Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-662/2021 18.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi ilə, iddiaçı Bank “xxxx” ASC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Bank “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli RPF-00003-00/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2020-ci il tarixinə ödənilməmiş 3318.56 manat əsas borc, 19.05 manat faiz borcu, ümumilikdə 3337.61 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının Cavabdeh iddiaçının xeyrinə tutularaq Ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Bank “xxxx” ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli RPF-00003-00/19A saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Bank “xxxx” ASC 3325 (üç min üç yüz iyirmi beş) manat 61 (altmış bir) qəpik məbləğində krediti illik 1 (bir) faizlə 12 (on iki) ay güzəşt müddəti tətbiq edilməklə 60 (altmış) ay müddətinə Cavabdeh mülkiyyətinə vermiş, Cavabdeh isə həmin kreditdən iddiaçı ilə bağlanmış DK-00026-00/17A saylı xx xxxx 2017-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və krediti x xxxx 2024-cü il tarixinədək faiz ilə birlikdə Bank “xxxx” ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Bank “xxxx” ASC ilə Cavabdeh arasında “Problemli kreditləri restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində RPF-00003-00/19A saylı x xxxx 2019-cu il tarixli Kredit Müqaviləsinə 2 saylı Əlavə bağlanmışdır. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlərlə arasında olan müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən, borcalan krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəniş cədvəli ilə müəyyən olunmuş elə məbləğlərdə və elə müddətlərdə borcverənə qaytarmalıdır ki, kredit və kreditdən istifadəyə görə hesablanmış faizlər ən geci kreditin qaytarılmasının razılaşmada nəzərdə tutulmuş son tarixinə qədər tam həcmdə borcverənə ödənilmiş olsun. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən, borcalan kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənilməsini 3 (üç) təqvim günündən çox gecikdirdikdə, 4-cü günündən etibarən, kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc məbləğinin illik 0.02%-i məbləğində gündəlik cərimə hesablanır. Cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə hesablanmış və ödənilməmiş 3318.56 manat əsas borc, 19,05 manat faiz borcu vardır. Beləliklə cavabdehin xx.xx.2020-ci il tarixinə ümumi borcu 3337.61 manat təşkil edir. İddiaçı Bank “xxxx” ASC tərəfindən məhkəməyə ərizə ilə müraciət olunmuş və xx.xx.2021-ci il tarixə təyin olunmuş məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsi, iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. xx.xx.2019-cu il tarixli, RPF-00003-00/19A nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Bank “xxxx” ASC borcalan Cavabdeh 12 ay güzəşt müddəti tətbiq etməklə 60 ay müddətinə illik 1% dərəcəsi ilə 3325 manat məbləğində kredit verməyi, borcalan isə həmin kreditdən Borcalanla Bank arasında bağlanmış DK-00026-00/17A saylı xx xxxx 2017-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə ilə istifadə etməyi və onu x xxxx 2024-cü il tarixinədək faizi ilə birlikdə Borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.8-ci bəndinə əsasən Borcverən Borcalanın bu müqavilə üzrə öhdəliyinin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən həmin bənddə nəzərdə tutulmuş hallarda bu müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını Borcalandan tələb edə bilər. Bank “xxxx” ASC tərəfindən borcluya ünvanlanan xx.xx.2020-ci il tarixdə göndərilən bildirişdən görünür ki, Cavabdeh borcu ödəməli olduğu barədə Bank “xxxx” ASC tərəfindən xəbərdar olunmuşdur. xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən borclu Cavabdeh xx.xx.2019-cu il tarixli, RPF-00003-00/19A nömrəli kredit müqaviləsi üzrə iddiaçıya 3318,56 manat əsas, 19,05 manat faiz borcu olmaqla, cəmi 3337,61 manat borcunun olması müəyyən edilmişdir. Ödəniş qəbzindən (№ 678618783) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, xx.xx.2019-cu il tarixli, RPF-00003-00/19A nömrəli kredit müqaviləsinə əsasən Bank borcalan Cavabdeh 12 ay güzəşt müddəti tətbiq etməklə 60 ay müddətinə illik 1% dərəcəsi ilə 3325 manat məbləğində kredit verməyi, borcalan isə həmin kreditdən Borcalanla Bank arasında bağlanmış DK-00026-00/17A saylı xx xxxx 2017-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə ilə istifadə etməyi və onu x xxxx 2024-cü il tarixinədək faizi ilə birlikdə Borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, yəni tərəflər arasında bağanmış kredit müqaviləsi üzrə müəyyən olunmuş məbləğdə güzəştli şətlər ilə cavabdeh üçün kredit versə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən 3318,56 manat əsas, 19,05 manat faiz borcu olmaqla, cəmi 3337,61 manat borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə hesab edir ki, Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyindən və bununla da müqavilə şərtlətini faktiki pozduğundan iddiaçının şərtləri pozulmuş kredit müqaviləsinin birtərəfli qaydada ləğv edilməsini tələb etmək hüququ yaranmışdır. Bununla əlaqədar məhkəmə həmçinin qeyd edir ki, cavabdeh müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliklərini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bank “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış RPF-00003-00/19A nömrəli, xx.xx.2019-cu il tarixli Kredit müqaviləsi ləğv edilməli, əsas borc üzrə 3318,56 manat, faiz borcu üzrə 19,05 manat, və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat, cəmi 3368,01 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı Bank “xxxx” ASC-yə ödənilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bank “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış RPF-00003-00/19A nömrəli, xx.xx.2019-cu il tarixli Kredit müqaviləsi ləğv edilsin, Cavabdeh əsas borc üzrə 3318,56 manat, faiz borcu üzrə 19,05 manat, dövlət rüsumu kimi ödənilmiş 30,40 manat, cəmi 3368,01 (üç min üç yüz altmış səkkiz manat bir qəpik) manat məbləğində pul tutularaq iddiaçı Bank “xxxx” ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-662/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-662/2021
18.03.2021 · Müqavilələrin ləğv edilməsi - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver