində birbaşa xətt götürdüyü məlum olmuş, axan yük ölçülmüş, kənar xəttin ləğv edilməsi tələb edilmişdir. Akt "xxxx" ASC-nin nümayəndələri tərəfindən imzalanmış, hal şahidləri olmamış, abonentin qapını açmadığı, aktdan imtina etdiyi qeyd edilmişdir.

9. Əhali istehlakçıları qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərdən görünür ki, xx.xx.2020-ci il tarixli, R 180733 nömrəli akta əsasən, **********5 nömrəli abunə kodu üzrə 597,95 manat cərimə yazılması qərara alınmış, kənar xəttin ləğv edilməsi qeyd edilmişdir.

10. Daşınmaz əmlakın AN-İ seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan Ağcabədi şəhəri, İ.Qayıbov küçəsi, ev 1 ünvanında yerləşən 2 nömrəli mənzili 14.000 manata X1.

11. Sumqayıt şəhər T.İsmayılov adına 29 nömrəli tam orta məktəb tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 298 və 299 nömrəli arayışlardan görünür ki, X6 xx.xx.2016-cı il tarixdən, X7 xx.xx.2015-ci il tarixdən həmin məktəbdə təhsil alırlar. Əliyev Miryusif hal-hazırda məktəbin 8 d, Əliyeva Güllü isə 10 p siniflərində təhsillərini davam etdirirlər.

12. Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB 8 saylı MKS-nin 1424 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı 2014-cü ilin mart ayından 2020-ci ilin oktyabr ayına kimi ailə üzvləri (həyat yoldaşı və iki uşağı) ilə birlikdə ünvan 2, otaq 86-da qeydiyyatsız olaraq yaşayıb.

13. xx.xx.2024-cü il tarixdə çap edilmiş abunə haqqında sənəddən görünür ki, İddiaçı məxsus Ağcabədi şəhərində yerləşən mənzil üzrə 8201**********5 nömrəli abunə koduna R 180733 nömrəli akta əsasən xx.xx.2020-ci il tarixdə 345,95 manat və 252 manat məbləğində olmaqla, cəmi 597,95 manat cərimə yazılmış, hazırda abunə kodunda 524 manat məbləğində borc mövcuddur.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

14. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ağcabədi şəhəri, İ.Qayıbov küçəsi, ev 1 ünvanında yerləşən 2 nömrəli mənzil İddiaçı mülkiyyətində olan zaman cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən mənzilin sayğacına baxış keçirilərək kənar xəttin olması ilə bağlı xx.xx.2020-ci il tarixli, R 180733 nömrəli akt tərtib olunmuş, iddiaçının adına olan 8201**********5 nömrəli abunə koduna 597,95 manat cərimə yazılmışdır. Akt yalnız cavabdehin əməkdaşları tərəfindən imzalanmış, baxış keçirilən zaman hal şahidlərinin iştirakı təmin edilməmiş, iddiaçının isə qapını açmadığı, aktdan imtina etdiyi qeyd edilmişdir.

15. İddiaçı tərəfin təqdim etdiyi, uşaqlarının təhsil aldığı məktəb və Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB 8 saylı MKS tərəfindən verilmiş arayışlardan müəyyən edilir ki, o, 2014-cü ildən etibarən ailəsi ilə birlikdə Sumqayıt şəhərində yaşamışdır. Həmçinin, iş materiallarında olan cavabdeh tərəfin təqdim etdiyi abunə haqqında sənəddən məlum olur ki, Ağcabədi şəhəri, İ.Qayıbov küçəsi, ev 1 ünvanında yerləşən 2 nömrəli mənzildə 2015-ci ilin sonlarından 2023-cü ilin son aylarınadək elektrik enerjisi istehlak edilməmiş, abunə koduna borc yazılmamışdır. Bu faktın özü də iddiaçının həmin mənzildə yaşamadıqlarına dair dəlillərini bir daha təsdiq edir.

16. İddiaçı 2022-ci ildə Ağcabədi şəhəri, İ.Qayıbov küçəsi, ev 1 ünvanında yerləşən 2 nömrəli mənzildə olan sayğacın smart-kart tipli sayğaca keçirildiyini, həmin vaxt ona borc barədə heç bir xəbərdarlıq edilmədiyini, sonradan karta pul yükləyəndə kartdan silinmə aparıldığını və 2023-cü ilin sentyabr ayında mənzili satdığını bildirmiş, cavabdeh tərəf cərimədən silinmiş məbləğin karta yüklənən puldan tutulduğunu təsdiq etmiş, mənzil satılsa da, abunə kodunun halhazırda da iddiaçının adına olduğunu bildirmişdir.

17. Hazırda iddiaçı adına olan abunə koduna müvafiq akt üzrə yazılmış 602,86 manat cərimənin əsassız olduğundan silinməsini; cavabdeh tərəf isə 2020-ci ildə tərtib edilmiş akt üzrə yazılmış cərimənin iddiaçı tərəfindən iddia müddəti keçdikdən sonra mübahisələndirilməsinin nəzərə alınaraq, iddia müddəti tətbiq edilməklə iddianın təmin edilməməsini xahiş edir.

18. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, müvafiq akt əsasında iddiaçının adına olan abunə koduna yazılmış borc məbləğindən karta edilmiş ödənişlərdən onun iradəsinin ziddinə olaraq silinmələr aparıldıqdan sonra kodda olan qalıq borcun məbləği hazırda 524 manat təşkil edir.

c) Məhkəmənin mövqeyi:

19. Məhkəmə ilk öncə qeyd edir ki, mübahisələndirilən cərimənin yazılmasına əsas verən akt mənzil iddiaçının mülkiyyətində olan zaman tərtib edildiyindən, həmçinin, mənzil sonradan satılsa da, abunə kodu hələ də iddiaçının adına olduğundan, məhkəmənin qənaətinə görə iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmuşdur.

20. Bundan başqa qeyd edilməlidir ki, mübahisələndirilən cərimənin yazılmasına əsas olan akt 2020-ci ildə tərtib edildiyindən, hazırkı işə məhz aktın tərtib olunduğu dövrdə qüvvədə olan müvafiq maddi hüquq normaları tətbiq edilməlidir.

21. xx.xx.2020-ci il tarixli, R 180733 nömrəli aktı tədqiq edən məhkəmə hesab edir ki, akt tərtib edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın həmin vaxt qüvvədə olan normaları pozulmuşdur. Belə ki, cavabdehin əməkdaşları aktı 2 nəfər hal şahidinin iştirakı ilə tərtib etməli olsalar da, həmin aktdan görünür ki, onlar aktı tərtib edərkən heç bir hal şahidinin iştirakını təmin etməmişlər. Həmçinin, məişət abonentinin, yəni iddiaçının qapını açmadığını, aktdan imtina etdiyini qeyd etsələr də, iddiaçı tərəfindən təqdim edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, iddiaçı həmin vaxt başqa ünvanda yaşamış, bu da o deməkdir ki, onun mənzilinin sayğacına baxış keçirildiyindən və aktın tərtib olunduğundan ümumiyyətlə xəbəri olmamışdır.

22. Bundan əlavə qeyd edilməlidir ki, sayğac mənzilin daxilində deyil, mənzildən kənarda yerləşdiyindən, ona edilmiş müdaxiləyə görə həmin vaxt mənzilin mülkiyyətçisi olan iddiaçı deyil, enerjitəchizatı müəssisəsi, yəni cavabdeh məsuliyyət daşımışdır.

23. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırda iddiaçının adına olan abunə kodunda mövcud olan 524 manat cərimənin ondan tələb edilməsi əsassız olduğundan, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı akt əsasında 602,86 cərimə yazıldığını iddia etsə də, iş materiallarında olan abunə haqqında sənəddən müvafiq akt əsasında 597,95 manat cərimə yazıldığı və sonradan karta yüklənmiş məbləğlərdən həmin cərimənin bir hissəsinin silindiyi, hazırda abunə kodunda 524 manat borcun mövcud olduğu müəyyən edilmişdir. Silinmələr iddiaçı tərəfindən karta yüklənmiş məbləğlərdən cavabdeh tərəfindən tutulmalar aparılmaqla həyata keçirildiyindən, məhkəmə bu halın iddiaçının həqiqi iradə ifadəsini əks etdirmədiyi, silinmələrin onun iradəsinin ziddinə aparıldığı qənaətinə gəlir. Buna görə də məhkəmə həmin silinmələri iddiaçının akt üzrə yazılmış cərimə ilə razı olması və həmin cəriməni ödəmək məqsədilə etdiyi etirafedici hərəkət kimi qiymətləndirmir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin məhz hazırda mövcud olan məbləğdə borcun silinməsi hissəsində təmin edilməsi məqsədə müvafiqdir.

24. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixli, R 180733 nömrəli akt üzrə yazılmış 524 (beş yüz iyirmi dörd) manat məbləğində borc 8201**********5 nömrəli abunə hesabından silinməli, iddia qalan hissədə təmin edilməməlidir.

25. Cavabdeh tərəfin iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibətdə isə məhkəmə qeyd etməyi zəruri sayır ki, bu kateqoriya işlər üzrə yaranmış borcun və ya zərərin istehlakçıdan tələb edilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ cavabdehə aid olduğundan, belə tələblər üzrə iddia müddəti ötürüldüyü halda, həmin işdə potensial cavabdeh olan şəxsin ərizəsinə əsasən iddia müddətinin tətbiq edilməsi və iddianın həmin əsasla rədd edilməsi mümkündür. Lakin cavabdeh belə iddia tələbi ilə məhkəməyə müraciət etmədən, həmin borcu iddiaçının adına olan abunə kodu üzrə edilmiş ödənişlərdən məhkəmədən kənar qaydada sildiyinə görə, iddiaçı qeyd olunan borcun silinməsi, yəni borcunun olmadığını təsbit etmək barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, tələb hüququ ilə bağlı olmayan, borcun olmadığını (borcun silinməsini) təsbit etmək barədə iddiaya iddia müddəti tətbiq oluna bilməz. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddiaçının məhkəməyə təqdim etdiyi iddiasından da göründüyü kimi, həmin iddia Mülki Məcəllənin 372.1-ci maddəsinə nəzərdə tutulmuş, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququ ilə bağlı deyildir. Məhkəmə onu da qeyd edir ki, subyektiv mülki hüquqlar mənafe və maraqların mühafizəsinə yönəlmişdir. Bu baxımdan, fiziki və hüquqi şəxslərin subyektiv hüquqları normativ hüquqi aktlarda (obyektiv hüquqda) ifadə olunmaqla, hüquq münasibətlərində səlahiyyətə çevrilir. Subyektiv hüquqa malik olan şəxslər bu hüquqa qarşı vəzifə daşıyan şəxslərdən, müəyyən halın mövcud olub-olmadığını təsbit etməyi tələb etmək səlahiyyətinə malik şəxslərə çevrilirlər (Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən (üç ulduzlu) 2(102)-3503/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsassızdır.

d) Tətbiq edilən hüquq və gəlinən nəticə:

26. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13, 8-ci bənd. Dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır; Maddə 17, 1-ci bənd. Ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları” (2020-ci ildə qüvvədə olan redaksiyada): 7.6-cı bənd. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. 7.11-ci bənd. Yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 8.2-ci bənd. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. 8.4-cü bənd. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.33-cü bənd. Məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 9.1-ci bənd. İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X2 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.10-cu bənd. İstehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir.

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

29. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 noyabr 2023-cü il tarixli 19 №-li Qərarı ilə təsdiq edilmiş “Vahid məhkəmə təcrübəsi baxımından əhəmiyyətli olan məhkəmə aktlarının indeksləşdirilməsi Qaydaları”: 2.1 və 2.1.3-cü bənd. Bu Qaydalara uyğun olaraq indeksləşmə məhkəmə aktlarına aşağıdakı “ulduz” nişanlarının təyin edilməsi yolu ilə həyata keçirilir: ★★★ (üç ulduz) – Azərbaycan Respublikası Ali Məhkəməsinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən və inkişaf etdirən məhkəmə aktına təyin edilən fərqləndirici nişandır.

30. «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

31. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.1, 8.1.1. Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə - iddia qiyməti 1.000 manatadək olduqda, 30 manat məbləğində dövlət rüsumu tutulur. Maddə 9.1, 9.1.5. İstehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

32. Məhkəmə yuxarıda istinad edilən hüquq normalarına əsasən belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixli, R 180733 nömrəli akt üzrə yazılmış 524 (beş yüz iyirmi dörd) manat məbləğində borc 8201**********5 nömrəli abunə hesabından silinməli, iddia qalan hissədə təmin edilməməlidir.

33. Məhkəmə xərcləri ilə bağlı qeyd edilməlidir ki, bu məsələ prosessual qanunvericiliklə tənzimləndiyindən, xərclərlə bağlı qərar qəbul edərkən məhkəmə tərəflərin bu barədə müvafiq tələblərinin olub-olmamasına bağlı deyildir. Beləliklə, məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən, 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Nəticə:

34. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixli, R 180733 nömrəli akt üzrə yazılmış 524 (beş yüz iyirmi dörd) manat məbləğində borc 8201**********5 nömrəli abunə hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" ASC-dən 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar