Məhkəmə qərarları › İş №2(006)-6649/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6649/2021

03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6649/2021 03.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" BOKT MMC-yə qarşı «borcun silinməsi və müvafiq məlumatın verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" BOKT MMC-yə qarşı «borcun silinməsi və müvafiq məlumatın verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh "xxxx" BOKT MMC arasında bağlanmış barışıq razılaşmasına uyğun olaraq tələb edilməli olmayan, lakin onun adında qalan borcun, yəni ümumilikdə 3.517,26 ABŞ dolları və ümimilikdə 2.227,79 manat kredit borcunun silinməsi vəzifəsinin və "xxxx" MMCyə borcun olmaması barədə məlumatın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, "xxxx" BOKT MMC-dən 22.11.2013, 27.11.2013, 11.12.2013 və 15.01.2015-ci il tarixlərində illik 19 faizlə 72 ay müddətinə ümumilikdə 52.701,68 ABŞ dolları və 16.03.2020-ci il tarixində illik 19 faizlə 74 ay müddətinə 53.000 manat kredit götürmüş və kreditin təminatı olaraq X1 məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 31 nömrəli mənzili girov qoymuşdur. Pandemiya baş verdikdən sonra maddi vəziyyəti pisləşdiyi üçün kreditinin ödənişlərində gecikmələr yarandı. 10 fevral 2021-ci il tarixdə apardıqları danışıqlar nəticəsində əldə etdikləri razılığa əsasən 17 fevral 2021-ci il tarixədək tərəfindən 51.044 manat ödəniləcəyi halda razılaşmanın şərtləri yerinə yetirilmiş hesab olunacaq və hər iki kredit üzrə qalıq borcla bağlı bank tərəfindən ona qarşı heç bir iddia və tələb olmayacaqdı. Razılaşmanın şərtlərinə uyğun olaraq o, 16 fevral 2021-ci il tarixdə "xxxx" BOKT MMC-yə 51.044 manat ödəniş etmişdir. Beləliklə razılığın şərtləri tərəfindən tam icra olunsa da, "xxxx" BOKT MMC öz üzərinə düşən öhdəliyi bugünədək icra etməmişdir. Hazırda onun cavabdehə heç bir kredit borcu yoxdur. Bununla bağlı olaraq ona cavabdeh tərəfindən məktub da, təqdim edilib. Razılıqlarına əsasən o, üzərinə düşən vəzifəsini tam icra etsə də, cavabdeh üzərinə düşən öhdəliyi qismən yerinə yetirmiş, pul borcunu onun adından silməmişdir. Belə ki, əsas borcun ödənilməmiş qalan 3.517,26 ABŞ dolları və 2.227,79 manat kredit borcunun tələb edilməsindən imtina etsələr də, öz sistemlərində və müvafiq olaraq AKB-də onun adına olan borc ödənilməmiş kimi qalmaqdadır. Lakin onların razılığına əsasən həmin borclar razılaşdıqları kimi silinməmişdir. O, cavabdehin barışıq razılaşmasının qismən yerinə yetirdiyinə görə məhkəməyə müraciət edir. Cavabdeh barışıq razılaşmasında üzərinə götürdüyü öhdəliyi qismən yerinə yetirmiş, pul borcunu onun hesabından silməmişdir. Göstərilənlərə və qanunvericilik aktlarının tələbinə görə hesab edir ki, cavabdehlə aralarında bağlanmış barışıq razılaşması üzrə cavabdeh təşkilatda onun hesabında qalan borcun silinməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçı tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan ərizəni nəzərə alaraq, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı etiraf edərək, bu barədə məhkəməyə ərizə təqdim etdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, əsaslı olduğundan, həmçinin cavabdeh tərəf iddianı etiraf etdiyindən, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, İddiaçı ilə "xxxx" BOKT MMC arasında 19.03.2015-ci il tarixli, BAKU0-323-11969 saylı kredit müqaviləsi bağlanmış və BOKT tərəfindən İddiaçı 72 ay müddətinə, illik 16 % dərəcəsi ilə 52.701,68 ABŞ dolları kredit verilmiş, daha sonra 10.03.2020-ci il tarixli, BAKU0-323- 18179 saylı kredit müqaviləsinə əsasən BOKT tərəfindən İddiaçı 74 ay müddətinə, illik 19 % dərəcəsi ilə 53.000 manat kredit verilmişdir. İddiaçı götürdüyü krediti "xxxx" BOKT MMC-yə tam şəkildə ödəmişdir. Bu barədə "xxxx" BOKT MMC tərəfindən 23.09.2021-ci il tarixdə 3053/HO-OUT saylı arayış verilmişdir. Lakin iddiaçının borcunun olmamasına dair "xxxx" MMC-yə məlumat verilməmiş, iddiaçının borcunun olmasına dair məlumat reyestrdən çıxarılmamışdır və indiyədək iddiaçının borcu olması göstərilir. Halbuki, yuxarıda qeyd olunduğu kimi, iddiaçının 19.03.2015-ci il tarixli, BAKU0-323-11969 saylı və 10.03.2020-ci il tarixli, BAKU0-323- 18179 saylı kredit müqavilələri üzrə BOKT-yə heç bir borcu yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməli və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, "xxxx" BOKT MMC ilə İddiaçı arasında bağlanmış barışıq razılaşmasına uyğun olaraq tələb edilməli olmayan, lakin onun adında qalan borcun, yəni 3.517,26 ABŞ dolları və 2.227,79 manat kredit borcunun silinməsi və bu barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsi "xxxx" BOKT MMC-yə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" BOKT MMC ilə İddiaçı arasında bağlanmış barışıq razılaşmasına uyğun olaraq tələb edilməli olmayan, lakin onun adında qalan borcun, yəni 3.517,26 ABŞ dolları və 2.227,79 manat kredit borcunun silinməsi və bu barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsi "xxxx" BOKT MMC-yə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar