Məhkəmə qərarları › İş №2(006)-6584/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6584/2021

30.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6584/2021 30.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov İlham Məmməd oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi, İddiaçı AAA oğlunun, iddiaçının nümayəndəsi BBB, cavabdeh "****" ASC-nin nümayəndələri X4, X2 və X3 iştirakları ilə İddiaçı AAA oğlunun cavabdeh "****" Açıq Səhmdar Cəmiyyətinə qarşı "əsassız hesablanmış ödənişin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı AAA oğlu cavabdeh "****" Açıq Səhmdar Cəmiyyətinə qarşı "əsassız hesablanmış ödənişin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı AAA oğlu 1970-ci illərdən ünvan 1 ünvanında yaşayır və elertrik enerjisinin istifadəsinə görə hər ay üzrə sərf edilmiş enerjiyə görə aylıq 30-40 manat olmaqla vaxtlı-vaxtında ödənişləri həyata keçirmişdir. Lakin 2021ci ilin fevral ayı üzrə iddiaçıya təqdim edilmiş ödəniş qəbzinin bildirişindən məlum olmuşdur ki, həmin ay üzrə enerjinin sərfiyyatı 459 manat olmuşdur. Bu rəqəmin hansı qaydada hesablanması ona məlum olmamışdır. Cavabdehin əmkdaşları ilə də aparılan danışıqlar heç bir nəticə verməmişdir. Bu ünvanda iddiaçının 4 nəfərdən ibarət ailə üzvləri yaşayır və ev-məişət işlərinin aparılması üçün bu miqdarda enerjinin istifadəsi qeyrimümkündür. Ona görə də iddiaçı hesab edir ki, bu məsələyə məhkəmə qaydasında baxılmaqla ədalətli qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən enerjinin sərfiyyatına görə 2021-ci ilin fevral ayı üzrə cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 459 manat məbləğində əlavə ödənişin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclaslarında iddiaçı AAA oğlu iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi BBB iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edərək bildirdi ki, o, ünvan 1 ünvanında yaşamasa da, tez-tez həmin ünvanda olur. 2021-ci ilin fevral ayında "****" ASC-nin əməkdaşları qeyd olunan ünvana gəlmiş və sayğacın göstəricisinə əsasən 459 manat borc hesablamışlar. Yaranmış borcla bağlı rayon işıq idarəsinə müraciət etmişdir. "****" ASC tərəfindən sayğac dəyişdirilmiş, köhnə sayğac laboratoriyaya göndərilərək yoxlanılmış və sayğacda hər hansı problem aşkar edilməmişdir. Bundan sonra "****" ASC tərəfindən borcun ödənilməsi onlardan tələb olunmuşdur. Məhkəmə iclasında cavabdeh "****" ASC-nin nümayəndəsi X7 iddia tələbinə etiraz edərək, iddiaçı tərəfindən iddia tələbini sübut edən heç bir sənədin təqdim edilmədiyini, iddiaçıya 459 manat məbləğində borcun hesablanmadığını, iş materiallarında iddiaçıdan 459 manat borcun tələb olunması barədə məlumatın olmadığını, abunə haqqında hesabdan çıxarışda yalnız sərfiyyatla bağlı məlumatın olduğunu bildirmiş və iddia tələbin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "****" ASC-nin nümayəndəsi X5 iddia tələbinə etiraz edərək, iddiaçıya məxsus evin olduğu ünvanda nəzarətçi mühəndis tərəfindən sayğaca baxış keçirilən zaman sərifyyatın sayğac üzərində saxlanmasının müəyyən edildiyini, əvvəlki nəzarətçi mühəndis tərəfindən hər ay sayğacın sərfiyyatının az oxunduğunu, sayğacın real göstəricisinin oxunmamış olaraq qaldığını, ona görə mart ayında sayğac oxunuşu zamanı iddiaçıya bu məbləğdə borcun hesablandığını, iddiaçıya hesablanan borcun elektrik enerjisindən sərfiyyat borcu olduğunu, əvvəlki nəzarətçi mühəndisin bu səhlənkarlınğa görə işdən azad olunduğunu, köhnə sayğacın laboratoriyada yoxlanılması zamanı heç bir qüsurun aşkar edilmədiyini, iddiaçı barəsində heç bir akt və ya cərimə borcunun hesablanmadığını bildirmiş və iddia tələbin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "****" ASC-nin nümayəndəsi X6 iddia tələbinə etiraz edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan «****» ASC tərəfindən verilmiş **********50000 saylı kod üzrə 22.11.2021-ci il tarixli abunə haqqında arayışdan görünür ki, həmin tarixə iddiaçının 23,74 manat borcu vardır. Həmin abunə haqqında arayışdan görünür ki, 10.03.2021-ci il tarixə abonentə sayğac oxunması üzrə 4054 kVts (300 kVts limitli + 3754 kVts limitdən artıq sərfiyyat) elektrik enerjisindən sərfiyyata görə 433,94 manat (283,78 manat + 150,16 manat) borc hesablanmışdır. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarlarına əsasən mübahisə olunan tarixdə əhali üçün elektrik enerjisindən aylıq istehlak həcminin 300 kVts-a qədər (300 kVts daxil) olan hissəsi üçün 0,07 manat, aylıq istehlak həcminin 300 kVts-dan çox olan hissəsi üçün 0,11 manat tariflər müəyyən edilmişdir. Qərardan görünür ki, elektrik enerjisindən aylıq istehlak həcminin 300 kVts-dan çox olan hissəsinə görə əhali qrupu üçün əlavə olaraq 0,04 manat tarif müəyyən edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, AAA oğluna elektrik enerji sərfiyyatı üzrə sayğacdan 10.03.2021-ci il tarixdə 4054 kVts (300 kVts limitli + 3754 kVts limitdən artıq) sərfiyyat oxunmuş, oxunan sərfiyyata görə 433,94 manat (283,78 manat + 150,16 manat) borc hesablanmışdır. Qeyd olunan sərfiyyat abunə haqqında arayışda 2 hissədə qeyd olunmuşdur. Belə ki, sərfiyyatın güzəştli hissəsi (4054 kVts x 0,07 manat = 283,78 manat) abunə haqqında arayışın “sayğac göstəriciləri” hissəsində, güzəştli limitdən artıq sərfiyyat isə (3754 kVts x 0,04 manat = 150,16 manat) abunə haqqında arayışın “aktlar bölməsi üzrə” hissəsində borc olaraq qeyd olunmuşdur. Sərfiyyatı hesablayan sayğac iddiaçının müraciəti əsasında cavabdeh tərəfindən laboratoriyada yoxlanılmış və sayğacda qüsur aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə” Qaydalarının 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Qaydaların 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Qeyd olunan Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Beləliklə məhkəmə qeyd edir ki, iddiaçı AAA oğlunun silinməsini tələb etdiyi borc elektrik enerjisindən istifadəyə görə sayğacın göstəriciləri əsasında hesablanmış borcdur. Sərf olunan elektrik enerjisindən istifadəyə görə borc "****" ASC tərəfindən əsaslı olaraq hesablanmış və borcun qanunsuz hesablanması halı məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Eyni zamanda, "****" ASC tərəfindən iddiaçı barəsində hər hansı akt tərtib olunmamış və abonentə əlavə hesablama aparılmamışdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı AAA oğlunun cavabdeh "****" Açıq Səhmdar Cəmiyyətinə qarşı "əsassız hesablanmış ödənişin ləğv edilməsi" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı AAA oğlunun cavabdeh "****" Açıq Səhmdar Cəmiyyətinə qarşı "əsassız hesablanmış ödənişin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar