Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-67/2022 11.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı (Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX maraqlı şəxs qismində qeyd edilməklə) «müqavilə üzrə borcun ödənilmiş hesab edilməsi» tələbinə dair ilk iddiası; Cavabdeh ASC-nin İddiaçı və X2 qarşı «borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı (Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX maraqlı şəxs qismində qeyd edilməklə) «müqavilə üzrə borcun ödənilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh ASC arasında bağlanmış 23.07.2014-cü il tarixli 3-G-1-0-459-14 saylı və 15.07.2015-ci il tarixli 3-G1-2-0-187-15 saylı kredit müqavilələri üzrə hesablanmış cərimə və faizin silinməsi; sözügedən müqavilələr üzrə borcun tam şəkildə ödənilmiş hesab edilməsi; 23.07.2014-cü il tarixli 3-G-1-0-459-14 saylı ipoteka və 15.07.2015-ci il tarixli 3-G1-2-0- 187-15 saylı sonrakı ipoteka müqavilələrinə xitam verməklə X2 məxsus olan Bakı şəhəri Nəsimi rayonu Əlisgəndər İsgəndərov küçəsi 3 saylı binada yerləşən, 3 otaqlı, 31 saylı mənzilin girovdan çıxarılması; əmlakın girovdan çıxarılması ilə bağlı bütün işlərin görülməsi vəzifəsinin bankın üzərinə qoyulması və ödənilmiş dövlət rüsumunun Cavabdeh ASC-dən tutularaq qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh ASC İddiaçı və X2 qarşı «borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh ASC-nin xeyrinə 2014-ci il 23 iyul tarixli 3-G-1-0-459-14 saylı kredit müqaviləsi üzrə banka 4.472,95 AZN əsas borc, 678,65 AZN faiz, 227,17 AZN cərimə və kredit müqaviləsi üzrə 23.07.2017-ci il tarixdən 12.06.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 647,15 AZN məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 6.025,92 AZN; 2015-ci il 15 iyul tarixli 3-G1-2-0-187-15 saylı kredit müqaviləsi üzrə banka 2.482,96 ABŞ dolları faiz, 408,79 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 15.07.2017-ci il tarixdən 12.06.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 147,1 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 3.038,85 ABŞ dolları borc məbləğinin, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; tutmanın X2 məxsus olan Bakı şəhəri Nəsimi rayonu Əlisgəndər İsgəndərov küçəsində yerləşən, 3 otaqlı, 65,09 m2 ümumi, 47,09 m2 yaşayış sahəsindən ibarət 3 nömrəli evin 31 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun həmin mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına Cavabdeh ASC-yə ödənilməsi; satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; X2 məxsus olan həmin mənzilə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra X1 və digər şəxslərin həmin mənzildən olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, X1 və digər şəxslərin həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ASC (keçmiş "xxxx" İKB ASC) ilə onun arasında 23.07.2014-cü il tarixli 3-G-1-0-459-14 saylı kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə, illik 25 faiz olmaqla 25.000 manat məbləğində kredit verilmişdir. Həmçinin 15.07.2015-ci il tarixli 3-G1-2-0-187- 15 saylı kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə görə də 24 ay müddətinə, illik 25 faiz olmaqla 9.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bu kredit müqavilələrinin təmini üsulu kimi cavabdeh Bankla onun arasında 23.07.2014-cü il tarixli 3-G-1-0-459-14 saylı ipoteka və 15.07.2015-ci il tarixli 3-G-1-2-0-187-15 saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Bu ipoteka və sonrakı ipoteka müqaviləsinin predmeti X2 məxsus olan Bakı şəhəri Nəsimi rayonu Əlisgəndər İsgəndərov küçəsi 3 nömrəli binada yerləşən, ümumi sahəsi 65,09 m2, yaşayış sahəsi 47,09 m2 olan 3 otaqlı 31 saylı mənzildir. Hər iki kredit müqaviləsi üzrə mütəmadi olaraq ödənişlər edərək kredit müqavilələri üzrə öhdəliklərini həyata keçirmişdir. Manat krediti üzrə hazırkı günə kimi 36.601 manat ödəniş etmişdir. Lakin Bank yenə də onun banka 5000 manata qədər əsas borcu olduğunu iddia edərək ödədiyi bütün vəsaitləri faiz borcuna silərək, onsuz da pis olan maddi vəziyyətini daha da ağırlaşdırır. Dəfələrlə müraciət etməsinə baxmayaraq, ona bu məsələdə heç bir köməklik edilməmiş və faiz hesablanması dayandırılmamışdır. Halbuki, manatla olan kredit üzrə müqavilə müddəti 23.07.2017-ci il tarixdə başa çatmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin şərh edilməsinə dair qərarında göstərilir ki, müqavilə müddəti başa çatdıqdan sonra faiz hesablana bilməz. Buna baxmayaraq, cavabdeh Bank illik 36 faiz olmaqla cərimə faizi tətbiq edərək ondan külli miqdarda pul alaraq mənimsəmişdir. 23.07.2014-cü il tarixli 3-G-1-0-459-14 saylı kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi hesab edilən ödəniş qrafıkinə əsasən o, banka götürülən 36 ay müddətində 25.000 manatlıq kreditə görə 10.783,77 manat faiz borcu ödəməli idi. Hazırkı günə kimi isə Banka yuxarıda da qeyd etdiyi kimi 36.601 manat pul ödəmişdir. ABŞ dolları ilə verilən kredit müqaviləsi üzrə də müqavilə müddəti başa çatsa da Bank tərəfindən ondan əlavə faizlər tələb edilməkdədir. Belə ki, 24 ay müddətinə verilmiş 9.000 ABŞ dolları kredit üzrə asas borcu tam şəkildə ödəsə də, Bank buna məhəl qoymadan əlavə faizlər tələb edir. Halbuki, krediti götürən zaman ABŞ dollarının məzənnəsi 1,05 manat təşkil edirdi. 2015-ci ilin dekabr ayından sonra isə məzənnə fərqi yarandığı üçün Banka 1 dolların əvəzi kimi 1,9 və 1,7 manat arasında məzənnə fərqinə görə artıq pullar ödəmişdir. Bu pullar Bank tərəfindən mənfəət kimi qəbul edilməyərək, ondan daha çox pullar tələb edilir. Ölkə başçısının dəfələrlə Banklara əhaliyə köməklik və güzəştlərin edilməsi ilə bağlı tapşırıqları Cavabdeh ASC-nin rəhbərliyi tərəfindən nəzərə alınmır. Manat ilə bağlanmış kredit müqaviləsi üzrə hazırkı günə kimi 36.601 manat, ABŞ dolları ilə olan kredit üzrə isə 9.838,86 ABŞ dolları pul ödəmişdir. Bankın ondan aldığı və hazırda da tələb etdiyi pullar əsassız varlanma kimi qiymətləndirilməlidir. Ödədiyi pul vəsaitlərinin onun tərəfindən hesablanmasına əsasən hazırda onun Banka hər iki müqavilə üzrə əsas və faiz borcunun olmadığı müəyyən olunur. Ödəniş qəbzlərinin hesablanmasından və ödəniş cədvəlinə əsasən görünür ki, Bank qarşısında öhdəliyini tam şəkildə həyata keçirmişlir. Odur ki, Bank tərəfindən ipoteka əmlak girovdan azad edilməlidir. Mülki Məcəllənin 739.2-ci maddəsindən görünür ki, kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdır, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır, əgər bu hüququndan istifadə etmirsə demək ki, Bank qanunsuz olaraq faiz məbləğini şişirtməyə çalışır. Qeyd edir ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Eyni zamanda kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında yerinə yetirilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin sabitliyinə və inkişafına yönəlir. 2015-ci ildə ölkədə baş verən iki maliyyə devalvasiyası hər kəs kimi ona da öz təsirini göstərsə də, o, Bank qarşısında öz öhdəliklərini vicdanla yerinə yetirməyə çalışsa da, müəyyən çətinlikləri və gecikmələri olmuşdur. Bank isə buna məhəl qoymadan nə onu məhkəməyə verməmiş, nə də faiz hesablanmasının müqavilə müddəti başa çatandan sonra dayandırılmasına razılıq verməmişdir. Bu isə özlüyündə qanunsuzluq və əsassız varlama halıdır. Bir daha Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına istinad edərək bildirir ki, Bankla müştəri arasında bağlanmış kredit müqaviləsinə əsasən faizlər müqavilə müddətinin qüvvədə olduğu tarix ərzində hesablanmalıdır. Müqavilə müddəti bitdikdən sonra faiz hesablanması əsassız varlanma hallarına səbəb olur. Mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün 05.02.2020-ci il tarixdə cavabdehə müraciət edilsə də, bununla bağlı heç bir cavab verilməmişdir. Cavabdeh ASC qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2014-ci il 23 iyul tarixli 3-G-1-0-459-14 saylı kredit müqaviləsinə əsasən İddiaçı "xxxx" İKB ASC-nin 3 saylı filialından illik 25 %-lə 36 ay müddətinə 25.000 manat məbləğində kredit, 2015-ci il 15 iyul tarixli 3-G1-2-0-187-15 saylı kredit müqaviləsinə əsasən İddiaçı "xxxx" İKB ASC-nin 3 saylı filialından illik 25 %-lə 24 ay müddətinə 9.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. 2014-ci il 23 iyul tarixli 3-G-1-0-459-14 saylı kredit müqaviləsinin təminatı olaraq, X1 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Əlisgəndər İsgəndərov küçəsində yerləşən, 3 otaqlı, 65,09 m2 ümumi, 47,09 m2 yaşayış sahəsindən ibarət 3 nömrəli evin 31 nömrəli mənzili 2014-ci il 23 iyul tarixli 3-G-1-0-459-14 saylı ipoteka müqaviləsilə, 2015-ci il 15 iyul tarixli 3-G1-2-0-187-15 saylı kredit müqaviləsinin təminatı olaraq həmin mənzil 2015-ci il 15 iyul tarixli 3-G1-2-0-187-15 saylı sonrakı ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqavilələri notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2014-ci il 23 iyul və 2015-ci il 15 iyul tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2020-ci il iyunun 12-dək İddiaçı 2014-ci il 23 iyul tarixli 3-G-1-0-459-14 saylı kredit müqaviləsi üzrə banka 4.472,95 AZN əsas borc, 678,65 AZN faiz, 227,17 AZN cərimə və kredit müqaviləsi üzrə 23.07.2017-ci il tarixdən 12.06.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 647,15 AZN məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 6.025,92 AZN, 2020-ci il iyunun 12-dək İddiaçı 2015-ci il 15 iyul tarixli 3-G1-2-0-187-15 saylı kredit müqaviləsi üzrə banka 2.482,96 ABŞ dolları faiz, 408,79 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 15.07.2017-ci il tarixdən 12.06.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 147,1 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 3.038,85 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq İddiaçı borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. 23 iyul 2014-cü il tarixli və 15 iyul 2015-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən, cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh X2, həmçinin maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, qeyd olunan tərəflər və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X5 məhkəmədən mülki işə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh X1, həmçinin maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını tələb etdi. Məhkəmə qeyd olunanlara əsasən mülki işə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh X1, həmçinin maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddianın məzmununa oxşar, eyni məzmunlu izahat verdi və məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilk iddia rədd edilməli, qarşılıqlı iddia qismən təmin edilməlidir. Məhkəmə ilk öncə ilk iddiaya hüquqi qiymət verilməsini zəruri hesab edir və vurğulayır ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İlk iddia üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, tərəflər arasında müqavilə münasibətləri mövcuddur, ilk iddia üzrə iddiaçı kredit müqavilələri üzrə öhdəliklərini tam və vaxtında icra etməmişdir. Əsas borcların tam bağlanması barədə mötəbər sübutlar mövcud deyil. Faizin və cərimənin silinməsinə əsas yoxdur. Tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğləri adekvat həddə qədər endirilə bilər ki, bu məsələyə məhkəmə qarşılıqlı iddiaya münasibət bildirərkən aşağıda hüquqi qiymət verəcək. Bu səbəbdən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı (Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX maraqlı şəxs qismində qeyd edilməklə) «müqavilə üzrə borcun ödənilmiş hesab edilməsi» tələbinə dair ilk iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh ASC (rebrendinqdən öncə "xxxx" İKB ASC) ilə İddiaçı arasında bağlanmış 15.07.2015-ci il tarixli 3-G1-2-0-187-15 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh ASC İddiaçı 24 ay müddətinə, illik faiz dərəcəsi 25 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 9.000 ABŞ dolları məbləğində kredit vermişdir. Cavabdeh ASC (rebrendinqdən öncə "xxxx" İKB ASC) ilə İddiaçı arasında bağlanmış 23.07.2014-cü il tarixli 3-G-1-0-459-14 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh ASC İddiaçı 36 ay müddətinə, illik faiz dərəcəsi 25 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25.000 manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 yanvar 2021-ci il tarixli 9/4529 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan ödəniş qəbzləri, cari hesabdan çıxarış məlumatları, Cavabdeh ASC («kredit verən») ilə İddiaçı («kredit alan») arasında bağlanmış 23.07.2014-cü il tarixli 3-G-1-0-459-14 saylı və 15.07.2015-ci il tarixli 3-G1-2-0-187-15 saylı kredit müqavilələrinin şərtləri nəzərə alınmaqla İddiaçı sual üzrə 16.12.2019-cu il tarixə Cavabdeh ASC-yə hər müqavilə üzrə ayrı-ayrılıqda borcu aşağıdakı kimi müəyyən edilir: 23.07.2014-cü il tarixli 3-G-1-0-459-14 saylı kredit müqaviləsi üzrə: - əsas borc üzrə – 581,66 manat; - faiz üzrə – 0,0 manat; 15.07.2015-ci il tarixli 3-G1-2-0-187-15 saylı kredit müqaviləsi üzrə: - əsas borc üzrə – 177,17 ABŞ dolları; - faiz üzrə – 1.873,40 ABŞ dolları. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyul 2021-ci il tarixli 9/2208 saylı ekspert rəyindən görünür ki: 23.07.2014-cü il tarixli 3-G-1-0-459-14 saylı kredit müqaviləsi üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları, 23 iyul 2014-cü il tarixli, 3-G-1-0-459-14 saylı kredit müqaviləsində qeyd olunan şərtlər və Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən İddiaçı 26 dekabr 2019-cu il tarixə Cavabdeh ASC-yə olan borcu 859,31 manat məbləğində müəyyən olunur, o cümlədən: Əsas borc üzrə – 859,31 manat; Faiz üzrə – 0,0 manat; Faiz (5 %) üzrə – 0,0 manat. 15.07.2015-ci il tarixli 3-G1-2-0-187-15 saylı kredit müqaviləsi üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları və 15 iyul 2015-ci il tarixli 3-G1-2-0-187-15 saylı kredit müqaviləsində qeyd olunan şərtlər və Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən İddiaçı 26 dekabr 2019-cu il tarixə Cavabdeh ASC-yə olan borcu 2.050,57 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: Əsas borc üzrə – 177,17 ABŞ dolları; Faiz üzrə – 1.720,19 ABŞ dolları; Faiz (5 %) üzrə – 153,21 ABŞ dolları. Həmçinin hesabdan çıxarış məlumatlarından göründüyü kimi, 16.01.2020-ci il tarixdə 111,63 ABŞ dolları məbləğində ödəniş edilmişdir. 111,63 ABŞ dolları məbləğində ödəniş nəzərə alındığı təqdirdə 1.938,94 (2.050,57 – 111,63) ABŞ dolları məbləğində borcu qalacaqdır, o cümlədən: Əsas borc üzrə – 67,54 ABŞ dolları; Faiz üzrə – 1.718,19 ABŞ dolları; Faiz (5 %) üzrə – 153,21 ABŞ dolları. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 noyabr 2021-ci il tarixli 9/7812 saylı ekspert rəyindən görünür ki: - 23.07.2014-cü il tarixli 3-G-1-0-459-14 saylı kredit müqaviləsi üzrə: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, İddiaçı tərəfindən cavabdeh banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları, 23 iyul 2014-cü il tarixli 3-G-1-0-459-14 saylı kredit müqaviləsində qeyd olunan şərtlər və Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən İddiaçı 26 dekabr 2019-cu il tarixə Cavabdeh ASC-yə olan cəmi borcu 859,31 manat məbləğində müəyyən olunur, o cümlədən: Əsas borc üzrə – 859,31 manat; Faiz üzrə – 0,0 manat; Faiz (5 %) üzrə – 0,0 manat. 15.07.2015-ci il tarixli 3-G1-2-0-187-15 saylı kredit müqaviləsi üzrə: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, İddiaçı tərəfindən cavabdeh banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları, 15 iyul 2015-ci il tarixli 3-G1-2-0-187-15 saylı kredit müqaviləsində qeyd olunan şərtlər və Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən İddiaçı 26 dekabr 2019-cu il tarixə Cavabdeh ASC-yə olan cəmi borcu 2.050,57 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: Əsas borc üzrə – 177,17 ABŞ dolları; Faiz üzrə – 1.720,19 ABŞ dolları; Faiz (5 %) üzrə – 153,21 ABŞ dolları. Həmçinin qeyd edilir ki, hesabdan çıxarış məlumatlarından göründüyü kimi, 16.01.2020-ci il tarixdə 111,63 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Həmin 111,63 ABŞ dolları məbləğində ödəniş nəzərə alındığı təqdirdə 1.938,94 (2.050,57 – 111,63) məbləğində borcu qalacaqdır, o cümlədən: Əsas borc üzrə – 67,54 ABŞ dolları; Faiz üzrə – 1.718,19 ABŞ dolları; Faiz (5 %) üzrə – 153,21 ABŞ dolları. Qeyd: iş materiallarında bank tərəfindən 23.07.2014-cü il tarixli 3-G-1-0-459-14 saylı və 15.07.2015-ci il tarixli 3-G1-2-0-187-15 saylı kredit müqavilələri üzrə hesablanan cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən, həmçinin kredit müqavilələrinin 6.5-ci bəndində cəriməyə silinmə nəzərdə tutulmadığından hazırki ekspertiza zamanı borcalana qeyd olunan kredit müqavilələri üzrə cərimə hesablanmadı. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, İddiaçı Cavabdeh ASC-dən kredit məbləğləri almış, ayrılmış kredit məbləğlərini ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. 23 iyul 2014-cü il tarixli ipoteka və 15 iyul 2015-ci il tarixli sonrakı ipoteka müqavilələrindən görünür ki, cavabdeh X4 digər cavabdeh İddiaçı kredit müqavilələri üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Əlisgəndər İsgəndərov küçəsində yerləşən, 3 otaqlı, 65,09 m2 ümumi, 47,09 m2 yaşayış sahəsindən ibarət 3 nömrəli evin 31 nömrəli mənzilini banka ipotekaya qoymuşdur. Müqaviləsinin 3.3-cü bəndinə əsasən həmin mənzil 70.000 manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, mənzilin ipoteka və sonrakı ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. "xxxx" MMC-nin 10.02.2021-ci il tarixli rəyindən (mənzilin qiymətləndirilməsinə dair hesabatdan) görünür ki, Bakı şəhəri Nəsimi rayonu Əlisgəndər İsgəndərov küçəsində yerləşən, 3 otaqlı, 65,09 m2 ümumi, 47,09 m2 yaşayış sahəsindən ibarət 3 nömrəli evin 31 nömrəli mənzilinin hazırda likvid qiyməti 125.000 (yüz iyirmi beş min) manat təşkil edir. Qiymətləndirmə xərci 250 manat təşkil edir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bildiriş məktublarından görünür ki, Cavabdeh ASC cavabdehlərə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə cavabdehlərə (borc alana və ipoteka qoyana) xəbərdarlıq etmişdir. Göründüyü kimi, borclu İddiaçı icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan Cavabdeh ASC ipoteka ilə yüklü edilmiş mənzili açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia rədd edilməli, ilk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçıya aid edilməli; qarşılıqlı iddia qismən təmin edilməli, 2014-ci il 23 iyul tarixli 3- G-1-0-459-14 saylı kredit müqaviləsi üzrə 859 manat 31 qəpik əsas borc, 50 manat cərimə olmaqla, cəmi 909 manat 31 qəpik; 2015-ci il 15 iyul tarixli 3-G1-2-0-187-15 saylı kredit müqaviləsi üzrə 1.718 ABŞ dolları 19 sent faiz, 100 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 15.07.2017-ci il tarixdən 12.06.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 147 ABŞ dolları 10 sent məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 1.965 ABŞ dolları 29 sent ödəniş anı üçün Mərkəzi Bankın təyin etdiyi rəsmi məzənnəyə uyğun manatla; ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı cavabdeh İddiaçı tutularaq Cavabdeh ASC-yə ödənilməli; tələb üzrə tutma X2 məxsus olan Bakı şəhəri Nəsimi rayonu Əlisgəndər İsgəndərov küçəsində yerləşən, 3 otaqlı, 65,09 m2 ümumi, 47,09 m2 yaşayış sahəsindən ibarət 3 nömrəli evin 31 nömrəli mənzilinə yönəldilməli; həmin əmlak açıq hərracdan satılmalı; əmlakın ilkin satış qiyməti 125.000 (yüz iyirmi beş min) manat müəyyən edilməli; açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği Cavabdeh ASC-yə ödənilməli; bankın tələbləri ödənildikdən sonra qalan məbləğ cavabdeh X2 qaytarılmalı; əmlakın satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ASC-yə ödənilməli; həmin əmlaka tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra cavabdeh X4 həmin mənzildən çıxarılmalı, həmin əmlak boşaldılmalı; qiymətləndirmə xərci olan 250 manat cavabdeh İddiaçı tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilməli, ekspertiza xərci olan 300 manat cavabdeh İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Qarşılıqlı iddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddia tələbi mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzilin banka təhvil verilməsi hissəsində əsassızdır. Hazırda bankın mənzili hərracda əldə edəcək mülkiyyətçiyə məxsus olan tələbləri irəli sürməyə subyektiv hüququ mövcud deyil. Bank ipotekasaxlayan olmaqla, mülkiyyətçi deyil. Bundan başqa, bank dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği hər iki müqavilə üzrə tənasübsüz surətdə yüksək hesablanmışdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, birinci müqavilə üzrə 50 manat, ikinci müqavilə üzrə 100 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, qeyd edilən məbləğlərdə dəbbə pulunun tutulması banka dəymiş real zərəri kompensasiya edir. Həmçinin, ipoteka predmeti olan mənzildən çıxarılması tələb olunan digər şəxslərin dairəsi iddia ərizəsində mücərrəd şəkildə göstərilmişdir ki, həmin hissədə qarşılıqlı iddia təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı (Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX maraqlı şəxs qismində qeyd edilməklə) «müqavilə üzrə borcun ödənilmiş hesab edilməsi» tələbinə dair ilk iddiası təmin edilməsin. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçıya aid edilsin. Cavabdeh ASC-nin İddiaçı və X2 qarşı «borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. 2014-ci il 23 iyul tarixli 3-G-1-0-459-14 saylı kredit müqaviləsi üzrə 859 manat 31 qəpik əsas borc, 50 manat cərimə olmaqla, cəmi 909 manat 31 qəpik; 2015-ci il 15 iyul tarixli 3-G1-2-0-187-15 saylı kredit müqaviləsi üzrə 1.718 ABŞ dolları 19 sent faiz, 100 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 15.07.2017-ci il tarixdən 12.06.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 147 ABŞ dolları 10 sent məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 1.965 ABŞ dolları 29 sent ödəniş anı üçün Mərkəzi Bankın təyin etdiyi rəsmi məzənnəyə uyğun manatla; ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı cavabdeh İddiaçı tutularaq Cavabdeh ASC-yə ödənilsin. Tələb üzrə tutma X2 məxsus olan Bakı şəhəri Nəsimi rayonu Əlisgəndər İsgəndərov küçəsində yerləşən, 3 otaqlı, 65,09 m2 ümumi, 47,09 m2 yaşayış sahəsindən ibarət 3 nömrəli evin 31 nömrəli mənzilinə yönəldilsin. Həmin əmlak açıq hərracdan satılsın. Əmlakın ilkin satış qiyməti 125.000 manat müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği Cavabdeh ASC-yə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ cavabdeh X2 qaytarılsın. Əmlakın satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ASC-yə ödənilsin. Həmin əmlaka tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra cavabdeh X4 həmin mənzildən çıxarılsın. Həmin əmlak boşaldılsın. Qiymətləndirmə xərci olan 250 manat cavabdeh İddiaçı tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilsin. Ekspertiza xərci olan 300 manat cavabdeh İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Qarşılıqlı iddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-67/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-67/2022
11.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver