Məhkəmə qərarları › İş №2(006)-659/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-659/2024

29.01.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-659/2024 29.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontoruna qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontoruna qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, AR ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilən reyestrindən çıxarışa əsasən iddiaçının bacısı X7 mülkiyyətində Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 42 ünvanında yerləşən 90 saylı mənzil olmuşdur. xx.xx.1936-cı ii təvəllüdlü bacısı X10 vəfat etdikdən sonra Bakı şəhəri 29 saylı notariat ofisində 22 may 2023-cü il tarixdə vərəsəlik işi açılmış və iddiaçı vərəsə qismində müəyyən olunmuşdur. Lakin, buna qədər bacısın əmlakına dair əhəmiyyətli müqavilə bağlanmışdır. Belə ki, 18 mart 2016-cı il tarixli bağışlama müqaviləsinə əsasən bacısının əmlakı etibar edilən şəxs Cavabdeh2 tərəfindən Cavabdeh1 bağışlanmışdır. Göstərilən hal iddiaçıya indi məlum olmuşdur. Nəsimi rayon məhkəməsinin 27 yanvar 2016-cı il tarixli qətnaməsinə əsasən bacısı X10 fəaliyyət qabiliyyəti oımayan hesab edilmişdir. Həmin qətnamə apellyasiya şikayəti olmadığından qanuni qüvvəsini alaraq icra olunmuşdur. Cavabdeh1 qəyyum təyin olunmuşdur. Bütün bunlara baxmayaraq, xx.xx.2016-cı il tarixli etibarnaməyə əsasən bacısı X10 guya Cavabdeh2 etibarnamədə göstərilən hüquqları etibar etmişdir. Lakin, yuxarıda göstərilən qətnamə ilə daha əvvəl 27 yanvar 2016-cı il tarixdə bacısı X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Bu halda həmin etibarnamə tamamilə qanunsuzdur. Təbii olaraq həmin etibarnamə əsasında edilən hərəkətlər, başqa sözlə bağışlama müqaviləsi də qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 42 ünvanında yerləşən 90 saylı mənzilin Cavabdeh1 bağışlanmasına dair 6 saylı Notariat Ofisi tərəfindən xx.xx.2016-cı il tarixli, 4ə-77 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 1 saylı Bakı Ərazi İdarəsinin iş üzrə cavabdeh qismində cəlb edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, 42 saylı evin 90 saylı mənzilinin Cavabdeh1 bağışlanmasına dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2016-cı il tarixli, 4ə-77 saylı bağışlama müqaviləsinin, Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, 42 saylı evin 90 saylı mənzilə dair Cavabdeh1 adına aparılmış mülkiyyət hüququnun qeydinin və Cavabdeh1 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, 42 saylı evin 90 saylı mənzilinə dair Cavabdeh1 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi deyil, ləğv edilməsi kimi, digər tələblərin olduğu kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə digər cavabdehlər və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməklə iclasa çağrılmış, lakin qabaqcadan məhkəməyə heç bir məlumat vermədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə hazırki işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarının dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 yanvar 2016-cı il tarixli, 2(006)- 1089/2016 saylı qətnaməsinə əsasən ərizəçi İddiaçı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizəsinin qismən təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi 42 saylı evin, 90 saylı mənzilində qeydiyyatda olan və yaşayan, 20 yanvar 1936-cı il tarixdə Şəki şəhərində anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və hazırki qətnamənin X7 üzərində qəyyum təyin edilməsi üçün əsas olması qət edilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 may 2016-cı il tarixli, 2(006)- 4320/2016 saylı qərardadına əsasən ərizə qismən təmin edilmiş, X7 istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 42 nömrəli evin 90 saylı mənzilinə dair özəlləşdirmə ilə bağlı hərəkətlərin aparılması Cavabdeh1 və X5 qadağan edilmişdir. - xx.xx.2016-cı il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, X7 istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 42 nömrəli evin 90 saylı mənzilinə dair özəlləşdirmə ilə bağlı hərəkətlərin aparılması Cavabdeh1 və X5 qadağan edilməlidir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 fevral 2018-ci il tarixli, 2(006)- 27/2018 saylı qiyabi qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri 43 saylı Notariat kontorunda 23 dekabr 2015-ci il tarixdə 7E-22941 nömrə ilə reyestrdə qeydə alınmış X10 tərəfindən Cavabdeh1 və onun əsasında 40 saylı Notariat kontorunda 24 dekabr 2015-ci il tarixdə 7E-6493 nömrəsi ilə qeydə alınmış X5 verilmiş etibarnamələr etibarsız hesab edilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-1091/2022 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, İddiaçı mərhum X7 mirasının qəbul edilməsi üçün buraxılmış müraciət müddəti üzrlü hesab edilərək uzadılmış, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilmişdir. - Bakı şəhəri 29 saylı Notariat Ofisi tərəfindən verilən 07 iyun 2023-cü il tarixli, 1020№-li Arayışdan görünür ki, 11 may 2019-cu il tarixdə vəfat etmiş X6 miras qalmış əmlaka dair, Azərbaycan Respublikasının vətəndaşı olan bacısı –İddiaçı Bakı şəhəri 29 saylı notariat ofisinə müraciət edərək, 22 may 2023-cü ildə tərəflərindən vərəsəlik işi açılmışdır. Vərəsəyə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. - Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının aparatı tərəfindən Nəsimi rayon icra və probasiya şöbəsinin icra məmuru cənab Elvin Qulubəyliyə ünvanlanan 18 may 2018-ci il tarixli məktubdan görünür ki, Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-1089/2016 saylı, xx.xx.2018-ci il tarixli icra sənədində göstərilən tələbin icrası ilə əlaqədar Rayon İcra Hakimiyyəti Başçısının 140 saylı 25 aprel 2018-ci il tarixli sərəncamı ilə Cavabdeh1 xalası xx.xx.1936-cı il təvəllüdlü X7 üzərində qəyyum təyin edilmişdir. - X10 tərəfindən ünvan 3 ünvanlanmış ərizədən görünür ki, ona məxsus olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 32.2 kv.m olan mənzili bağışlayarkən subaydır, heç kəslə rəsmi nikahda deyildir. Gələcəkdə bununla bağlı ortaya hər hansı bir mübahisə çıxarsa həllini öz öhdəsinə götürmüşdür. - 6 saylı notariat kontorunda 4Ə-77 №li reyestrlə qeydə alınmış xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən X10 tərəfindən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 32.2 kv/m olan mənzil hədiyyə alan Cavabdeh1 bağışlanmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 32.2 kv/m olan mənzil xüsusi mülkiyyət hüququ əsasında X7 adına xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 2438 nömrəli reyestr kitabının 226922 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 52 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilən xx.xx.2016-cı il tarixli, 578 nömrəli Arayışdan görünür ki, X10 həqiqətən Bakıxanov küçəsi, 42 nömrəli evin 90 nömrəli mənzilində yaşayır. Həmin mənzildə X10 və Cavabdeh1 daimi qeydiyyatdadırlar. - Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-11895/2023 saylı qərarına əsasən İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma” iddia tələbi rədd edilmişdir. - xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 52 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilən xx.xx.2019-cu il tarixli, 157 nömrəli Arayışdan görünür ki, Cavabdeh1 həqiqətən Bakıxanov küçəsi 42 saylı evin 90 nömrəli mənzilində yaşayır. Xalası mərhum X10 ölümünə qədər göstərilən ünvanda qeydiyyatda olub və yaşayıb. Ölümü ilə əlaqədar xx.xx.2019-cu ildən qeydiyyatdan çıxıb. Onun dəfn xərcini bacısı qızı Cavabdeh1 ödəyib. - 2 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilən ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. - “AZEMİS” Elektron məhkəmə informasiya sistemindən edilən çıxarışdan görünür ki, ünvan 4 xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»dan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 42 nömrəli evin 90 saylı mənzili xx.xx.2016-cı il tarixdə X7 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, ünvan 4 iddiaçının bacısı X7 mülkiyyətində olmuş, sonuncu xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İşin materiallarından görünür ki, X2 ikən Cavabdeh1 Bakı şəhəri, 43 saylı Notariat kontorunda 23 dekabr 2015-ci il tarixdə 7E-22941 nömrə ilə reyestrdə qeydə alınmış etibarnamə vermiş, daha sonra isə xx.xx.2016-cı ildə Bakı şəhəri, 52 saylı Notariat X1 etibarnamə vermişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 yanvar 2016-cı il tarixli, 2(006)- 1089/2016 saylı qətnaməsinə əsasən ərizəçi X8 ərizəsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi 42 saylı evin, 90 saylı mənzilində qeydiyyatda olan və yaşayan, 20 yanvar 1936-cı il tarixdə Şəki şəhərində anadan olmuş X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş və o X7 üzərində qəyyum təyin edilmişdir. 2016-cı ildə İddiaçı Cavabdeh1 və X5, üçüncü şəxslər 40 saylı Notariat kontoruna və X9 qarşı etibarnamələrin etibarsız hesab edilməsinə dair iddia ilə müraciət etmiş, işə baxılan dövrdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 may 2016-cı il tarixli, 2(006)- 4320/2016 saylı qərardadı ilə X7 istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 42 nömrəli evin 90 saylı mənzilinə dair özəlləşdirmə ilə bağlı hərəkətlərin aparılması Cavabdeh1 və X5 qadağan edilməsi qərara alınmış, daha sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 fevral 2018-ci il tarixli, 2(006)-27/2018 saylı qiyabi qətnaməsinə əsasən Bakı şəhəri 43 saylı Notariat kontorunda 23 dekabr 2015-ci il tarixdə 7E-22941 nömrə ilə reyestrdə qeydə alınmış X10 tərəfindən Cavabdeh1 və onun əsasında 40 saylı Notariat kontorunda 24 dekabr 2015-ci il tarixdə 7E-6493 nömrəsi ilə qeydə alınmış X5 verilmiş etibarnamələr etibarsız hesab edilmişdir. Həmin qətnamədən görünür ki, iddiaçı ərizəsində göstərmişdir ki, cavabdehlər etibarnaməni ondan ötrü almışdırlar ki, fəaliyyət qabiliyyəti olmayan X9 məxsus Bakı şəhəri, Bakıxanov küç. yerləşən 42 №li evin 90 saylı mənzilini mənimsəsinlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-1091/2022 saylı qətnaməsinə əsasən İddiaçı mərhum X7 mirasının qəbul edilməsi üçün buraxılmış müraciət müddəti üzürlü hesab edilərək uzadılmışdır. Daha sonra işin materiallarından görünür ki, xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında X10 tərəfindən xx.xx.2016-cı ildə Bakı şəhəri, 52 saylı Notariat Kontorunda verilmiş etibarnaməyə əsasən nümayəndəsi X3 vasitəsilə ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 32.2 kv/m olan mənzil Cavabdeh1 bağışlanmışdır. Hal-hazırda mübahisəli mənzil Cavabdeh1 mülkiyyətindədir. İşin materiallarından görünür ki, İddiaçı bacısına məxsus olmuş Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 42 nömrəli evin 90 saylı mənzilin Cavabdeh2 verilən etibarnamə əsasında digər Cavabdeh1 bağışlanmasına dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsini iddia edərək, həmçinin həmin mənzilə dair Cavabdeh1 adına verilən çıxarışın da ləğv edilməsini tələb edir və tələblərinin əsası kimi, mərhumənin fəaliyyət qabiliyyətsiz sayılmasına dair məhkəmə qətnaməsindən sonra verilən etibarnamə əsasında onun adından bağlanmış bağışlama müqaviləsinin də qanunsuz və əsassız olmasına istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinin tələbinə görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinin tələbinə görə müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir Qeyd olunan Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Belə ki, MM-in 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı Mülki Məcəllənin 362.1-ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. MM-in 362.2-ci maddəsinə görə notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Məhkəmə hesab edir ki, iddiaçı 27 yanvar 2016-cı il tarixdə bacısı X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamənin qəbulundan sonra mərhumə bacısı tərəfindən guya Cavabdeh2 verilən etibarnamənin tamamilə qanunsuz olmasını göstərsə də, həmin etibarnamənin onun tərəfindən mübahisələndirilməsi, bu etibarnamənin ləğv edilməsi və ya etibarsız sayılması işin materiallarından görünmür. Əksinə, işin materiallarından görünür ki, iddiaçı mərhumə bacısı tərəfindən Bakı şəhəri, 43 saylı Notariat kontorunda 23 dekabr 2015-ci il tarixdə 7E-22941 nömrə ilə reyestrdə qeydə alınmış Cavabdeh1 verilən etibarnaməni mübahisələndirmiş və məhz bu etibarnamə etibarsız sayılmışdır. Beləliklə də, göründüyü kimi mübahisələndirilən bağışlama müqaviləsinin bağlanması üçün əsas olan X10 tərəfindən xx.xx.2016-cı ildə Bakı şəhəri, 52 saylı Notariat X1 verilmiş etibarnamə ləğv edilməmiş və buna görə də məhkəmə hesab edir ki, qeyd edilən etibarnamənin əsasında bağlanmış xx.xx.2016-cı il tarixli, 4ə-77 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi əsaslı sayıla bilməz. Məhkəmə qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və bağışlama müqaviləsinin mülki qanunvericiliyin tələblərinin pozulması ilə bağlanmasına dair hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından onun cavabdehlər tərəfindən hüquqlarının pozulmasına dair dəlillərinin əsaslı olması öz təsdiqini tapmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmə iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı üçün tələbin Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, 42 saylı evin 90 saylı mənzilə dair Cavabdeh1 adına aparılmış mülkiyyət hüququnun qeydinin və onun adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə əlavə araşdırılmasına lüzum görməyərək, özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək, iddiaçının tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyi və onun tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən iddiasının əsassız olması və rədd edilməli olması nəticəsinə gəlir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Müki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontoruna qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi”nə dair tələbi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar